Alban mədəniyyəti – turizm marşrutu kimi
Azərbaycan Turizm Bürosunun üzərində
tamamlama işləri apardığı yeni "Qafqaz Albaniyası turizm marşrutu”
yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək. Marşrut Qafqaz Albaniyasını
araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır
Qədim
Albaniya tarixi ilə bağlı araşdırmalar, arxeoloji nümunələr bu dövlətin
Azərbaycanın tarixi keçmişinin uzun bir dövrü ilə bağlı olduğunu ortaya çıxarsa
da, bu mövzuda həllini tapmayan, mübahisəli məsələlər hələ də qalmaqdadır.
Ancaq Azərbaycan Turizm Bürosunun üzərində tamamlama işləri apardığı "Qafqaz
Albaniyası turizm marşrutu” bu mübahisələrə son qoya bilər. Qarabağla bağlı hazırlanan tematik
marşrutlardan biri olan "Alban mədəniyyətinin izi” marşrutunun yaxın vaxtlarda
ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Marşrut Qafqaz Albaniyasını araşdıran
alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır.
Üç
əsas dəhliz
Azərbaycan
Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənovalayihə haqqında "Kaspi”yə məlumat verərək Alban mədəniyyəti marşrutunun Azərbaycanın 3 əsas dəhlizini -
Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə etdiyini bildirdi: "Qarabağda
Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin
adət-ənənələr və s. daxildir. Alban mədəniyyəti islamaqədərki dövrü əhatə edir.
Bu marşrutla bağlı layihə artıq tamamlanmaq üzrədir”.
Əsirlikdən
çıxan abidələr
Qafqaz Albaniyasının
ərazisinin ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab
edildiyini deyən
Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi
Robert Mobili Azərbaycanda xristianlığın tarixinin,
demək olar ki, Alban kilsələrindən başladığını bildirir: "Bütövlükdə bu dinin
tarixində həmin məbədlərin xüsusi yeri var. Ölkə ərazisində, o
cümlədən işğaldan azad olunan torpaqlarımızda çox sayda alban məbədləri yerləşir.
Təkcə Kəlbəcərdə onların sayı 35-dən çoxdur. Sevinirik ki, Qarabağ işğaldan
azad oldu və o ərazilərdə olan qədim alban məbədləri də əsirlikdən çıxdı. Bu
məbədlər də əsirlikdə idi. Bir tərəfdən həmin alban məbədləri erməniləşdirilmiş
və saxtalaşdırılmış, digər tərəfdən, bütün
simvolları və elementləri dəyişdirilmişdi. Ermənilər bu abidələri
dünyaya erməni məbədləri kimi təqdim ediblər. İslamla bağlı bütün abidələri isə
dağıdıblar. Bütün bunlar erməni vandalizminə sübutdur. Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi
saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam həyata
keçirə bilmədilər. Əsas məqam odur ki, ərazi işğaldan azad edildi və
tarixi həqiqət bərpa olundu. Gələcəkdə kilsələri bərpa etməklə kanonik ərazini
də alacağıq və Alban kilsələri Azərbaycanın tam nəzarətində olacaq. Prezident
İlham Əliyev də qeyd edir ki, gələcəkdə ərazidəki bütün abidələr bərpa olunacaq. Çünki tarixi-dini
abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən
qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata
keçirdiyi siyasətin tərkib hissəsidir”.
Bərpaya
ehtiyac
Hazırda Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən
və Qafqazda "kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilib.
2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic
qəsəbəsindəki "Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı baş tutub. 2020-ci
ildə Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən daha bir tarixi
kilsə–Müqəddəs Məryəm Ana kilsəsi əsaslı şəkildə bərpa edilib. İcma
rəhbəri bildirir ki, xüsusən işğaldan azad edilən ərazilərimizdə olan, ermənilərin
saxtalaşdırmağa çalışdığı abidələrin də ciddi bərpaya ehtiyacı var: "Bu
abidələri bərpa etməyə maliyyə və vaxt
tələb olunur. Həmin abidələrlə həm yerli, həm xarici turistlərin tanış olması,
tarixini öyrənməsi çox vacibdir. Bunların hər biri qədim alban mədəniyyətinin ayrılmaz
hissəsidir”.
İnfrastruktur
olmalıdır
R.Mobili Qafqaz Albaniyası üzrə
turizm marşrutunun yaradılmasını xüsusən indiki vaxtda vacib hesab edir.
Bununla belə, turistləri cəlb etmək üçün infrastrukturun yaradılmasına ehtiyac
olduğunu deyir: "Hələ ki, turist cəlb eləmək üçün infrastruktur lazımı
səviyyədə deyil. İlk növbədə yol çəkilməli, abidələr bərpa olunmalıdır ki, turistlər
bərpa olunmuş abidələri görsünlər, o əraziləri ziyarət etsinlər. Düzdür,
hazırda dövlət tərəfindən quruculuq işləri həyata keçirilir, infrastruktur
yaradılır. Hesab edirəm ki, bu proseslər başa çatandan sonra ən böyük turist
axını Qarabağa olacaq. Turistlər həm Qarabağı görəcək, həm məbədlərə baş
çəkəcəklər. Elə öz vətəndaşlarımız üçün də bu, böyük əhəmiyyətə malikdir. Çünki
insanlarımızın böyük əksəriyyəti nə Xudafərini, nə Hadrutu, nə Tuğu görüblər”.
R.Mobili Qafqaz Albaniyasına
məxsus tarixi irsimizin zəngin olduğunu bildirir: "Biz irsimizi yalnız Şərqlə
müqayisə etməliyik. Bizim irsimiz çox zəngindir: islam,
iudaizm,xristianlıq, katolisizm, protestantlıqla bağlı
qədim tarixi abidələrimiz, IV-V əsrdən əvvələ aid tarixi məkanlarımız var.
Bütün bu məkanlara turist cəlb etmək, onları turizm bölgələrinə çevirmək üçün
infrasrtruktur olmalıdır. Məsələn, biz udilərin yaşadığı Nic qəsəbəsində
məbədlərin bərpasından sonra turistlərin səfər etməsi, gecələməsi, yerli
mətbəxlə maraqlanması üçün şərait yaratmışıq. Qafqaz Albaniyasına məxsus
abidələrin yerləşdiyi bütün bölgələrdə turizm üçün belə şərait yaradılmalıdır”.
Turizm
şirkətləri yubanıblar
Mütəxəssislər qədim Alban
mədəniyyətinin izi ilə yaranacaq turizm marşrutunun ölkəmizin tanıdılması
istiqamətində mühüm rol oynayacağını istisna etmirlər.
Azərbaycan
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd
edir ki, Alban dövlətinin varisləri olan udilər, dağ kəndlərində yaşayan başqa alban
xalqları indi də Azərbaycan ərazisində yaşayırlar: "Alban mədəniyyəti 26
tayfanı birləşdirirdi. Bu mədəniyyətin 52 hərfdən ibarət əlifbası olub. Alban
mədəniyyətinə məxsus abidələr də ölkəmizdə çoxdur”. M.Ağakərimov alban
abidələri olan ərazilərə turizm marşrutlarının təşkil edilməsini vacib hesab
edir: "Turizm şirkətləri, əslində, bu addımı atmaq üçün yubanıblar. Bunu çoxdan
etmək lazım idi. Turistlər üçün Alban abidələri, mədəniyyəti haqqında geniş
məlumat hazırlanmalıdır. Bunu kor-koranə və ya həvəskar şəkildə deyil,
tarixçilərin məsləhəti ilə etmək lazımdır”. M.Ağakərimov Alban mədəniyyətinin
izlərinin Dağlıq Qarabağda daha geniş olduğunu qeyd edir: "Turistlərə
Azərbaycanın qədim insan məskənlərinin yeri olduğu haqda ətraflı məlumat vermək
lazımdır. Bu turizm marşrutunun ideoloji əhəmiyyəti olacaq. Vaxtilə erməni kilsələri alban kilsələrini özlərinə
birləşdirib və onların mədəniyyətini özününküləşdirib. Ermənilər alban abidələrinə
xaç nişanlarını vurub və onu öz abidələri kimi təqdim ediblər. Ancaq tarixi
mənbələr sübut edir ki, Alban etno-mədəni irsi Azərbaycan dövlətinin sələfidir”.
Turizmçi hesab edir ki, bu tarixi faktlarla bağlı həqiqətləri bildirmək üçün turizm
şirkətlərinin təmsilçilərinin iştirakı ilə elmi konfrans da keçirilməlidir:
"Turizm mütəxəssislərini cəlb edib bu istiqamətdə təşviqat və təbliğat işlərini
elə qurmaq lazımdır ki, ermənilərin yalan danışdığı sübut olunsun. Bu
istiqamətdə turizm marşrutu da böyük rol oynayacaq”.
Tarixin
düzgün təbliği üçün
Turizmçi
Ceyhun Aşurov sözügedən turizm marşrutlarının hazırlanmasını
dəstəkləyir: "Əvvəllər də bizdə Qafqaz Albaniyası dövrünün memarlıq abidələri
bəzi turizm marşrutları üzərinə salınırdı. Tarix kitablarımızda da bu barədə
qeyd olunur. Ermənilər daim Qafqazdakı abidələri öz adlarına çıxmağa cəhd ediblər.
Bu baxımdan, belə bir turizm marşrutunun olması həm yerli, həm də xarici
turistlərə həqiqi tariximizin çatdırılması baxımından təbliğat vasitəsi olacaq.
Bu tip marşrutlar olmalıdır ki, tarix düzgün təbliğ olunsun.”. Turizmçinin
fikrincə, bu istiqamətdə turizm marşrutlarının təşkili təkcə turistik
nöqteyi-nəzərdən əhəmiyyət kəsb eləmir, eyni zamanda tariximizi, mədəniyyətimizi,
həmin ərazilərdə yaşayan xalqların qədimliyini, adət-ənənəsini tanıtmaq
baxımından da vacibdir: "Hesab edirəm ki, bu destinasiyanı turizm marşrutu kimi
düzgün təqdim edə biləcəyik. İşğal olunmuş ərazilərdə saxtalaşdırılmış onlarla
alban abidəsinin Azərbaycana məxsusluğunu da yalnız doğru təbliğat və
təqdimatla sübut edə bilərik”.
Yüz
eşitməkdənsə...
Qafqaz Alban mədəniyyəti turizm marşrutunun
yaradılmasıiqtisadiyyatımıza da faydalı
olacaq. Sadəcə, turistləri cəlb etmək, tariximizlə bağlı məlumatlandırmaq,
həqiqətlərimizə inandırmaq, Azərbaycanı tanıtmaq üçün ortaya mükəmməl və
davamlı iş qoyulmalıdır. O zaman bu marşrut turistlər üçün "yüz eşitməkdənsə, bir
dəfə görmək” məsəlinin layiqli isbatı, ermənilərə isə tutarlı cavab ola bilər...
Təranə
Məhərrəmova