• çərşənbə, 18 Dekabr, 18:14
  • Baku Bakı 8°C

Almaniyada süni intellektin sirlərini öyrənən azərbaycanlı gənc - MÜSAHİBƏ

21.08.21 15:30 5004
Almaniyada süni intellektin sirlərini öyrənən azərbaycanlı gənc - MÜSAHİBƏ
Coşqun Quliyev: "Hər şeyi işləyərək, ailə yardımı olmadan həll etdim”
Magistr təhsilini ölkə xaricində almaq istəyir, fərqli universitetlərə müraciət edir. Sonda iki seçim arasında qalır: Almaniyada təqaüdsüz, Macarıstanda təqaüdlü təhsil. Maddi cəhətdən təminatı olmasa da, Almaniyanı seçir. Düşünür ki, sahəsi üzrə özünü orda daha çox inkişaf etdirə bilər. Elə də olur. Hazırda Almaniyada "Almaniya Süni İntellekt Tədqiqat Mərkəzi”ndə maşınöyrənmə, optimallaşdırma sahəsində araşdırma köməkçisi vəzifəsində çalışır. Söhbət azərbaycanlı gənc Coşqun Quliyevdən gedir.Qeyd edək ki, Coşqun Quliyev 1996-cı il dekabrın 15-də Şahbuz rayonunun Badamlı qəsəbəsində anadan olub. 1-6-cı siniflərdə Badamlı qəsəbə orta məktəbində, 7-11-ci siniflərdə isə Naxçıvan Türk liseyində orta təhsil alıb. Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) sənaye mühəndisliyi ixtisasında (ingilis dilində) oxuyub. Hazırda Almaniyanın Saarland Universitetində data elmləri və süni intellekt sahəsində magistr təhsili alır.

- Coşqun bəy, Azərbaycanda bakalavr təhsilini başa vurandan sonra işlədiniz, yoxsa magistr təhsili üçün Almaniyaya getdiniz?
- Universitetdə təhsil aldığım müddətdə Sumqayıt Texnologiyalar Parkında və başqa kiçik bir şirkətdə yarımştat və təcrübəçi kimi işlədim. Ancaq universiteti bitirəndən sonra data elmləri və süni intellekt sahəsində ölkə xaricində təhsil almaq fikrim var idi. Ona görə, təhsili başa vurandan sonra işləmədim, Almaniyaya gəldim.


- Magistr təhsilinizi Almaniyada alırsınız. Təqaüdlü təhsildir?
- Magistr təhsili üçün bir çox xarici universitetlərə müraciət etmişdim. Ancaq istəyim Almaniyada oxumaq idi. Almaniyada da təhsil qazandım, Macarıstandan da. Almaniyadakı təqaüdlü deyildi, amma Macarıstandan təqaüd qazanmışdım. Təqaüdsüz olsa da, seçimim Almaniyanın Saarland Universiteti oldu. Artıq təhsilimi başa vurmaq üzrəyəm.
-Macarıstanda təqaüdlü təhsili deyil, Almaniyadakı təqaüdsüz təhsili seçməyinizin səbəbi nə oldu? Adətən, təqaüd olana üstünlük verilir. Maddi cəhətdən təminatınız var idi?
- Düzdür, təqaüd olduqda, adama daha cəlbedici, asan, rahat olacaqmış kimi gəlir. Mən də qərar verilən anda təqaüdlü olanı seçmək fikrinə gəldi, ancaq sonra fikrimdən daşındım. Çünki əsas fikrim Almaniyada data elmləri və süni intellekt sahəsində təhsil almaq idi. Bu ixtisası oxumaq istəyirdim. Almaniyada qəbul olduğum universitetin reytinqi daha yaxşı idi. Ölkə baxımından da yanaşanda, fikirləşdim ki, Almaniyada daha yaxşı inkişaf edə bilərəm. Bu səbəblərdən dolayı, təqaüdsüz olsa da, Almaniyanı seçdim. Maddi təminata gəlincə, düşündüm ki, Almaniyada işləyib özüm pul qazanacağam. Dedim ki, necə olsa, bir iş tapıb yaşam xərclərimi qarşılayaram. Amma bir məsələ var idi ki, Almaniyaya tələbə olaraq gələndə, viza üçün banka 10 min avro pul qoymalısan. Burda mənə dəstək oldular. O pulu banka qoyduq, 1 il sonra da çıxarıb qaytardım. O pul xərcləmək üçün deyildi, bankda göstərmək məqsədli idi. Qalan hər şeyi işləyərək, ailə yardımı olmadan həll etdim. Bilirdim ki, çətin olacaq. Yəqin ki, Macarıstanı seçsəydim, bu qədər əziyyətlə başa gəlməzdi. Amma bunları gözə alıb gəlmişdim.

- Çətin olan nə idi? İş tapmaq?
- Mən olduğum şəhər kiçikdir, əsas əhali də almanlardır. Ona görə iş tapmaq, insanlarla ünsiyyət baxımından alman dilini bilmək vacibdir. Alman dili biliyim olmadığı üçün yeni gəldiyimdə, ixtisasımla əlaqəli iş tapmaq çətin oldu. Ona görə, əvvəlcə kafelərdə yarımştat işlədim. Almaniyaya gələndən 1 ay sonra artıq işə başladım. İxtisasımı daha yaxşı öyrəndikdən sonra öz sahəm üzrə işlərə baxmağa, müraciət etməyə başladım.


- Almaniyadakı təhsiliniz ödənişlidir?
- Almaniyada dövlət universitetlərində təhsil həm yerli, həm xarici tələbələr üçün ödənişsizdir. Sadəcə olaraq, semestrlərin əvvəlində 250-300 avro məbləğində bir ödəniş edirsən. Ondan başqa ödəniş olmur. Tələbə işləyib həm onu, həm də yaşayış xərclərini qarşılaya bilər.

- Azərbaycanda təhsil aldığınız, işlədiyiniz vaxtlarda süni intellekt sahəsində çalışmalarınız olubmu?
- Bakalavr təhsili vaxtı universitetdə statistika, ehtimal nəzəriyyəsi, optimallaşdırma kimi dərslər keçirdik. Müəllimlər o marağı bizdə yaratdılar, bir çox tələbə yoldaşım süni intellekt sahəsinə yönəldi. O vaxtdan müəyyən işlər görməyə başladıq. Səviyyə olaraq indiki qədər olmasa da, marağımız var idi, müəyyən çalışmalarımız olurdu. Universitet daxilində müəyyən layihələr olurdu, tələbə yoldaşlarımızla komanda şəklində işləyirdik. Amma tələbə vaxtı süni intellekt sahəsində inkişaf etmiş işlərimiz olmamışdı.

- Ölkədə təhsil almışdınız, müəyyən baza var idi. Almaniyada təhsil aldığınız müddətdə süni intellekt sahəsində nəyi öyrəndiniz?
- Magistraturaya başlayandan sonra hər şeyi sıfırdan öyrənməyə başlamış kimi oldum. Tam dərindən yox, amma sıfırdan bir az yuxarıdan başlayıb yenidən öyrəndim. Çünki burda təhsil sistemi çox fərqlidir. Azərbaycanda 5 il universitet oxumuşam, burda aldığım 2 illik təhsil mənim üçün daha ağır və faydalı oldu. Burda əsas öyrəndiyim işin texniki sahəsindən daha çox, bu sahənin nə olduğunu daha dərindən başa düşmək oldu. "Bu sahə nədir? Necə öyrənməliyəm? Hansı yolu izləmək lazımdır?” və s. sualların cavabını dərindən öyrəndim. Bundan sonrası isə insanın özündən asılıdır. Necə getmək lazım olduğunu öyrənirsən, öz xəritəni cızıb o yol ilə gedirsən.Mən Almaniyaya gələndən özümü inkişaf etdirmək üçün daim çalışmışam. Çünki süni intellekt sahəsində dünyada davamlı inkişaf gedir. Süni intellekt kompüterlər tərəfindən insan davranışlarının, qərarvermə bacarıqlarının, bir növ süni hala keçirilməsidir. İnsanı təbii varlıq kimi qəbul etdikdə, bu sahənin də təbiət, insanlıq kimi geniş və mürəkkəb bir sahə olduğunu düşünürəm. O qədər geniş, dərindir ki, insan hər zaman yeniliklərlə qarşılaşacaq.

- Almaniyada dərslər də, yəqin ki, yüngül deyil, üstəlik, işləyibsiniz də. Özünüinkişafa vaxt ayıra bilirdiniz? Gərgin rejim yaranmırdı?
- Hər işin çətinliyi var. Təhsil dönəmində həm də araya pandemiya gəldi və o da işə öz çətinliyini qatdı. Yeni başlayanda, çox ağır gəlirdi, dərslər də ağır idi. Alınmırdı, bəzən deyirdim ki, qayıdıram, işləmirəm və s. Amma insan bir müddət sonra alışır. Həm dərsləri oxuya bilirdim, həm kurslara qatılırdım, həm imtahanlara hazırlaşırdım, həm də işləyirdim.Burda tələbələrin həftədə 20 saat işləmək icazəsi var. Mən də iş rejimimi dərslərə uyğunlaşdırırdım. Daha çox həftə sonları və 5-ci günlər işləyirdim, qalan günləri dərslərə vaxt sərf edirdim. 20 saatı 3 gün ərzində bölüşdürüb işləyirdim. İndiki işim elədir ki, evdən işləmək mümkündür.

- Almaniyanın elmi mühiti ilə nə vaxt tanış oldunuz? Bəyəndiyiniz və bəyənmədiyiniz nələrlə qarşılaşdınız?
- Demək olar ki, universitetə gələndən tanış oldum. Bir növ məndə ağır şok və ya travma təəssüratı yaratdı. Çünki Azərbaycanda nə qədər yaxşı oxusan da, nə qədər yaxşı təhsil müəssisəsində təhsil alsan da, başqa mühit, tam fərqli sistem, tam fərqli insanlar idi, istər-istəməz çətin gəlirdi. Oradakı mütəxəssislərlə tanış olanda, düşünürdüm ki, bu insanlar sahələrində çox ixtisaslaşıblar, mən burda çalışacaq səviyyədə deyiləm və s. Hazırda da özümü o səviyyədə görmürəm, inkişaf etmək lazımdır. Zamanla daha çox tanış oldum. Amma dərslərin gedişi elə istiqamətdə idi ki, istər-istəməz o mühitin içinə düşürsən. Almaniyada bəzi universitetlər daha çox praktikaya yönəlirlər, bəziləri isə dərsləri araşdırma yönündə qururlar. Bizim universitetdə də təhsil, daha çox ikinci formadadır. Bu cür mühitdə digərləri ilə ayaqlaşmalı olursunuz və belə-belə davam edirsiniz.Xoşuma gəlməyən bir cəhəti var ki, insanı çox sıxırlar. Bu da stress yaradır, adamı yorur. Düşünürəm ki, insan bir az rahat olsa, daha yaxşı inkişaf edə bilər. Qalan hər mövzuda - özünü inkişaf etdirmək, nə isə öyrənmək üçün ideal mühitdir.

- Müəllimlərin dərs metodları barədə danışaq.
- Almaniyada dərsdə sorğu-sualda iştirak etdiyimi xatırlamıram, bəlkə bir-iki dəfə olub. Burda universitet, müəllimlər, bir növ yolgöstərən rolunu oynayır. İxtisasımla bağlı nə etməli olduğumu, hansı mövzuların, hansı alqoritmlərin daha vacib olduğunu bildirirlər. Bakalavr vaxtı hər şey bizim üçün yeni idi deyə, hər şeyi müəllimlərdən öyrənirdik. Amma magistraturada dərslər olur, professorlar mövzunu keçir, sualın olanda, verirsən, belə davam edir. Əsas iş dərsdən sonraya qalır. İnsan öz üzərində çalışmalı, digər mənbələrdən araşdırıb öyrənməlidir. Ancaq deyim ki, burda hər dərslərin tapşırıqları olur, imtahanları həddindən artıq ağır keçir.

- Süni intellekt institutunda nə qədər vaxtdır çalışırsınız?
- Bu il mart ayının əvvəlləri müraciət etdim, martın sonları qəbul etdilər.

- Hansı layihələrdə çalışırsınız?
- Layihələrlə bağlı detallı informasiya verə bilmərəm, çünki bunun üçün icazəmiz yoxdur. Amma burda belədir ki, işə götürəndə, hər hansı layihə üçün qəbul edirlər, onu davam etdirirsiniz, bitəndə, başqasına keçirsən. Müxtəlif layihələr olur, öz sahəm üzrə assistent kimi o layihələrdə işləyirəm. Mənim sahəm maşınöyrənmə, optimallaşdırmadır.

- Maşınöyrənmə çox maraqlı sahələrdəndir. Gələcək karyeranızı da yəqin ki, bu istiqamətdə planlayırsınız.
- Bəli, son illər çox inkişaf edən, maraqlı, lazımlı sahələrdən biridir. Mənim də, demək olar ki, əsas fokusum bu istiqamətdədir. Öz karyeramı maşınöyrənmə, optimallaşdırmada qurmaq istəyirəm, bu yolda addımlayıram, çalışıram. Gələcəkdə daha yaxşı layihələrdə, işlərdə çalışmaq istəyirəm. Magistr təhsilinin sonundakı diplom işimi də maşınöyrənmə üzrə yazmağı planlaşdırıram. Bir neçə mövzu var, onlar üzərində işləyirəm. Bir də həm özüm öyrənmək, həm də öyrətmək məqsədilə onlayn platformalarda dərslər hazırlamaq niyyətindəyəm. Ödənişsiz, Azərbaycan, ya da ingilis dilində olacaq. Hazırda vaxt olduqca, onları da hazırlamağa çalışıram.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər