• cümə, 19 Aprel, 12:33
  • Baku Bakı 25°C

Ali vəziyyət

11.09.19 11:00 781
Ali vəziyyət
Hər nəsnənin üstündə, içində və ya eşiyində bir nəsnə mövcuddur. Bəzən bu nəsnə eyni anda hər üç boyutda ola bilir. Ancaq məsələ onun harada olması deyil, nə olmasıdır. Elm bu günlərə qədər onun nəinki adını qoymamış, heç belə bir şeyin mövcudluğunu təsdiqləməmişdir. Din isə qismən onun adına "ruh” demiş və elə qismən də onu təsdiqləmişdir.
İndi isə vəziyyət tamamilə başqa cürdür. Dinlə işim yoxdur. Ancaq elm belə bir nəsnənin var olduğunu nəinki etiraf edir, hətta onu sübut etməyə çalışır. "Ruh” kəlməsi mücərrəddir və elmin karına gəlməz. Ümumiyyətlə, mücərrəd düşüncə heç bir zaman elmi təfəkkür sferasına daxil ola bilməyib. Lakin o "ruh”un həqiqətən nə olduğunu, gerçəkdə nə demək olduğunu, hansı funksiya və ya funksiyalar daşıdığını elm adamları yavaş-yavaş çözməyə başlayıblar.
Elmdə o nəsnənin hələlik məlum olan adı "Higgs bozon”udur. Bu ad onun haqqında ilk elmi fərziyyəni irəli sürən alim Higgsin adı ilə bağlıdır. Alimlər arasında onun başqa bir adı da var; elm adamları ona zarafatla "Tanrı parçacığı” da deyirlər. Əslində isə bu ifadə ən başında "lənətə gəlmiş parçacıq” şəklində idi. Çünki belə bir maddənin varlığını görürdülər, ancaq nə olduğunu hələ də çözə bilmirlər. Ancaq bizə görə, əsas olan varlıq özüdür. Yəni onun görünməsi, eşidilməsi, duyulmasıdır. Onun nə demək olduğunu anlamaq isə sonrakı mərhələdir. Bu mənada qlobal dünya elmi 20-ci əsrin ortalarından bu yana tarixdə irəliyə doğru misli görünməmiş bir sıçrayış etmişdir. Yəni elm artıq qeyri-maddənin, daha doğrusu, anti-materiyanın mövcudluğunu qəbul etmişdir.
Elm nədir? Öncə riyazi hesablamalarla, sonra isə laboratoriya sınaqları ilə hər şeyin ciddi halda dərk edilməsinə xidmət edən insani bir keyfiyyət. Bizim bu anda elmə verdiyimiz tərif bundan ibarətdir. Elmin xaricində isə aləmin dərk olunmasına xidmət edən və ya bunu iddia edən hər bir şey qeyri-ciddidir və ağıllı, düşüncəli, praqmatik, çevik insan zəkasına heç bir zaman təsir edə bilməz. Ciddi olan sahə, yəni hesablayıcı elm isə həmin o anti-materiyanın, yəni əsrlər boyu elmin özü tərəfindən varlığı qəbul edilməyən və alimlər tərəfindən bir qədər də ironiya ilə qarşılanan nəsnənin varlığını qeydə almışdır. Qeyri-maddi olan bir şey materialist fəlsəfənin təməllərinə ziddir. Maraqlıdır ki, elm özü məhz elə materialist fəlsəfəyə söykənir. İndi isə vəziyyət gözlənilməz bir şəkildə və bu günə kimi heç bəlli miqdarda əldə edilməmiş qədər çox dəlillərlə dəyişmişdir. Ancaq yanlış anlaşılmasın. Bu o demək deyil ki, elm artıq idealist fəlsəfə ilə yüklənmişdir. Belə düşünsək, potensial səhvə yol vermiş olarıq. Elmi təfəkkürdə belə bir şey mümkün deyil. Nə Hegel, nə Kant, nə də Nitsşe metodu ilə anti-materiyanı əsaslandırmaq olmaz. Materializm kimi, idealizm də artıq tarixə qovuşmaq üzrədir. Artıq bu gündən sonra biz idealizmi də materializmi də muzeylərdə eksponat olaraq görəcəyik – necə ki, onlardan öncəkilər tarixə gömülmüşdü.
Fəqət bu qeyri-maddi olan nəsnə haradadır, necə hiss olunur, nə ilə görünür? Bunlar hamısı hələlik cavabı tam və ciddi şəkildə açıqlanmamış sualdır. Açıqlanan isə budur ki, həm bütün qalaktikada, həm insanın və həm də başqa canlıların vücudunda, o cümlədən mikro aləmdə və eyni zamanda bunların hamısının, yəni hər şeyin içindəkilər onun kütləsinin çox az bir hissəsini təşkil edir. Yəni məsələn, insanın bütün orqanlarını, dərisini, sinir damarlarını, bədənindəki suyu və ümumiyyətlə, insanda olan hər şeyi milliqramına qədər ölçsələr, görərlər ki, bunların hamısı bir yerdə insan kütləsinin cüzi bir hissəsidir. Daha doğrusu, bunu ölçüblər. Nəinki insanı, hətta Yer kürəsini, digər planetləri, bütün qravitasiyanı ölçərək, bu nəticəyə gəliblər. Yuxarıda dediyimiz kimi, ilkin elmi açılışlar riyazi hesablamalarla baş tutur. Bundan sonra alimləri heyrət bürüyüb ki, bəs bütün qalaktikanın məlum kütləsinin çox böyük bir hissəsini təşkil edən o digər şey nədir, hardadır, necə bir şeydir?! Həqiqətən də heyrətə düşüləcək bir mətləblə üzbəüz dayanmışıq. Maddəyə kütlə qazandıran o şey nədən ibarətdir?! Və bu sualların cavabını axtarmağa başladılar. Əsas məqsəd isə böyük partlayışdan bir neçə saniyə sonra nə baş verdiyini öyrənə bilməkdir. Çünki, yaradılışın necə və nədən ibarət olduğunu dərk etdiyimiz zaman, bizim həyata və kainata baxışımız kökündən dəyişəcək.
Dəyişmək isə hərəkətlə düz mütənasibdir. Çünki termodinamikanın ikinci qanununa görə, geriyə doğru hərəkət mövcud deyil. Yəni keçmişə dönmək qeyri-mümkündür. Hərəkətin oxu bir ucludur. Gələcəkdə isə nə olacağı, necə olacağı bəlli deyil. Elə bu "bəlirsizlik”, yəni qeyri-müəyyənliyin özü dəyişimi təmin edən başlıca amildir. Fəqət, anti-materiya anlayışı məkan və zaman anlayışına ziddir. Çünki məkanı olan və beləliklə də bir zaman qazanmış olan şey materiyadır. Deməli, anti-materiya belə xüsusiyyətə malik deyil. Onun üçün keçmiş, bu gün və gələcək terminləri şərti və nisbi xarakter daşıyır. O, keçmişə də gedə bilər, gələcəyə də. Bundan başqa, o, eyni zamanda həm keçmiş, həm də gələcək ola bilər. Halbuki "o” dediyimiz şeyin özü məfhum olaraq indiki zamanda dərk olunur. Deməli üç zamanın üçü də anti-materiyanın təkzamanlı xassəsinə ziddir. Ümumiyyətlə, onun təkcə zamanı yox, hər şeyi təkdir, təktərkiblidir. Ancaq bu təkliyin özü də say deyil, yəni bir deyil. Bir olan, yəni sayıla bilən şey materiyadır. Həmin bir, sonra iki, üç, dörd və daha çox ola bilər. Çoxalma, yəni bir mənada parçalanma, ümumiyyətlə, materiyanın əsas xassələrindən biridir. Həmin o şey isə nəinki parçalanmır, nəinki çoxalmır, hətta bir kütləyə belə sahib deyil. Bəli, anti-materiya kütləsizdir, ancaq bütün materiyaya kütlə qazandıran bir nəsnədir. Necə olur ki, kütləsi olmayan bir şey ən böyük kütlənin daşıyıcısıdır. Bu paradoksun kökündə nə yatır? Bəlkə, elm adamları heç onu əldə edə bilməyəcəklər? Çünki ümumfiziki məntiqə görə, kütləsi olmayan bir şeyin görünmə ehtimalı da sıfıra bərabərdir. Ancaq alimlər deyəsən onu əldə etmək üzrədirlər!
Tərkibi bəsit olan, daha doğrusu, tərkibi olmayan, bəlkə də bizim tərkib anlayışımızın xaricindəki bir tərkibə sahib olan varlıq həm də insanın böyük bir parçasını təşkil edir. İnsan zaman-zaman o parça ilə bütövləşir. Yəni insan maddi, material bir varlıq olaraq, qeyri-maddiyə, anti-materiyaya çevrilə bilir. Bunu alimlər hələlik mikroaləm üzərində dəqiqliklə sınaqdan keçirə biliblər. İnsanlar üzərində isə bu sınaq əsrlərdir ki, aparılır! Ancaq bundan nəinki elmin, heç o sınağı aparanların özlərinin də xəbəri yoxdur.
Əvvəlcə, o nəsnənin duruşu, gətirdiyi vəziyyət haqqında danışaq. Elmdə bu duruşa, "super pozisyon” deyilir. Biz onu azərbaycan türkcəsinə uyğunlaşdıraraq, adına "ali vəziyyət” deyirik (bəlkə də ölkəmizdəki kuantum fiziklərinə bu termin lazım olacaq). Bu vəziyyətin, bu "pozisyon”un əmələ gəlməsinə səbəb məhz materiyanın anti-materiya ilə bütövləşməsidir. Məsələn, məşhur "qoşa yarıq” sınağı zamanı məlum oldu ki, bir elektron iki yarıqdan eyni zamanda keçə bilir. Sonra isə dalğavari bir vəziyyət yaradır. Bu necə ola bilər? Alimlər məhz elə bu sınaqdan sonra həmin o "super pozisyon” terminini işlətməyə başladılar. Yəni maddə və deməli, bütün materiya zaman-zaman ali vəziyyətə gəlib çıxa bilir. Ancaq niyə məhz mikroaləmdə müşahidə edildi bu hadisə? Elə məsələnin düyünlü tərəfi də bu "müşahidə” kəlməsindədir. Məsələ burasındadır ki, alimlər elektronun eyni anda iki yarıqdan necə keçdiyini anlaya bilmək üçün həmin sınaq aparatına müşahidə kamerası yerləşdirirlər. Nəticə isə bütün elm aləmi üçün şok effekti yaradır. Buna effekt də demək olmaz. Alimlər həqiqətən də şoka girirlər! Elektron sanki özünün müşahidə edildiyini görür və adi hərəkətə, yəni bizim anlayacağımız hərəkətə keçir – eyni anda iki yarıqdan deyil, bir tək yarıqdan keçir. Bunu alimlər hələ də anlamırlar. Adına isə "çökmə əməliyyatı” dedilər.
İndi isə gələk makrodünyaya – daha doğrusu insana. Biz yuxarıda iddia etdik ki, insan zaman-zaman özündəki anti-materiya ilə birləşərək, ali vəziyyətə, yəni "super pozisyon”a keçə bilir. Bu, sadəcə iddia deyil, göz önündə baş verən hadisələrdir. Onu da dedik ki, bu sınaq əsrlər boyu insanlar üzərində aparılmışdır. Ancaq yenə də dediyimiz kimi, həm o sınağı aparanlar, həm də onun bir parçası olanlar bunun elmi şəkildə nə olduğunu bilməmişlər. Fəqət, belə demək mümkündürsə, onun da öz elmi olmuşdur. Məsələn, Ənəlhəq! Bu ifadəni işlədən təsəvvüf dərvişləri hal və trans məqamında həmin ali vəziyyətə daxil olurlar. "Olurlar” deyirəm, çünki, bu olaylar bu gün də baş verir. İnanmayanlar sıradan bir internet videosunu seyr edərək, Şərqdəki bəzi sufi təriqətlərinin zikrlərini, semahlarını görə bilərlər. Belə ki, onlar həmin transa girdikləri zaman müxtəlif kəsici, deşici alətlərlə, hətta müasir odlu silahlarla özlərini vuraraq, heç bir xəsarət almadan, ölüm və şikəstlik aktı qeydə alınmadan zikr və semaha davam edirlər. Onları kənardan müşahidə edənlər isə bunun necə baş verdiyini anlamırlar. Ən maraqlısı isə odur ki, həmin dərvişlər o təkyədən, o zikrdən ayrıldıqdan sonra sıradan bir maddi varlığa, insan materiyasına geri dönürlər. Bu zaman isə həmin kəsici, deşici alətlərdən istifadə etsələr, hamı kimi onlar da ya ölər, ya da ciddi xəsarət alarlar. Deməli, "hal”, "zikr”, "sükr”, "ilahi məstlik” dediyimiz həmin o durumlar məhz ali vəziyyətin tam olaraq özüdür. Çünki həmin anda o insanlar məkan və zaman çərçivələrindən kənara çıxaraq, vücudlarındakı "Higgs bozon” ilə birləşir və necə deyələr, "tanrı parçacığı”na çevrilirlər. Elə məhz bu məqamda ifadə edilən "Ənəlhəq” – "Mən Allaham” kəlməsi heç də məntiqsiz görünmür. Nəsimini, edam zamanı "Ənəlhəq” deməyə vadar edən məhz girdiyi həmin o "super pozisyon”, həmin o ali vəziyyətdir. Nəsimi materiyadan anti-materiyaya çevrildi və:
Bulmuşam Həqqi, "Ənəlhəq” söylərəm,
Həq mənəm, Həq məndədir, həq söylərəm! – dedi.
Və öz qənaətində qətiyyən yanılmamışdı. İndi elm adamları elə həmin nöqtəyə gəlib çıxıblar ki, Nəsimi və nəsimilərin düşdüyü ali vəziyyət məhz onların əldə etdikləri anti-maddə sayəsində mümkün olmuşdur. Zatən, yaradılış aktı da bunu diktə edir ki, yaradan özünü yaratdıqlarına verdi. Yəni onlara öz nəfəsini, daha dəqiq desək, özünü üfürdü.
Elm isə bu gerçəkləri heç bir şairanə, mistik, dini kateqoriyalar olmadan, hesablama məntiqi ilə öyrənmə çalışır. Biz isə məhz onların tərəfindəyik. Əvvəla ona görə ki, bilgi heç bir zaman qarşısı alına bilməyəcək bir prosesdir. İkincisi isə hər bir bilgi ancaq və ancaq faydalıdır.
Yuxarıda adını çəkdiyimiz müşahidə aktının çökməyə, yəni ali vəziyyətin dağılmasına səbəb olması isə tamamilə başqa bir mövzudur. Lakin qısa şəkildə onu ifadə etmək istərdik ki, problem müşahidənin özündə yox, müşahidə edənin kimliyindədir. Belə ki, həmin dərvişlərin zikr mərasimlərinə əksər zamanlarda yad adam, özlərinin ifadə etdiyi kimi "naməhrəm” daxil ola bilməzdi. Çünki kənar müşahidə çökməyə səbəb olur. Əslində isə dediyimiz kimi, "kənar” olan şey müşahidə yox, müşahidəçidir. Belə ki, orada həmin dərvişləri müşahidə edən bir sürü başqa dərvişlər vardır. Ancaq onlar necə deyərlər, "məhrəm”dirlər. Elə ərəb dilindəki "məhrəm” ifadəsi də "həram”, yəni yaxın olan, içində olan anlamındadır. Deməli, "qoşa yarıq” sınağını müşahidə etmək istəyən alimlər onun gerçək mahiyyətini öncədən bilsəydilər, onların müşahidəsi zamanı "çökmə əməliyyatı” baş verməzdi. Ən azından biz belə düşünürük. Bu düşüncənin nə dərəcədə həqiqət olub-olmadığını anlamaq isə zamanın işidir.
Ali vəziyyət həm də ilhamdır, vəhydir, həvalədir. Biz düşünürük ki, dindəki vəhy məsələsi də məhz peyğəmbərlərin "super pozisyon” aldıqları zaman baş vermişdir. İndi peyğəmbərlik institutları yoxdur, ancaq şairlik, bəstəkarlıq, rəssamlıq, alimlik hələ də mövcuddur. Məhz yaradıcı şəxsiyyətlər elə həmin ali vəziyyətə düşdükləri zaman bir şeylər ortaya çıxır ki, nəinki başqaları, heç onların özləri də bu vəziyyətdən çıxandan sonra o əsərləri təkrar yarada bilmirlər. Bunlar faktdır. Ancaq bu faktların nə ilə, necə izah olunması, daha doğrusu, ali vəziyyətin nəzəri strukturunu öyrənmək də gələcəyin işidir. İndilik isə bizə düşən, materiyanın xaricində, eyni zamanda daxilində mövcud olan, ona kütlə qazandıran, onu var edən anti-materiyanın varlığını qəbul etməkdir. Onsuz da onun varlığı elmi cəhətdən sübut edilib – biz onu qəbul etsək də, etməsək də...
İnsan, kainat, bütün canlılar, bütün qalaktika özündə olanlardan qat-qat artıq bir şeyə sahibdir ki, o şey onun kütləsini tamamlayır. Bu da bizim ümumiləşmiş son cümləmiz!

Fəxrəddin Salim

banner

Oxşar Xəbərlər