Ali məktəblərə qəbulda yeni qaydalar - ARAŞDIRMA
Ekspertlərin Dövlət İmtahan Mərkəzinin ixtisas qruplarına təklif
etdiyi növbəti dəyişikliklərlə bağlı
fikirləri haçalanır. Təklif müəllifləri narahatlığa əsas görmür, Təhsil
Nazirliyi yanında İctimai Şuranın sədr müavini isə narahatdır.
Növbəti qəbul imtahanlarında III ixtisas qrupu üzrə
imtahan verəcək şəxsləri yenilik gözləyir. "Beynəlxalq münasibətlər” və
"Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq
III ixtisas qrupuna daxil edilib. Qərarla III qrupda dil-tarix (DT) və
tarix-coğrafiya (TC) altqrupu yaradılıb. Baş verən dəyişiklik ixtisas qrupları
üzrə altqrupların bərpasını gündəmə gətirib. Bu dəyişiklikdən irəli gələrək,
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanmış,
Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, 2022-ci ildən etibarən III
ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC)
altqruplarına bölünməsi nəzərdə tutulur.
İki fərqli qrup
İxtisaslar üzrə altqruplar nə deməkdir? İxtisas
qrupları üzrə altqrupların yaranması qəbul imtahanlarına hansı yeniliyi
gətirəcək? Ən əsası, qərar tələbə adını qazanmaq istəyən 3-cü qrup ixtisası
üzrə abituriyentlərə hər hansı çətinlik yaratmayacaqmı?
Təhsil eksperti Qoşqar Məhərrəmov belə izah edir: "Altqrup - qrupun altında iki fərqli qrup anlamına gəlir.
Bu, daha detallı təsnifatdır. Belə ki, ixtisas qruplarının (I, II, III, IV, V)
- hər birinin altında alt qruplar meydana gətirilir. Yəni bu alt qruplarda fənlərdən
tarix, coğrafiya seçənlər - altqrupa daxil olan başqa fənlərdən, dil, tarix
seçənlər ayrı fənlərdən imtahana gedəcək. Bununla da məsələni daha da
spesifikləşdirməyə, qollandırmağa çalışırlar”. Ekspertin sözlərinə görə, əgər
şagird İT mühəndisliyi sahəsinə getmək istəyirsə, "İnformatika” imtahanına
gedəcək və bu imtahanın balları qəbul zamanı ona müsbət mənada dəstək olacaq.
Və yaxud "Regionşünaslıq” və ya hüquqşünas ixtisasına gedəcəksə, əlavə
coğrafiya imtahanı verəcək və bu onun qəbul şansını daha da artıracaq.
İxtisasa uyğun olaraq
Qeyd edək ki, qəbul imtahanlarında baş verəcək
dəyişiklik birmənalı qarşılanmır.
Dövlət İmtahan
Mərkəzindən mövzu ilə bağlı "Kaspi”nin
sualını cavablandıraraq qeyd edirlər ki, mətbuatda yer alan "ixtisas qrupları
üzrə əvvəlki illərdə ləğv edilmiş altqruplar bərpa olunur” fikri yanlışdır.
Yəni bu əvvəlki illərdə ləğv edilən altqrupların bərpası demək deyil. "TC
altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq”
ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın
II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya
fənnindən imtahan vermələri nəzərdə tutulur. DT altqrupuna daxil olan digər
ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat
fənnindən imtahan verəcəklər. Hər iki altqrupa daxil olan ixtisasların
müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan
(rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə
olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər”. Beləliklə,
abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu
üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil
almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan
birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar”. Bundan başqa,
birinci qrup üzrə imtahan verən və informatika ixtisasını seçmək istəyən
abituriyentlər üçün kimya fənnindən deyil, informatikadan imtahan vermək şansı
yaradılacaq.
Ajiotaja ehtiyac
yoxdur
Milli Məclisin Elm
və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, qərar ətrafında ajiotaja ehtiyac yoxdur: "Dil və tarix olan
altqrupunda ədəbiyyatdan imtahan verilməsi, tarix və coğrafiya (TC) altqrupunda
isə Azərbaycan dili və tarixdən əlavə, coğrafiyadan da imtahanın verilməsi
nəzərdə tutulur. Bu, Dövlət İmtahan Mərkəzinin yanaşmasıdır”. Millət vəkili
hesab edir ki, böyük ehtimalla bu məsələdə ixtisaslar nəzərə alınıb: "Gələcəkdə
Regionşünaslığı öyrənənlərin coğrafiyanı, digərlərinin müəyyən mənada
ədəbiyyatı bilmələrinə ehtiyac var. Bu, heç bir problem yaratmayacaq.
Tələbələrimiz onsuz da bu dərsləri keçirlər. Burda hər hansı ciddi problem gözlənilmir”.
Yerli-yersiz dəyişikliklər
Təhsil Nazirliyi
yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov isə qəbul imtahanları ilə bağlı qaydalarda
tez-tez dəyişikliklərin tərəfdarı deyil: "Təhsili eksperiment meydanına çevirmək
olmaz. Bu dəyişikliklər cəmiyyətdə narahatlıq yaradır, təhsil sisteminin
oturuşmasına mane olur”. Ekspert hesab edir ki, bu cür vacib qərarlarla bağlı
ümumi müzakirə keçirilməli, ictimai rəy öyrənilməlidir: "2009-cu ildə qəbul
edilən "Təhsil haqqında” qanuna o vaxtdan bəri nə qədər dəyişikliklər edilib. Dəfələrlə
deyilib ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Təkpilləli vahid imtahan
modelinə keçməliyik. Amma biz hər il imtahan sistemini mürəkkəbləşdiririk. Bu,
imtahan oyunundan başqa bir şey deyil”. N.İsrafilov qeyd edir ki, TN yanında
İctimai Şurada da təhsildə baş verən dəyişikliklər müzakirə olunmalıdır: "Milli
Məclis "İctimai iştirakçılıq haqqında” qanun qəbul edib. Amma biz dəyişiklikləri
mətbuatdan oxuyuruq. Bu məsələdə vətəndaşların da fikirləri dinlənilməlidir”.
Ekspertin fikrincə, bu cür dəyişikliklər öz mənfi təsirini göstərəcək: "Nə qədər
ki qaydalarda yerli-yersiz dəyişikliklər olacaq, bunlar təhsilin keyfiyyətinə təsirsiz
ötüşməyəcək. Coğrafiyanın əlavə olunması və ya qəbul imtahanındakı fənlərin
sayının 6-ya çatdırılması imtahan verənlərdə də, onların valideynlərində də
psixoloji gərginliyə səbəb olur. Bu, məktəblərin nüfuzunu aşağı salır və
repetitor institutunun inkişafına yol açır”.
Gələcəkdə altqrupların digər
ixtisas qruplarına da tətbiqi baş verərsə - bu, artıq daha ciddi dəyişikliyə
yol açacaq. Nəticə və effekti isə yalnız növbəti qəbul imtahanlarından sonra
söyləmək olacaq…
Təranə Məhərrəmova