• cümə, 29 Mart, 11:07
  • Baku Bakı 5°C

Altı şəhər və 42 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb

18.10.19 11:22 543
Altı şəhər və 42 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb
Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafına, torpaqdan istifadənin və onların mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 3,8 milyon hektar ərazini əhatə edən 6 şəhər və 42 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli Fərmanı ilə əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotu layihəsinin icrası uğurla davam edir. Layihənin məqsədi mülkiyyət növündən, təyinatından, istifadə xarakterindən asılı olmayaraq ölkə ərazisindəki torpaqların (işğal altındakı torpaqlar və müharibə zonasındakı ərazilər istisna olmaqla) uçota alınmasını təmin etməkdən, uçot nəticəsində əldə edilmiş kadastr məlumatları əsasında Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemini formalaşdırmaqdan, ərazilərin rəqəmsal xəritələrinin tərtibindən ibarətdir. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib, müasir coğrafi informasiya sistemləri və informasiya-kommunikasiya texnologiyaları tətbiq edilib.
Daşınmaz əmlak və torpaq kadastrının, daşınmaz əmlakın qeydiyyatı və ünvan reyestrinin vahid platformadan idarə olunması əmlak idarəçiliyi sahəsində optimallığı və səmərəliliyi daha da artırır. Həmçinin daşınmaz əmlak və torpaq kadastrı, ünvan reyestri Milli Məkan Məlumatları İnfrastrukturunun yaranmasının əsasını təşkil edir. Bu sahədə əldə olunan müfəssəl informasiyaların daşınmaz əmlakın reyestri sisteminə inteqrasiya edilməsi əmlakın qeydiyyatı ilə bağlı əməliyyatların dəqiq həyata keçməsinə imkan verir. Torpaqların faktiki istifadə vəziyyəti ilə kadastr sənədlərindəki məkan göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır, qeydiyyat prosesi sistemli şəkildə aparılır. Həmçinin kadastr məlumatları bir neçə dövlət qurumlarının, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiya edilməklə optimal qərarların qəbul edilməsinə, həmin qurumların fəaliyyətinin daha effektiv aparılmasına imkan verir.
Kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri praktiki istifadə üçün elektron şəkildə yerli icra hakimiyyətlərinin istifadəsinə verilib. Ümumilikdə torpaqların elektron kadastr uçotu işi 6 şəhər və 51 rayonu əhatə edir. Torpaq parsellərinin sayı 4,9 milyon ədəddir.
Kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Paralel olaraq, torpağın keyfiyyət göstəriciləri də öyrənilərək, toplanmış məlumatlar elektron bazaya daxil edilir. Yay otlaqlarının geobotanik, torpaqların eroziya xəritələri tərtib edilir ki, bu xəritələr vasitəsilə də ərazilərin münbitliyi, torpaqların isə şorlaşmaya məruz qalması öyrənilir.
Azərbaycan Respublikasında bələdiyyə hüdudları daxilində 49 rayonda çöl-ölçmə işləri artıq başa çatıb, 3,6 milyon hektar ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib. Torpaq sahəsində sərfəli əkin formulasını təyin etməyə imkan verən komitənin stasionar və mobil torpaq, bitki laboratoriyaları fəaliyyət göstərir. Ümumilikdə 2,9 milyon hektaradək ərazinin laboratoriya tədqiqatı işləri aparılıb, torpaq, şorlaşma və eroziya xəritələri hazırlanıb. 1485 inzibati ərazi dairəsi sərhədləri dəqiqləşdirilmiş və xəritələr hazırlanaraq Milli Məclisə təqdim edilib.
Əldə edilən nəticələrin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçotu işlərinin sayəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir. Bundan başqa, regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır. Eyni zamanda, torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Mülkiyyətçilərin sahib olduğu torpaqdan əlavə ərazini qanunsuz olaraq istifadə etmələri aradan qaldırılır.
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi (TEKUİS):
- Uçot işini əhatə edən şəhər və rayonlar: 6 şəhər, 51 rayon
- Uçot işi başa çatmış şəhər və rayonlar: 6 şəhər, 42 rayon
- Əhatə olunan ərazi: 3.8 milyon hektar
- Torpaq parsellərinin sayı: 4,9 milyon ədəd
- 3,6 milyon hektar ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib
- 2,9 milyon hektar ərazinin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanıb
- 2 milyon hektar yay və qış otlaqlarının, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərinin geobotaniki xəritələri hazırlanıb
- 1485 inzibati ərazi dairəsi sərhədləri dəqiqləşdirilmiş və xəritələr hazırlanaraq Milli Məclisə təqdim edilib.
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələri:
- ölkədə torpaq fondunun idarə edilməsi mükəmməlləşir
- torpaq balansı dəqiqləşir
- regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir
- torpaq istifadəsi ilə bağlı uyğunsuzluqlar aradan qaldırılır
- aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir
- torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir
- torpaqların səmərəli istifadəsinə nəzarət təkmilləşir
- torpaqların keyfiyyəti ilə bağlı vaxtından və dəqiq qərar verilməsinə imkan yaradır.
banner

Oxşar Xəbərlər