• cümə, 29 Mart, 11:25
  • Baku Bakı 5°C

AMADA-nın rəhbəri: "İdmançılarımız Tokioya təmiz yollanıblar"

17.07.21 18:30 391
AMADA-nın rəhbəri: "İdmançılarımız Tokioya təmiz yollanıblar"
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri ilə görüş keçirib.
"Report"un məlumatına görə, tədbiri açıq elan edən qurumun direktoru Şəfəq Hüseynli mətbuat işçilərini təbrik edib.
Milli mətbuatın yaranma tarixindən söz açan AMADA-nın rəhbəri 44 günlük Vətən Müharibəsindən də danışıb. O xatırladıb ki, qələbəmizlə başa çatan döyüşlərdə KİV nümayəndələri də şücaət göstəriblər.
Hüseynli Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanan milli komandanın hazırki durumuna da aydınlıq gətirib. O, lisenziya qazanan idmançılarda hansısa problem olacağına inanmadığını deyib: "Bu il dopinq nəzarəti və hazırlıq baxımından fərqli oldu. Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə birlikdə lisenziyaçılarımızla tez-tez test keçirdik. Əvvəlki olimpiada ilə müqayisədə deyə bilərik ki, idmançılarımız bu gün Tokioya təmiz yollanıblar. Bu işdə federasiyalar bizə lazımı dəstəyi göstərdilər".
AMADA-nın direktoru ağırlıqqaldıran Boyanka Kostovanın dopinq-testdən keçə bilməyərək yarışdan kənarda qalmasına da münasibət bildirib. Onun sözlərinə görə, milliləşmiş legioner Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) izlənilən idmançılar siyahısında olub: "Kostovanın testi ilk yoxlanışdaca müsbət nəticə verib. Ondan dopinq test götürmək ixtiyarı daha çox İWF-də olub".
Hüseynli beynəlxalq qurumlardan antidopinq məsələlərində Azərbaycana qarşı qərəzli mövqe görmədiklərini qeyd edib: "Bəzi idmançılarımızın dopinqdə ilişmələrində siyasi məsələlərin olduğunu deyə bilmərəm. Əksinə, bizə hər cür dəstək göstərilir. Nə vaxtsa problem yaratmaq istədiklərini görməmişik. Son bir neçə ildə bütün federasiyalarla yaxşı münasibətlərimiz qurulub".
Tədbirin sonunda jurnalistlər arasında əyləncəli-intelektual viktorina keçirilib.
banner

Oxşar Xəbərlər