• çərşənbə axşamı, 16 aprel, 20:03
  • Baku Bakı 18°C

Amerikalı politoloqdan erməni terrorizminə etiraz

21.08.21 13:00 867
Amerikalı politoloqdan erməni terrorizminə etiraz
ABŞ-da radikal ermənilərin terrorçu mahiyyətinə göz yumulur, siyasilər onların ianələrindən canla-başla istifadə edir

Erməni terrorizmi mütəşəkkildir və yaxşı təşkilatlanıb. Ən əsası, beynəlxalq terrorizmin geniş qanadı və bir şəbəkəsi kimi nəzərdən keçirilir. Bəllidir ki, bu gün erməni terrorizminin ilham aldığı məkanlardan biri də ABŞ-dır. 1973-cü ilin yanvarından 1992-ci ilə qədər erməni millətçiləri Los-Ancelesdən Sidneyə qədər dünyanın 22 fərqli şəhərində 37 türk diplomatını və ailə üzvlərini qətlə yetirib. Bu yaxınlarda isə yüzlərlə erməni Kaliforniyanın Qlendale şəhərində "Lissabon Beşliyi"ni anmaq üçün toplaşıb. Tədbirin təşkilatçısı isə "Erməni İnqilab Federasiyası" adlı terrorçu qruplaşma olub.

Terrorçuların qəhrəmanlaşdırılması

Keçmiş ABŞ dəniz piyadası, politoloq və "Amerika lobbisi və xarici siyasəti" kitabının müəllifi Raul Lovri Kontreras "Daily sabah” qəzetində dərc olunan məqaləsində yazır ki, ermənilər "Lissabon Beşliyi”ini qəhrəman hesab edir. Əslində isə onlar qatil və terrorçulardır. Politoloq daha sonra erməni terrorçuların məşhur Lissabon qətliamına toxunur. Xatırladır ki, 1983-cü ildə 19-21 yaş arası 5 erməni Lissabondakı Türkiyə səfirliyinə hücum planlaşdırırlar. Türkiyə səfirliyinə icarəyə götürdükləri iki maşınla yaxınlaşan terrorçuların məqsədi binanı ələ keçirmək və tələbləri yerinə yetirilənə qədər insanları girov saxlamaq idi. Tələb də bu idi ki, 1915-ci il qondarma soyqırımı tanınmalıdır. Amma səfirlikdəki türk təhlükəsizlik əməkdaşı terrorçulardan birini güllələyərək öldürür və nəticədə aksiya uğursuz olur. Qalan dörd nəfər Türkiyə səfirinin iqamətgahına hücum edir. Onlar Türkiyə səfiri vəzifəsini icra edən diplomatın həyat yoldaşını və 17 yaşlı oğlunu girov götürürlər. Ardınca da, terrorçular Türkiyə səfirinin həyat yoldaşını və portuqaliyalı bir polis əməkdaşını qətlə yetirirlər. Səfirin oğlu isə qaçmağa müvəffəq olur. Bomba partlayışı nəticəsində digər erməni terrorçuları da öldürülür. Daha sonra qanlı terror aktına görə məsuliyyəti öz üzərinə götürən "Erməni İnqilab Ordusu” Associated Press-ə etiraf məktubunda yazıb ki, binanı partlatmalarına baxmayaraq, orada qalmağa qərar veriblər: "Bu intihar və dəlilik təzahürü deyil, azadlıq uğrunda verdiyimiz qurbanlardır”. Amerikalı yazar qeyd edir ki, "əslində onların hərəkətləri sözün əsl mənasında ağılsızlıqdan başqa bir şey deyildi”.

Yeni olmayan bəla
Aydındır ki, erməni terrorizmi yeni bir hadisə deyil, geniş yayılmış bir təzahürdür. Hər şey 1973-cü ildə Kaliforniyada, bir erməni terrorçunun Santa Barbaradakı Türkiyənin baş konsulu və müavinini öldürməsi ilə başladı. Cinayətkar həbs olundu və sonra da Kaliforniyadakı erməni qubernator Corc Dokmejyan tərəfindən əfv edildi. 1982-ci ildə Türkiyənin ikinci baş konsulu Los-Ancelesdə erməni terrorçuları tərəfindən soyuqqanlılıqla öldürüldü. Terrorçulardan biri qaçsa da, digəri - Ambik Sasunyan həbs olundu. O, ömürlük həbs cəzası aldı. Amma bir neçə ay əvvəl 40 illik həbsdən sonra Los-Anceles Ali Məhkəməsi Sasunyanı həbsdən azad etmək qərarı çıxardı. Kaliforniya qubernatoru Kevin Nevsom isə apellyasiya şikayətindən imtina etdi. Beləliklə, terrorçu Sasunyan da tezliklə sərbəst buraxılacaq. 1982-ci ildə cinayət törətmiş qatili azad etmək haqqında məhkəmə qərarı bütün dünyada təəccüblə qarşılanmaqla yanaşı, sərt şəkildə qınanılıb.

Erməni terroru yenidən ABŞ-a dönüb
Amerikalı politoloq digər məşhur erməni terrorçusunun Kaliforniya əsilli Monte Melkonyan olduğunu yazıb. Qeyd edib ki, Monte 1980-ci ildə Afinada bir türk diplomatı və onun 14 yaşlı qızını öldürüb. O, daha sonra Fransada saxlanılır və 5 il həbs cəzasına məhkum edilir. Cəzasını çəkən Melkonyan deportasiya olunduqdan sonra valideynlərinin vətəninə - Ermənistana gedir. 1990-cı il müharibəsinin əvvəllərində - Azərbaycanda - Qarabağ torpaqlarında etnik təmizləmə həyata keçirən hərbi dəstəyə rəhbərlik edib. Melkonyan Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş vəhşiliklərdə şəxsən iştirak edib, bunlardan ən dəhşətlisi 1992-ci ildə Xocalıda baş verən soyqırımıdır. O, 1993-cü ildə Azərbaycan əsgərləri tərəfindən öldürülüb. Ermənistan dərhal onu milli qəhrəman elan edib, adını hərbi akademiyaya verib və abidələrini ucaldıb. Bu yaxınlarda Los-Ancelesin ermənilərin məskunlaşdığı bir bölgəsində də M.Melkonyana həsr olunmuş bir lövhə qoyulub. 2020-ci ilin iyul ayında Los-Ancelesdəki yüzlərlə radikal erməni Amerika azərbaycanlılarının kiçik bir qrupunu təqib edib, onlara fiziki zor tətbiq edib. Azərbaycan əsilli 10-dan çox Amerika vətəndaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Los-Anceles polis şöbəsi nifrət cinayəti araşdırmasına başlasa da, hələ də təcavüzkar erməni radikallarını axtarıb tapa bilməyib. 1970-ci illərdən bəri dünyanın üzləşdiyi erməni radikalizmi bu qəddar nifrət cinayəti ilə yenidən ABŞ-a dönüb.
Nasistləri dəstəkləyən zehniyyət

Onu da vurğulamaq yerinə düşər ki, erməni terrorçuları tərəfindən Los-Ancelesin şəhərlərində və qonşu Orinj Qraflığında törədilən cinayətlər heç də xoş qarşılanmır. Cinayətkarlar və terrorçular saxlanılaraq həbs edilir. Məsələn, Sasunyan təxminən 40 ilini dəmir barmaqlıqlar arxasında keçirdi. Sasunyan da daxil olmaqla, bir çox terrorçu Erməni Soyqırımı Uğrunda Döyüşçülər (JCAG) adlı terror təşkilatının üzvləri idi. Bu təşkilat Daşnaksütyun Erməni İnqilab Federasiyasının tərkibindədir. 1930-cu illərdə radikal erməni daşnak partiyası Hitlerə və nasist Almaniyasına rəğbət bəsləyərək holokostu dəstəkləyib. Nasist tərəfdarı partiya, keçmişinə və daxili və beynəlxalq terrorizmi dəstəkləməsinə baxmayaraq, ABŞ-da fəaliyyətini bu gün də davam etdirir. Amerika Erməni Milli Komitəsi (ANCA) də daşnaklara lobbiçilik edir. ANCA-ya bir müddət 1980-ci ildə Nyu-Yorkdakı türk missiyasına hücumun iştirakçısı olmuş Murad Topalyan rəhbərlik edirdi. O, ABŞ hökuməti tərəfindən silahlı və partlayıcı maddələr əldə etməkdə və saxlamaqda ittiham olunaraq həbs edilib və 37 ay həbs cəzası alıb. Bundan sonra ANCA tərəfindən Topalyana "Azadlıq Mükafatı" təqdim edilib. Amerikalı politoloq qeyd edir ki, Vaşinqtondakı Konqres üzvlərini Ermənistana milyonlarla dollar ayırmağa məcbur etmək üçün manipulyasiya edən bu təşkilat terrorçuları, qatilləri və nasist yoldaşlarını "milli qəhrəman" adlandırır: "Keçən ilin iyul ayında Los-Ancelesdəki şiddətli iğtişaşlara sponsorluq edən bu təşkilat barəsində polis hələ də nifrət cinayətlərini araşdırır. Buna baxmayaraq, Kaliforniya da daxil olmaqla bir çox Amerika rəsmisi, radikal ANCA üzvlərinin və daşnakların əsl mahiyyətinə göz yumur. Lakin onların artıq ağıllarını başlarına yığıb radikal və irqçi ANCA və Daşnaksütyundan ayrılmalarının vaxtıdır”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər