• cümə axşamı, 28 mart, 17:20
  • Baku Bakı 16°C

Alis Munrodan məsləhətlər

02.10.17 10:00 10364
Alis Munrodan məsləhətlər
Nobelli yazar Kanadanın Ontario əyalətinin Klinton şəhərində ikinci həyat yoldaşı Cerri Fremlinin doğulduğu evdə yaşayır. Arxasında böyük bağçası, qeyri-adi gülləri və ağacları olan evdə. Munro ətirli və özünün becərdiyi tərəvəzlərlə hazırlanan sadə yeməkləri özü bişirir. Qonaq otağının divarları isə döşəmədən tavan kimi kitablarla çəpərlənib, bir küncdə isə kiçik yazı masası var, burada Munro işləyir. Orada olduğumuz üç gün ərzində müsahibələrimiz on doqquzuncu əsr memarlıq nümunəsi olan Bedford otelində kiçik bir otaqda reallaşdı. Munor və əri Klintondan 20 mil uzaqlıqda yerləşən Qodriçdə böyüdüklərindən onlar yemək yediyimiz, həsəd apardığımız və yanından keçdiyimiz hər binanın tarixini bilirlər. Kanadadakı sonuncu səhəri Munronun böyüdüyü evdə oluruq. Atasının tikdiyi bu gözəl, üstü kirəmitlı evin qapıları "Ağ örtük”, "Həyat yoldaşımla necə tanış ola bilərəm” kitablarında oxuduğumuz o nəhəng sahəyə açılır. Munro olduğumuz hər yerdə birdir, zərif və yumoristik bir səssizlik var onda. Munro, "Açıq Sirlər” ("Open Secrets”), "Qızların və qadınların həyatı” ("Lives of Girls and Women”), "Şən kölgələrin rəqsi” ("Dance of happy shades”), "Gənclik dostu” ("Friend of my youth”) kimi onlarla hekayə toplusunun müəllifidir. Bu sadə görünə bilər amma onun yazdıqlarında illər və böyük ustalıq tələb edən sadəlik var. Sinta Ozik dediyi kimi: "O bizim Çexovumuzdur və müasirləri arasında ən çox oxunan yazar olmağa iddialıdır”. Bu dəfə sizinlə dünyanın yaşayan ən uğurlu qısa hekayə müəllifinin ədəbi məsləhətlərini bölüşürük.
· Həyatda nəsə ciddi bir şeyin baş verdiyi bircə yer var. Qalan hər yer eynidir.
· Hekayə izlənməli olan bir yol deyil. O daha çox evə bənzəyir. Evə daxil olur, bir müddət qalır, ev əhlini tanıyır, böyük təəssüratlarla ordan ayrılırsınız. Sonra isə gördüklərinizi təsvir edirsiniz.
· Özümüz bu qədər yalan danışdığımız halda niyə başqaları yalan danışanda təəccüblənir, təəssüflənirik.
· Çox vaxt hekayəyə yaddaşımdan, bir hadisədən, lətifədən başlayıram, sadəcə sonluq yaşandığı kimi olmur.
· Əgər insan üçün nəzərdə tutulmasaydı, həyat füsunkar bir şey olardı.
· Xatırlamaq özünə öz hekayələrini danışmaqdır.
· Yaşa dolduqca içimdə bir ehtiyac artır – xoşbəxt sonluqlar.
· Gənclikdə insan – bacarmamaq məfhumunu anlamır. İnsanın içində hər şeyin öhdəsindən gələcəyinə inandıran bir başqa adam yatır sanki.
· Böyük həyətyanı sahəsi, çoxlu adamı, işçisi olan bir evdə yaşamışam. Ordan çıxandan sonra özümə söz verdim – bir daha əsla həyatımı, arzularımı və yaradıcılığımı kölgədə qoyacaq qədər böyük bir evdə yaşamayacağam.
· Ev işi görmək məni heç vaxt narahat etməyib. Məni narahat edən vərdiş halına keçmiş bu işlərin bir müddət sonra həyat tərzinə çevrilməsidir. Evdar qadın olanda həyatın qalan bütün sahələri ilə arana divar tikirsən. Bu heç də paltar yumaq kimi primitiv məsələ deyil.
· Boşluqlar qoymağı sevirəm. Demək olar ki, bütün hekayələrimdə var. Çünki həyatda da belədir – boşluqlar olmazsa, yeni yollar tapa bilməzsiniz.
· Yaradıcılığımın ilk illərində yazdığım hekayələri oxuyanda bir çox çatışmazlıq görürəm. Məsələn, elə şeylər var, bilirəm ki, indi yazsam, əsla o cür yazmaram, orda istifadə olunan üsullar, artıq köhnəlib.
· Nəyinsə üzərində işləyirəmsə, yəni hələ tamamlanmayıbsa, heç kimə göstərmirəm.
· Kollecə gedəndə artıq məni yazar kimi tanıyırdılar. Çünki pulum yox idi, başqa nəsə ola bilməzdim.
· Uşaqlar balaca olanda, ancaq onlar məktəbə gedəndə yazmağa vaxtım olurdu. Həmin illər ən ağır işlədiyim illər olub. Ev işlərini görürdüm, sonra yazırdım, kitab mağazasında işləyirdim.
· Mükəmməl, həmişəyaşar, aktual olmaq istəyən hər hekayə, adətən, öz içində dəyişə-dəyişə gedir. Məsələn, indi yazdığım hekayə özümə də soyuq gəlir. Hər səhər onun üzərində işləyirəm. Çünki hələ ki, bəyənmirəm. Amma bilirəm ki, bir nöqtədə o dəyişəcək.
· Adətən, bir hekayəni yazmadan öncə həmin hekayələri yaşayan adamlar tanıyıram.
· Yazmaq üçün xüsusi bir iş rejimim yoxdur, hadisələr, təsvirlər ağlıma gəlməlidir ki yazam. Beynimdə canlanan şeyləri yazmağa başlayanda tamamilə hekayənin içində oluram. Elə olur ki, bir gün yazıram və düşünürəm ki, bu əladır, həmişəkindən daha çox yazmışam, hansısa bir əskiklik də görünmür. Səhəri gün oyanıram və nəsə hiss edirəm ki, artıq o hekayə üzərində işləmək istəmirəm. Həmin hekayəni davam etdirməyə qarşı məndə dəhşətli istəksizlik var, onu davam etmək üçün mütəmadi özümü məcbur edirəm, onda bilirəm ki, gedişat, süjetlə bağlı nəsə yolunda deyil, nə isə yanlışdır. Ümumiyyətlə, hekayənin dörddə üçü yazılıbsa, artıq istədiyimə çatmışam demək. Amma bayaq dediyim kimi hiss edirəmsə, o hekayəni silirəm. Sonra bir-iki gün depressiyada oluram, sağa-sola fırlanıram, yaza biləcəyim yeni bir şey haqqında düşünürəm. Lakin çox vaxt mənim məhz sildiyim hekayə ilə bağlı ağlıma nəsə gəlir, onu necə yazmalı olduğumu görürəm. Çox vaxt "bunu unut, işə yaramır” dediyim hekayələrdə belə olur.
· Kiçik şəhərlərdə, qəsəbə tipli yerlərdə yaşamağı sevir və üstün tuturam. Kiçik şəhərdə yaşayırsınızsa, müxtəlif tip insanlar tanımaq və təbii olaraq, fərqli hekayələr eşitmək şansınız yüksəkdir. Meqapolislərdə öz sinfinizdən, yaxın ətrafınızdan olanları tanıyır, oxşar əhvalatlar eşidirsiniz.
· Çox az hallarda təxəyyüldən, xəyal gücündən istifadə edirəm. Yazdıqlarımın əksəriyyəti sadə müşahidələr nəticəsində alınan hekayələrdir. Məsələn, bəzən Uilyam Makvell kimi, sadəcə geri qayıdır, öz uşaqlığınızdan istifadə edirsiniz, yaşadığınız hadisələri gözünüzün önünə gətirib, hekayədəki hadisələrin süjetinə çevirirsiniz. Bəzən isə elə bu günə baxırsınız, lazımı materialları öz övladlarınızın yaşadıqlarını müşahidə etməklə toplayırsınız. Məncə, elə ən məsləhətlisi daha çox müşahidə etməklə topladığınız hadisələr əsasında hekayə yazmaqdır.
· Evlilik bitdikdən sonra eyni və ortaq çevrədə qalmaq çox çətindir.
· Heç vaxt yazmaqla bağlı fikirlərimin sərhəddi daxilində qərar qəbul etmirəm. Heç zaman qadağa qoymaram. Əksəriyyətin nəzərdə tutduğu "yazmaq üçün əlverişli şərait, əlverişsiz şərait” anlayışlarını dərk edə bilməmişəm. Bunlar mənim üçün səbəb olmayıb. Yazmağa mane olan tək şey digər işlərdir. Əgər qadınsınızsa, bu daha pisdir. İlk evliliyimdə yaşadığım və ruhuma sığışdırmağa çalışdığım zəiflik o qədər çox idi ki, bu məni sındırdı.
· 30 yaşıma kimi qiraət həqiqətən də mənim bütün həyatım idi. Cənubi Amerika yazıçılarının əsərləri məni hərəkətə gətirdi və mən əmin oldum ki, mən sadə kənd həyatından, insanlarından və yaşadığım həyatda mənə çox yaxşı məlum olan şeylərdən də yaza bilərəm.
· Həftənin yeddi günü yazıram, səhər saat yeddidən saat 11-ə kimi yazıram. Sonra bir müddət digər işlərlə məşğul oluram. Axşama kimi qısa fasilələrlə yazıram. Yatana kimi. Harasa getməliyəmsə, xüsusi məclislər varsa, həmin günlərin payına düşən iş saatlarına əvvəlki bir neçə gün arasında bölürəm və ya həmin gün gedənə kimi ancaq işləyirəm. Bu məndə məcburi deyil, instinktivdir. Hətta hər gün 3 mil gəzinti də instinktivdir.
· Ədiblər haqlıdır – yazmaq çətin işdir. Amma insanın hər gün məşğul olduğu və üstəlik sevərək məşğul olduğu iş bir müddət sonra sanki öz çəkin kimi bir şey olur, yüngülləşir.
· İnsanların qısa hekayəni, həqiqətən də, xüsusi bir janr, sənət növü, ədəbiyyatın ayrıca bir qolu kimi görməsini çox istəyərdim. Hamı elə bilir ki, qısa hekayə roman yazmaq üçün tərtib olunan qısa sxemdir. Kimsə bu sxemi romana çevirə bilmirsə, qısa hekayə adı ilə ədəbiyyata sırıyır. Halbuki arada nə qədər böyük fərq var. Bəzən insanlar bir duyğunu, fikri izah etmək üçün saatlarla danışır. Halbuki bütün dərin duyğularını bircə sözlə, cümlə ilə ifadə edə bilənlərə vuruluruq. Romanla qısa hekayə də eyni ilə bu nümunəyə uyğun gəlir.
· Dəlilik, çılğınlıq və şıltaqlıqla qovuşmadıqca qadındakı güc heç də cəlbedici görünmür.
· Bir yazıçıya vurulmuşsunuzsa və o, daha çox aşiq olandırsa, sizi ölüm də məğlub edə bilməz. Şairlə sevgili olmaq xoşbəxt ölmək deməkdir.
· Sözlərlə ehtiyatlı davranın. Bir dəfə ağızdan çıxdılarsa, onları ancaq bağışlamaq olar, unutmaq yox.
· Yaxşı hekayələr insan ruhundakı qarışıqlıqları, qaranlıqları həll etmir. Onun gücü ancaq insanın içindən çıxa bilmədiyi hadisələrin həllinə aparan tuneli göstərməyə çatar.
· Kişinin ən böyük qorxusu sevmədiyi qadının sevgisi ilə oyanmaqdır.
· Yazarların həyatını cəhənnəmə çevirən arada qalmaqdır – məsələn, hər səhər dünyanı dəyişdirməyə yetəcək enerji ilə oyanıb, ondan olduğu kimi ləzzət almaq reallığından, məcburiyyətindən yorulmuşam.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər