• şənbə, 20 Aprel, 14:23
  • Baku Bakı 23°C

Alma sənin, heyva da sənin, nar mənim

05.12.18 14:45 3321
Alma sənin, heyva da sənin, nar mənim
Göyçayrayonunda on ildən çoxdur ki, noyabr ayında naryığımı zamanı Nar bayramıkeçirilir. Bu bayram ilk dəfəAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyivə Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir. Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir.Bayramın keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir. Bu məhsul bayramı Göyçayda meyvəçiliyin inkişafı və turizm baxımından çox böyük əhəmiyyətə malikdir. Hökumət nümayəndələrinin, millət vəkillərinin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların, yerli və xarici iş adamlarının, turistlərin də iştirak etdiyi Nar bayramı zamanı milli mətbəximiz, geyimlərimiz, adət-ənənələrimiz, rəqslərimiz və s. də əyani şəkildə nümayiş etdirilir.
Azərbaycan narının tanıdılması, onun Azərbaycan folklorundakı mifoloji semantikasının öyrənilməsi və etnoqrafiyamızda yeri kimi məsələləri müzakirə etmək üçün 2017-ci il noyabrın 2-də AMEA Folklor İnstitutu və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay şəhərində "Bir dünya, min millət” mövzusunda elmi seminar da keçirilmişdir. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov "Azərbaycan folklorunda narın mifoloji semantikası” mövzusunda məruzə edərək, Azərbaycan folklorunun bir çox janrlarında - nağıllarda, dastanlarda, bayatılarda, aşıq sənətində, el nəğmələrində və s. narın təsvirinə geniş yer verildiyi, xalq ədəbiyyatında narla bağlı ayrı-ayrı süjetlər, motivlər, obrazların var olması, Qurani-Kərimdə narın adının çəkildiyi, narın mifoloji rəmz kimi məhəbbət, güc, məhsuldarlığı ifadə etdiyini bildirmişdi. Tədbirin sonunda isə İctimai Televiziyanın "Carçıfilm” Yaradıcılıq Birliyinin ərsəyə gətirdiyi "Nar - bir dünya” sənədli filmi nümayişi olunmuşdu.
Nar ölkəmizdə ən sevilən meyvələr sırasındadır. O, mahnılarda tərif olunur, nağıllarda, rəvayətlərdə, dastanlarda söhbət açılır, müalicəvi faydaları haqqında tibdəki fikirlər bitmək-tükənmək bilmir. Azərbaycan folklorunda, qədim mədəni irsimizi təbliğ edən nağıllarda, xalq dastanlarında, rəsm nümunələrimizdə narla bağlı çoxlu nümunələr var. Folklorda nar birliyin, bütövlüyün rəmzi sayılır. Nar tapmacalara ("Bazardan aldım - bir dənə, evdə açdım - min dənə”), nəğmələrə mövzu ("Meyvələrdən üç meyvə var... Biri alma, biri heyva, biri nar”, "Nar ağacı, nar çiçəyi”)olmuşdur. Təsadüfi deyil ki, 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarının simvollarından biri də nar idi. Bu isə narın qiymətli və faydalı olmasından irəli gəlir. Mifologiyada nar zənginliyin işarəsi, qəhrəmanların yenilməzliyi və güclülüyünün simvolu kimi qəbul olunur.Nar həm də evlilik bağının çözülməzliyini, həyat və yenidən doğuşu var etmək üçün istifadə edilmişdir.Nar türk xalqlarınınmədəniyyətininfolklorundada nağılların, dastanların, atalar sözü, tapmaca və nəğmələrinmövzusuolmuşdur. "Nağıllarda nar bir tapmacanın cavabı, övladsız ailələrin uşaq sahibiolabilməsi üçün sehrli bir meyvə, sevgililər üçün bir sınama vasitəsi, maddi və mənəvi hədiyyələr qazandıran bir vasitə, xəstəlikləri qabaqlayıcı sirli bir dərman olaraq işlənmişdir.”
Müqəddəs kitabımız "Qurani-kərim”də də narın adı 3 dəfə çəkilir (Ənam surəsi 99 və 141, Rəhman surəsi 68-ci ayələrdə). Bunların ikisində nar Allahın yaratdığı gözəl şeylərin bir örnəyi olaraq verilmişdir, üçüncüsündə isə cənnətdəki bir meyvə olaraq bəhs edilir. "Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin”.
Hədislərdə isə belə göstərilir: "Şirin nar yemək körpənin yaxşı xasiyyətli olmasını təmin edər. Cümə səhərləri nahardan əvvəl nar yemək çox yaxşıdır. Mədə bulanması və qusmaya qarşı nar yemək çox faydalıdır. Eyni şəkildə qansızlıq, oynaq ağrıları, təzyiq... üçün çox faydalıdır”. İmam Əli (ə) buyurmuşdur: "Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin”. Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qaraciyərə və sarılıq xəstəliyinə faydalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurub: "Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə tərk etməyə (yeməməyə) razı deyiləm”.
Narın ən qiymətli sortunun eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərildiyi deyilir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum olmuşdur.
Bəs payız mövsümündə yetişən və il boyu saxlanılması mümkün olan, ağız dadı ilə yediyimiz narın bizə nə qədər faydalı olduğunu bilirikmi? Elə isə narın xalq təbabətində nə qədər qiymətli olmasına nəzər salaq.
Müasir zamanda nar ən çox bitkilərlə müalicədə daha çox yada salınır. Nar çəyirdəyi yağının cildi bərpa eləməsi və qan dövranı pozulması halında ortaya çıxan portağal qabığı şəkli almış dərini tamamilə normala döndürməsi, onun "yenidən doğuş adlandırdığımız” yönü ilə bağlıdır. Nar C vitamini baxımından zənginliyi ilə portağal və itburnunu da geridə qoyur. Narın tərkibində C vitamini ilə yanaşı, B vitamini, dəmir, sink, maqnezium, natrium və kalium var.
İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar, immunitet sistemini də gücləndirərək, başda xərçəng olmaqla, bir çox xəstəlikdən qurtulmağa kömək edir. Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Şirədəki adıçəkilən maddə qırmızı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur. Nar suyu damar sağlamlığını təmin edərək ürəyi qüvvətləndirir. Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur.
Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır, damarlarda yaranan tıxanma üçün faydalıdır. Bu xüsusiyyətlərinə görə, nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır.
Adətən bir çox insanlar narın meyvəsi yeyildikdən və ya suyu sıxıldıqdan sonra qabığını atırlar. Amma Çində son illərdə aparılan tədqiqatlar göstərib ki, narın qabığında suyuna nisbətən vitaminlər daha çoxluq təşkil edir. Nar qabığının tərkibindəki möcüzəvi elementlər döş xərçəngini, həmçinin bütün növ şişləri əritməyə kömək edir. Nar qabığını dəmləyib içmək də olar. Aparılan tədqiqatlara görə, nar qabığı xolesterini azaldır, beta hüceyrələrini artırır, diabet və ürək-damar xəstəliklərinə suyundan daha çox təsir edir. Həmçinin də ishala yaxşı təsir edir. Bu müalicə döş, yemək borusu, dəri, bağırsaq, prostat və mədəaltı vəzi xərçəngi ilə mübarizədə sınanılıb və yüksək effekt verdiyi məlum olub.
Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
Hər gün nar suyu içmək insanın bel nahiyəsindəki yağların əriməsinə səbəb olur.Bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir. Nar bədəni və qəlbi qüvvətləndirir.
Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır. Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.
Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumunun balla birlikdə qarışdırılaraq əldə edilən məlhəmdən istifadə məsləhət görülür.
Ən çox mədə-bağırsaq xəstəlikləri zamani istifadə edilir, boğaz, sinə, ağ ciyərlər üçün önəmlidir, öskürəkdən ºikayəti olanlar ondan istifadə edə bilərlər. Nar meyvəsinin suyu bağırsaqları yumşaldır. Mədə iltihabına qarşı çox faydalıdır. Sadalamaqla faydası bitməyən nar, bir sözlə, min bir dərdin dərmanıdır.
Əpoş Vəliyev,
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunda aparıcı elmi işçi
banner

Oxşar Xəbərlər