• şənbə, 20 Aprel, 06:43
  • Baku Bakı 14°C

Amerikan ədəbiyyatının yeni üzü

01.09.14 13:07 1899
Amerikan ədəbiyyatının yeni üzü
Sevdiyi yazarlar: Vladimir Nabokov, Evelin Vauq, Rut Rendel, Stefen Kinq, Elmore Leonard, Devid Mamet, Tom Vulf, Kurt Vonnequt, Li Çayld, Devid Mitçel, Devid Foster Uallas, Cin Ekenoz, Emmanuel Karrer, Donald Bartelm, Çarli Kaufman. Sevimlilər siyahımdakılar bunlardır.
Sevdiyi musiqilər: “The Punch Brothers” ya da Kris Taylın yazdığı hər şey, Alison Krauss, “The Beatles”,” The Everly Brothers”, “ The Kinks”, Ella Fitzgerald, Ricky Skaggs, Tom Lehrer, John Mayer, Mark Knopfler, Eisley, “Marina and the Diamonds”, Steve Vai, Glenn Gould, Tony Rice, Bryan Sutton, Radiohead, Imogen Heap, Kate Rusby, Andy Statman. Bunların hansınısa siyahıdan çıxarmaq çətindir, üstəlik getdikcə də uzanan siyahıdır.
Sevdiyi filmlər: “Synecdoche New York”, “Edward Scissorhands”, “The Incredibles”, “A Clockwork Orange”, “Dead Poets’ Society”, “The Jason Bourne series”, “The Princess Bride”. “Clue” filminə yalan olmasın, bəlkə 150 dəfə baxmışam, “Beetlejuice” isə azı 100 dəfə izləmişəm.
Səyahət etdiyim yerlərdən ən çox Burmanı, Vyetnamı, İtaliyanı, İsraili sevmişəm.
1978-ci ildə anadan olmuş Amerikalı roman yazarı və dramaturq Cesse Oren Kellerman ilk təhsilini yəhudi ibtidai məktəbində, sonralar isə orta ixtisas məktəbində alır. Universitətə başlamazdan bir il İsrailin Şa-alvim şəhərində yaşayır. 2001-ci Harvard Universitetinin biznes idarəetməsi fakültəsinə qəbul olur. Iki ildən sonra təhsilinə Brandes Universitetinin dramaturgiya fakültəsində davam edir. 2006-cı ildə ilk romanı “Günvurma” (“Sunstroke”), 2007-ci ildə “Əzab” (“Trouble”), 2008-ci ildə “Dahi” (“The Genius”), 2010-cu ildə “İcraçı” (“The Executor”), 2012-ci ildə isə sonuncu romanı “Səni tapacağam” (“I’ll catch you”) nəşr olunub.
Bu ilin sentyabr ayının 15-də gənc yazar-dramaturqun altıncı romanı “The Golem of Hollywood” nəşr olunacaq. Hazırda həyat yoldaşı və oğlu ilə Kaliforniya ştatının, Berkeley adlı ərazisində yaşayan müəllif qiraəti, yemək bişirməyi, gitara çalmağı, krosvord doldurmağı, şəkil çəkməyi, incəsənət sərgilərini gəzməyi, səyahət etməyi sevir. Müəllifin müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrdən hissələri təqdim edirik.
- Əsərlərinizin qəbul edilməsinin və sevilməsinin əsas səbəbi nədir, sizcə? Yazdıqlarınızla bağlı eşitdiyiniz ən mənalı rəy hansı olub?
- Ümumilikdə dramlarla bağlı eşitdiyim bütün yaxşı rəyləri unutmuşam. Edinburqda yeni əsərlərlə bağlı yazıların dərc olunduğu mətbu orqan var idi, hər gün nə qədər nüsxə gəlirdisə, qısa müddətdə satılırdı. Mənə həmişə elə gəlirdi ki, ingilislərə gülməli görünürəm. Açığı nə düşündükləri o qədər də əhəmiyyətli deyil mənim üçün. Ümumiyyətlə, yazıçı gərək hamıdan əvvəl özünə, yazdıqları ilə bağlı özündə formalaşan hissə güvənsin. Bunun üçün siz əvvəlcə başqa məziyyəti də mənimsəməlisiniz - insanlara fikir verməməyi, hər deyiləni ciddi qəbul etməməyi öyrənməlisiniz. Məsələn, bir oxucu kimi əsərdəkilərin müəllifin içini göstərmədiyini hiss edəndə onu yarım saxlayıram. Əsla unutmayın ki, hamının, sizin də, dünyadakı ən bəsit həyat tərzi sürən insanın belə başqa heç kim tərəfindən danışılmayacaq, başqa heç kimin yaşamadığı hekayəsi var. Əgər sizdə ədəbi istedad və şans varsa, üstəlik gərgin əməklə hekayəniz üzərində işləyirsinizsə, öz hekayənizi danışmağın ən doğru yolunu tapacaqsınız. Başqa sözlə desək, özünüzü öz hekayənizlə parıldadın. İddia etmirəm ki, bu həyatınızda hər şeyi dəyişəcək, sizə zirvəni fəth etdirəcək, amma səsinizi eşitdirəcəksiniz, həqiqətin, qabiliyyətin səsini.
Haqqında rəy yazısı yazılmış dramlarımın hamısı ilə bağlı rəylərlə tanış olmuşam, olduqca yaxşı şeylər deyirlər. Sadəcə rəylər say baxımından çox deyil, çünki yaradıcılığım elə də yüksək məhsuldarlığı ilə seçilmir.
- “Günvurma” (“Sunstroke”) üçün nə tipli araşdırmalar aparmışdınız?
- Şəxsi dedektivlə, bir neçə hüquqşünas dostumla danışıb, lazımı məlumatlar topladım, Kaliforniyanın vərəsəlik qanunlarını oxudum – çox zəhlətökən bir şey idi. Elə də ciddi və əhatəli bir araşdırma deyildi. Mən təbiətən bir xeyli tənbələm, işin əslində necə ola biləcəyini araşdırmaqdansa, öz variantımı yaratmaq daha asan gəlir. İkinci kitabımdakı hadisələr xəstəxanada keçirdi, mühiti görmək və detalları incələmək üçün günümün yarısı orada olurdum, bir dəqiqə oturmaq imkanım olmurdu.
Ümumiyyətlə, mən gərgin işləmirəm. Amma ehtiyatlı işləyirəm. Xüsusilə, hekayə yarıya qədər gəlibsə, daha tədbirli davranmağa çalışıram, çünki bu hissə müəllifə ən çox əziyyət verən və özü də əziyyət çəkən hissədir. Ən azı mənə belə gəlir, çünki nəsə başlayanda beynimdə əla girişlər və möhtəşəm sonluqlar olur, amma onları bağlamaq üçün lazım olanları tapmaqda çətinlik çəkirəm. Bəzən müəllifə belə aydın olmayan bu hissəni sırf naməlumluq həyəcanı yazdırır, yazıya girirəm və bir də ayılıram ki, artıq o həlledici səhnəni yazmışam. Kəşf etdiyim digər həlledici məqam isə çox işləməklə bağlı idi. Nə qədər çox işləyir, yazırsınızsa, bir müddət sonra hansısa səhnəni təsvir edərkən daha az çətinlik çəkirsiniz, bu sizi sətirlər arasında əziyyətə düçar olmaqdan xilas edir.
Səhər saatlarında yazmağa meyilli olduğumdan və günün bu saatlarında insan orqanizmi məşğul olduğu hər şeyə bütün ruhunu və enerjisini olduğu kimi ötürə bildiyinə görə çalışıram bu saatlarda artıq işin xeyli hissəsini tamamlayım, araşdırma belə olsa. Əvvəlki iş günündə tamamlanmış hissəyə bir daha göz gəzdirib, növbəti mərhələyə keçid alıram.
- Şəxsi internet səhifənizdə paylaşdıqlarınızın arasında bir paraqraf var: “Fikrimcə, yəhudi yazarların indiki nəsli – mən özüm də yəhudi əsilli yazaram, belə qəbul edilmirəmsə də, ən azı yəhudi hekayələrinin müəllifiyəm – Birləşmiş Ştatlarda tutduğumuz yeri və ölkə həyatındakı rolumuzu təsvir etməyin, göstərməyin yeni yollarını tapmalıdır, onlar bugünün Amerikasında müasirlik və özünəməxsusluğun necə birləşdiyinin nadir nümunələrindəndir”. Əgər həmkarlarınıza tövsiyə etdiyiniz bu əsəri və ya kitabı özünüz yaza bilsəydiniz, təxminən necə bir hekayə olardı? Heç düşünmüsünüzmü böyük bir qrupu təsvir etmək üçün necə hekayə lazımdır?
- Yaxşı və çətin sualdır. Heç bir fikrim yoxdur. Bağışlayın, amma həqiqətən belədir. Məsləhət versəm də, özüm yazsam, necə hekayə işləyərəm haqqında düşünməmişəm. Yəhudilik həyatımın böyük hissəsidir, bəlkə də əsas hissəsi, əgər nə zamansa bunu kitabda əks etdirməyi düşünsəm, yəqin ki, uzunmüddətli planlaşdırma lazım olacaq, hətta bəlkə də düşündüyümdən də çox.
- Roman və ya dram olsun, yazarkən adətən beyninizdə necə bir oxucu auditoriyası olur? Hansı auditoriya üçün yazırsınız?
- Xanımım üçün.
- Son romanınız “Səni tapacağam” (“I’ll catch you”) Birləşmiş Krallıqlarda da nəşr olundu, nəhayət ki. Açığı deyim ki, romanı olduqca bəyəndim. Əsas da ona görə ki, adətən bir müəllifi çox oxuyanda nədən yazacağını müəyyənləşdirmək olur, amma bu əsər gözlədiyim kimi deyildi, yəni təəccübləndirə bildi. Sanki hər şey planlı şəkildə gizli saxlanılmışdı. Oxucularımıza çox da açıqlamadan qısaca bu əsər haqqında danışa bilərsinizmi?
- Minnətdarlığımı qəbul edin, bunları eşitmək xoş oldu, bəyəndiyinizə sevindim. Deməli, bu əsər uğursuz ədəbi müəllif Artur Pfeferkorn haqqındadır. Amma o təkcə uğursuzluqdan yox, eləcə də uşaqlıq dostu Uilyam de Valenin inanılmaz dərəcədə böyük uğurlara imza atmış triller müəllifi olması həqiqətindən də əziyyət çəkir. Uilyamın Arturun da sevdiyi qadınla evlənməsi isə vəziyyəti daha da ağırlaşdırır. Roman elə Uilyamın ölümü ilə başlayır. Onun dəfn mərasiminə gələn uşaqlıq dostu Artur elə buradaca mərhumun dul qadınına yaxınlaşmağa başlayır. Onların münasibətləri irəlilədikcə Artur qadına daha da yaxınlaşır və günlərin bir günü Uilyamın nəşr olunmamış əlyazmasını tapır və onu öz adı ilə çap etdirməyə qərar verir. Bu romanda oxucuya yalnız və yalnız demək istədiyim mesajları birbaşa çatdırmağa çalışmışam, ümid edirəm oxuyan hamı sizin qədər xoş təəccüblə ayrılar.
- Bu hekayənin ideyası nədən qaynaqlanır, hardan gəldi?
- Ümumiyyətlə, romanlar asi, vəhşi heyvanlar kimidir, çox nadir hallarda olur ki, mən ilham mənbəyinin nə olduğunu dəqiqləşdirməyə imkan tapıram. Belə hallarda da adətən nəsə yumoristik səhnələrlə dolu bir şey alınır. Dörd ağır, drama və tragediyaya yaxın romandan sonra düşündüm ki, insanlar ədəbi gücümün yalnız bir tərəfini görə bilirlər, mənə elə gəlir ki, bu da artıq narahat edir. Açığı desəm, əslində mən təbiətən əsərlərim kimi adam deyiləm, həqiqətən. Amma nəsə həmişə ağır dramlar ortaya çıxır.
- O roman həqiqətən də professional yumorun nə olduğunu göstərdi, gülmədən çevirdiyim səhifə yox idi. Siz necə yazarkən bizim qədər əylənə bilmişdinizmi? Nəticədə yepyeni yolu olan qəhrəmanların dünyanın ən əfsanəvi məkanlarından Qərbi Zlabiada keçən hekayəsini qələmə alırdınız.
- Əslində, etiraf etməliyəm ki, o mərhələ olduqca çətin, gərgin keçdi. Deyəsən, həm də qorxurdum, nigaran idim, qələmimi ilk dəfə əvvəllər heç sınamadığım janrda, üslubda sınayırdım. Böyük risk idi. Çünki təsəvvür edin ki, o qədər əziyyət çəkirsən, amma sonda yalnız bir oxucunu güldürə bilirsiniz. Yəqin ki, bu yazıçı üçün arzuolunmaz haldır.
- Valideynləriniz də uzun müddət ədəbiyyat sahəsində birgə işləyiblər, bəlkə də haçansa sizə üçlükdə yenidən işləmək nəsib olar. Amma bildiyimizə görə siz uzun müddət onlardan uzaqda yaşamısınız, həmin illərdə əsərlərinizə, ümumilikdə yaradıcılığınıza kimin və nəyin təsiri güclü olub?
- Oxuduğum və təcrübədən keçirdiyim hər şey. Bu bir az hörmətsizlik, ya da özündənrazılıq kimi görünə bilər, amma həqiqətdir. Açıq-aydın görürdüm ki, beynimi susdurmaq, bağlamaq, durdurmaq mümkün deyil. Bu dəhşətli hissdir. Bəzən düşünürdüm ki, yəqin məndə xroniki insomnia (yata bilməmək, mütəmadi yuxusuqluq problemi, bəzi xəstələr bundan ümumiyyətlə şikayətçi olmur – red.E.S.) var, çünki saatlar keçir, işıqlar çəkilirdi, amma mən hələ də sözləri bir-birinin yanına düzməyə, ideyaları, hadisələri sıralamağa davam edirdim. Bunu durdurmaq sadəcə MÜMKÜN DEYİLDİ, BACARMIRDIM. Çünki mən başlayanda bilirdim ki, bu işə başlayan kiməsə hər şeyin olduqca sadə və asan başa gələn olduğu deyilmir. İnsanı yazmağa vadar edən səbəb öz içində gizlidir. Öz yazdıqlarınızın köməyi ilə professionallaşacaqsınız, öyrənəcəksiniz, mükəmməlləşəcəksiniz. Bunun üçün çox yazmalı, mütəmadi oxumalı, özünüzü tənqid etməyi bacarmalı və bunu vərdiş halına çevirməlisiniz. Olduqca istedadlı yazarlar belə illərlə coşğun ədəbi enerjini hara sərf etməli olduqlarını müəyyənləşdirə bilməyiblər. Bu işə girişən hamının yaza bilməməklə bağlı müəyyən qorxuları olur, əgər başlanğıcda sizdə bu varsa, bundan narahat olmayın. Uğursuzluqdan, səfeh vəziyyətinə düşməkdən çəkinməyin. Əsas sizin yazmağı sevməyinizdir, o sizi xoşbəxt edə bilirsə, deməli aid olduğunuz yerdəsiniz. Qələmi əlinizə alın və başlayın.
Yox, əgər bu sual hansı yazaların yaradıcılığını mütaliə edərkən, dərindən təsirləndiyimi, kimin tərzinin məni daha çox cəlb etdiyini, mənim üçün fərqli və məxsusi olduğunu öyrənmək məqsədi güdürsə, onları sadalaya bilərəm – Vladimir Nabokov, Evelin Vauq, Rut Rendell, Franz Kafka, Devid Mamet, Kurt Vonnequt, Tom Uolf, Con Fauls... Belə məşhur və ağır siyahı yəqin ki, sualınızı nisbətən də olsa, aydınlığa qovuşdurar.
- Olduqca fərqli siyahıdır, yəni bu yazarlar bir-birlərinə heç nə ilə yaxın deyillər. Bəs, öz əsərləriniz arasında hansı sizin ən sevimlinizdir, ən çox dəyər verdiyinizdir?
- Pas! Bu suala cavab vermərəm, mümkün deyil. Bunu təyin etmək mümkündürmü?! Onlar hamısı mənim övladımdır! Onu deyə bilərəm ki, bəli, “Dahi” (“The Genius”), “İcraçı” (“The Executor”) və “Səni tapacağam” (“I’ll Catch You”)-dan sonra daha aydın şəkildə hiss etdim ki, ilk iki kitabım bir xeyli zəifdir, xeyli aşağıda dayanır, daha çox təcrübəsizlikdən o cür zəif alınıblar. Sonrakı üç əsər ilk ikisinə nisbətən xeyli rəndələnmiş, püxtələşmiş nümunələrdir. Çünki yazmağa başladığım ilk gündən məqsədim hər dəfə daha yaxşı iş sərgiləmək, hər kitabı daha uğurlu formada təqdim etmək olub. Üstəlik, beynimdə minlərlə ideya varsa, mənim ən sevimli romanım hələ yazılacaq, yəni irəlidədir.
- Mən yeni yazarlar kəşf etməyi, onların köməyi ilə ədəbi zövqümü təzələməyi sevirəm. Məsələn, bu il kəşf elədiklərimdən biri Cennifer Hillier olub. Siz necə yeni yazarların əsərləri ilə tanış olursunuzmu? Yaradıcılığı ilə tanış olduğunuz yazarlar arasında amerikan ədəbiyyatının yeni uğurlu imzalarından biri kimi gördüyünüz kimsə varmı?
- Tanrım! Yaxşı, belə deyək də, məsələn, Ouen Kinqin “İki xüsusiyyətli” (“Double Feature”) əsərini çox bəyənmişdim, hətta bunun şərəfinə roma gəmilərinin maketini almışam. Onun yazdıqlarını oxumadan keçə bilmirəm, özümü onu mütaliə etməkdən saxlaya bilmirəm, olduqca istedadlıdır.
Sonra qeyri-bədii ədəbiyyat üzrə artıq sözünü demiş dostum Avi Steynberqin adını çəkmək istərdim. Onun “Kitablarla işləyəndə” (“Running the books”) kitabı baxmayaraq, olduqca təzədir, yeni nəşr olunub, amma gözlədiyindən də qısa müddətdə tanındı. Bu əsər bütün ömrünü həbsxanada kitabxanaçı kimi keçirmiş qəhrəmanın xatirələridir. Tövsiyə etmək üçün çox da yüksək göstəriciləri olmasa da, yaxşı kitabdır.
- Cəlbedici səslənir. İndi nə üzərində işləyirsiniz, yazdığınız əsər nə haqqındadır? Bir qədər əlinizdəki hekayə haqqında danışa bilərsinizmi?
- Cənubi Kaliforniyada yaşayan qatilin anatomiyasını danışan hekayədir. Hadisələrin qatilin cəsədinin tapılması ilə başlayır və bir neçə il əvvəl başlayan hekayənin başlanğıc nöqtəsinə geri qayıdır. əslində belə qarışıq sıxıntı və baş ağrısı verən ilk işimdir, işləmədən dura da bilmirəm, hətta fasilə də vermirəm. Amma hiss edirəm ki, nəsə möhtəşəm, fantastik dərəcədə möhtəşəm bir şey çıxacaq ortaya. Bəlkə də şah əsər. Hələ ki giriş mənə bunu deyir.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Asudə vaxt? Bu vaxt necə olur deyəsən unutmuşam. Amma hər şeydən yorulanda yenidən həvəslənmək və canımı sulamaq üçün oğlumla məşğul oluram.
- Roman yazmaqla dram yazmaq arasında fərq çoxdurmu?
- Bilirsiniz, dram elə şeydir ki, onun uğuru onlarla insanın – yazarın, direktorun, dizaynerin, aktyorun, truppanın, bəstəkarın fəaliyyətindən asılıdır. Yəni ədəbiyyatın bir qoludur, amma komanda işidir. Amma roman yazarı onun yeganə sahibidir. Kitab yazmaq senarist, direktor, dizayner, aktyor olmaq deməkdir. Yəni dramın paylaşılmasına imkan verdiyi uğur sahiblərinin hamısı bir nəfərdə cəmləşir.
- Sizə heç vaxt verilməmiş elə bir sual varmı ki, daxilən “kaş bu dəfə bu sual veriləydi və bunu cavablayardım” deyirsiniz?
- Heç kim məndən Havay adalarına səyahət etmək istəyib-istəmədiyimi soruşmayıb. Kaş soruşaydılar. Deyərdim ki, bəli ora səyahət etmək istəyirəm.
- Hə, bu sualı heç mənə də verməyiblər. Cesse ilə tanışlıq imkanı yaratdığınız üçün minnətdaram. Bir daha deyim ki, “I’LL CATCH YOU” oxuduğum ən qeyri-adi və yaradıcılığınızla məni təəccübə qərq etmiş əsər idi.
- Təşəkkür edirəm!
Hazırladı:
Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər