“ÜAK-ın ləğvi Azərbaycana təzyiq etmək cəhdidir” - Fotolar
Bu il
mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya
Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Məhkəmədən
əvvəl Ədliyyə Nazirliyi bununla bağlı verdiyi açıqlamada
qeyd edib ki, ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyi pozulub.
Rusiya Ədliyyə Nazirliyindən "İctimai təşkilatlar haqqında" qanunu
əsas götürülərək, ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə
aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq
edildiyi vurğulanıb. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə
Nazirliyitəşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il
martın 9-da Ali Məhkəməyə müraciət edib.
ÜAK
prezidenti Fazil Qurbanov isə Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz
adlandırıb. O, Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv
etdirmək olduğunu söyləyib. Hətta ÜAK prezidenti və təşkilatın
Rəyasət Heyəti Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya
prezidentiVladimir Putinə və baş nazirDmitri Medvedevə müraciət
edib. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılan ÜAK-ın
daim Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xidmət etdiyi xatırlanıb.
Bununla yanaşı, ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti
verib. Lakin sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası
ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin
qərarını qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov söyləyib ki,
Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət
olunacaq.
Bununla
əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev bildirib ki, ÜAK-ın ləğvi barədə qərar təəccüb, ciddi sual və
dərin təəssüf doğurur. O deyib ki, Azərbaycan ilə Rusiya arasında humanitar
əlaqələrin inkişafında mühüm rol oynayan ÜAK-ın ləğvi barədə qərar siyasi
baxımdan qeyri-dost addım kimi qiymətləndirilir. H.Hacıyevin sözlərinə görə, bu,
Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji
tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur.
XİN rəsmisi bildirib ki, Rusiya Federasiyası məhkəməsinin bu qeyri-dost
xarakterli qərarının məqsədini başa düşmək çox çətindir.
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar
Partiyasının (ADİP) sədri Asim Mollazadə də "Kaspi”yə
açıqlamasında deyib ki, Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı son qərarı
qeyri-dost addımdır. Millət vəkilinin fikrincə, Rusiya Azərbaycanın müstəqil,
milli və dövlətçilik maraqlarına söykənən siyasi kursunu qəbul edə bilmədiyi
üçün ölkəmizə bu yolla təzyiq göstərmək istəyir. O qeyd edib ki, bu təzyiq
Rusiyada yaşayan milli azlıqların – azərbaycanlıların hüquqlarının kobud
surətdə pozulması formasında həyata keçirilir: "Bütün bu addımlar Rusiyanın
apardığı siyasətin mahiyyətini dünyaya nümayiş etdirir. Faktiki olaraq
Rusiyanın vaxtilə sovet ittifaqında təmsil olunan bütün ölkələrlə problemli
münasibətləri var. Bu da Rusiya daxilində hansısa qüvvələrin keçmiş imperiyanı
yenidən bərpa etmək istəyi ilə əlaqədardır. Hesab edirəm ki, Rusiyadakı
azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması məhz bu imperialist
siyasətin tərkib hissəsidir. Rusiyanın bu siyasəti yalnız qonşularına, MDB
dövlətlərinə deyil, Avropaya, Orta Şərq ölkələrinə də ciddi təhlükə yaradır.
Ona görə də beynəlxalq ictimaiyyət bu siyasətə düzgün qiymət verməlidir”.
Parlamentin sözügedən komitəsinin digər
üzvü, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadəisə düşünür ki, Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı son qərarında hər hansı
faciə axtarmağa dəyməz. Onun sözlərinə görə, Rusiyada yeni konqres qurmaq, yeni
təşkilat təsis etmək gərəkdir. Millət vəkili deyib ki, yeni təşkilatın
nizamnaməsi, eləcə də digər sənədlər Rusiya qanunvericiliyinə tam
uyğunlaşdırılmalıdır. Deputat bildirib ki, daim konfliktdə olan, insanları
bir-biri ilə üz-üzə qoyan şəxsləri yaranacaq yeni təşkilatın sıralarına daxil
etməmək gərəkdir.
Milli Məclisin Azərbaycan-Rusiya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Böyük Quruluş Partiyasının
sədri Fazil Mustafa da hesab edir ki, Rusiya Məhkəməsinin
ÜAK-ın fəaliyyətinə xitam verilməsi haqqında qərar çıxarması dünyanın sonu sayılmamalıdır.
O, bu addımın xoş niyyətlə atılmadığını və Rusiyadakı müəyyən qüvvələrin
Azərbaycanla münasibətlərin yaxşılaşmasına heç cür imkan vermək istəmədiyini də
diqqətə çatdırıb. Bildirib ki, orada yaşayan azərbaycanlılar üçün yenidən
təşkilatlanma imkanları barədə düşünmək və hüquqi təməli güclü olan təşkilat
yaratmaq lazımdır. Millət vəkili vurğulayıb ki, Rusiyada azərbaycanlıların
mövqeyinin möhkəmlənməsi üçün daha çox çalışmaq lazımdır.
Rufik İSMAYILOV