AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Almaniyadakı azərbaycanlı həkimlərin I Forumu keçiriləcək

Almaniyadakı azərbaycanlı həkimlərin I Forumu keçiriləcək

Cəmiyyət
03 Dekabr 2021, 12:52 118
Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Almaniyanın Köln şəhərində ilk dəfə Almaniyadakı azərbaycanlı həkimlərin Forumu keçiriləcək

Bu barədə Kaspi.az-a Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

"Bu tədbirdə artıq Almaniya tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimlərlə yanaşı, gənc həmkarlarımız bir araya gələcək. Tibbi kadrların bütün dünyada cəmiyyətlər və dövlətlər üçün nə qədər önəmli bir məna kəsb etdiyini dərk etdiyimiz bir dönəmdə bu cür mühüm beynəlxalq tədbiri keçirməkdən qürur duyuruq. Bu tədbirin zamanı gəldiyində Azərbaycan səhiyyəsinə də öz misilsiz töhfəsini verə biləcəyindən əminəm", - deyə N.Abdullayev bildirib.

Tibb elmləri doktoru bildirib ki, forumun Köln şəhərində keçirilməsi ilə bağlı təşkilatı məsələlərdə Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev və Köln şəhərindəki "Augustireninnen" Xəstəxanasının şöbə müdiri Elvin Hüseynov da yaxından iştirak edərək öz dəstəyini verəcək.

"Ümumiyyətlə isə istər forumda iştirak edənlər arasında, istərsə də onun təşkilatçılığında dövlətçilik ənənələrinə daima sadiq qalan və ürəyi həmişə Vətənlə döyünən insanların olması bu şəkildə ilk dəfə keçirilən forumun mənəvi dəyərini artırır, bu da öz növbəsində, tədbirin ərsəyə gəlməsində rolu olan hər bir şəxsin Azərbaycana əvəzsiz sevgisinin bariz nümunəsidir", - deyə N. Abdullayev bildirib.