Anarın İNSAN nəğməsi
60-cı
illərin dünyaya gətirdiyi yeniliklərin və dəyişmələrin əhəmiyyətini sübut
etməyə ehtiyac yoxdur. Dünyanın bir çox aparıcı ölkəsində avtoritarizmin
süqutuna sosial-mədəni inqilab möhürünü vuran 60-cılar ədəbiyyatda, sənətdə və
sosial-siyasi mühitdə bir çox yeni tendensiyanın əsasını qoyaraq zəngin və
rəngarəng bir irs yaratdılar. Bu gün ədəbiyyatı çox-çox irəli aparan və
ədəbiyyatdan qaynaqlanaraq elit düşüncə tərzinə çevrilmiş post-modernizm,
avanqardizm və s. bu kimi müasir cərəyanların əsasını da 60-cılar qoymuşlar
desək, yəqin ki, yanılmarıq. Həmin illərdə dünyanın ən totalitar sistemi
daxilində mövcud olan Azərbaycanda da 60-cıların nəfəsi duyulmağa başladı. Və
Azərbaycanda bu nəfəsi ilk alıb-verənlər də Anarın yaratdığı obrazlar
idi. Bəli, məhz obrazlar...... Hər gün gördüyümüz, rast gəldiyimiz,
yanından keçdiyimiz, yanından keçərək diqqətə almadığımız, haqqında yalan-doğru
fikir söylədiyimiz insan obrazları...... Və məhz Anarın əsərlərindən üzümüzə
belə bir zəngin, rəngarəng, keçmiş günahlarından və gələcək niyyətlərindən xali
olub bu günü ilə yaşayan, milli və dini üstünlüklərindən və məqsədlərindən
arınmış insanlar qalereyası açılır. Mühüm olan da budur... Bəlkə də, Anarı həm
o dövrün, həm də müasir illərin bir çox yazarlarından və sənətkarlarından
fərqləndirən məqam da onun eqosentrizmdən uzaq olmasıdır. Onun bir yazıçı və ya
bir insan kimi öz mənliyini, istəklərini, maraqlarını və qayğılarını deyil,
yaşadığı cəmiyyəti və hətta daha geniş məkanı belə təmsil edə biləcək
universal, lakin daxilən zəngin və rəngarəng bir İNSANI oxucunun qarşısına
çıxarmasıdır. Təkcə bu, Anarın dünya ədəbiyyatında yerini müəyyən etməyə imkan
verən fakt kimi dəyərləndirilə bilər. Təbii ki, həmin dövrün cərəyanlarını
sosial-siyasi həyatda, musiqidə, təsviri incəsənətdə, poeziyada və elmdə əks
etdirən Azərbaycan alimlərini, şairlərini, siyasi və ictimai xadimlərini,
sənətkarlarını da xatırlamamaq olmaz. Lakin Azərbaycan nəsrində yeni dövrün
sosial-mədəni paradiqmasını əks etdirən, həm də çox güclü əks etdirən məhz
Anarın dünya səviyyəsinə yüksələn əsərləri idi.
Mənə
bir sərgi salonu verin!
Nə geniş olsun dünya qədər,
nə elə hündür olsun ki,
ətəyində qala uzun kölgələr.
Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam -
adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən
Bir insan şəkli asacam;
bir yanında Nəsimi -
dabanından soyulandan sonra,
Bir yanında
məşəl təki yanmış Azəri qızı -
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü.
Bir yanında Məmmədhəsən kişi -
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy
Aşağıda sərhədlə kilidlənmiş ölkələr
Bir yanda Osvensim -
minlərlə insan, beli bükülü.
Bir yanda yolları insanla döşənmiş -
Kalıma.
Bir yanda Xirosima – ölü.
Bir tərəfdə
Fərhad, Şirin,
Kərəm, Əsli,
Bir tərəfdə
İsrafil, Qafur
Qastello, Lorka -
prometeylər nəsli.
Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi – Zaman.
Adı – insanlığın ömür yolu.
Anarın
əsərlərinin də mərkəzdə İNSAN və onun tərənnümü dayanır. Onun əsərləri insanın
sevincinin və kədərinin, təntənəsinin və faciəsinin, səmimiyyətinin və
məcburiyyətinin tərənnümüdür. Və Anar bütün yaradıcılığı boyu yaratdığı bu
İNSAN NƏĞMƏSİNƏ sadiq qalmaqdadır. Yazıçı şərəfli döyüşlərin cəsur və şanlı
qəhrəmanlarını, azad sevgilərini ənənələrin yasaqladığı zavallı aşiqləri,
iftira və ya ədalətsizlik qurbanları olmuş halal zəhmət adamlarını tərənnüm etmək
üçün hər birimizin yanılmadan tanıya bildiyi rənglər spektrindən istifadə etmir.
Anarın qəhrəmanları daha mürəkkəbdir və daha çalarlıdır. Onun cəsur
döyüşçüsünün zəif tərəfi də var; onun şərəfli ömür yolu keçmiş zəhmətkeş
qəhrəmanının mənfi olaraq səciyyələndirdiyimiz xüsusiyyətləri də sezilir; və
onun sevgilisindən üz döndərməyə məcbur olmuş zavallı aşiqini buna vadar edən
heç də təkcə adət və ənənələr deyil. Anarın qəhrəmanları mürəkkəb bir sistemin
bu sistemin özündən daha az mürəkkəb olmayan hissəcikləridir və onlar bununla
real dünyamıza daha yaxın və bizə daha doğmadırlar. Belə obrazlar yaratmış
yazıçının nə müharibələrin faciəsinə, nə də böhtanların ədalətsizliyinə qarşı
açıq etiraz səsini ucaltmasına ehtiyac belə yoxdur. Onun qəhrəmanlarının
dilində bu etiraz daha təbii və daha anlaşıqlı səslənir. Belə obrazlar yaratmış
yazıçının şüarlara sarılıb vətəninə və xalqına məhəbbətini izhar etməsinə də
lüzum yoxdur. Yenə də, onun qəhrəmanlarının keçirdiyi hisslər, dilə gətirdiyi
düşüncələr, bəzən isə sözləri aşaraq oxucu ilə etdiyi söhbətlər bunu daha gözəl
ifadə edir. Azərbaycan ədəbiyyatının daha əvvəlki dövrlərində də yazıçılarımız
maraqlı, rəngarəng və bizimlə artıq doğmalaşmış insan obrazları yaratmışlar.
Anarın obrazlarını fərqləndirənsə başqa bir xüsusiyyətdir: bu obrazlar
diqqətimizi cəlb etməkdən, bizi sevindirməkdən, bizimlə doğmalaşmaqdan başqa,
həm də bizlərdən olmuşlar. Post-modern ədəbiyyatında qlobal söyləmin
böhranından sonra insan təsvirinə nail olmaq üçün bəzən sonadək uğurlu olmayan
müxtəlif strategiyalardan, süni fəndlərdən, simulyakrlardan və s. istifadə
cəhdləri məlumdur. Anar isə insanı bütün reallığı ilə təsvir etmək üçün elə
reallığın özünə müraciət edir. Bəlkə də bunu Azərbaycan ədəbiyyatındainsan
obrazının renessansı kimi də
dəyərləndirə bilərik.
Anar
öz qəhrəmanlarını mürəkkəb, gözlənilməz, yüksək dramatizm ruhu ilə yoğrulmuş və
ya macəra dolu situasiyalarda təqdim etmir. O, çox sadə həqiqətləri də gündəlik
rastlaşdığımız və bizə çox tanış olan kontekstlər daxilində açır. Lakin yazıçı
bu situasiyaları və kontekstləri oxuculara yeni deyil, sadəcə onların görə bilmədiyi
tərəflərdən təqdim edir. Bu özü çox vacibdir. Həyatı daha dərindən düşünüb dərk
etməmiz, hadisələrə səthi yanaşmamamız, həyatı dəyərləndirməmiz, insanlar
haqqında üzdə görünən səbəb və atributlara görə fikir söyləməməmiz və şərh
verməməmiz üçün çox mühümdür. Qloballığın ağuşuna alıb götürdüyü bu günümüzdə
dönüb özümüzə və təkcə özümüzə deyil, qarşımızdakı insana da baxmamız, baxıb
həm onu, həm də özümüzü qiymətləndirməmiz üçün bunun əhəmiyyəti çox böyükdür.
Burada daha mühüm olan Anarın obrazlarının aşıladığı ruhun gənclər üzərində
olan təsiridir. Bu obrazlar gənclərin gözünü çox məsələlərə açmaq, onların
daxili aləmini zənginləşdirmək və onlarda "homo sosialis” potensialını inkişaf
etdirərək cəmiyyəti töhfə vermək iqtidarındadır.
Anarın
əsərlərinin paradoksallığı da var. Yazıçının yaratdığı obrazlar bir Kamü, bir
Remark, yaxud bir Tanpınar obrazından çox az fərqlənir. İnsan milli, lakin həm
də universaldır və yazıçı bunu öz əsərlərində çox gözəl ifadə edir. Anarın
qəhrəmanlarını nəinki biz - azərbaycanlılar, eləcə də amerikalılar, ruslar, fransızlar,
türklər daxildən görə, onların iç dünyasına sirayət edə bilirlər. Lakin
paradoksallıq ondadır ki, bu obrazların hər biri universal insan həqiqətlərini
daşımaqla yanaşı, bütöv, lakin qat-qat açılan zəngin bir azərbaycanlı simasını
da canlandırır.
Bəli,
Anar Azərbaycan insanını həm özümüzə, həm də kənara belə bir xoşgörü ilə, belə
bir səmimiyyətlə tanıtdırır. Üzərindən ötəri şəkildə keçdiyimiz digər
xüsusiyyətlər Anarın dünya səviyyəli yazarlar içərisində yerini müəyyən etməyə
imkan verirsə, məhz bu xüsusiyyət onun Azərbaycan və azərbaycanlı qarşısında
dəyərli və danılmaz xidmətlərinə silinməz bir imza atır.
Dosent Jalə Qəribova
Azərbayacn Dillər Universitetinin
beynəlxalq əlaqələr üzrə prorektoru