Almaniyada tibb tarixində yenilik edən azərbaycanlı - UĞUR HEKAYƏSİ
707 04 dekabr 2021 | 10:30
"Anası da, xəstə də həddindən artıq sevincli idilər.
Onların gözündəki sevinci unuda bilmirəm. Ən təsirlisi isə ölüm ayağında olan
yaşlı insanların son ana qədər bir-birinin əlini buraxmamağıdır. Onların həyatla
mübarizəsi çox təsirlidir”.
O, bu uğura gərgin əməyi nəticəsində nail olub. Peşəkar
insanların yanında özünə güvənib və tibb sahəsində bir çox yeniliklərin
yaşandığı ölkədə azərbaycanlı həkim kimi ilkə imza atıb.Həmsöhbətimiz Almaniyada ilk dəfə xəstəliyin dəqiq
və düzgün diaqnozunu yeni kriteriyaya əsasən müəyyənləşdirən azərbaycanlı həkim
Elvin Hüseynovdur. O, allergik bronxopulmonal kandidiaz xəstəliyinin Almaniyada
ilk dəfə dəqiq və düzgün diaqnozu ilə bağlı tibbi yeniliyi rəsmi olaraq elmi
konfransda təqdim edib. Bu uğurla da, adını Almaniya tibb tarixinə yazdırıb.
Ceyranbatandan Almaniyaya gedən yol
Həmsöhbətimiz Sumqayıtda anadan olub, uşaqlıq və gənclik
illərini Ceyranbatanda keçirib. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan
Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. 3-4-cü kursda ingilis
və alman dillərini öyrənib. 5-ci kursda təhsilini yarımçıq qoyub Təhsil
Nazirliyinin dövlət proqramı ilə Almaniyanın Köln Universitetinin Tibb Fakültəsində
yenidən tibb təhsili alıb. 2014-cü ildən həkim kimi fəaliyyətə başlayıb.
2019-cu ildə təcili tibbi yardım üzrə mütəxəssis, 2020-ci ildə ümumi daxili xəstəliklər
üzrə ixtisaslaşmış həkim adını qazanıb. 2020-ci ilin sentyabr ayında "Augustireninnen” Xəstəxanasının ağciyər xəstəlikləri,
allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasında uzman, ixtisas həkimi
kimi fəaliyyət göstərib. Hazırda Almaniyanın Köln şəhərindəki "Augustireninnen”
xəstəxanasının ağciyər xəstəlikləri, allerqologiya, süni tənəffüs və yuxu təbabəti
klinikasının aparıcı mütəxəssisidir.
- Allergik bronxopulmonal kandidiaz nədir? Necə oldu
ki, tibb sahəsində öz sözünü deyən ölkədə ilk dəfə bu diaqnozu siz qoydunuz?
- Tibdə bronxoektaziya deyilən bir xəstəlik
mövcuddur. Bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir.
Belə xəstələr bronxların genişlənməsi nəticəsində ağciyərdə ifraz olunan seliyi
kifayət qədər xaric edə bilmirlər. Bu xəstələrdə selik daxildə qaldığına görə,
ağciyər infeksiyalarına həssaslıq digər şəxslərdən daha yüksəkdir. Biz bilirik
ki, göbələyin sporları ətrafda mövcuddur. Gündəlik həyatda hamı bu sporlarla nəfəs
alır. Lakin əksəriyyətimizdə immun sistemi o sporların ağciyərdə hər hansı bur
patologiya əmələ gətirməsinə icazə vermir. Biz öskürürük və o seliyi ağciyərdən
xaric edirik. Lakin bronxoektaziyalı xəstələrdə bu mexanizm pozulduğu üçün göbələk
sporları orada münbit şəraitdə çoxalmaq imkanına malik olur. Bəzi xəstələrdə bu
sporların selikli qişaya daxil olması allergik reaksiya ilə nəticələnir. Yəni mənim
qoyduğum diaqnoz da sırf bu istiqamətdədir. Bu allergik bronxopulmonal
kandidiaz xəstəliyidir.
Dünyada cəmi 150 dəfə rast gəlinən xəstəlik
Həkim deyir ki, bu xəstəlik elmi ədəbiyyatda
mövcuddur və təxminən 150 dəfə rast gəlinib: "Almaniyada isə indiyə qədər bu xəstəliyi
qeydiyyata alan olmayıb. İlk diaqnozu mən qoydum. Xəstəliyə diaqnoz qoymaq üçün müəyyən kriteriyalar
mövcud deyildi. Kriteriyaları 2020-ci ildə Yaponiyadan olan işçi qrupu hazırlamışdı
və ondan istifadə etdim. İkinci məsələ isə odur ki, normalda bu kimi xəstəliklərin
diaqnozu qoyulduqda, əsasən, kortizon preparatlarından istifadə olunurdu. Biz
bu xəstəlikdə ilk dəfə anticisim terapiyasından istifadə etdik”.
"Özümdə cəsarət tapdım”
Həmsöhbətimiz deyir ki, Almaniyada ilkə imza atması
uzun müddət sərf olunan əməyin nəticəsidir: "Təbii, burada professional həkimlər
çoxdur. Amma mənim bu kəşfim bir günün deyil, uzun müddət sərf olunan əməyi nəticəsidir.
Elmi araşdırmaları yaxından izləyir, klinik olaraq ciddi şəkildə fəaliyyət göstərir
və öz üzərimdə çalışırdım. İnsan öz üzərində çalışdıqdan sonra özünəinam yaranır.
İşini dərindən bilən mütəxəssislərin yanında bu addımları atmağa özümdə cəsarət
tapdım. Digər tərəfdən, gördüyüm işə heç vaxt şübhə ilə yanaşmayıb, öz işimə
inanmışam”.
"Təcili yardımın işi kökündən yanlışdır”
Əcnəbi ölkədə təcili tibbi yardım mütəxəssisi olan
həmyerlimizdən yaralı yerimiz olan bu sahənin vəziyyətini xəbər almasaq,
olmazdı. Müsahibimiz deyir ki, Azərbaycanda təcili tibbi yardımın işi kökündən
yanlışdır: "İstər əhalinin düşüncə tərzində, istər qurumda ciddi reformasiyalara
ehtiyac olan strukturdur. Almaniyada təcili tibbi yardım maşını gələndə istənilən
tıxacda ona yol verilir və təcili tibbi yardım həkiminin hər hansı bir hadisə
yerinə çatma müddəti 8-11 dəqiqə arasında dəyişir. Təcili Tibbi yardıma zarafat,
ələ salmaq üçün zəng edənlərə qarşı da cəza mexanizmləri mövcuddur. Son dəyişikliklərə
görə, təcili tibbi yardım maşınına yol verməyən sürücülər və onun işinə mane
olan şəxslər böyük miqdarda cərimə olunurlar. Bizdə də problemləri düzəltmək
üçün maarifləndirmə və cəza metodları olsa, effekt verəcək”.
"Onların həyatla mübarizəsi təsirlidir”
Həmsöhbətimiz karyerasında unutmadığı hadisəni də
bizimlə bölüşdü: "Xəstələrin sağaldığını görmək həkimin ən böyük
motivasiyasıdır. Bir dəfə növbədə olanda xəstəxanaya 36 yaşlı qadını gətirdilər.
Ona verilən dərmanın yan təsiri ilə ayaqları işləmirdi. Xəstə 3 həftə idi ki,
yeriyə bilmirdi. Xəstə haqqında məlumat aldıqdan sonra qəbul etdiyi dərmandan-metoclopramidin
yan təsirindən yaranan extrapiramidal motorik pozuntudan şübhələndim. Ona görə xəstəyə
o dərmanın təsirini aradan qaldıran bir başqa dərman vurdum. 5 dəqiqədən sonra
xəstə dəhlizdə gəzməyə başladı. Anası da, xəstə də həddindən artıq sevincli
idilər. Onların gözündəki sevinci unuda bilmirəm. Ən təsirlisi isə ölüm
ayağında olan yaşlı insanların son ana qədər bir-birinin əlini buraxmamağıdır.
Onların həyatla mübarizəsi çox təsirlidir”.
"O adamları xoşbəxt hesab edirəm”
Müsahibimiz 10 ildən çoxdur ki, Almaniyada yaşayır.
Öz dilində danışmağın həsrətini çəkir: "Almaniyada olanda ən çox öz dilimdə
danışmaq üçün darıxıram. İstərdim ki, xəstələrlə öz dilimdə danışım. İkinci
darıxdığım hiss, bəzən işdən yorğun çıxanda böyüdüyüm evə, valideynlərimin
yanına gedə bilmək hissidir. O imkandan, təəssüf ki, məhrumam. Bu hissi yaşayan
adamları da xoşbəxt hesab edirəm. Böyüdüyün evə gedə bilmək böyük xoşbəxtlikdir.
Yeməklərdən isə piti, corat qutabı tez-tez yada düşür. Burada tapılmayan, həsrətini
çəkdiyim meyvə isə Göyçay narıdır. Yaxşı, şirin, qırmızı nar tapmaq
mümkünsüzdür”.