• cümə axşamı, 25 aprel, 07:33
  • Baku Bakı 14°C

Antimilli qüvvələri “xortlamağa” vadar edən nədir?

18.12.18 19:48 1036
Antimilli qüvvələri “xortlamağa” vadar edən nədir?
Müxtəlif ölkələrə gedib özünü "siyasi mühacir” adlandıran antimilli ünsürlər yenidən sosial şəbəkələrdə fəallaşıblar. Bir müddət öncə Azərbaycan dövlətinə, tanınmış siyasi-ictimai xadimlərə, hətta ictimai fəallara qarşı apardıqları çirkin kampaniyadan sonra pul davasına çıxmışdılar. Maraqlıdır ki, bu dava ilə onların zəncirlənmiş şəkildə biri-birinə bağlı olduğunun və ən nəhayət, xaricdəki anti-Azərbaycan mərkəzlərinə qədər uzandığının şahidi olduq. Lakin son günlər həmin mərkəzlərin və maraqlı qüvvələrin təsir dairəsində olan "sosial şəbəkə qəhrəmanları” "kim daha çox qazanacaq” marafonunda yenidən hərəkətə keçiblər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, belə şər, böhtan yağdıran insanlar o şəxsləri hədəfə alırlar ki, onlar Azərbaycan dövlətinin maraqlarını bilavasitə müdafiə edib, prinsipial mövqe sərgiləyir, dönməz əqidələri var və dövlətin ideoloji hədəflərinə sadiqdirlər: "Böhtan şəbəkəsini şübhəsiz ki, ayrı-ayrı qüvvələr, ermənipərəst dairələr, Azərbaycanda geosiyasi və korporativ maraqları olan siyasi qruplar idarə edirlər. Bu gün ortalığa çıxan bir neçə qrant layihəsi ilə bağlı səsləndirilən fikirlər, sosial şəbəkələrdə elə onların öz arasında bir-birinə qarşı yüksək şəkildə ən aşağı səviyyədə ittihamların irəli sürülməsi sübuta yetirir ki, ortalıqda ciddi korporativ maddi maraqlar var. Eyni zamanda bu şəxslər həmin o maraqların müqabilində ayrı-ayrı dairələrin, Azərbaycana düşmən kəsilən qüvvələrin nüfuz vəkilliyi missiyasını yerinə yetirməyə davam edirlər. 2017-ci ilə qədər təkcə Milli Demokratiya Fondu-NED tərəfindən beş milyon dollara yaxın vəsait müxtəlif ölkələr vasitəsilə həmin o anti-Azərbaycan qruplarına ötürülüb. NED-in də hansı fəaliyyətlə məşğul olduğu, Azərbaycana qarşı hansı mövqe sərgilədiyi və Ermənistanla necə əməkdaşlıq etdiyi hər kəsə bəllidir. Amma bu ayrılan vəsaitlərdə adlar açıqlanmasa da, onların Azərbaycandan kənarda olan bəlli bir zümrəyə ötürüldüyü məlumdur. Çünki bildiyimiz kimi, hər hansı bir formada leqal olmayan və bu qəbildən olan vəsaitlərin Azərbaycana daxil olması mümkün deyil. Bu məsələlər müstəvisində müxtəlif xətlər nəzərə çarpır. Düşünürəm ki, bu xətlərin hər biri nəzərə alınmalı və ciddi şəkildə araşdırılmalıdır”.
E.Mirzəbəylinin sözlərinə görə, məsələnin mahiyyətində dayanan önəmli məqamlardan biri də ondan ibarətdir ki, bu adamlar ən aşağı bir üsul seçiblər: "Yəni, təhqir, söyüş, aqressiya, kin və daha öncə də qeyd etdiyim kimi, dövlətçiliyə sadiq insanların hədəfə alınması və sair məqsədyönlü bir xətdir. Əvvəla, Azərbaycan cəmiyyətində mövcud olan dəyərləri tamamilə sıradan çıxarmaq məqsədi güdürlər. Elə bir zəmin yaratmaq istəyirlər ki, siyasi mübarizə, ümumiyyətlə insanlar arasındakı fikir mübadiləsi ən aşağı həddə olsun, aqressiya zəmininə gətirilsin, körüklənsin, qızışdırılsın. Bu, məqsədyönlü bir prosesdir. Yəni, vaxtilə "ərəb baharı”nın həyata keçirildiyi ölkələrdə buna zəmin olduğu üçün həmin məsələləri ayrı-ayrı sosial şəbəkələr vasitəsilə körükləmək mümkün oldu. Bu prosesi Azərbaycanda süni şəkildə formalaşdırmağa cəhd göstərirlər. Dəfələrlə məğlub olublar, uduzublar və dəfələrlə Azərbaycan ictimaiyyəti onların cavablarını ən kəskin həddə verib. Amma görünür ki, bu missiya davam edəcək, dayanmayacaq. O baxımdan da bu missiyanı həyata keçirən insanlara, onların tör-töküntülərinə qarşı sadəcə informasiya müstəvisində mübarizə aparmaq yetərli deyil. Hüquqi müstəvidə də müəyyən addımların atılmasına ehtiyac var. Bu şəxslər Azərbaycanda bir sıra qanunvericilik aktlarını pozublar. Onların davranışlarında şəxsiyyət əleyhinə cinayətə, açıqlamalarında terrorizmə, separatizmə çağırışlar var. Bütün bunlar Azərbaycan Cinayət Məcəlləsinə görə təqib edilən cinayət əməlləridir. Bu baxımdan da həmin şəxslər barəsində Azərbaycanda müvafiq cinayət işi açılmalı, bunların səsləndirdikləri fikirlər də daxil olmaqla cinayət materialları onların yaşadıqları ölkələrə göndərilməli, haqlarında "İnterpol” vasitəsilə axtarış elan edilməlidir. İctimai qınaq və vətəndaş mövqeyini təqdir olunur, amma bu addımlar da atılmalıdır. Azərbaycan cəmiyyəti, mediası, ictimai fəal insanlar öz mövqelərini ortaya qoymalıdırlar, amma bunlarla yanaşı, daha sərt addımların da atılmasına ehtiyac duyulduğu qənaətindəyəm”.

Ekspert Azər Həsrət bildirdi ki, anti-Azərbaycan qüvvələr konkret şəxsləri hədəfə alırlar: "Özü də çox tanınmış, daim üzdə olan dövlət xadimlərini, eləcə də bu və ya digər şəkildə sosial mediada fəal olan ictimai fəalları hədəfə alırlar. Məqsəd isə bəllidir. Bu adamlar ona görə belə edir ki, məşhur adamları hədəfə alıb söyməklə özlərini bir növ tirajlamış olacaqlar. Yəni, tərəfdarlarını hərəkətə gətirəcəklər və təbii ki, o adamlar bunlara reaksiya verərsə, iş bir az da irəli gedəcək. Bir sözlə, gündəmdə qalmaq, özlərinin vacibliyini sübut eləmək üçün bu cür əməllərə əl atırlar. Təbii ki, hədəfə gətirdikləri adamlar onlara söyüşlə cavab vermirlər. Nə dövlət rəsmilərinin, nə də ictimai-siyasi xadimlərin, tanınmış şəxslərin tərbiyəsi yol vermir ki, söyüş söyənlərə o cür də cavab versinlər. Amma bəzən söyülən adamların tərəfdarı olanlar əsəblərini cilovlaya bilməyərək onlara söyüşlə cavab verirlər və nəticədə həmin adamların tirajlanmasına səbəb olurlar. Yəni, onlar önəmliliklərini və təhqir olunduqlarını göstərmək üçün bu addımları atırlar. Öz ağalarına göstərirlər ki, guya bunlara qarşı hücumlar var, təzyiq altındadırlar və buna görə də dəstək lazımdır. Yəni bunların pulları qurtaranda, bu cür əməllərə əl atırlar, donorlarına xəbər verirlər ki, pul ayırsınlar. Bundan başqa məqsədləri yoxdur”.
A.Həsrət əlavə etdi ki, bunların gündəmdə qalması müəyyən qüvvələrə, mərkəzlərə lazımdır: "Çünki bu adamların vasitəsilə ictimai rəyə təsir edib, ortalığı qarışdıraraq öz məqsədlərinə nail olmağa çalışırlar. Yəni bu adamlardan istifadə olunur. Bu bədbəxt adamlar da özlərini həmin qüvvələrə, mərkəzlərə təslim ediblər. Çox zaman onlara yazığım gəlir. Çünki insan özünü bu cür ucuz istifadəyə təqdim etməməlidir, amma bunlar edirlər. Görünür, bunların mənəvi dəyərləri o qədər aşağı səviyyədədir ki, özlərini bu cür istifadə üçün təqdim edirlər. Mərkəzlərin məqsədi də bəllidir. Onlar daim Azərbaycanı təzyiq altında tutmaq istəyirlər, öz iddialarını diktə etməyə çalışırlar. Bunu normal adamlarla edə bilmədiklərinə görə, o cür çürük "çete”lərə möhtac qalıblar”.

AZAD
banner

Oxşar Xəbərlər