AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Amulsar yatağı ətrafında maraq toqquşması - Fotolar

Amulsar yatağı ətrafında maraq toqquşması - Fotolar

Təfsilat
07 İyul 2020, 16:02 445
Böyük dövlətlərin maraqları və daxildən gələn etirazlar Ermənistan hakimiyyətini çətin duruma salıb
 
Amulsar qızıl yatağının işlənilməsinin dayandırılması ilə bağlı mübahisələrötən il Ermənistanda daxili siyasətin əsas predmetinə çevrilmişdi. 2018-ci ildə Ermənistandakı "məxməri inqilab”dan sonra yerli sakinlər və fəallar xüsusi bir kampaniya təşkil edərək, 400 milyon dollar dəyərində olan qızıl mədəni layihəsinə qarşı çıxış etməyə başladılar.Qızıl mədənində hasilatın dayandırılmasını tələb edən aksiya iştirakçılarını sakitləşdirmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra hiyləgər addımlara əl atdı. Bəzi dövlətlərin dəhasilatda və hasilatın pay bölgüsündə israrlı olması Ermənistanın beynəlxalq mübahisələrin mərkəzinə çevrilməsinə səbəb oldu. Məqalənin əsas hissəsinə keçməzdən əvvəl qeyd edək ki, Ermənistanda uzun müddət ölkənin əsas gündəmini zəbt edən Amulsar mədəni ilə əlaqədar "Earth Link & Advanced Resources Development” (ELARD) və"TRC Environmental Corporation "(TRC) şirkətləri bir sıra qüsurları üzə çıxarmış və araşdırmaları ilə bağlı hesabatlar dərc etmişdilər. 
 


"Open Democracy” bütün gizli məqamların üstünü anti-demokratik gedişlərlə "aça” bildimi? 

Bu yaxınlarda "Açıq Demokratiya”tərəfindən əldə edilmiş(Open Democracy / Qısa məlumat - dünyadakı hadisələr və məsələlər barədə nüfuzlu alimlərin, jurnalistlərin və siyasətçilərin şərhlərin və fikirləri yayımlanan beynəlxalq siyasət və mədəniyyət haqqında Böyük Britaniyanın veb saytı)Avropa İttifaqının diplomatik hesabatında qeyd olunur ki, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları Amulsar dağ-mədən mübahisəsinə görə Ermənistan hökumətinə "təzyiq göstəriblər” (Thomas Rowley. Armenia ‘under pressure’ from UK and US over mining dispute, says EU report. Open Democracy. URL: https://www.opendemocracy.net/en/odr/armenia-under-pressure-from-uk-and-us-over-mining-dispute-says-eu-report/ 5 May, 2020 (access date: 03.07.2020). Lakin qeyd etmək lazımdır ki, bu, daxili hesabat olub və burada olan informasiyanın sızmasını maraqlı məqam kimi qeyd edə bilərik.Bu məsələdə maraqlı tərəf kimi çıxış edən İngilis-Amerikan mədən şirkəti "Lydian İnternational”ın olmasını da nəzərdən qaçırmamaq lazımdır. Qeyd olunan Aİ-nin daxili hesabatı 2019-cu ilin oktyabr ayında dərc olunub və Amulsar qarşıdurmasının beynəlxalq miqyasına toxunulur. Məsələnin ən maraqlı tərəfi bundan ibarətdir ki, təxminən iki illik mühasirənin nəticəsi olaraq, "Lydian İnternational” Amulsar yatağına daxil ola bilmədi,böyük investisiya fondları, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD),İngiltərə və ABŞ hökumətləritərəfindən dəstəklənən layihə üzrə inşaat işlərini başa çatdırılmadı. Eyni zamanda,Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) informasiya azadlığı proqramı çərçivəsində əldə edilmiş hesabatda isə qeyd olunur ki, baş nazir Nikol Paşinyan Amulsar qarşıdurması ilə əlaqədar ABŞ və Böyük Britaniyahökumətləri də daxil olmaqla fərqli tərəflərin təzyiqi altında olub.
 


Hesabat çoxşaxəlidir və olduqca maraqlıdır. Hesabatdaşirkətin xarici dəstəkçilərinin, o cümlədən Böyük Britaniya hökumətinin Ermənistanda düşdüyü çıxılmaz və gərgin vəziyyətdən bəhs olunur. Eyni zamanda qeyd olunur ki, Amulsar qarşıdurması çox "siyasiləşdirilib”, çünki inqilabi Ermənistan hakimiyyətinin əleyhdarları (həm də bəzi tərəfdarları) bu məsələ ətrafında sıx birləşib, halbuki başqa məqsədlər də güdürlər.
 

 
"Lydian İnternational”ın təsisçiləri çıxış yolunu nəcə görür?

Cersidə qeydiyyatda keçmiş və mənzil qərargahı Kanadada olan "Lydian İnternational” şirkətindən bildirilir ki, ətraf mühitə təsirin azaldılması və ətraf mühitin mühafizəsi sahəsində ən yüksək beynəlxalq standartlara,AYİB-in (EBRD)və Dünya Bankının beynəlxalq maliyyə korporasiyasının tələblərinə əməl ediblər. 
 
Britaniyanın keçmiş səfirlərinin "Böyük Britaniyanın Ermənistana potensial olaraq ən böyük sərmayəsi” və "Böyük Britaniya və Ermənistanın işgüzar əməkdaşlığının gözəl nümunəsi” adlandırdıqları lyihənin əleyhdarları iddia edirlər ki, onların ətraf mühitə potensial zərər vurması ilə bağlı narahatlıqları tamamilə əsaslıdır.


 
Yerli fəallardan biri Şirak Buniatyan Ermənistanın "Hraparak” (erməni dilində "Meydan”mənasında işlədilir)qəzetinə etiraz dolu çıxışında aşağıdakıları bildirib: "Mədəni istismar etmək istəyənin bizim üçün fərqi yoxdur. Cermukda mədən sənayesi olmayacaq”. Yatağın istismar edilməsinə qarşı çıxan vətəndaş cəmiyyəti fəallarının ABŞ, Böyük Britaniya və İsveç səfirliklərinə ünvanladığı açıq məktub da az əhəmiyyətli hesab olunmur. Məktub ABŞ-ın Ermənistandakı səfiri Linn M. Treysiyə, Böyük Britaniyanın Ermənistandakı səfiri Alan Qoqbaşyana(müəmmalı remarka- B.Britaniyaerməni soyadlı diplomatını Ermənistana səfir göndərir?!) və İsveç Krallığının Ermənistandakı səfiri(qeyd: görünür, yüksək həyat səviyyəsi və demokratik institutların dayanıqlı olmasına görə İsveç də bu siyahıda yer alıb) Ulrik Tidestremə ünvanlanıb. 

Açıq məktubda "Siz Ermənistanda demokratiya quruculuğuna əhəmiyyətli vəsait ayırmısız” ifadəsi də diqqətdən yayınmır. (Appeal to the Ambassadors. Transparency International Anticorruption Center.August 26, 2018. URL:https://transparency.am/en/news/view/2819 (access date: 04.07.2020)

 
 
Maliyyə arayışı

"Lydian”dan bildirib ki, onlar ətraf mühitin qorunması sahəsində yüksək beynəlxalq standartlara əməl edirlər. Burada750 nəfər işlə təmin edilib və yerli şirkətlər tərəfindən mədən işləri ilə əlaqəli 3000 digər iş yeri açılıb.Şirkətin proqnozlarına görə, yatağın on il müddətində istismarı nəticəsində Ermənistan dövlət büdcəsinə vergi və lisenziyaya görə ayrılan vəsaitin məbləği 432 milyon avro səviyyəsində olacaq.

Daha nə gözləmək olar? 

2019-cu ilin dekabrında "Lydian”ın kreditorları öz öhdəliklərindən imtina etdikdən sonra, şirkət məhkəmə müdafiəsi altında Kanadada restrukturizasiya üçün müraciət edib. Ontariodaki məhkəmə iddiaları şirkətin satış, maliyyələşdirmə və arbitraj variantlarını axtardığını iddia edir, baxmayaraq ki, bu cəhdlər hələ ki, uğursuzluqla nəticələnir.

2020-ci ilin iyununda verilən bəyanatda deyilir ki, "Lydian” restrukturizasiya prosesindən keçəcək.Bu zaman isə şirkətin kreditorları,investisiya fondları – "Orion Resource Partners”, "Osisko Mining”və"Resource Capital Fund” – restrukturizasiyaşirkətini idarə edəcəklər.

Nəticə əvəzi

Ermənistanın baş naziri Nikol PaşinyanAmulsar layihəsi ilə bağlı olaraq ətraf mühitin qorunması vəiqtisadi mənfəət arasında seçim edə bilmədiyi üçün çətin duruma düşüb. Baş nazir əvvəlcə 2018-ci ildə vəzifəyə gəldikdən sonra Ermənistanın mədən sənayesində yoxlamalar aparmağı əmr etsə də, bildirmişdi ki, bu layihənin təsdiqlənməsi müddətində hakimiyyətdə olsaydı Amulsar layihəsinə qarşı çıxacaqdı. Baş nazirin çox çətin vəziyyətdə olduğunu "Transparency International Armenia” şirkətinin icraçı direktoru Sona Ayvazyan da təsdiqləyib. Paşinyan güclü ictimai təzyiqlər fonunda Qərblə də münasibətlərini düzəlmək istiqamətində səyləri boşa verir. Respublika Partiyasını və onun lideri korrupsioner və avtoritar Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdıran inqilabçı Nikol Paşinyanınən böyük xarici investorla mübahisəsi görünür ki, beynəlxalq məhkəmələrə kimi uzanacaq. Amulsarın mühasirəyə alınması, bir sıra ekoloji araşdırmaların, audit və yoxlamaların aparılmasını BöyükBritaniyanın Xarici İşlər Nazirliyinin yaxından təqib etməsi faktı da göstərir ki, Qərbin maliyyə institutları məsələni zamana buraxsa da, nəyin bahasına olursa olsun mənfəət əldə etməkdə qətiyyət nümayiş etdirirlər. Paşinyanınhüquqşünas-ekoloq və ictimai fəal Artur Qriqoryanı dağ sənayesi və ekoloji müfəttişlik bölməsində yeni rəhbər təyin etməsi də narazı kütləni sakitləşdirməyib. Nikol Paşinyan baş verən hadisələri və  nümayişləri yeni hakimiyyətinə qarşı "sabotaj” adlandırsa da, bu gün yeni faktlar ortaya çıxır və onun əleyhinə işləyir.

Tədqiqatın əsas nəticələrindən biri kimi qeyd edə bilərik ki, Böyük Britaniya hökuməti öz şirkətlərinin maraqlarını mühafizə etmək üçün danışıqlara qulaq asa, məxfi məktubları və yazışmaları oxuya, audit və ekoloji yoxlamalar yarada, "Facebook”da ictimai fəalların yazdıqları rəylər əsasında qapalı hesabat tərtib edə, ictimai fəalları nəzarətdə saxlayavə açıq şəkildə bəyan edə bilər ki, "Böyük Britaniyanın səfirlikləri Britaniya (hətta tam olaraq Britaniya şirkətinin maraqları təmsil olunmasa da) şirkətləri üçün dünyada biznesin inkişafında müsbət rol oynayır”.Ən zəruri qeydimiz də ondan ibarətdir ki, "Lydian İnternational”-ın Böyük Britaniyada heç adi bank hesabı da yoxdur...

İlyas HÜSEYNOV 
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhəçisi