• şənbə, 27 Aprel, 03:29
  • Baku Bakı 14°C

Almaniya Azərbaycana 300 min tibbi maska ianə edib

22.09.21 17:45 378
Almaniya Azərbaycana 300 min tibbi maska ianə edib
Almaniya tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.
"Report"xəbər verir ki, bu barədə ÜST-nin ölkə ofisi məlumat yayıb.
Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.
Təhvil-təslim mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, pandemiya başlayandan COVID-19-a qarşı mübarizədə iştirak edən səhiyyə işçiləri və humanitar təşkilatların, eləcə də hökumət tərəfdaşları və maraqlı tərəflərin təhlükəsizliyinin təmin edilməsi ÜST üçün əsas prioritetə çevrilib. Öz növbəsində, Almaniya hökumətinin yardımı hazırkı şəraitdə ictimai səhiyyə və sosial tədbirləri genişləndirməyə kömək edəcək, səhiyyədə fövqəladə hallara hazırlığın artırılmasında rol oynayacaq.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev göstərilən yardıma görə Almaniya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib, pandemiya başlayandan bəri Azərbaycan Respublikasının Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu vurğulayıb.
Komitə sədri qeyd edib ki, pandemiyanın ilk mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün operativ tədbirlər görülüb. Pandemiyanın ilk günlərindən ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib, hazırda da sanitar-profilaktik və dezinfeksiya tədbirləri xüsusi rejimdə davam etdirilir. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Hospitalının koronavirusla mübarizədə öz işini tamamilə yenidən quraraq hələ ötən ilin iyunundan yalnız koronaviruslu xəstələri qəbul etməyə başladığını diqqətə çatdırıb. Hazırda pandemiya xəstəxanası kimi fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalında koronavirusun müalicəsi üçün hərtərəfli şərait yaradıldığı və peşəkar tibbi personalın xidmət göstərdiyi bildirilib.

banner

Oxşar Xəbərlər