• şənbə, 20 Aprel, 00:12
  • Baku Bakı 15°C

Anam istəməsə də mən aktrisa oldum

10.12.18 15:30 1445
Anam istəməsə də mən aktrisa oldum
Müsahibimiz yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan Xalq artisti Firəngiz Mütəllimovadır.
– Yaradıcılıq həyatınızın ilk pillələrindən danışmağınızı istərdik...
– İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunduğumu eşidəndə sevincimdən ağladım, baxdım ki, anam da ağlayır, amma sonralar öyrənəcəkdim ki, anamın gözündən axan sevinc yaşları yox, kədər yaşları imiş. Məni sevindirən xəbər anamı çox üzmüşdü. Çünki, onun arzusu məni ağ xalatda görmək idi, ya həkim, ya da tibb bacısı olmağımı istəyirdi. Ancaq atama bu istəyimi bildirəndə etiraz etmədi, məni Bakıya, qəbul imtahanlarına gətirdi. Ancaq həmin universitetə qəbul olunmağım valideynlərim üçün gözlənilməz oldu. Çünki, mən çox utancaq idim, evdən bayıra çıxmırdım, evdəkilər məni nəsə almaq üçün dükanına göndərəndə getmirdim ki, birdən müəllimlərim məni görər. Düşünürdülər ki, belə utancaq qızdan aktrisa olmaz. Həyat belə gətirdi ki, anam istəməsə də mən aktrisa oldum. Bir dəfə anam oynadığım tamaşaya gəlmişdi. Tamaşada rəhmətlik Məlik Dadaşov atam rolunda oynayırdı. Anam, qucağında da balaca bacım tamaşaya baxırdılar. Tamaşanın bir səhnəsində mən Məlik Dadaşovun "belinə çıxırdım”. Yuxarıdan bir anlıq gözüm anama sataşdı, gördüm anam bacımın arxasında gizlənib, mənim səhnədəki hərəkətimdən qorxub, baxa bilmirdi. Amma sonralar ailəmiz getdikcə mənim artistliyimə vərdiş edəcəkdi. Allaha şükür olsun ki, sənətə elə başladım və elə bir yolu seçdim ki, uğurlar bir-birinin arxasınca gəldi, ailəmə baş ucalığı gətirdim. Ona görə ailəm zaman keçdikcə aktrisa olmağımı qəbul etdi.
– "Səni axtarıram” tamaşası ilə bir günün içində məşhur oldunuz. Bu məşhurluq sizə qəribə gəlmədimi? Bu tamaşaya təklif alanda, məşqlərə, çəkilişlərə gedəndə belə bir şöhrəti əldə edəcəyinizə inanırdınızmı?
– Rəhmətlik rejissor Tariyel Vəliyev məni bu rola seçəndə, Yaşar Nuri etiraz edib deyib ki, o qız çox gəncdir, təcrübəsizdir. Tariyel müəllim də deyib ki, bu qız gənc olsa da, gülüşündə bir qəribəlik var, o gülüş Elçini qıcıqlandıracaq. Bizə də belə bir aktrisa lazımdır. Qoy məşq edək, bədii şura baxsın, görək nə deyəcək. Məni də sıxan sınaq söhbəti idi. Amma tamaşanın birinci hissəsinin sınaq çəkilişinə başladığımız ilk səhnəmizdə Yaşarla dialoqumuz heç 2-3 dəqiqə çəkmədi ki, birdən əsərin müəllifi rəhmətlik Aslan Qəhrəmanov əlini stola vurub ayağa qalxıb dedi: "Bu qızı hardan tapmısınız? Bu elə mən yazdığım Gülnardır ki?!”. Ondan sonra ürəyim çox rahatlaşdı. Heç bir bədii şura axıra qədər bizə baxmadı və biz çəkilişlərə başladıq. Onda mən fikirləşdim ki, bu tamaşa mənə uğur gətirəcək, Ancaq bir gecədə bu qədər məşhurlaşacağım heç ağlıma da gəlməzdi. Yadımdadır, tamaşanın ertəsi günü teatra işə gəlmişdim, rəhmətlik Nəcibə Məlikova deyib ki, o yanağında xalı olan qızı görmək istəyirəm, televizorda görmüşəm, amma teatrda yox. Məni görən kimi dedi: ”Sən necə gözəlsən, necə qəşəngsən”.
– "Gülnar” rolu mənə şöhrət gətirdi, ancaq xoşbəxtliyimi əlimdən aldı, deyirsiniz.
– O vaxt mobil telefonlar yox idi. Mənə çoxlu sayda məktublar, hədiyyələr, təkliflər gəlirdi. Teatrın arxa qapısından çıxmağa qorxurdum. Orada insanlar, xüsusilə də oğlanlar yığışıb məni gözləyirdilər. Mənə elə gəlirdi ki, onlar məni yox, Gülnarı sevir. Mən onları yaxınıma buraxa bilmirdim, düşünürdüm ki, ailəm bundan xəbər tutar, adıma söz çıxar. İçimə qorxu hissi girirdi və bu hiss istər-istəməz məni insanlardan uzaqlaşdırırdı. İnanmırdım, inamımı itirmişdim. Bəlkə də, o gənclərdən biri məni həqiqətən sevirdi, mən ailə qura bilərdim. Qəribədir, elə bilirdim ki, hamı Gülnarı sevir.
– "Səni axtarıram” tamaşasından sonra qapımıza elçilər gəlirdi. Neçə-neçə gənc mənə könlünü bağlayıbmış. Ailə qurmaq fikrim yox idi. Ona görə də elçilər peşman qayıtmalı olurdu. Bəlkə də onların ahı tutdu məni. Ailə məsələsində bəxtim gətirmədi”, deyirsiniz...
– Bəli, elçilərim çox olub. Biri var idi, adını demək istəmirəm, çünki indi o adam evlidir. Bizə elçi gəlmişdi, hətta anamı çağırıb ona yalvarmışdı ki, anam məni razı salsın. Anam birdəfəlik "yox” cavabı verib deyəndə ki, qızım səni istəmir, oğlanın o anda dodağı uçuqlamışdı. Anam mənə dedi ki, bu insanların ahı tutacaq səni. Buna baxmayaraq, gələn elçilərə "yox” cavabı verirdim.
– Yaşar Nuri Türkiyədə xəstəxanada yatarkən həyat yoldaşı Rəhimə xanım oradakı tibb bacılarına sizin şəklinizi göstərərək deyib ki, Yaşar bu qadını sevir, amma qarşılıqsız. Sizcə, o, niyə belə deyib? Axı siz hər zaman deyirsiniz ki, Yaşar Nuri ilə dost olmusunuz.
– Mən xəstəxanaya, Yaşarın yanına gedəndə gördüm ki, tibb bacıları mənə baxıb gülürlər. Mən də Yaşardan soruşdum ki, bu nə məsələdir? O da əhvalatı mənə danışdı. Mən də tibb bacılarını çağırıb dedim: Baxın, bu qadın bu kişini dəlicəsinə sevir. Azərbaycandan Türkiyəyə də ona görə gəlib. Tibb bacılarının hamısı əl çaldı. Yaşar dedi ki, Rəhimə zarafat edib. Yaşar özü də zarafatı çox sevirdi. Doğrudur, evdə, ailədə bir də görürdün ki, elə ciddi olurdu ki, heç onunla danışmaq olmurdu. Ancaq məni görəndə o, həmişə məsum uşaq kimi olurdu. Hətta mən onu Türkiyədə ilk dəfə ziyarət edəndə Rəhimə dedi ki, Yaşar səhərə kimi yatmayıb, narahat olub ki, birdən təyyarədə nəsə baş verər, görəsən, neçədə gələcək, yolunu səbirsizliklə gözləyirdi.
– Yüzlərlə insanın sevgisini qazanan, onların qəlbini fəth edən Fi-rəngiz Mütəllimovanın sevdiyi insan kimdir?
– Əlbəttə ki, ailəm. Hər axşam duamı edəndə deyirəm ki, Allahım, sənə min şükür ki, məni belə bir ailədə dünyaya gətirmisən. Mələk kimi bir ananın, təmiz qəlbli bir atanın övladıyam. Allah onlara rəhmət eləsin. Hər zaman şükür edirəm ki, heç bir pulla alına bilməyəcək bir sərvət vermisən mənə – tamaşaçı məhəbbəti. Hər şeyi almaq mümkündür, onu isə almaq mümkün deyil.

– Uzun illərdir müxtəlif xarakterli, müxtəlif taleli obrazlara həyat verirsiniz. İndiyə qədər özünüzü, yəni Firəngiz Mütəllimovanı canlandırmaq mümkün olub?
– Xeyr. Bu ancaq yaradıcılıq gecəmdə olub. Rejissor Bəhram Osmanov benefisimi – yaradıcılığımın 25 illiyini keçirmişdi. Orada özüm olmuşam. Amma heç bir tamaşada özüm olmamışam, özümü oynamamışam. Hər zaman deyirəm, bir qaçqın anasını oynamaq istərdim. Bu rolu oynamağı çox arzulayıram.
– Hazırda teatrda hansı tamaşa üzərində çalışırsınız?
–Teatrda İlyas Əfəndiyevin "Qarabağnamə” tamaşasında oynayıram. Bilirsiniz ki, teatr mövsümü bu tamaşa ilə açılır, onunla da bağlanılır. Bu tamaşa özəl günlərdə, Soyqırımı günündə də oynanılır, çağırış tipli bir tamaşadır. Bundan başqa Cəfər Cabbarlının "Almaz” tamaşasında Fatmanisə obrazını canlandırıram. Bu, mənim üçün maraqlı obrazdır, aləmi bir-birinə qatan bir obrazdır. Hələ belə bir rolum olmamışdı. Əməliyyatdan sonra sağ tərəfimdə zəiflik vardı, əlimi qaldıra bilirdim, amma heç nə yaza bilmirdim. Ayağım çox zəif idi, barmaqlarımı hiss eləmirdim, yavaş-yavaş onları tərpətməyə başladım. Buna baxmayaraq, hamı deyir ki, səhnəyə çıxanda sanki hər şeyi unudursan, atılıb-düşürsən. Deyirəm, səhnədə hər şeyi unuduram, bu, beynimlə bağlıdır. Yəni, səhnə aktyoru, aktrisanı yaşadan yeganə məkandır.

Söhbətləşdi: İntizar İsmayıl

banner

Oxşar Xəbərlər