Alış-verişi səyyahlar vasitəsilə asanlaşdıran platforma sahibi - Startap
Eyvaz Hüseynov: "Əgər
startap layihəsinə başlayırsınızsa, müxtəlif riskləri nəzərə almalısınız”
Səyahət
etməyi sevir. Səyahət zamanı biri ilə tanış olmaq və pul qazanmağın daha
maraqlı olduğunu deyir. Elə bu ikisi onun layihəsinin ideyası olub. Düşünür ki,
əgər uğurlu olacağınızı düşünürsünüzsə, xəyallarınızın arxasınca getməlisiniz.
Bu zaman uğursuz olma ehtimalınız çox aşağı olacaq.
Müsahibim"Dünyanın ən yaxşı 50 startapı” siyahısında yer alan "Icanbring.it” startapının təsisçisi Eyvaz Hüseynovdur.
Eyvaz
deyir ki, ikinci kursda oxuyarkən artıq bəzi şirkətlərdə təcrübəçi kimi
işləməyə başlayıb: "Azərbaycan dövlət İqtisad Universitetinin biznesin təşkili
və idarə olunması fakültəsində təhsil almışam. O dövrdə hər sahə ilə
maraqlanır, özümü müxtəlif istiqamətlərdə inkişaf etdirməyə çalışırdım. Bir
sıra şirkətlərin marketinq, HR və digər departamentlərində köməkçi olaraq
işləyirdim. Təcrübəçi olaraq işlədiyim dövrdə, demək olar ki, heç bir ödəniş
almırdım. Çünki əsas məqsədim nə isə öyrənmək idi. Bir müddət sonra fərdi
olaraq layihələr yazmağa başladım. Bu müddətdə əksər layihələrim uğursuz
alınırdı. Bunun əsas səbəbi isə ideyalarıma ciddi yanaşılmamağı idi. Amma yenə
də ruhdan düşmürdüm. Bir müddət müxtəlif sahələrdə göstərdiyim fəaliyyətimlə öz
təcrübəmi artırmağa davam etdim. Bu zaman layihələrimin niyə uğursuz olması
səbəblərini araşdırır və bu problemlərə fokuslanırdım”.
Müsahibim,
təsisçisi olduğu "Icanbring.it” layihəsi haqqında da danışdı: "Icanbring.it”
xaricdən alış-verişi səyyahlar vasitəsilə daha da asanlaşdıran sosial
platformadır. Platformanın ideyası mənə məxsusdur. Belə ki, biz xaricə
gedənlərlə xaricdən nəyisə almaq istəyənləri bir araya gətirən körpü
yaratmışıq. Özüm də səyahəti sevdiyim üçün layihənin ideyasını fikirləşdikdən
sonra üzərində işləmək qərarına gəldim. Layihənin əsas məqsədi sosiallaşmanı və
ünsiyyəti təmin etməkdir. Məlumdur ki, xarici ölkədən hansısa məhsulu əldə
etməyin bir neçə üsulu var. Ya ölkəyə səfərə gedərkən o məhsulu ala, yaxud
həmin məhsulu xarici saytlardan sifariş edə bilərsiniz. Bir digər üsul isə xaricdə səfərdə olan
dostlarınızdan o məhsulu alıb sizə çatdırmasını xahiş etməkdir. Çünki əksər
elektron ticarət saytlarının ölkəmizə çatdırılma xidməti yoxdur. Karqo
vasitəsilə çatdırılmanı gözləmək isə uzun müddət vaxtımızı ala bilir. Belə olan
təqdirdə ən yaxşı üsul hansısa dostumuzun, istədiyimiz məhsulu alıb
gətirməsidir. Amma bütün ölkələrdə bizim dostumuz yoxdur. Bu zaman "Icanbring.it”
sizin köməyinizə çata bilər.
Platformamız
iki ana hissədən ibarətdir. Kimsə bəlli
bir rotasiya üzrə səyahət edirsə, səfərin detallarını platformada qeyd edir.
Həmin ölkədən hansısa məhsulu almaq istəyən, o şəxslə əlaqə qurur. İkinci
hissədə isə məhsul almaq istəyən şəxslər burada istədiyi ölkə və məhsul haqda
paylaşım edir. Səyyahlar da bu paylaşımlara göz gəzdirir, əgər onlara uyğun
olarsa, həmin məhsulu alır və sahibinə çatdırır. Məhsulun qiyməti isə tərəflər
arasında müzakirə olunur. Saxtakarlıq hallarının qarşısını almaq üçün xüsusi
metoddan istifadə edilir”.
Eyvaz
deyir ki, hələ ki, bu layihəyə Azərbaycanda o qədər də isti münasibət yoxdur.
Çünki karqo şirkətləri həddindən artıq çoxdur: "Amma xarici ölkələrə səyahət
zamanı biri ilə tanış olmaq və pul qazanmaq daha maraqlıdır. Ona görə də bu
kimi layihələrə maraq göstərənlər çoxdur. Hazırda Türkiyə, Rusiya, və Şərqi Avropa bazarlarında
fəaliyyət göstərən "Icanbring.it” və bu günə qədər 800-dən çox istifadəçi ilə 120 uğurlu sifarişi həyata
keçirib”.
Həmsöhbətim
deyir ki, indiki dövrdə startap layihələrin müəllifləri başlanğıcda maliyyə
məsələsinə önəm verirlər. Ancaq hər şey pul demək deyil: "Önəmli olan,
layihənizi bir mərhələyə gətirib çıxarmaqdır. Bu mərhələdən sonra layihə özü
sizə gəlir gətirəcək. Yəni maliyyə məsələləri sonradan həll olunur”.
E.Hüseynovun
sözlərinə görə, startapların uğur qazanması daha çox insan faktorundan
asılıdır: "Startap insandan iradə və səbir tələb edir. Əgər bir şeyi həqiqətən
istəyirsinizsə, bütün vaxtınızı ona sərf etməlisiniz. Əgər layihənizin uğurlu
olacağını düşünürsünüzsə, onun arxasınca getməlisiniz. Bu zaman uğursuz olma
ehtimalınız çox aşağı olacaq. Bu, tək Azərbaycanda deyil, bütün dünyada
belədir. Mən özüm də hər zaman bu düşüncə ilə hərəkət etmişəm”.
Gənc startapçı
deyir ki, risk anlayışı bu sahədə bir qədər fərqlidir. Əsas məsələ risk
anlayışı və yanaşma tərzidir: "Əslində bütün işlərdə, münasibətlərdə risk az və
ya çox dərəcədə var. Startap da bu risklərdən biridir. Əgər startap layihəsinə
başlayırsınızsa, müxtəlif riskləri nəzərə almalısınız. Nəzərə alın ki, siz bu
zaman pulunuzu və ya vaxtınızı itirə bilərsiniz. Önəmli olan, sizin bunlardan
hansına daha çox üstünlük verməyinizdir. Bəziləri deyir ki, heyf, o qədər pulum
getdi, bəziləri isə deyir ki, kaş o qədər vaxt itirməzdim. Startapda əsas
risklər məhz bu iki amildir”.
Deyir ki,
bir çox xarici ölkələrdə olduğuna görə, yerli və xarici ekosistemlərə az və ya
çox dərəcədə bələddir: "Bizdə bu sahə hələ ki, yeni-yeni inkişaf etməyə
başlayır. Ona görə də, müxtəlif problemlər mövcuddur. Əsas məsələlərdən biri
bazarın kiçik olması ilə bağlıdır. Məncə, yerli ekosistemdə ən böyük
çatışmazlıq məhz budur. Amma tam olaraq neqativ fikirlər də səsləndirmək olmaz.
Görülən işlər bu sahənin gələcək inkişafından xəbər verir. Təbii ki, bu da gənc
startapçılar üçün həvəs yaradır. Qeyd etdiyim kimi, bu sektor bizdə təzə olduğu
üçün bir çox gənclər startapa meyllənir. Amma bu, yarış deyil. Yəni hər birimiz
uğur qazanacağıq deyə bir şey yoxdur. Hər kəs öz yolunu özü müəyyən etməlidir.
Önəmli olan bir ideyaya başlamazdan əvvəl özünüzü buna hazır hiss etməkdir”.
Sonda
Eyvaz Hüseynovdan gələcək planları haqda da soruşduq: "Gələcəklə bağlı plan
qurmağı sevmirəm. Çünki gələcək qeyri-müəyyəndir. Ona görə də, indidən gələcək
barəsində nə isə demək düzgün deyil.
Sadəcə olaraq bəzi hədəflərim var. Əsas məqsədim indiyə qədər etdiyim kimi
gələcəkdə də inandığım və bacardığım ideyaların arxasınca getməkdir. Fərqi
yoxdur, uğurlu, yaxud uğursuz olacağam. Önəmli olan, inandığım işi görməkdir”.
Şəbnəm Mehdizadə