• cümə, 29 Mart, 05:23
  • Baku Bakı 7°C

“Ankara-Vaşinqton əlaqələrində dərin uçurum yaranır”

13.12.19 15:08 688
“Ankara-Vaşinqton əlaqələrində dərin uçurum yaranır”
Məhəmməd Əsədullazadə: "ABŞ-ın Türkiyənin regional güc olmasını qəbul etməməsi məhz bu vəziyyəti yaradıb”
"ABŞ ilk əvvəldən PKK-nın qolu YPG-yə hərbi-siyasi dəstək verməsi, "Patriot” zenit raket komplekslərini Türkiyəyə verməməsi ikitərəfli əlaqələrin zəifləməsinə və rəsmi Vaşinqtonun etimadına kölgə saldı. Türkiyə ABŞ-ın bu siyasətinə qarşı seyrçi qalmadı. Türkiyənin Rusiyadan S-400 alması, Moskva-Ankara arasında strateji yaxınlaşma ABŞ-da narazılıq yaratdı. Bu da regionda yeni mərhələyə gətirib çıxardı”.
Bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə "Kaspi” qəzetinə açıqlamasında bildirib. O, Ankara-Vaşinqton əlaqələrində dərin uçurum yarandığını xatırladıb. Qeyd edib ki, ABŞ-ın Türkiyənin regional güc olmasını qəbul etməməsi məhz bu vəziyyəti yaradıb.
Aralıq dənizində qaz yataqları uğrunda savaş
M.Əsədullazadə deyib ki, ABŞ-ın Türkiyə siyasətində strateji dəyişikliklər kifayət qədər fərqlidir və bu siyasətdə Ankaranı zəiflətmək planı da yer alır: "Türkiyə rəhbərliyi preventiv addımlar atım öz milli maraqlarını qorumalı idi. Ərdoğan-Tramp görüşü də gözlənilən kimi tərəflər arasında problemləri həll etmədi. İlk növbədə ABŞ addım atmalı idi. ABŞ Türkiyənin "Barış pınarı" əməliyyatına ona görə dəstək verdi ki, Türkiyə müəyyən güzəştlərə getsin. Lakin bu güzəşt nəzərə çarpmadı. Buna əsas səbəb Türkiyənin Liviya ilə Aralıq dənizində sahil sularının müəyyənləşdirilməsi üçün müqavilənin bağlanmasıdır. Bununla da Türkiyənin Aralıq dənizində siyasi və hərbi gücü daha da artır. Bu müqavilə İsrail və Yunanıstanı, xüsusilə ABŞ-ı ciddi narahat edən faktdır. Türkiyə Aralıq dənizində qaz yataqlarının geoloji kəşfiyyatını aparır və Yunanıstanla münaqişədədir. Kipr ətrafı şelfdə tapılan milyardlarla qaz yatağı Yunanıstan, Misir və İsrailin bir araya gələrək Türkiyəyə qarşı birləşməsinə səbəb olub. Bu şelf zonasında Ankaranın maraqları nəzərə alınmır. Ona görə də Türkiyə suveren hüquqlarından istifadə edərək öz nüfuz dairəsinə malik olan ərazilərinə nəzarəti gücləndirir və heç bir dövlətin iştirakına imkan vermir”.
Vaşinqtonun strateji səhvi
Siyasi şərhçi vurğulayıb ki, qaz yataqlarının işlənməsi məsələsində ABŞ Yunanıstanı dəstəkləyir və Ankaranın Kipr ətrafındakı yataqları işlətməsinə qarşı çıxır: "Liviya-Türkiyə arasında bağlanan müqaviləyə görə ABŞ Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" qətnaməsini gündəliyə çıxardı. Aralıq dənizində karbohidrogen yataqlarına sahiblənmək uğrunda başlanan, hələlik geniş müstəviyə çıxmayan gərgin situasiya yeni münaqişədən xəbər verir. Rusiya bu qaz yataqlarının Türkiyənin nəzarətində olmasında maraqlıdır. Fikrimcə, Ankara-Vaşinqton münasibətlərinin normallaşması yalnız Türkiyənin ABŞ-ın diktəsini qəbul etməsindən sonra normallaşa bilər. Bu da Türkiyə üçün arzuolunan deyil. Bütün bunları nəzərə alsaq görərik ki, çox ciddi geosiyasi qarşıdurma mərhələsi yaşanır. Amma bu təzyiqlər, sanksiyalar Türkiyəni öz hədəfindən yayındırmayacaq. İkitərəfli əlaqələr demək olar ki, böyük zərbə alıb. Düşünürəm ki, qondarma soyqırımı layihəsinin Senatda qəbul edilməsi Vaşinqtonun strateji səhvi idi. Bununla Türkiyə-ABŞ siyasi əlaqələri ciddi şəkildə zədələndi. Ankara daha Vaşinqtona etibar etməyəcək”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər