Ana dili - milli qürurumuz

Doğma dilim! Sən ki varsan dünyada,
Mən də "varam”- söyləməyə haqlıyam.
Dost ellərə min hörmətim olsa da,
Öz yurduma min könüldən bağlıyam!
Ələkbər Ziyatay
Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın
ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu, o dildir ki, Füzuli
eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş,
zaman-zaman qanımıza, canımıza hopmuşdur. Dil yalnız ünsiyyət yaratmır,
mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin
edir. Hər bil dil ayrılıqda dünya haqında bilik, dünyanı görmək və anlamaq üçün
vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə
deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən,
ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan
şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün
axırınadək dilinə arxalanır. Hər bir millətin varlığının mühüm amillərindən
biri olan dili heç vaxt yaddan çıxmayan, unudulmayan qörur mənbəyidir.
Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən,
uzaq tariximizi bu gün də yaşatmağa kömək edən bir dildir. Dilimiz milli
sərvətimizdir. Hər şey ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir.
Tarixin müəyyən dövrlərində dilimiz də düşmən qüvvələrin təzyiqinə, təcavüzünə
məruz qalıb. Lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini
qorumağa müvəffəq olub. Azərbaycan dili də dünyanın ən zəngin dilləri
sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox
azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri
ailəsini türk qoluna daxildir. 2002-ci
il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun
qəbul edilib. Bu, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun
tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi
istiqamətində atılmış çox mühüm addım olub. Çağdaş Azərbaycan ədəbiyyatının
aparıcı simalarından biri olmuş Zəlimxan Yaqub "ruhumuza işləyən, qanımıza
hopan, sazın pərdəsindən süzülən”, "bayatı beşiyi, layla yuvası” olan,
tarlı-kamanlı dilimizi belə vəsf edir: Füzuli zirvəli, Vaqif arxalı,
Mənim Qorqud dilim, Ələsgər dilim.
Ömrümün naxışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim! Ana dili bizim müqəddəs sərvətimiz,
anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəllədirən əxlaq
dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı
öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim
kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Dilsiz insan susuz səhralara
bənzər. İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı
duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə
səsləndiyini cəhd edir. Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya
gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir,
Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dili həm qüdrətli və
gözəl, həm də mənalı, şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə,
ən obrazlı epizodları çatdımağa qadir bir dildir. Azərbaycan dili Azərbaycan
xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl
əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili
haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır:
"Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri
ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə,
musiqi ilə doludur.” İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir
şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz
sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi
bildiririk. Azərbaycan dili əsrlər boyu inkişaf edərək zaman çərçivəsində
süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil
bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur.
Bir çox tanınmış şəxsiyyətlər bu dilin gözəlliyini duyaraq onu öyrənmək
həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu
S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə,
Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir. Azərbaycan dili bizim
varlığımız və sərvətimizdir. Onu saflığını və müqəddəsliyini qorumaq, yad
təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən canım Azərbaycan adlı məmləkətdə
yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı görkəmli
şairimiz Nəbi Xəzrinin şerindən götürülmüş bir bəndlə bitirmək istəyirəm:
Ucalır bağçada bülbülün səsi,
Çay susur, əsməyir çəməndə yel də.
Nə qədər doğmadır onun nəğməsi
Bülbül də elə bil ötür bu dildə.
Rövşən Məmmədov
Azərbaycan Respublikası Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondunun Əməkdaşı
