• çərşənbə axşamı, 23 aprel, 13:37
  • Baku Bakı 24°C

“Ağıllı şəhər”- rəqəmsal dünyanın şəhəri

21.12.20 14:07 2137
“Ağıllı şəhər”- rəqəmsal dünyanın şəhəri
"Ağıllı şəhər”, "Smart City”, "Gələcəyin şəhəri” ifadələrini yəqin ki, eşitməyən az adam tapılar. "Ağıllı şəhər” (Smart City) - yeni nəsil şəhərlərin konsepsiyası ilə üç il bundan əvvəl Aşqabadda keçirilən Turizm sərgisində təkcə yaxından tanış olmadım, həm də əmin oldum ki, innovativ texnologiyaların hesabına əhalinin xoşbəxt həyat tərzini təmin etmək, yüksək idarəçilik sisteminə malik şəhərlər qurmaq, artıq günümüzün reallığıdır. Türkmənlər böyük qürurla tədbir iştirakçılarını paytaxt yaxınlığındakı Çoqanlı yaşayış massivində salınacaq "Ağıllı şəhər” layihəsi ilə tanış edirdilər. Hər şey nağıl qədər sirli, əsrarəngiz görünürdü: yüksək texnologiyalarla idarə olunan tam rəqəmsal şəhər, 30-35 mərtəbəli yaşayış binaları, insanların rahat, asanlaşan yaşayış tərzi, elektron xidmətlər... Bizi müşayiət edən turizm nümayəndəsinin sözləri indi də qulağımda səslənir: "Ağıllı şəhər” canlı orqanizm kimidir.
Rəqəmsal texnologiyalar bütün səviyyələrdə insanların həyatını rahatlaşdırmağa xidmət edəcək. Daha tıxaclarda vaxt itirməyə, uzun müddət avtomobilin parklanması üçün yer axtarmağa, təhlükəsizliyiniz üçün narahat olmağa ehtiyac olmayacaq. Bir sözlə, smart texnologiyalara minnətdar olaraq rahat və xoşbəxt yaşamaq olacaq”. 90-cı illərdə "Smart City” konsepsiyası yarananda, buna əvvəlcə ətraf aləmi insanların təsirindən qorumaq vasitəsi kimi baxırdılar. On illər keçəndən sonra isə "ağıllı şəhər” trendə çevrildi.
Bir qisim insanlar "Smart City”-nin, ümumiyyətlə, mövcudluğuna şübhə edir və yeni trendi reklam şəkilləri ilə bəzədilən, spektik adlandırırlar. İstər-istəməz
insanlarda bu tip layihələrin mövcudluğu ilə bağlı "Ağıllı şəhər” nə üçün lazımdır?”, ”"Ağıllı şəhər” başqa şəhərlərdən nə ilə fərqlənir?”, "İntellektual texnologiyalar yerli idarəçilik sistemini necə dəyişə bilir?”, "Rəqəmsal şəhərlərin sakinləri başqalarından nə üçün xoşbəxt hesab olunurlar?” və s. kimi suallar yaradır.

Dünyada "ağıllı şəhərlər”

"Ağıllı şəhər”lərin texnologiyası gündəlik həyatımıza intensiv nüfuz edir. Sakinlər üçün bu, elektron hökumət xidmətləri, ictimai nəqliyyatın rəqəmsallaşdırılması, onlayn tibb və onlayn təhsil, vətəndaş əlaqəsi vasitələridir. Hökumət və bütövlükdə şəhər üçün əsasən "ağıllı infrastruktur”dur: nəqliyyatın vəziyyətinin izlənməsi və operativ idarə olunması, ictimai təhlükəsizlik sistemləri, avtomatlaşdırılmış enerji uçotu, ekoloji təmiz tullantıların toplanması, "ağıllı işıqlandırma” və s. rahat yaşayış üçün bütün imkanları yaradır.

Qeyd edək ki, elm və texnologiyanın ən üst səviyyədə inkişaf etdiyi, insanlarının həyat tərzinin fərqli yön aldığı şəhərlərin layihəsi artıq dünyanın bır sıra ölkələrində reallaşıb və proses davam edir. Smart sistemlər artıq dünyanın mənzərəsini dəyişir - Sinqapur, Barselona, London, Oslo, Şanxay, Sürix, Boston, Amsterdam, Stokholm, Nyu-York, Toronto, Tokio, Moskva kimi şəhərlərdə bu layihələr uğurla həyata keçib. Rusiya "Rəqəmsal iqtisadiyyat” layihəsi əsasında həyata keçirdiyi layihəyə məşhur mahnılarından çıxış edərək "Haradan başlayır ağıllı şəhər?”- deyə bir qədər ritorik də yanaşıblar. Rus mütəxəssisləri artıq özləri üçün təsdiqləyiblər ki, rəqəmsal ağıllı sistem meqapolislərdə problemləri tez həll etməyə, resurslara qənaət etməyə kömək edir: "Ağıllı şəhər”lərin bazarı günbəgün deyil, saatbasaat inkişaf edir. Şəhərlərin ağıllı hala gəlməsi ilə ilk növbədə insanların həyatı asanlaşacaq. Nə qədər ki, urbanizasiyanın qarşısını almaq mümkün deyil, ona görə həyat tərzini rahatlaşdırmaq lazımdır”-deyə qeyd edirlər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) da açıqlayıb ki, dünya əhalisinin 60 faizdən çoxu şəhərlərdə yaşayacaq: ”Urbanizasiyanın qarşısını almaq mümkün olmayacaq. İnsanların şəhərə axını həmişə olduğu kimi davam edəcək. Belə vəziyyətlərdə çıxış yolu "ağıllı şəhərlər” ola bilər”.
"Ağıllı şəhər” təkcə nəqliyyat infrastrukturunu, pilotsuz texnologiyanın və digər elektron xidmətlərin inkişafı deyil, eyni zamanda şəxsi təhlükəsizliyin qorunduğu yerdir. "Necə etmək lazımdır ki, meqapolislərdə cinayətkarlığın səviyyəsi aşağı düşsün, adi adamlar özləri və doğmaları üçün heç nədən narahat olmasınlar?”- sualına "Süni intellektdən istifadə etmək lazımdır. Ağıllı kameralar, videoanalitiklər vasitəsi ilə hər şey nəzarət altında olacaq. Bu, artıq utopiya deyil, günümüzün reallığıdır. "Ağıllı şəhərlər” ona görə lazımdır ki, şəhərlər öz cəmiyyətlərini öyrənməlidir. Məqsəd olmadan uğur qazanmaq mümkün deyil. Buna görə də insanların və biznesin tələbatlarını, maraqlarını, özünəməxsus xüsusiyyətlərini, düşüncə tərzini, təhsil səviyyəsini, yaş quruluşunu və s. araşdırmaq lazımdır. "İnsanlar "ağıllı şəhərlər”ə niyə ehtiyac duyur?”, "Ətraf mühitdə nəyi dəyişdirmək istəyirlər?” kimi suallara cavab tapılmalıdır”- deyə Britaniyanın Standartlar İnstitutunun (British Standard Institution) arxitektorları əmin edirlər.

IDC tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə "ağıllı şəhər” mühitinin inkişafı üzrə təşəbbüslərə qlobal xərclər 2019-cu illə müqayisədə təxminən 19% artaraq, 124 milyard dollara yaxınlaşacaq. Sinqapur "ağıllı şəhər” infrastrukturunun inkişafına xərclərin həcminə görə liderlik etməyə davam edəcək. Yaponiyanın paytaxtı Tokio bu göstərici üzrə ikinci yeri tutacaq. Üçüncü və dördüncü yerlərdə müvafiq olaraq Nyu-York və London şəhərləri qərarlaşacaq. IDC şirkətinin proqnozuna görə, yuxarıda adıçəkilən meqapolislərdən hər biri "ağıllı şəhər” proqramlarına 1 milyard dollardan çox vəsait xərcləyəcəklər.
Regional nöqteyi-nəzərdən təhlil onu göstərir ki, ilk üçlükdə ABŞ, Qərbi Avropa və Çin yerləşəcək. Bununla belə Latın Amerikası və Yaponiyada "ağıllı şəhər”lərə yatırılan investisiyanın həcmi daha sürətlə artacaq. Bu göstəricilər sonrakı illəri də əhatə edəcək.

Bizim "Smart City”miz

Azərbaycanda da "Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanır. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb. Belə ki, sənəddə 2020-2021-ci illər ərzində "Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılaraq və pilot layihənin həyata keçirilməsi imkanlarının müəyyən ediləcəyi qeyd edilib. Layihənin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

İinformasiya-kommunikasiya texnologiyalarının inkişafı və innovasiyanın tətbiqinin ölkəmiz üçün prioritet istiqamətlərindən biri olduğunu söyləyən Prezident İlham Əliyev "Biz hazırda ağıllı şəhər - "Smart City” layihəsi üzərində işləyirik”- deyə qeyd edib. Ölkə başçısı bu layihənin ilkin təzahürlərinin artıq görünməkdə olduğunu bildirib: "Biz daha uzağa gedərək, artıq "Smart Nation” - yəni "Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq.Ölkəmizin rəqəmsallaşdırılması,informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir”.
"Ağıllı Şəhər” layihəsini Bakıda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə reallaşdıran "Huawei”-nin Orta Asiya və Qafqaz üzrə vitse-prezidenti Marko Hu Azərbaycanın paytaxtında istifadəyə verilmiş İctimai Wi-Fi layihəsini "Ağıllı Şəhər”in tətbiqində başlanğıc rolu oynadığını qeyd edib: "Huawei”-nin həyata keçirdiyi rol, respublikanın Rabitə Nazirliyinə layihənin inkişafında kömək etməkdir. "Sonrakı mərhələlərdə bu cür komponentlər "Ağıllı Nəqliyyat”, "Ağıllı Liman”, "Ağıllı Ticarət” və s. kimi tətbiq ediləcək və bunların hər biri üçün mərhələli şəkildə həyata keçiriləcək xüsusi həllər mövcuddur”- deyə hələ 2017-ci ildə keçirdiyi mətbuat konfransında məlumat verib.
Həmçinin, ölkə başçısının sərəncamı ilə Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemləri quraşdırılıb. Bu da, "Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması istiqamətində atılmış addım kimi dəyərləndirilir.
Layihənin icrasının həvalə olunduğu Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə telefon açaraq layihənin icrasının hazırkı vəziyyəti ilə bağlı maraqlandıq. Nazirlikdən sualımıza cavab olaraq bildirdilər ki, hazırda layihə ətrafında iş gedir: "Hazırda layihənin icrası ilə bağlı işlər həyata keçirilir. Yaxın zamanlarda layihənin icrası ilə bağlı ictimaiyyətə açıqlama veriləcək”.
Heç şübhəsiz, COVİD-19 koronaviris pandemiyasının ölkəmizdə yaratdığı iqtisadi çətinliklər, o cümlədən Ermənistan-Azərbaycan arasındakı müharibə bir çox əhəmiyyətli layihələr kimi "Ağıllı şəhər”in də icrasına təsirsiz ötüşməyib.

Məşğulluğun təmin edilməsi

"Ağıllı şəhər” layihəsinin reallaşmasının ölkəmiz üçün mühüm əhəmiyyəti olacağını qeyd edən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov sualımıza cavablandıraraq səmərəli datalara və göstəricilərə əsaslanan qərarların verilməsi prosesini layihənin əsas üstünlüyü kimi qeyd etdi” "Təbii ki, bu, şəhərin idarə edilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir”.
Ekspert hesab edir ki, layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edəcək. Belə ki, həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil tətbiqlərdən, portallardan, onlayn platformalardan istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar: "Ağıllı şəhər”in daha bir üstünlüyü təhlükəsiz icmaların yaradılmasıdır. Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. "Ağıllı şəhər” təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz şəhərə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından "ağıllı şəhər”lərdə istifadə olunur”. İqtisadçı qeyd edir ki, "Ağıllı şəhər” nəqliyyatın inkişaf etməsinə imkan verir. Belə ki, dünya təcrübəsində "ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, həm də tıxacların aradan qaldırılması baxımından vacibdir”. Eyni zamanda, rəqəmsal bərabərliyin inkişaf etdirilməsi, yeni iqtisadi inkişaf üçün imkanların yaradılması, yerli və xarici investisiyaların cəlb edilməsinə şəraitin yaranması da layihənin üstünlüklərindəndir. "Ağıllı şəhər” ictimai xidmətlərdə, o cümlədən, kommunal xidmətlərdə daha çox səmərəliliyin artırılmasına imkan yaradır.
İqtisadçının fikrincə, "Ağıllı şəhər” yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulmasına, onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmağa imkan verir: "Müasir texnologiyanı gətirməklə, bəzi şəhərlərin infrastrukturunu inkişaf etdirmək mümkün olacaq. Layihə həmçinin ixtisaslı kadrların işlərlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir. Bu, ixtisaslı kadrların daha qısa zamanda işlə təmin olunması sistemidir. "Ağıllı şəhər”in özündə məşğulluğun təmin edilməsi və kadrların işlə təminatına imkan yaradılır”.
İqtisadçı ekspert Rəşad Hüseynov da layihənin üstünlüyünü dəyərləndirərək qeyd edir ki, iqtisadi vəsaitlərin idarəsi, insan faktorundan qaynaqlanan nöqsanların aradan qaldırılması, cinayət hadisələrinin aşağı enməsi, insanların rahatlığı üçün rəqəmsallaşma şəhərin iqtisadi platformasına çevriləcək: "Bununla birlikdə, sadəcə "ağıllı” həllərin tətbiqi kifayət deyil: infrastruktur, texnologiya, kollektiv idarəetmə və mənbələrin qənaətli istifadəsinə qoyulan investisiyalar şəhərin həyat keyfiyyətinin yüksəlməsinə və davamlı iqtisadi inkişafına səbəb olmalıdır”.

Xoşbəxt insanların şəhəri?

Sosioloqlar və iqtisadçılar təxminən eyni fikirdədirlər: "Xoşbəxt insanlar ağıllı şəhərlərdə yaşayırlar. Maraqlıdır, bəs xoşbəxtlik indeksi necə ölçülür? İqtisadçı Rəşad Hüseynovun fikrincə, bu, ölçmənin necə aparılmasından asılıdır. Yəni real qiymətləndirmə və ölçmə aparılsa, kimsənin-kimsəyə problem yaratmadığı mühitdə insanlar özlərini daha xoşbəxt hesab edə bilər”. Bundan əlavə, sakinlərin öz hökumətlərinə inam səviyyəsi, qərar qəbul etmə prosesinə təsir etmə qabiliyyəti, təhlükəsizlik və təhlükəsizlik hissi, aşağı cinayət səviyyəsi və şəhər mühitindəki bütün iştirakçıların yüksək məsuliyyəti - bunlar ağıllı bir şəhərin gündəlik həyatını fərqləndirən detallardır. Müasir imkanlar, yüksək texnologiyaların sürətlə inkişafı isə istifadəçilərə demək olar ki, hər yerdə - "ağıllı şəhər”lərini müstəqil şəkildə qurmağa imkan verir.

Təranə Məhərrəmova
Məqalə "Innoweek-Innovasiya həftəsi- 2020” çərçivəsində jurnalistlər üçün müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər