• çərşənbə axşamı, 19 mart, 13:32
  • Baku Bakı 8°C

Allah bu insanları niyə yaşadır?

10.06.19 15:15 9051
Allah bu insanları niyə yaşadır?
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz şair Xanım İsmayılqızıdır. Onun sevdiyi əsər İsmayıl Qarayevin "Skodka” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə İsmayıl Qarayevin "Skodka” romanı sizin sevdiyiniz əsərdir?
– Bu əsəri mənə sevdirən – yazıçının üslubu, mövzunun uydurma olmamağı, bu həqiqəti görüntüyə gətirə biləcək səviyyədə ifadəsi, hadisələrin, obrazların bir haldan digər hala, bir məkandan digər məkana keçidindəki axıcılıq və inandırıcılıq, ən əsası da azərbaycan dilinin genişliyi, dilin, obrazların diriliyi, rəngarəngliyi, zənginliyi, özünəməxsus təsvirlərdə rəssamlığı, üç dildən istifadə və bu mövzunun az qələmə alınması oldu. Romanı oxuyanda, şəxsən mən özümü həm tamaşaçı, həm də hadisələrin içində hiss etdim. Oxuya-oxuya yaşadım bu romanda. Bu da yazıçının uğurudur.
– Əsərdə üç dil var. Biri müəllifin təhkiyə dili. İkinci obrazların ünsiyyət qurduğu rus dili. Digər isə kriminal aləmi əhatə edən hər birindən min məna çıxan qanun-qaydaların dili. Birinci dili də, ikinci dili də bilənlər üçün romanı oxumaq mümkündür. Bəs üçüncü – "Pristupni mir”in qayda-qanunlarının dilini bilməyənlər üçün roman nə qədər anlaşıqlıdır?
– Çətini oxumağa başlayana qədərdir. Əvvəlcə bu dil faktoru adama ağır gəlir. Oxuduqca, hər səhifənin sonunda "Pristupnı mir"in dilinin izahına baxdıqca, oxunuş və hadisələrə daxil olmaq rahatlaşır. Mənim üçün də bu dil, bilmədiyim dildir. Amma əsər özünə elə çəkir ki, bəzən izahlara baxmadan da aydınlıq gəlir. Təbii ki, bu roman kütləvi oxu üçün deyil. Yazıçının təhkiyə dilində də bilmədiyimiz, az işlənən, bu gün heç işlənməyən sözlər, ifadələr çoxdur və bu da mənim diqqətimi çəkdi, Azərbaycan dilinin zənginliyinə heyrətləndim. Çox təəssüf ki, belə sözlər və ifadələr sıradan çıxıb, yazıçılarımızın əsərlərində rast gəlinmir. Təbii ki, bu, bədii ədəbiyyat dilidir.
– Əsərin əvvəlində oxucuda Yavərə qarşı mərhəmət hisləri oyanır. Onun "göyü kəsən barmaqlıqların” arasında qalmağı bizi üzür. Lakin Tiqr və Zverə qarşı nifrətimiz hadisələr inkişaf etdikcə, azalır və Yavərin başına gələnlərin, etdiyi səhvlərlə mütənasib olduğunu görürük. Müəllifin təhkiyə boyu obrazlarda yaratdığı bu hiss dəyişikliyi roman janrının rəngarəngliyindən doğur, yoxsa, müəllifin niyyəti bu təhkiyə ilə oxucunu həmişə maraqda, tempdə saxlamaqdı?
– Təbii ki, hər bir yazıçının məqsədi əvvəldən sona qədər oxucunu gərginlikdə, namüəyyənlikdə, maraqda saxlamaqdır. Bu da onların qələminin, zehninin gücü, professionallığıdır. Əsəri oxuyarkən əvvəldən hər şey aydın olsa, əsərin sonuna ehtiyac olmaz ki. Müəllifin uğuru da, öz yazdığını sona qədər oxutdura bilməsindədir. Əsər bu cümlə ilə başlayır – "Bu da ömrün sonu! Gör gəlib harda tutdu, harda yaxaladı Yavəri!" Artıq bu cümlə bir insanın bu aləmdə ömrünün son günlərini yaşadığından xəbər verir və sən anlayırsan ki, əsərin baş qəhrəmanı Yavərdir və Yavərlə "sxodka" onun sonu olacaq. Burdan da özünü hadisələrə kökləyirsən. Yavərə qarşı əvvəl mərhəmət hissi yaratmaq da müəllifin strategiyasıdır və get-gedə heyrətləndirə bilmək bacarığıdır. Tiqr, Zverin qısa sualları və Yavərin qısa cavabları əsnasında açılan həyat həqiqətləri, Yavərin öz içində belə qorxa-qorxa uzun xatırlamaları, törətdiyi cinayətlər və onları gizlətməyə çalışma cəhdləri, uşaqlıqdan bu gününə qədər hardan gəlib hara getdiyi, dönə-dönə məhbəs həyatı sürsə də, buranın qanunlarını pozması onun xislətini, kimliyini açır və adamda ikrah hissi, hətta nifrət yaradır. Uşaqlığından içinə yığılmış və özündən ata bilmədiyi, əksinə böyüdükcə daxilində böyütdüyü və öz murdar əməllərini həyata keçirmək üçün silaha çevirdiyi iyrənc keyfiyyətlərin sahibi olduğuna heyrət edirsən. Mənim belə deyimim var – yazılmayan qanunlar yazılan qanunlardan güclüdür. Yazılmayanı pozmaq olmur. Amma bu əsərdə müəllif göstərir ki, Yavər kimilərini yazılmamış qanunların gücü, xofu da dəyişmir. Yavər həm yazılan, həm də yazılmayanın xaricindədir. Sonda Tiqrlə Zverə əhsən də deyirsən. Onların bu "sxodka”sı olmasaydı Yavər əməllərinin davamını yaşayacaqdı.
– Yavər Təhircanın körpəsi və həyat yoldaşı Pərixanımı öldürdükdən sonra içində plan qurur. Avtobus dayanacağı ilə evləri arasındakı məsafəni ölçür, vağzalda gözlədiyi vaxtı hesablayır. Hər şey içində, bir sistem kimi dəqiqəbədəqiqə, saatbasaat yerinə oturur. Bunları ona görə hesablayır ki, mühakimə olunanda canını qurtara bilsin. Yəni heç bu evdə yerli dibli olmayıb. Bir az vağzalda gözləyib, sonra avtobus, sonra da ev. Yavərin bu sistemi, saatların dəqiqliyini elə həbsdə də görürdü və bu dəqiqliyi o indi bayırda, özü-özünə hesablamışdı, özü-özünə yaratmışdı. Düşünmək olarmı ki, müəllif bu səhnə ilə belə demək istəyir: Cinayətkar cinayəti etdiyi anda azadlıqdan məhrumdur. Xilas cəhdlərinin narahatlığı, əndişəsi ilə, "göyü kəsən barmaqlıqlar”ın – fiziki həbsin heç bir fərqi yoxdur. İkincidə o həbsin içindədir, birincidə həbs onun içində olur?
– Yavərin Tahircanla tanışlığını, güvənc qazanıb guya dostlaşmasını, Pərixanımla körpəsini necə öldürməsini xatırlaması özü ayrı bir hekayədir. Yavər buranın "Praşlyak”ı idi. Keçmişi "qanuni oğru" olana "Praşlyaq” deyilirdi. Yavərin roldan rola girməsi, etibar qazanması və bu etibardan gələcək planlarını həyata keçirmək üçün vasitə kimi yadda saxlaması – bunlar göstərir ki, Yavərin içində bir Yavər də var, ikisi də bir-birinə tən gəlir. İkisinin bir məqsədi var – qazanc yolunda hər şeyi tapdalayıb keçmək. Yavərin vicdanı ölüb, o, ömürlük məhbusdur. Həm içindəki, həm çölündəki dəmir barmaqlıqlar onun həyat tərzidir. Onun üçün başqa həyat yoxdur. Yavər özünü Tahircana elə göstərir ki, Tahircan Yavəri doğma qardaş bilir. Tahircana elə gəlir ki, ikisinə bir əcəl gəlsə, onun yerinə Yavər özünü önə verər. Bəlkə də, sorğu-suala, "sxodka”ya çəkən olmasaydı, nə Tahircanla oynadığı dost oyunu, Pərixanımla körpəsini öldürməsi onu narahat etməzdi. Əsərdə belə bir yer var, qırxı çıxmadan öldürülən körpənin dilindən danışıq – "Atamı orda, anamı burda məhv etdi bu "Praşlyak” dünya malından ötrü. Kişi də yaşamaq, tək öz həyatını təmin etmək, təkcə öz kefini kökəltmək naminə başqasının həyatına qəsd edərmi? Bəs məni niyə öldürdü? Qırxı çıxmamış körpənin ondan ötrü nə təhlükəsi ola bilərdi?" – Uşağın düşüncəsi ilə deyilən bu cümlələr Yavərin iç üzünün açmasıdır. Müəllif demək istəyir ki, cinayətkar edəcəyi cinayətin quludur, bütün varlığı – ürəyi, beyni, ruhu vicdansızlığın əsarətindədir. Hamını o idarə etdiyini düşünsə də, onun özünü içində oturan o böyük əclaf idarə edir. Onun üçün azadlıq – hər hansı cinayəti və ya xəyanəti edəcəyini düşünən andan etdiyi ana qədər ələ keçirəcəyi malın, pulun şəhvətindən yaranan işartıdır ki, gözünü, başını dumanlandırır. Onun üçün azadlıq bu formadadır. Bu anda cinayətkar eyforiyada olur. Nəticəli nəticə. Zindanlı zindan. Yavər də bu haldadır - çabalamaları da canını qurtarmaq üçündür yalnız. "Sxodka”ya çəkildiyi anda içindən keçən fikirlər, özünü qınamalar, özünü tənbehlər, ayıq düşünə bilmək qabiliyyəti oxucuda belə bir sual yarada bilər ki – demək bu adam gec də olsa səhvini anlayıb?.. Məncə bu, yalnız qorxunun yaratdığı haldır.
– Yavər həyat əhvalatını, bu yola necə düşdüyünü danışır. Atasının qumar xəstəliyi, anasının zəhmətkeş görkəmi. Anası Böyükxanım Yavərin, atasının getdiyi yolla getməsini istəmir və kişi Böyükxanımdan qızıllarını alıb aparıb "tavan” borcunu verəndə oğluna deyir: "Dərslərini yaxşı oxu, bala”. Böyükxanım Yavəri ayaqda saxlayan yeganə ümid yeri, dayaq nöqtəsidir. Günlərin bir günü atası da, anası Böyükxanım da ölür və Yavər bu dünyada tək qalır. Əsərin baş obrazının öz həyat yoldaşı, övladlarından başqa keçmişi ilə fiziki mənada heç bir bağı yoxdur. Əgər anası və ya atası sağ olsaydı, Yavər bu qədər gözüqanlı olardımı, yenə eyni cinayətləri edərdimi?
– Yavər içinə düşdüyü və orda həzm olunan mühitin qurbanıdır. Doğulandan üzünü görmədiyi, ancaq boz kepkasını gözünün üstünə basmış, damağı papiroslu, bığlı, arıq, əlində təsbeh, köynəyinin açıq yaxasından caynaqlarında quzu qaldıran qartalın qanadları döyülmüş sinəsi, köynəyinin bir qolu dirsəyə kimi çırmalanmış biləyində qurşaqdan aşağısı qədəhin içində olan qız şəkli döyülmüş, bir əlində anaşalı "kazbek", kart, digərində araq olan və altdan "Vot çto nas qubit" yazılmış şəkildən tanıdığı atası, cəzasını çəkib qayıdandan sonra da, məhbəsin və öz içinin eybəcərliklərini evə daşıyır. Asan və vicdansızcasına pul qazanmaq, onun üçün həyatın üzü kimi görünsə də, həyatın dibinə necə çökməyin canlı mənzərəsini yaradır, Yavəri də yavaş-yavaş öz aləminə çəkir, yalanlara, fırıldağa öyrədir. Baxmayaraq ki, Böyükxanım halal adam idi, öz zəhməti ilə, makinaçılıqla pul qazanırdı və oğlunun da ağıllı, savadlı olmasını və atasının getdiyi yolun yolçusu olmamasını istəyirdi, amma əksər halda pis tərəf daha güclü çıxır. Atasının evdə düzəltdiyi qumar məclisləri, anaşa "tüstülətməsi", Yavərin qoltuğuna "paketlər" dolduraraq lazım olan ünvanlara və adamlara necə ötürməsi, poqonlu görəndə necə aradan çıxmaq lazım olduğunu öyrətməsi, Yavərin də "tüstüləməyə" başlaması və bu murdar aləmin içinə hopması artıq onu belə Yavərə çevirir. Ata-anasının ölümündən sonra deyil, məhz sağlığında Yavər bu həyata qurşanır. Məncə, ata-anası sağ olsaydı da, fərq etməzdi. Çünki Yavər artıq atasının və o mühitin oğlu olmuşdu. Atanın yaşam tərzi onda ikrah hissi doğurmamışdı. Anası Böyükxanım dünyasını dəyişən gün, Yavər dərsdən evə gəlmir, özü kimi bir dostuna qoşulub "kayf" arxasınca düşür. Yavər bir qadının boynundan qızıl medalyonu qapıb qaçanda yaxalanır və anası ölən günün axşamı həbs olunur. Qısa müddətdən sonra həbsdən çıxır, yenə də öz əməllərinə davam edir. İçində gedən proseslər onun yaxasından elə yapışır ki, nə övladları, nə də həyat yoldaşı onu xilas edə bilməyəcəkdi. Çünki bataqlıq sovurur, dibə çəkir və məhv edir.
– Yavər obrazı mənfi xüsusiyyətləri ilə bərabər, həm də müsbət xüsusiyyətləri ilə yadda qalır. O, Tapdığın başına gələn hadisədə ədaləti bərqərar edir, kameralardakı antisanitariya, yemək problemlərini məhbusların önündə Qara Kələzin üzünə vurur. Bütün bunların müqabilində onu yenə də məlum və məşum son gözləyəcəkdi. "Vorovskoy” aləmin qanun-qaydaları onu bağışlamır. Bəs insan kimi onu bu yaxşılıqların müqabilində bağışlamaq mümkündürmü?
– Yavərin qəsdən törətdiyi cinayətlərin yanında bunlar o qədər kölgədə qalır ki... Təbii ki, əsəri oxuyarkən bir anlıq da olsa, o anda Yavərə qarşı mərhəmət hissi oyanır. Hətta əsərdə Yavərin öz-özü ilə ürəyində danışarkən bu həyatdan bezməsi, özünü həyatda uğuru olanlarla müqayisəsi və qınaması da var. Amma bunlar Yavərin həyatında epizodik anlardı. Bu insanın xisləti naxoşdur və alışqanlığı olan adamdır, asılılığı var. Pul havası gələn yerlərə, porsuq cəsəd iyinə gedən kimi gedər və gedir. Amma sən təsəvvür et ki, Yavər kimi adam ya sənin qohumundur, ya qonşundur və ya tanıdıqlarından biridir. Sən də onun bütün əməllərindən xəbərdarsan, ya da şahidisən. Bağışlayardın? Məncə, yox. Belə insanların düzəlməsi, haqq yoluna dönməsi mümkün deyil. Dönə-dönə həbsə düşüb-çıxmış bir adamı nə oranın, nə buranın, nə də insanlıq qanunları adam edə bilmirsə, belələrini cəmiyyətdən uzaqlaşdırmaq və ya məhv etmək lazımdır. Müəllif çox humanist davranıb. Amma romanın ilk səhifəsində müəllifin öz dilindən bir sitat gətirim – "Burda həmişə işıq yanır. Divarlar udur bu nurun, ziyanın çoxunu, qaranlıq nicat diləyən, mərhəmət uman bir məhzunluqla gülümsəyir, qaranlığın bu əbədi məhkumluğuna hey baxırsan, ona hey yazığın gəlir." – Doğrudan da, belə mövcudiyyətə, belə yaşam tərzinə, bu aləmdə ömür sürənlərə adamın yazığı gəlir hardasa...
– Müəllif həbsxana aləmini incə xırdalıqlarınacan yazıb. Bu mətnlərdən həbsxana sanki labirintdir. Bəzi insanlar ora təsadüfən düşüb, bəziləri üçün ordan kənarda həyat yoxdur. Yavər özü ədaləti bərqərar edənlərdən biridir, ancaq nəticədə özü sonda həmin "ədalətin” məngənəsində boğulur. Müəllifin hadisələri bu cür hörməyi ilahi ədalətə bir işarədir?
– Əlbəttə, ən böyük ədalət Allahındır. Bir var səhv etmək, bir var günah işləmək. Can verib, can almaq Allaha məxsusdur. Həyatda da belə insanları görəndə və ya onlar haqda eşidəndə içimizdən belə bir sual keçir – Allah bu insanları niyə yaşadır?.. Kimi buranın, kimi də oranın cəhənnəmində qovurulur. Əsərdən də göründüyü kimi, bizim də bildiyimiz kimi "Pristupnı mir"in, kriminal aləmin qanunları möhkəmdir və cəzaları daha sərtdir. Orda tanışlıq, qohumluq və pulla cəzadan qaçmaq mümkün deyil. Kiminsə cəzasını vermək üçün dəqiq faktlar əldə edilir. Romanda oxuduğumuz kimi "ksiva"lar ən xırda detallarına qədər doğru və düzgün ötürülür. Yalan yoxdur, uydurma olmaz. Bilərəkdən, haqsız yerə cinayət törədənlər qapalı dairəyə düşür və burdan çıxış yoxdur. Yazılmayan, amma mövcud olan qüvvətli qanunlardan burda qaçmaq olmaz və kimliyindən asılı olmayaraq hər kəs bu qanunlara tabedir. Bəli, İlahi ədalət var və müəllif bunu göstərir. Romanda müəllifin dilindən Yavərə ünvanlanmış belə bir cümlə var – "O bilmirdimi ki, milliyətindən, cinsindən asılı olmayaraq, bu dünyaya qədəm basanlar bu həyatın hamı üçün eyni-bərabər qanunlarının tələblərinə cavab verməlidir!?"
– Yavər həm polisə işləyir, həm də məhbuslar arasındakı münasibətlərə nəzarət edir, çıxılmaz vəziyyətlərdə ədaləti bərqərar etmək səlahiyyəti var. Yəni ikili oynayır. Həyatı qırmızı ipin üstədir. Nə tam o tərəflidir, nə də tam bu tərəfli. Yavərin həm yaxşı tərəfləri var, həm də pis tərəfləri. Bu ikilik onun xarakterində də nəzərə çarpır. Siz Yavəri bu iki tərəfdən hansına daha yaxın hiss edirsiniz? Yoxsa, bu şəraitdən və ya vəziyyətdən asılı olan bir haldır?
– Yavər həm gözəl, həm də bədbəxt oyunçudur. Amma uzun müddət haqlı və qalib obrazını imitasiya etsə də, nəticədə bu oyunun məğlubudur. Bu ikili oyunda Yavər insanlıqdan çıxmış, ürəyi çürümüş, qəddarlaşmış, içində müqəddəs hisslərin ölüsünü daşıyan, həm o, həm bu tərəfin qanunlarını, əslində, saymayan varlıqdır. Onun dəqiq tərəfi yoxdur. Yavərin nə oğulluğu, nə atalığı, nə ərliyi, nə dostluğu, nə də adamlığı tam deyil. Buqələmun kimidir, hər vəziyyətdə, hər anda, özünə sərf etməyən rəngdən sərf edən rəngə düşür. Çox təhlükəli personadır və müəllif qəhrəmanının daxili, xarici cizgilərini dəqiq çəkib.
– Romanın bir hissəsində məhbus Həbibullanın əhvalatı nəql olunur və həmin əhvalatın ortasında Həbibullanın güzəranı aydın ifadə olsun deyə, balalarını dişinə taxıb uzaqlaşdıran pişiyin ağzından danışılır. Pişiyin də balaları çoxdur, eynən Həbibullanın da. Pişik də korluq çəkir, elə Həbibulla da adicə çayçıdır, bir günü ac, bir gün toxdur. Pişik öz güzəranı haqqında, balaları haqqında danışır, ancaq şübhəsiz ki, təcrübəli oxucunun gözündə məlumdur ki, söhbət burda Həbibullanın həyatından gedir və Həbibullanın həyatı pişiyin həyatından heç nə ilə fərqlənmir. Obrazlarının çoxunun bu aləmə düşməyinə səbəb kasıblıq, imkansızlıq olduğunu düşünsək, bu əhvalatın romanın ümumi atmosferi ilə daha hansı bağlılığı var?
– Romanın ümumi atmosferi haqla nahaqqın, rəhmdilliklə qəddarlığın, ölümlə qalımın, heyvanlıqla insanlığın, doğru ilə yalanın, o dünya ilə bu dünyanın, yalanla doğrunun üz-üzə, göz-gözə, nəfəs-nəfəsə yanaşı addımlamasının, bu aralıqda kiminsə ova, kiminsə ovçuya çevrilməsinin, tamahkarlıqla vicdansızlığın necə dostlaşmasının, yaxşılarla yamanların necə dünya tərəzisinin eyni gözündə yırğalanmasının, insani keyfiyyətləri çürüməkdə olan birinin ətrafındakıları necə çürüdə bilməsinin mənzərəsini çəkir. Roman bir insanın daxili və xarici faciəsinə köklənib və digər qəhrəmanlar, bütün hadisələr, mənzərələr, təsvirlər bir insan faciəsinin dibinin, kökünün, məğzinin açarıdır. Romanda bir-bir bütün cinayətlərin qapıları açılır oxucu üçün. Həbibullanın nəql olunan əhvalatı, əslində Yavərin də əhvalatıdır. Fərq nədədir – Həbibullanın balaları çoxdur, Yavərinsə daha çox məkrli arzuları var. Məhz kasıblığın, imkansızlığın qəhrəmanları bu aləmə saldığını da düşünmək doğru olmazdı. Burda deqradasiyaya uğramış mühitin və bu mühitin törəməsinin nələrə qadir olduğu, özünün özünə və ətrafına necə düşmən kəsilməsini nümayiş etdirməklə yazıçı həm də sevgilərin yaxşı və pis mənada hər üzünü göstərir. Kimi pişik kimi balalarını, kimi də nainsan kimi hərisliklərini dişinə alır.
– Romanın Dostoyevskinin "Cinayət və cəza” romanı ilə müqayisə olunacaq tərəfləri var. Hər ikisində də cinayət hadisəsi var, ancaq Raskolnikov öz vicdanı qarşısında, Yavər isə "vorlar” qarşısında cavab verir. Vicdanı Raskolnikovu dinə – İncilə gətirib çıxarır, "vorlar”ın "skotka”sından sonra isə Yavər sonuncu səhnədə dəli olur. Ümumiyyətlə, "sxotka” olmasaydı və heç kim Yavəri sorğu-suala tutmasaydı, adamlarla üzləşdirməsəydi, onu öz vicdanı, insani hisləri qarşısında hansı tale gözləyərdi?
– Bəli. Mən də bu fikirdəyəm. Dostoyevskinin "Cinayət və cəza" romanında da cinayət hadisəsi var. Raskolnikov öz içində qurduğu fikirlərlə mübarizədədir. Raskolnikova görə kütlə ona görə yaşayır ki, onun arasından dahilər çıxsın. Özü öz beynində cinayət nəzəriyyəsi yaradır və onun yaratdığı qanunlara görə, adamlar iki hissəyə bölünür – qeyri-adilər və adilər. Onun fikrincə, gələcək naminə qeyri-adilər adiləri öldürə bilər. Amma nəticədə onu sevgi xilas edir və birinci etirafını sevdiyi qadına, Sonyaya edir. Yavər öz törətdiyi əməllərin nəticələri ilə içində mübahisədədir, son ana qədər etirafsız qalır və havalanır. Bəlkə də, bu "sxodka” olmasaydı Yavər yenə də öz natəmiz əməlləri ilə sivişib aradan çıxacaqdı, belə demək mümkündürsə, həyatına qaldığı yerdən davam edəcəkdi, neçə canlar yıxacaqdı, neçə ömürləri məhv edəcəkdi. Bu "sxodka”nın sonu onsuz da Yavərin ölümü idi və özü də bunu hiss edirdi. Əsərin sonunda Yavərin dəli olması, bir oxucu kimi, məni suallarla üzbəüz qoydu. Bu adam doğrudanmı dəli oldu, yoxsa bu da Yavərin növbəti fəndi idi?.. Amma yəqin ki, yazıçı Yavəri bu formada ölümə məhkum edir. Ağlı itirmək ölümə bərabərdir. Dostoyevski "Cinayət və cəza" romanını Sibirdə cəza çəkib geri qayıdandan sonra, İsmayıl Qarayev "Sxodka" mikroromanını azadlıqdan məhrum olduğu illərdə yazıb. Yəni hər iki halda qələmə alınan hadisələr o mühitdəki yaşamın, müşahidələrin və gerçəkliyin özüdür.
– Yavər "vor” ola-ola "vorovskoy” aləmin qanunlarına xəyanət edir. Kamerada Tapdıqla üzləşəndə, hətta "vorlar”ın da xəyanətkar ola biləcəyinimi vurğulamaq istəyir?
Kriminal aləmin qanunlarını müəllif elə gözəl açıqlayıb ki. Əsərdən bir neçə sitat gətirəcəyəm. Məsələn – "Pristupnı mir"də ən məşhur oğrular belə, əliəyrilik eləmirlər, orda heç kim heç kimin heç nəyini, özündən icazəsiz götürməməlidir, götürənə "oğru” demirlər, "krısa" adı qoyurlar. Bu, ən murdar damğa, ən silinməz ləkə sayılır" , "Stajlılar" səhv etməməlidir, bunun böyüyü-kiçiyi, yüngülü-ağırı yoxdur..." , "Bura yalnız təmiz-düzgünlüyün, sərt gerçəkliyin, əyilməz, sınmaz, təslimolmazlıqda haqqı bilinən, tanınan, öz əzabkeş həmkarlarını təhqir etməyən, öz qanunlarından savayı heç bir qanuna boyun əyməyən "təmiz" oğlan yeri idi", "Çörəyin ən kiçik ovuntusu da qızıl kimi qorunur. Yerə düşdüsə, səcdə edilirmiş kimi qatlanıb yerdən götürülür, öpülüb gözün üstünə sıxılır. Bütün nemətlərə ehtiram buranın həyat qanunudur", "Xəstəni "prikol"a tutmurlar, xəstəyə toxunmazlar, xəstəni incitməzlər, xəstə yıxılmaq deməkdir, yıxılmaq – acizlikdir, acizi, yıxılanı ayaqlamazlar" ,"Vorovskoy"da "qrex'linin hər şeyi "podlo" götürülsə də, çörəyi götürülmür. Çörəyini yemək, içkisini içmək olar, lakin onunla bir süfrədə yox. Çörək yalnız "təmiz" oğlanlarla kəsilir" və s. Yəni Yavər kimi dönə-dönə türməyə düşüb-çıxan, bu aləmin qanunlarını bilən, "vor" olan adam özü qanunları pozur. Tapdığın bu sualı onu göstərir ki, istər orda, istərsə də burda qanunları yaradan da, qoruyan da qanunları poza bilirsə, özü özünə xəyanət edirsə, öz qurduğunu dağıdırsa, demək ki, insanlıqdan çıxıb. Müəllif həm də demək istəyir ki, hər üç dünyada – həbsdə, azadlıqda və hətta öləndən sonra belə – xəyanət bağışlanmır və cəzalandırılır. Qanun yaratmaq asandı, ona əməl etmək çətin – harda olmağından asılı olmayaraq, İnsanlıq qanunu pozulmaz.
– Yavərin ədalət hissini itirməyinə səbəb nə idi? Pul hərisliyi, həyatını itirməkdən qorxmağı və ya başqa hansı hadisə?
– Nyutonun belə bir fikri var: "İnsanlar ədədlər kimidir. O insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülür". Eynşteynin də bu fikri çox maraqlıdır: "Həqiqəti axtarmaq, onu əldə etməkdən daha qiymətlidir". Haqq-hesab, dəqiqlik, həqiqət riyaziyyatdır. Zverlə Tiqrin sualı da, əslində Yavərlə aparacaqları "sxodka”nın cavabıdır. Yavər hətta özünü də özünə vurub çıxa bilmir. Qəribədir ki, nəyin düz, nəyin səhv olduğunu da bilir. Amma, düşdüyü çuxurdan çıxış yox artıq. Yazıçı, oxucuda yaranan sualların cavabını da verib. Fikir verin – "Suların hamısı tərkibcə oksigenlə hidrogenin birləşməsindən ibarət olduğu kimi, sənin də varlığın anatomiya və fiziologiyaya görə hamınınkının eynidir. Çayların mənbəyindən mənsəbinə qədər görünən bir axın var, ortada sürət iti olur həmişə, o axındakı zərrələr, qətrələr dənizlərə, dəryalara qovuşur, qıraqlardakı lənglik aran düzənlərində o qədər yavaşıyır ki, bəzən suyun bir qolu, bir sısqası öz ana axınından başnağa, çökəyə tökülür, göllənir orda, "küsən" adlanır, "axmaz" adlanır, bircə yayda bataqlıq yaranır həmin "küsən"də, həmin "axmaz"da, bircə yayda iy verir həmin gölməçə, içində də ürək bulandıran hər cür həşərat. Sən də buna bənzəyirsən, insan! Həyatın, zamanın ümumi axınından çıxırsan, dövrün, tələbin hamı üçün eyni olan yönümündən sarpırsan, eldən, ellikdən uzaqlaşırsan, sənin tayların haralara gedib çıxır, sən isə "küsən"də, "axmaz"da qalırsan, saflığın itir, təbii – təbiətin dəyişir, ağlın başına gələndə isə o istiqamətə yön alıb o axına qovuşmağa sənin fiziki gücün çatmır. Onlar – atlı, sən piyada!..." Yavərin həm özünü, həm vicdanını, həm də ədalətini itirmə səbəbi budur. Düşdüyü mühit, nəfəs aldığı hava, gördüyü və götürdükləri.
– Əsərdə sevdiyiniz dialoq, məqam və ya bədii detal hansıdır?
– İstər dialoqlarda, istər məqamlarda yazıçının bədii təsvirləri, bənzətmələri, müqayisələri o qədər gözəl və dərindir ki. Məsələn bir neçə nümunə – "Ağılla gözün müştərək işi, birgəliyi olmayan məqamda, anda bağışlanması qeyri-mümkün hərəkətlərə, sözlərə yol verir adam...", "Yavər duydu ki, ona sadiq qalan təkcə gözləridir. Nə qədər istəsə baxa bilər...", "Adam acından ölər, adam əti yeməz...", "Sanki hava da qorxudan gizlənib...", "O, bir ölüm asmalığı olan qətl kəndiri altında nəfəs almalıdır...", "Sözünü yeyən adam, özünü yeyir həmişə. Sözü yemək pis şeydir hər üzünə...", "O, belə havanı heç yerdə, heç zaman duymamışdı, amma sövq-təbiisi ilə ona elə gəldi ki, qəbir, meyit havasıdır bu, bu havada həm də bir yoxluq ulayır...", "Dünyanın üzünü qaranlıq almağa başlayandan üzür, ondan bəri dünya neçə dəfə o üz-bu üzə çevrikib, dünya bir üzü üstə dayanmadığına görə Nuhun bu ağ gəmisi əylənmir, o vaxta qədər gedəcək ki, dünya birüzlü olacaq, dünya birüzlü olanda dünyadakıların da hamısı birüzlü olacaq...", "Qeyrət haqlılarda olur, qoruyur səni, döyüşdürür səni, vuruşdurur səni, çox zaman cəng-cidalardan qalib çıxarır səni, mübarizələrdə, müharibələrdə tuncdan-zirehdən tökülmüş qalaya döndərir səni, hər ox, hər nizə batmır sənə, hər partlayış dağıtmır, məhv etmir səni... Qeyrət yoxdursa səndə, canlı olsan da ölüsən".
Hər cümlə həm yazıçının zəngin dilidir, həm düşüncəsinin ucsuz-bucaqsızlığıdır, həm görmə bucağının fərqliliyidir, həm fəlsəfi və məntiqi nəticəsidir, həm də təsvirlərin mükəmməlliyidir. Bu cümləyə fikir verin – "Hamı çalışır, hamı vuruşur yaşamaq üçün, bu da ölməyin naminə qəsdir-qərəzdir, kin-kifirlilikdir, irişgənli-qırışqanlı sevgi-məhəbbətdir verilib insanlara ana bətnində, ata belində olarkən, elə ki, insan-vücud əti-damağı yara-yara çıxan hay-küylü, lakin o biri dişlərlə taylayanda az günlü-dirilikli ağıl dişi kimi üzə-açığa çıxır, görünməlikdə dayanır, dünyanın xasiyyətini götürür, dünya hansı üzlü-düzlüdürsə, hansı əyrili-əydəmlisə, o da eləcə olur". Təkcə bu cümlə yazıçı İsmayıl Qarayevin özünəməxsusluğunun, dilimizi hansı genişliklərə, dərinliklərə, rəngarəngliklərə apara bilməsinin və rəssam kimi, zərgər kimi dəst-xəttinin, üslubunun təkrarsızlığının göstəricisidir.
– Romanın müəllifin həyatı ilə bağlılığı nə dərəcədədir?
– Yazıçı İsmayıl Qarayev həbsxana həyatı yaşayıb. Sonra bəraət alsa da, bu aləmin içində olub və bu romanı azadlığa çıxandan sonra yazıb. Güclü müşahidə qabiliyyəti, hadisələri öz içindən keçirib qələmə ala bilmək səriştəsi, "Pristupnı mir"in bütün qayda-qanunlarını, dilini, hər üzünü zərgər dəqiqliyi ilə görməsi, hiss etməsi həm də yazıçı professionallığının nəticəsidir. Ona görə də, romanı oxuyanda hadisələrin gerçəkliyinə inanırıq. Hansı sahədə olmasından asılı olmayaraq, bütün sənət sahibləri oxucu, dinləyici, izləyici ilə səmimidirsə, dediyinə inandıra bilirsə, demək ki, yaratdığı yaşayacaq və onu yaşadacaq.

Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər