Ali Baş Komandan şəhid ailəsinin ən böyük hamisidir
Azərbaycanın iqtisadi
qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də
hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçin şərait
yaradıb. Müxtəlif vaxtlarda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər
istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilib. Bu çərçivədə şəhid
ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm işlər
görülüb. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar nəticəsində indiyə
qədər bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o
cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə
tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara
ən azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər
müharibə əlillərinə 6144 avtomobil verilib.
Bununla yanaşı, şəhid
ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası
Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla
Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə
əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158
manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə
yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası,
pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar.
Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin
uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi
üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid
ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili
müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına
ödənilir.
Qeyd olunanlara onu da
əlavə edək ki, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı
qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman şəhid
ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub. Bu da
həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının
uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib,
ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində indiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə
birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid
üzrə 4200 vərəsəyə ödəniş edilib.
Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli
fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə
1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin, o cümlədən
vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi
qulluqçunun və 461 şəhid polisin vərəsələri də daxil edilib. Beləliklə,
vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12
268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulub.
Ən nəhayət, şəhid ailəsinin
sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə
Prezident İlham Əliyev 30 yanvar tarixində "Şəhid ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” daha bir fərman
imzalayıb. Həmin fərmanla 2019-cu il fevralın 1-dən şəhid ailələrinə verilən
prezident təqaüdünün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb.
Beləliklə də respublika üzrə 12 mindən
çox şəhid ailəsinin təqaüdləri artırılıb. Onu da qeyd edək ki, 2007-ci ildən
etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə
artırılıb. Bütün bunlara əlavə olaraq, dövlət başçısı İlham Əliyevin və Birinci
xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Administrasiyasında şəhid
ailələri ilə görüşməsi də mühüm əhəmiyyət kəsb edən hadisədir. Bu, şəhid
ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümüdür. Prezident İlham
Əliyev öz davranışı, fikirləri, səmimiyyəti ilə şəhid adına, şəhid ailəsinə
böyük hörmət və ehtiram göstərdiyini növbəti dəfə nümayiş etdirib. Xalqa xidmət
etməyi özü üçün şərəf bilən ölkə başçısı davranışı ilə bütün cəmiyyətə, o
cümlədən məmurlara əsl nümunə olub. Eyni zamanda onun bu davranışı əlində silah
Azərbaycanın keşiyində dayanan mərd oğul-qızlarımızda mənəvi-psixoloji ruhu
daha da artırıb, gənclərimizə Vətənə məhəbbət hissi aşılayıb.
Millət
vəkili, tarixçi-alim Fəzail İbrahimli "Kaspi” qəzetinə
açıqlamasında bildirib ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə
diqqət və qayğı ilə yanaşıb. Onun sözlərinə görə, dövlət başçısının şəhid
ailələri ilə son görüşü, imzaladığı fərmanlar bu reallığı növbəti dəfə ortaya
qoyur. Millət vəkili deyib ki, qeyd edilən görüş və orada yaşananlar diqqət və
qayğı ilə bərabər, böyük mənəvi-tərbiyəvi əhəmiyyətə, sözlə ifadə edilə
bilməyəcək dəyərə layiqdir: "Prezident fərmanlar imzalayıb, icrası təmin
edilir. Amma buna qədər atılan addımlar var. Həmin addımlar insani, humanist,
böyüklük addımlarıdır. İnsanları duymaq, yaşadıqlarına hörmətlə yanaşmaq, şəhid
adına dəyər vermək, onu uca tutmaq məramı var bu addımlarda. Bu addımlardan
irəli gələrək imzalanan sənədlər eyni zamanda vətəndaş mövqeyinin, insan
ürəyinin böyüklüyünün ifadəsidir. Gəlin görək, kimlərə qarşıdır belə özəl
münasibət? Oğlu şəhid olmuş anaya, ataya, həyat yoldaşını itirmiş Azərbaycan
qadınına, valideynini itirmiş şəhid oğluna və qızına qoyulan hörmətdir bu.
Şəhidlərin ailə üzvləri öz əzizlərinin Vətən yolunda qurban getdiyini anlayır,
onlarla qürur duyurlar. Bu qürurlu insanlarımıza dövlət başçısı tərəfindən
böyük diqqət və qayğı, mənəvi dəstək göstərilir. Dövlət rəhbəri ayağa durmağa
çətinlik çəkən şəhid anasına şəxsən yaxınlaşır, onun qarşısında əyilərək
birdəfəlik yardım kartını verir. Yaxud, tribunada çıxış edən şəhid atasının
danışığındakı fasilədən onun qəhərləndiyini hiss edən dövlət başçısı ağsaqqal
ataya yaxınlaşır, ona səmimi münasibət göstərir. Şəhid atası doğma övladı kimi
onun boynunu qucaqlayır. Bütün bunlar şəhid valideyninə ölkənin ali rəhbəri
səviyyəsində qoyulan hörmətdir. Eyni zamanda bu, müharibə şəraitində yaşayan,
torpaqlarını müharibə yolu ilə işğaldan azad etməyə hər an hazır olan
Azərbaycan Ordusu, hərbçilərimiz üçün böyük ruh yüksəkliyidir. Hərbçilərimiz
baxıb görürlər ki, Ali Baş Komandan, dövlət başçısı şəhid ailəsinin ən böyük
hamisidir”.
Ehtiyatda olan polkovnik İbrahim Rüstəmli də hesab
edir ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilib. Onun
fikrincə, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini dünyanın 50 ən güclü
orduları sırasına ucaldıb. İ.Rüstəmli bildirib ki, ordu quruculuğu ilə paralel
olaraq, şəxsi heyətin sosial problemlərinin həllinə də hər zaman həssas
yanaşılıb: "Silahlı Qüvvələrimiz bu gün ən müasir silah-sursatla təmin edilib.
Lakin unutmaq olmaz ki, orduda insan amili silah amilindən az rol oynamır.
Yəni, şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksək olması vacib məsələdir. Hərbçilərin
sosial problemlərinin həlli, xüsusən də şəhid ailələrinə ölkə başçısı
səviyyəsində göstərilən diqqət və qayğı, bu kateqoriyadan olan insanlara cəmiyyət
tərəfindən hörmətlə, ehtiramla yanaşılması hərbçilərimizin Vətənə, xalqa,
dövlətə məhəbbətini daha da artırır. Onların gözləri arxada qalmır, Vətənin
keşiyində daha ayıq-sayıq dayanır, düşmənə qarşı mübarizədə daha qətiyyətli
olurlar. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələri ilə
görüşdə səsləndirdiyi fikirlər, onun davranışları hər bir hərbçi tərəfindən
rəğbətlə qarşılanır. Hər bir əsgər prezidentlə görüşən şəhid anasını, şəhid
atasını öz valideyni hesab edirdi. Bu kimi hadisələr ordumuzun şəxsi heyətinin
əzmkarlığını artırır. Biz bu kimi halların dəfələrlə şahidi olmuşuq”.
Rufik
İSMAYILOV