• cümə axşamı, 28 mart, 16:07
  • Baku Bakı 16°C

“Amazon”da menecer işləyən azərbaycanlı xanım - MÜSAHİBƏ

11.12.21 10:45 1762
“Amazon”da menecer işləyən azərbaycanlı xanım - MÜSAHİBƏ
Günel Ağazadə: "Maaş üçün işləyən xarakterə sahib insan deyiləm. İşlədiyim yerdə öyrənməliyəm, kəşf etməliyəm, yeni insanlar tanımalıyam və s. Ona görə tez-tez iş dəyişirdim.”
"İşlədiyim yerdə öyrənməli, kəşf etməli, yeni insanlar tanımalıyam” deyir. Bildirir ki, əgər çalışdığı iş yerində öyrənəcəyi nəsə qalmayıbsa, orda işə davam etməyə ehtiyac görmür. Bu məqamlar tələbəlik illərindən bu günə qədər iş həyatında həmişə önəm verdiyi məqamlar olub. Söhbət "Amazon” şirkətinin Polşa ofisində menecer vəzifəsində çalışan, Azərbaycanda isə "Savadly” onlayn təhsil platformasının həmtəsisçisi olan azərbaycanlı Günel Ağazadədən gedir.G.Ağazadə həm də Polşanın WSB Universitetində beynəlxalq biznes üzrə magistr təhsili alır.


- Siz 8-ci sinifdə oxuyanda ailəniz İsveçə köçür. Orta məktəb illərinin sonuna doğru məktəb, ölkə dəyişmək, fərqli təhsil sisteminə düşmək necə oldu?
- Birinci əsas məsələ dil öyrənmək idi. Onu da ətrafdakı adamlardan, televiziyadan 3 aya öyrəndim. Xarici dilləri asanlıqla mənimsəyirəm. Təhsil cəhətdən isə çox fərqli mühitə düşmüşdüm. Azərbaycan təhsil sistemi nəzəriyyə üzərində qurulmuşdu, o təcrübəni görmüşdüm. İsveçdə isə təhsil sistemi təcrübə əsaslıdır. Mən Azərbaycanda elə öyrənmişdim ki, riyaziyyatda məsələ-misallarda hesablamaları beynimdə həll edirdim. Ancaq İsveçdə sinif yoldaşlarım hamısı kalkulyatordan istifadə edirdi. Məntiq də belədir ki, texnika bu işi görürsə, bunun üçün özümüzü niyə yormalıyıq? Evə tapşırıq verilməsi, məktəbə kitab aparıb-gətirmək, uşaqlar üzərində basqı yaradan ciddi qaydalar yox idi. Sinifdə hər kəsin qarşısında laptop var idi. Məktəb təmin edirdi. 2006-2007-ci illərdən söhbət gedir. Uşaqların aktivliyinə səbəb olan fəaliyyətlər çox olurdu. Dərslərimi Azərbaycanda da yaxşı oxumuşdum. İsveçdə də məktəbin ən yaxşı oxuyanlarından idim. Ancaq ümumilikdə o mühitə adaptasiya bir-iki il vaxt apardı, asosiallaşdım.Biz İsveçə köçəndə 8-ci sinfin sonlarında idim. Ancaq dil probleminə görə orda 8-ci sinfi yenidən oxumalı oldum. 8-9-cu sinfi oxuduqdan sonra artıq gimnaziyaya keçdim. Avropada təhsil sistemi belədir ki, 9 il orta məktəbi bitirdikdən sonra gələcəkdə hansı sahə üzrə davam etmək istəyirsənsə, o istiqamətdə gimnaziyada davam edirsən. Artıq gimnaziyada adaptasiya prosesim sürətli getdi.


- Bakalavr təhsilini niyə İsveçdə yox, Latviyada aldınız?
- Mən həkim olmaq istəyirdim, buna görə təbiət elmləri üzrə gimnaziyada oxudum. Burda universitetlərə qəbul belədir ki, 3 illik gimnaziya qiymətləriniz hesablanır, ortalama nəticəni universitetlərə göndərirsiniz və ballarınıza uyğun qəbul olunursunuz. O balı toplaya bilməyənlər universitetə qəbul imtahanına gedirlər, toplayanlar üçün ehtiyac yoxdur. Mən bal toplamışdım. Amma tiblə bağlı təhsildə qəbul yerləri azdır, ona görə nəticəsi yüksək olan hər kəsi qəbul edə bilmirlər. Yer az olduğu üçün universitetlər qəbul olanları püşkatma kimi proqramla seçirlər. Şansın varsa, adın çıxır, yoxdursa, gələn ilə qalırsan. Sonra bir-iki illik Azərbaycana gəldim. İsveç məni xəyal qırıqlığına uğratmışdı, niyə həkim ola bilmirəm? Avstraliyanın Macquarie Universitetinə sənəd verdim və tibbə qəbul oldum. Biletlərimi alıb getmək qalmışdı. Elə oldu ki həmin ərəfədə həyat yoldaşımla qarşılaşdım və bütün planlarım dəyişdi (Gülür). Dedim ki, artıq Azərbaycanda qalacam. 2-3 ay içərisində nişanlandıq, bir il içərisində evləndik. Həmin vaxt 21-22 yaşım var idi. Bir müddət sonra artıq fərqli bir yerə getmək, təhsil almaq istəyi yarandı. Həyat yoldaşım da xaricdə təhsil planlaşdırırdı. Araşdırdıq, Latviya ikimizə də maraqlı gəldi və ona görə belə seçim etdik. Artıq tibdən küsmüşdüm. Bu dəfə tibb yox, iqtisadiyyat və idarəetmə üzrə təhsili seçdim. Çünki bu da sevdiyim sahə idi. 2014-cü ilin sentyabr ayında həm universitetə başladım, həm də universitetin ilk həftəsində iş tapıb işə getdim.


- İlk işiniz nə ilə bağlı idi?
- Turizm tipli bir şirkət idi. Amerika, Kanada və Avstraliya müştərilərinə bilet satışı idi.

- Bakalavr təhsili müddətində iş həyatınız necə davam etdi?
- Xarakter olaraq tez sıxılan adamam, daim yenilik axtarıram. Bir işi öyrəndim və artıq hər şey problemsiz davam edirsə, bu, mənə görə maaş üçün işləmək olur. Mən də maaş üçün işləyən xarakterə sahib insan deyiləm. İşlədiyim yerdə öyrənməliyəm, kəşf etməliyəm, yeni insanlar tanımalıyam və s. Ona görə tez-tez iş dəyişirdim. Birinci işdə işləyə-işləyə artıq başqa işləri araşdırırdım, müsahibələrə gedirdim. 6 ay sonra Norveç Hava Yollarına keçdim. Burda isə Skandinaviya ölkələrindəki sistemi, hava yolları işi ilə bağlı hər şeyi öyrəndim. 9 ay sonra artıq orda öyrənəcək nəsə qalmamışdı, ona görə başqa işlərə baxmağa başladım. Bir şirkətə keçdim. Orda işim telefonla əlaqə saxlayan müştərilərin texniki problemlərini həll etmək idi. Bu iş mənə heç bir şey qatmırdı, ona görə oradan da tez ayrıldım. Almaniyanın hədiyyə şirkəti olan "Picanova Group”a keçdim. Şirkətin istehsalı Almaniya və Mayamidə idi. Ancaq onları idarə edən ofis Latviyada yerləşirdi. Orda əvvəl sadə işçi kimi başladım, sonra Skandinaviya bölümü mənə verildi. Getdikcə vəzifəm artırdı. Orda 2 il işləməyimin səbəbi var idi. Çünki şirkət elə qurulmuşdu ki, işçiləri sıxılmağa qoymurdular, daim motivasiya edirdilər. Ya vəzifə dəyişirdi, ya maaş artımı olurdu, ya da işçilərə performanslarına görə gözəl hədiyyələr verilirdi. Yavaş-yavaş menecer vəzifəsinə gəldim. Bu şirkətdə işləmək mənə böyük təcrübə qazandırdı. Sonra həyatımın dönüm nöqtəsi olan Amerikanın ən böyük autsorsinq şirkəti olan "Genpact”la qarşılaşdım. "Genpact” Latviyada öz ofisini açırdı. Sığorta və bank üzərində bir iş idi.


- Şirkət sizin həyatınızda dönüm nöqtəsinə necə səbəb oldu?
- Autsorsinq şirkətlərinin işi çoxçeşidli olur. Biznes proseslərin autsorsinqi (BPO) onlar içərisində ən yaxşı təcrübə qazandıranıdır. Bu şirkət Avropanın karyera üzrə bütün qapılarını hər bir kəsə aça biləcək BPO təcrübəsini qazandırdı. BPO təcrübəsi olan kadrlar həmişə axtarılır. Onlar biznesin cərrahlarıdır. Onları işə götürəndə nəsə öyrətməyə ehtiyac yoxdur, artıq bilirlər. Çox aktiv iş həyatım oldu, Skandinaviyanın ən böyük sığorta şirkətinin rəhbərləri ilə tanışlıqlara və əməkdaşlıqlara başladıq. Tez-tez ölkələrarası iş səyahətlərim olurdu.

- Aktiv iş həyatı ilə bərabər universitet təhsili necə gedirdi?
- Təhsil arxa planda qalmamışdı (Gülür). Universitet nəticələrim o qədər yüksək idi ki, iki dəfə "Erasmus” proqramına müraciət etdim və biri Almaniya, biri İsveçdə olan iki fərqli təcrübə proqramında iştirak etdim. Hər biri 6 aylıq idi. Aldığım təhsili çox sevirdim. Universitetdə öyrənirdim, işdə tətbiq edirdim.


- Tələbə vaxtı həm də ailəli idiniz. İş, təhsil, həm də ailə. Bunların üçü birlikdə necə idi?
- Həyat yoldaşım da tələbə idi. Çox aktiv, zaman tapa bilmədiyimiz, amma eyni zamanda əyləncəli tələbəlik illərimiz olub. Universiteti bitirdikdən sonra övladımız dünyaya gəldi.

- Universiteti bitirdikdən sonra Polşaya köçmüsünüz. Niyə Latviyada davam etmədiniz?
- Latviyada bir il çalışdıqdan sonra autsorsinq şirkəti Polşaya köçdü. Yaxşı, şirkətə qazanc gətirən işçilərə transfer təklifi etdilər. Avropada bir ölkədən başqa bir ölkəyə şirkətdaxili transfer alırsınızsa, bu, sizin üçün qızıl qapıların açılması deməkdir. Təklif gələndə universiteti yeni bitirmişdim. Və biz Krakova köçdük. Burda isə 15 nəfər polyak olan bir komandam oldu.

- Haqqınızdakı məlumatlarda 5 dili akademik səviyyədə bildiyiniz qeyd olunub. Hansı dillərdir?
- Azərbaycan, rus, ingilis, İsveç və Norveç dilləridir. Fransız dilindən isə 3 il dərs almışam. İstifadə etmədiyim üçün mükəmməl səviyyədə danışmıram, amma yazmaq, oxumaq, gündəlik kommunikasiya səviyyəsində bilirəm.


- Hazırda "Amazon”dasınız. Bu şirkət sizin üçün necə bir iş yeridir?
- Özümü kəşf etdiyim yerdir. Hazırda İsveç və Polşada idarə etdiyim 25-ə yaxın qrup var. İki fərqli bazar. Bu qrupların işi ilə bağlı bütün proseslərin idarəsi və məsuliyyəti mənim üzərimdədir. Bunun həm üstünlükləri, həm də çətinliklər var. Çətinliklərindən biri aldığın qərarların məsuliyyətini daşımaqdır. Səhv etmək kimi lüksünüz yoxdur. İdarə etdiyiniz layihələr 5-10 min dollarlıq yox, milyonluq işlərdir. Ediləcək ən kiçik səhv şirkətin milyonlar itirməsinə səbəb ola bilər. Şirkət nəzarət etmir, amma üzərindəki məsuliyyəti sənə hiss etdirir. Ona görə o layihədə sənin müvəffəqiyyət qazanmamaq kimi bir seçimin olmur.

- "Amazon” kimi şirkətlərin işə qəbul prosesi də uzun olur. Sizin işə qəbulunuz nə qədər müddət aldı?
- Vəzifələrə görə müsahibə sayı, müddəti dəyişir. Məsələn, tələbələri işə götürürlərsə, onlar üçün iki müsahibə yetərli olur. Vəzifə artdıqca müsahibə sayı və prosesin müddəti artır. Məndə menecer vəzifəsi idi, ona görə 7 fərqli müsahibə, bir analitik testdən keçdim. Hər müsahibə 1 saat çəkdi. İşə alınma prosesim 6 ay çəkib. "Amazon” idarə olunacaq yox, idarəetmə bacarığı olan menecer axtarır. Müsahibələrdə sadə, qısa deyil, beyninin bütün neyronlarını işlədəcək səviyyədə dərin suallar verilir.

- Azərbaycanda isə "Savadly” platformasının həmtəsisçilərindənsiniz. Bu platformaya qoşulmağınız necə oldu?
- Avropadakı karyeramla bağlı "Savadly”nın canlı yayımına dəvət olunmuşdum. O canlı yayımdan sonra layihə diqqətimi çəkdi. Araşdırdım və investora ehtiyac olduğunu gördüm. Mən də fürsəti dəyərləndirdim. Qoşulmağımın ən böyük səbəblərindən biri də Azərbaycanda yaranmasına baxmayaraq, beynəlxalq layihə olmasıdır. Zamanla bütün dünyada tanınan bir platforma olacağına şübhəm yoxdur.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər