• cümə, 29 Mart, 05:11
  • Baku Bakı 7°C

Ağır formalı dizenteriya

20.07.19 09:00 19127
Ağır formalı dizenteriya
Dizenteriya ən çox rast gəlinən kəskin bağırsaq infeksiyası xəstəliyidir. Xəstəlik barədə məlumat verən həkim-fitoterapevt Esmira ZeynalovaAZƏRTAC-a deyib: "Xəstəliyin törədicisi orqanizmə bir neçə yolla - məişət təması, bakteriyalarla çirklənmiş qidalar, natəmiz su və milçəklər vasitəsilə daxil ola bilər. Dizenteriya uşaqlarda yüngül, orta ağır və ağır formalarda təzahür edir. Yüngül formada hərarət normal və subferil, qarında ağrı və gücənmələr olur. Orta ağır forma zamanı toksikoz əlamətləri özünü qabarıq şəkildə göstərir, hərarət 38-39 dərəcəyədək qalxır, bəzən qusma baş verir, ümumi süstlük, yuxululuq qeyd olunur. Ağır formalı dizenteriya yüksək hərarət və şiddətli intoksikasiya ilə müşayiət edilir, bəzən qıcolma baş verir, üz cizgiləri sivriləşir, bəbəklər daralır və işığa reaksiya zəifləyir".
Həkim-fitoterapevt bir neçə sadə resept də təklif edib: "Dörddəbir stəkan təzə dəmlənmiş tünd rəngli çayın üzərinə yarım stəkan turş üzüm şirəsi və 1 xörək qaşığı şəkər tozu əlavə olunur, qarışdırılaraq birdəfəyə içilir.
Emallı qabda az miqdarda tozağacı kömürünün tozu və eyni miqdarda sarımsaq şirəsi qarışdırılaraq ocağa qoyulur, sarımsağın şirəsi tam buxarlanana qədər ocaqda qalandan sonra gündə bir neçə dəfə yeməkdən əvvəl üçdəbir çay qaşığı qəbul edilir.
Qazanda 1 stəkan su qaynadılır, üzərinə 3-4 çay qaşığı xırdalanmış çörəkotu kökü əlavə olunur və yarım saat vam ocaqda bişirilir. Soyuyandan sonra böyüklər gündə 4-5 dəfə yeməkdən əvvəl 4 çay qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edirlər.
Toyuq mədəciklərinin daxili pərdələri təmizlənəndən sonra qurudulur, toz halına düşənə qədər əzilir, gündə 2-3 dəfə 1 çay qaşığı yarım stəkan su ilə qəbul edilməsi ishalın bütün formalarında və dizenteriyada yaxşı nəticə verir.
5 qram xırdalanmış qurdpəncəsi kökü 1 stəkan qaynar suda 20 dəqiqə vam ocaqda qaynadılır, ocaqdan kənarda 30 dəqiqə dəmlənilir, süzüləndən sonra gündə 2-3 dəfə yarım stəkan qəbul edilir".
banner

Oxşar Xəbərlər