• şənbə, 20 Aprel, 11:13
  • Baku Bakı 14°C

“ALMA -2018” mükafatının qalibi

09.04.18 11:30 1229
“ALMA -2018” mükafatının qalibi
"Astrid Lindgren Memorial Award” (ALMA) 2018-in qalibi amerikalı yazıçı Cekuelina Vudson oldu. İki ildən bir verilən mükafat bu il Nyu-York ştatına yola salındı. Mükafatın rəsmi internet ünvanında yer alan xəbərdə bildirilir ki, uşaq və yeniyetmə ədəbiyyatının ən yaxşı nümunələrinin müəlliflərinə təqdim olunan mükafatın builki qalibi də 30-dan çox roman, şeir və şəkilli hekayə kitabının müəllifidir. Vudson Amerikada ən çox oxunan uşaq ədəbiyyatı yazarıdır. Ona dünya şöhrəti qazandıran kitabı "Qəhvəyi saçlı qızın xəyalları” ("Brown girl dreaming”) Vudson üçün həm də janrı üzrə işıq üzü görən nümunələrə verilən ən nüfuzlu mükafata yol açdı. Martın 27-də mükafat uğrunda mübarizəyə "Başqa Bruklin” ("Another Brooklyn”) kitabı ilə qoşulmuş müəllif qalib elan edildi.
Ənənəyə uyğun olaraq, mükafatın qalibi və ya qalibləri üçün nəzərdə tutulan məbləğ 5 milyon İsveç kronudur (613 min dollar – red.). Cekuelina Vudson mükafatın ən şanslı qaliblərindən sayılır, çünki builki seçimdə onun şəriki yoxdur. Uşaqların yumşaq ünsiyyət dilini, danışmadıqları, lakin gördüyümüz hekayələrini, duyğularını bütün zənginliyi, rəngləri və dərinliyi ilə çatdıra bildiyi üçün bu mükafata layiq görülən Vudson mükafatlandırma mərasimində: "kədər və ümid arasında bölünmüş gündəlik reallıqların özünəməxsus poetik notlarla çatdırmağın öhdəsindən uğurla gəlmiş” müəllif kimi təqdim olunub.
Vudsonun yazdıqlarına üstünlük qazandıran əsas nüanslardan biri də hekayələrin, adətən, bir qəhrəmanın dilindən, xüsusilə də, qadın qəhrəmanın dilindən çatdırılmasıdır. Onun balaca, yeniyetmə qəhrəmanları böyüklərin duyğularını, düşüncələrini, davranışlarını müşahidə edir, onları səhvə-düzə bölür. Vudson müəyyən yaş qrupunun altında olan bir auditoriya üçün yazsa da, rasizm, dini ayrı-seçkilik, iqtisadi sinifləşmə, sosial uzaqlaşdırma, cinsi fərqliliyin mahiyyəti kimi dərin mövzulara toxunmaqdan da boyun qaçırmır, bu mövzuları oxucu sinfinin dilinə, tərzinə uyğun işləyir.
Mükafat və qalib haqqında ətraflı məlumatı fondun rəsmi səhifəsindən "www.alma.se/en” əldə edə bilərsiniz.
banner

Oxşar Xəbərlər