Ali məktəbə qapı açan yüksək texniki peşə təhsili - MÜSAHİBƏ
Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev: "Peşə təhsili
müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa
vuran məzunların - subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin
uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaqdır”.
Əmək
bazarının dəyişən tələbləri bütün dünyada peşə təhsilinin əhəmiyyətini ortaya
çıxarır. Peşə mərkəzlərinə üz tutan insanlar 6 ay, 1 və ya 3 il ərzində əmək
bazarına uyğunlaşa bilirlər. Təcrübənin nəzəriyyədən önə çıxarılması, işəgötürənlə
peşə mərkəzləri arasında işbirliyinin olması, istehsalat təcrübəsinin böyük
şirkətlərdə həyata keçirilməsi, gələcəkdə iş tapmaq imkanının reallığı peşə təhsilinə
olan marağı günbəgün artırır.Peşə mərkəzlərində
təhsil alan tələbələrə yüksək peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq
hüququnun verilməsi, yüksək peşə təhsili alanların universitetə daxil olmaq
hüququnun yaranması isə bu sahənin cəlbediciliyini daha da artırır. Belə ki,
ölkə başçısı tərəfindən təsdiqlənən "Peşə təhsili haqqında” qanuna dəyişikliklər
peşə məktəblərində təhsil alan tələbələrin ali təhsillərini reallaşdırmağa
imkan yaradacaq. Peşə Təhsili üzrə Dövlət
Agentliyinin şöbə müdiri Zaur Əliyev "Kaspi”yə müsahibəsində peşə məktəbi
şagirdlərini gözləyən yeniliklərdən danışıb.
Peşə təhsilinin ən yüksək pilləsi
- "Peşə təhsili
haqqında” qanuna dəyişikliklər ölkə başçısı tərəfindən təsdiqlənib. Bu dəyişikliyin
əhəmiyyətini necə izah edərsiniz?
- "Peşə təhsili haqqında” qanuna edilən dəyişikliklər
yüksək texniki peşə təhsili səviyyəsini əhatə edir. Yüksək texniki peşə təhsili
peşə təhsil səviyyəsinin ən yüksək pilləsi olmaqla tələbələrə peşə təhsil səviyyəsindən
ali təhsil səviyyəsinə keçid imkanı verir. Bu dəyişiklik yüksək texniki peşə səviyyəsi
üzrə peşə təhsili haqqında dövlət sənədinin ali təhsil müəssisəsinə daxil olmaq
hüququ verdiyini təsbit edir və növbəti təhsil pilləsində ali təhsil almaq üçün
əsas sayılmasına zəmin yaradır. Yüksək texniki peşə təhsilini bitirən məzun
"Milli Kvalifikasiyalar Çərçivəsi”nin 5-ci səviyyəsinə bərabər tutulan subbakalavr
peşə-ixtisas dərəcəsi alacaqdır. Bu dəyişiklik yüksək texniki peşə təhsilində tədrisin
kredit sisteminin tələblərinə uyğun təşkil olunmasına imkan verir ki, bu da məzunlara
əldə etdiyi kreditləri ölkə daxili və xarici təhsil müəssisələrində tanıtmağa
imkan verəcəkdir. Bu o deməkdir ki, peşə təhsili müəssisələrində
yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların -
subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun
ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaqdır. Ümumilikdə
yüksək texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr bir sıra
üstünlüklərdən faydalanacaqlar. Eyni zamanda, müxtəlif ixtisas sahəsi üzrə
bilik və bacarıqlarla yanaşı, idarəetmə səriştələrinin tədrisi (orta dərəcəli
idarəçilər, kiçik mütəxəssis və s. səviyyəsində), tədrisin praktiki və tətbiqi
olması - iş şəraitinə yaxın və ya iş şəraitində tədrisin təşkili, həmçinin iş şəraitini
imitasiya edən qurğulardan (simulyator, trenajor və s.) tədris prosesində
istifadə üstünlükləri qazanacaqlar. Tələbələr beynəlxalq standart (Worldskills)
və sertifikasiya standartlarının təhsil proqramına inteqrasiyasından faydalana
biləcəklər.
Sənaye, İKT,
turizm…
- Peşə təhsili
müəssisələrində çoxsaylı ixtisaslar var. Müxtəlif proqramlar üzrə kadr
hazırlığı həyata keçirilir. Həmin proqramların hamısı subbakalavr üçün qoyulan
tələbləri ödəyirmi?
- Yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris
bu tədris ilindən ilk dəfə tətbiq olunmağa başlayıb və ilk olaraq 15 ixtisasın
tədrisi nəzərdə tutulur. Bu ixtisaslar əmək bazarının tələbləri nəzərə
alınmaqla müəyyənləşdirilib. Yüksək texniki peşə təhsili proqramları məzunlara
müəyyən ixtisaslar üzrə peşə bacarıqları ilə yanaşı, orta səviyyəli idarəçilik
bacarıqlarının aşılanmasını əhatə etdiyindən, bu ixtisaslar daha çox seçilmiş
sahələr üzrə orta idarəetmə mütəxəssislərinin (kiçik mütəxəssis) hazırlanmasına
yönəlir. Proqramlar hazırlanarkən, onların ali təhsil proqramları ilə
uzlaşdırılması və ali təhsil pilləsinə keçid zamanı müəyyən kreditlərin
tanıdılma və tədrisin daha qısa müddətdə tamamlanması istiqamətləri nəzərə
alınıb.Yüksək texniki peşə səviyyəsi üzrə tərtib olunan ixtisaslar,
əsasən, sənaye, İKT, turizm, kənd təsərrüfatı, avtomobil, TV/media, tikinti,
elektroenergetika/elektrotexnika və maliyyə sahələrini əhatə edir. Göstərilən
iqtisadi sektorları nəzərə alsaq, peşə təhsili müəssisələrində bu sektorlar üzrə
kifayət qədər ixtisaslar tədris olunur ki, bu da subbakalvr dərəcəsinə keçidə zəmin
yaratmaqla yanaşı, bütün qoyulan tələbləri ödəyir.
Əmək bazarının
tələbləri
- Təhsilini ali
məktəbdə davam etdirmək istəyən tələbələr hansı peşə təhsili müəssisəsində olan
ixtisası seçsinlər ki, oradan universitetə qapı olsun? Yoxsa hər bir peşə məktəbində
təhsil alan tələbə ali məktəbə daxil olmaq üçün müraciət edə bilər?
- Gənclərə maraq dairələri və əmək bazarının tələblərini
nəzərə almaqla ixtisaslar seçmələri tövsiyə edilir. Peşə təhsili müəssisələrində
ilk, texniki və yüksək texniki peşə təhsili üzrə ixtisasların tədrisi
aparılmaqdadır. Müvafiq dəyişikliklər ancaq yüksək texniki peşə təhsili
proqramlarında təhsil alanlara şamil edilir. Bu tədris ilindən ilk dəfə olaraq
6 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsili proqramları tətbiq edilməyə
başlayıb. 2021-22-ci tədris ili üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil
Mərkəzi, Qəbələ Peşə Təhsil Mərkəzi, Bərdə Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq
üzrə Bakı Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiya üzrə Gəncə Peşə Təhsil Mərkəzlərində
yüksək texniki peşə təhsili səviyyəsi üzrə proqramlar tətbiq olunmağa
başlanılıb. Ümumilikdə bu proqramlarda 820 tələbə təhsil almaqdadır.
Proqramların sayı və peşə təhsil müəssisələri üzrə əhatəsi növbəti illərdə
artırılacaqdır.
- İstənilən peşə
məktəbini bitirib sonra universitetdə oxumaq olarmı? Ali məktəbə müsabiqədənkənar
qəbul olunmaq imkanı hansı şərtlər daxilində mümkün olacaq?
- Peşə təhsili müəssisələrinin təhsil səviyyələri
arasında keçid qaydaları qəbul edilib və bu qaydalar peşə təhsili üzrə bir səviyyədən
digər səviyyəyə keçid prosesini tənzimləyir. Müvafiq qaydalara uyğun olaraq tələbələrin
peşə təhsilinin yüksək pilləsi olan yüksək texniki peşə təhsili proqramlarına
keçidi və bu vasitə ilə məzun olduqdan sonra ali təhsilə imtahansız keçid
imkanları yaranır.Həmçinin, peşə təhsilinə ümumi orta təhsil
bazasından qəbul olunan və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil
alan tələbələr buraxılış imtahanlarında iştirak etməklə ali təhsil müəssisəsinə
qəbul ala bilərlər. Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul yalnız
yüksək texniki peşə təhsil səviyyəsinə şamil edilir.
Təranə Məhərrəmova