AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Almaniyada ksenofobiya, zorakılıq halları baş alıb gedir

Almaniyada ksenofobiya, zorakılıq halları baş alıb gedir

Siyasət
02 May 2013, 11:30 1742
Demokratiya və insan haqlarının qorunmasını əsas prioritet elan edən Almaniyaya qarşı beynəlxalq təşkilatlarda tənqid dolu hesabatların sayı artıb. Həmin qurumların ortaya qoyduqları hesabatlarda Almaniyada kseneofobiya, miqrantlara qarşı zorakılıq hallarının artdığı xüsusi vurğulanır. Bu hesabatlar içərisində xüsusən də BMT-nin İnsan haqları komitəsində baş tutan müzakirələr daha sərt olub. Orada səslənən fikirlərdə Almaniyada neofaşist təşkilatlarının xeyli fəallaşdığı vurğulanır. Eləcə də neofaşistlərin məhkəmə prosesinə media nümayəndələrinin buraxılmaması pislənilir.

Məlumat üçün bildirək ki, Almaniyada neofaşist (NSU) terror şəbəkəsinin məhkəmə prosesində iştirak üçün müraciət edən jurnalistlərin akkreditasiyası başa çatıb. “Şpiegel-Online” saytının məlumatına görə, prosesdə Almaniyanın nüfuzlu media qurumlarına yer verilməyib. Onların arasında “Die Zeit”, “Frankfurter-Algemeine”, “Zeitung”, “Bildördquo, “Tagesspiegel”, “Frankfurter-Rundschau” qəzetlərinin, həftəlik “Der Spiegel” və “Focusördquo” jurnallarının adları var. Əvəzində prosesə “Brigitte” qadın jurnalının müxbirləri buraxılacaq. Nüfuzlu qəzet və jurnallar Münhen məhkəməsinin bu qərarını tənqid və kinayə ilə qarşılayıblar. “Die Welt” qəzeti qərarı absurd adlandıraraq məsələni hüquqi yolla həll edəcəyini bildirib. Alman Jurnalistlər Birliyi və Sosial Demokratlar Partiyası da prosesdə nüfuzlu media qurumlarına yer ayrılmamasını sərt tənqid edib. Sosial Demokratlar partiyasının spikeri Mixael Hartman Münhen məhkəməsinin ardıcıl mübahisəli qərarlarla gülüş obyektinə çevirdiyini bildirib. Qeyd edək ki, 8-i türk olmaqla 10 miqrantın ölümündə təqsirləndirilən NSU ultrasağ terror təşkilatının üzvlərinin məhkəmə prosesi mayın 6-da Münhendə başlayacaq.

Öz növbəsində Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Zeitung” jurnalında “Qərbin Şərq qarşısında xofu” sərlövhəli məqalə dərc edilib. Alman respondentlərin 36 faizi düşünür ki, xristianlıq və islam dinc yanaşı mövcud ola bilər, onların 53 faizinin fikrincə, isə bu iki din arasında ciddi münaqişələr baş verəcək. AFR-in müsəlman və qeyri-müsəlman əhalisi arasında qarşılıqlı münasibətlərə gəldikdə isə, respondentlər bədbin əhval-ruhiyyədədirlər. “Yaxın vaxtlarda Almaniyada müsəlmanlarla münasibətlərdə gərginlik artacaq, yoxsa bundan qorxmağa dəyməz” sualına cavab verənlərin 48 faizi bildirib ki, gərginlik gözlənilir. Yalnız 29 faiz belə bir təhlükənin olduğunu düşünmür. Ekspertlər isə diqqəti Almaniyanın hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiyanı ratifikasiya etməməsinə yönəldirlər.

“Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər. Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır” - deyə adı çəkilməyən Qərb ekspertlərindən biri bildirib. Əmək mühacirləri işə düzəlmək istəyəndə hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə üzləşirlər. Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları, xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə pozulur. Onlar məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox əziyyət çəkirlər. Mühacir qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlməkdən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Almaniyanın milli hesabatında isə yerli hüquq müdafiəsi təşkilatlarına istinadən bildirilir ki, polisin özünün törətdiyi cinayətlər çox vaxt cəzasız qalır: “Son zamanlar polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var. Bundan başqa, Köln, Herfor, Leypsiq həbsxanalarında məhbuslara qarşı zorakılıq, qeyri-insani davranışlar haqqında məlumatlar var”. Hesabatda bildirilir ki, Almaniyada həyatın bütün sahələrində diskriminasiyaya baxmayaraq, insanlar nadir hallarda məhkəmələrə müraciət edirlər: “Polis zorakılığı haqda şikayətlər çoxalsa da, məsuliyyətə cəlb edilənlər azdır”. Sənəddə Almaniya hökuməti müsəlmanlara qarşı ayrı-seçkilik edən, onların alman cəmiyyətinə inteqrasiyasına qarşı çıxan, ksenofobiya və antisemitizm yayan partiya və qurumların dövlət büdcəsindən maliyyələşdirilməsini dayandırmağa çağırılıb: “Son illərdə ekstremist, ksenefob, antisemit zəmində törədilən cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və qruplar tərəfindən törədilir. Diskriminasiyanın daha bir istiqaməti qadınlara qarşıdır. Almaniyada kişilərlə eyni işi görən qadınlar orta hesabla 23% az əməkhaqqı alırlar. Almaniyanın şikəst insanların hüquqlarının qorunması üçün gördüyü tədbirlər də kafi hesab edilmir. Bundan başqa, azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanların seçki hüquqları ciddi şəkildə pozulur. Sənədi olmayan insanlar tibbi yardım almaq və məhkəməyə müraciət etmək kimi hüquqlardan istifadə edə bilmirlər, onların əməyi istismar olunur, daim deportasiya qorxusu ilə yaşayırlar. İnsan alverinin qurbanları ancaq günahkarların əleyhinə ifadə verdikləri təqdirdə, yaşayış icazəsi ala bilirlər”.

Sənəddə qeyd edilir ki, uşaq hüquqlarının müdafiəsi hələ də Almaniya Konstitusiyasında əksini tapmayıb: “Hüquqi boşluqlar ən dəhşətli cinayətlərdən biri olan uşaq pornoqrafiyasına qarşı gərəkli tədbirlərin görülməsinə imkan yaratmır. Azyaşlıların fahişəliyə cəlb edilməsi sahəsində də eyni vəziyyət mövcuddur. Fahişəliyin leqallaşdırılması insan alveri hallarının çoxalmasına gətirib çıxarıb. Bu halların qarşısını almaq üçün lazımlı tədbirlər görülmür. İnsan alveri qurbanlarının müdafiəsi lazımi səviyyədə təmin olunmur. Ruhi xəstələrin saxlandığı yerlərdə onlara qarşı da qeyri-insani davranış hallarına aid faktlar var”.

Hesabatda bildirilir ki, Almaniyada HİV-ə yoluxmuş insanlara qarşı da diskriminasiya halları müşahidə olunur: “Bu insanlar və ailələri təhqirlərə məruz qalır, çox vaxt həkimlər onların müalicəsindən imtina edirlər”. Hesabat müəllifləri Almaniya hökumətini yaşayış minimumu haqqında qanuna dəyişiklik etməyə, sadalanan problemləri aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıblar.

Kamran