• cümə, 19 Aprel, 07:34
  • Baku Bakı 13°C

Analoq, yoxsa rəqəmsal yayım?

05.11.16 10:15 9296
Analoq, yoxsa rəqəmsal yayım?
Məlumdur ki, artıq ölkədə, daha doğrusu, hələ ki Bakı və Abşeron yarımadasında televizorları əvvəlki qaydada izləmək mümkün deyil. Yəni evində köhnə model televizor olanlar əvvəlki kimi divana uzanıb, pultu şəstlə əlinə alaraq kanalları çevirə bilmirlər. Bu vəziyyətdən çıxış yolu isə televizorlara dekoderlərin quraşdırılmasıdır. Bu qərar, yəni rəqəmsal yayıma keçid Milli Televiziya və Radio Şurasının sentyabrın 27-də keçirilən iclası zamanı qəbul olunub.
Belə ki, iclasda Prezidentin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Rəqəmli TV yayımının bir sıra üstünlükləri var. Məsələn, veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneədayanıqlığının yüksək olması, TV vericisinin gücünün azaldılması imkanı, eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması, təsvirin və səsin canlandırılma keyfiyyətinin artması, yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması bura daxildir. Bundan əlavə, studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi, TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı, interaktiv TV yayım sisteminin yaradılması (bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır), verilişlərin arxivləşdirilməsi və yazılması imkanı, verilişin dilinin və subtitrlərin seçilməsi imkanı və s. əsas üstünlüklər hesab olunur.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekspertlər düşünürlər ki, narahatlığa heç bir əsas yoxdur. Çünki rəqəmli yayıma keçmək günün tələbidir. Rəqəmli televiziya yayımının keyfiyyət göstəriciləri yüksək olur və dünyanın əksər ölkələrində bu yayıma keçiblər. Çünki analoq yayımda keyfiyyətsiz təsvir ola bilər, rəqəmli televiziya yayımında isə təsvir ya olmur, ya da normal olur. Rəqəmli TV bütün göstəricilərə görə analoq televiziya yayımını üstələyir. Bu üstünlük rəqəmli televiziyaya keçməyə imkan verir.
Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov"Kaspi”yə müsahibəsində deyib ki, yalnız bir göstərici var ki, onu rəqəmli televiziya üçün nöqsan saymaq olar: harada siqnal çox zəifdirsə, orada rəqəmli yayım olmayacaq. Çünki pis təsvir olmaqdansa, ümumiyyətlə, təsvir olmur. Amma analoq yayımda təsvir də olur. Belə çıxır ki, həmin ərazidə analoq televizoru pis təsvirlə göstərəcək, rəqəmli televizor isə heç nə canlandırmayacaq. Rəqəmli televiziya yayımının digər bir üstünlüyü avtomobildə gedərkən, xüsusən sürət yüksək olanda təsvirin itməməsidir. Analoq yayımında isə avtomobillərdə təsvir itir. Lazım olan dekoderlər şəhərdə çox yerdə satılır. Xüsusən, Sədərək Ticarət Mərkəzindəki mağazalarda. Bundan əlavə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin beş min ədəd dekoderi var ki, onları rayonların poçt şöbələrinə verəcəklər. İnsanlar dekoderi həmin şöbələrdən də əldə edə biləcəklər. Qiyməti də təxminən 30 AZN-dir.
Dekoderlərin quraşdırılması isə çox sadə prosesdir. Belə ki, dekoderin biri təsvir, digəri stereosəs olmaqla iki çıxışı var ki, onları televizorda eyni təsvir (sarı rəng) və səs dəlikləri ilə (ağ və qırmızı) əlaqələndirmək lazımdır. Onu da nəzərə çatdıraq ki, "Plazma” və ya "LSD” televizorlar həm analoq yayımı, həm də rəqəmli yayımı canlandıra bilir.Milli Televiziya və Radio Şurasından bildirilir ki, iki ildir, Milli Teleradio İstehsalat Birliyi həm analoq yayımı, həm də rəqəmsal yayım aparır. Hər stansiyada hər proqram üçün ayrıca vericilər işləyir. Analoq vericiləri xarab olur, onu təmir etmək, ehtiyat hissələri tapmaq çətindir. Bundan başqa, hər birinin işıq pulu, xidmət pulu var. Yəni analoq yayım Teleradio İstehsalat Birliyi üçün böyük xərcdir, yükdür. Ona görə belə qəti qərar qəbul olunub.
Onu da qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Qaynar xətt” yaradılıb və yaranan problemlərlə bağlı ora müraciət etmək olar. Bu günə qədər daxil olan müraciətlər əsasən, dekoderlərin alınması və istifadəsi ilə bağlıdır. Bir çox ailələr dekoderlə işləyə bilmir. Bunlar əsasən, yaşlı insanlardır. Dekoderləri quraşdırmaq üçün telefonla kömək olunur. Alınarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir. Çünki bir sıra kanallarda HD formatında verilişlər yayımlanır. İstifadəçilər özləri də aparatı qoşa bilərlər. Rəqəmsal yayımın üç - stasionar, daşınan və mobil formaları var. Bunların hər üçündən istifadə etmək olar.
H.Əsgər
banner

Oxşar Xəbərlər