“Ağıllı jurnalistlər”lə rəqabətə hazırıq? - ARAŞDIRMA
Onlar
yorulmur, xəstələnmir, məzuniyyət istəmir, həmişə eyni əhval-ruhiyyədədirlər.
Süni intellektin sürəti, onun gördüyü işin həcmi ilə heç bir jurnalist ayaqlaşa
bilməz. Onların çox böyük həcmdə bilik bazasına giriş imkanları var
"Süni
intellektin gəlişi ilə sıradan çıxacaq peşələr olacaq” tipli xəbərləri tez-tez
görürük. Ekspertlər tərəfindən süni intellektin hansı peşəyə nə cür təsir etməsi
ilə bağlı tez-tez müxtəlif fikirlər səsləndirilir. Süni intellektin təsirinin
müzakirə olunduğu sahələrdən biri də jurnalistikadır.
Beynəlxalq
Kosmik Stansiyanın Rusiya bölməsinin aparıcı şirkəti sayılan "Energia”nın baş
mühəndisi Vladimir Solovyov da bu mövzuda fikirlərini bölüşərkən qeyd edib ki,
süni intellekt ənənəvi jurnalistikanın ciddi rəqibi olacaq. Yaxın gələcəkdə
süni intellektlə daha da sərt rəqabət başlayacaq. O qeyd edib ki, süni
intellekt peşəkar jurnalistlərin işini tamamilə əvəz edə bilməz, ancaq bloggerləri
mütləq məğlub edəcək.
Süni
intellektin köməyi
Media
eksperti Ələsgər Məmmədli
deyir ki, süni intellektin təsirləri media sahəsindən də yan keçməyəcək: "Təbii
ki, süni intellektin imkanları mətbuata da təsir edəcək. İşlərin sürətlənməsi,
analizlərin daha tez, əhatəli şəkildə əlimizə çatması cəhətdən süni intellektin
inkişafı böyük köməklik edəcək”.
"Bir-birini
əngəlləyə bilməz”
Ə.Məmmədli
bildirdi ki, süni intellektin də mətbu məhsullarını görəcəyik, amma insan
yaradıcılığı başqadır: "Bir neçə il öncə məşhur qəzetlərin birində süni
intellekt köşə yazmışdı. Çox maraqlı idi. Həqiqətən də, oxuduğun zaman insanın
yazdığı kimi görünürdü. Sözsüz ki, bu aspektdən baxanda süni intellekt
milyonlarla insanın davranışını analiz edərək ona uyğun şəkildə ən optimal
versiyanı ortaya çıxara bilir. Amma insan beyni elə mürəkkəb formatdadır ki,
onun yaradıcılıq aspektini süni intellekt ortaya çıxara bilməz. Məsələn, süni
intellekt bütün bədii təsvirləri verə bilər, amma insanın duyğusal tərəfini, yəqin
ki, tam görə bilməz. İnsan insandır, süni intellekt də süni intellekt.
Bir-birini əngəlləyə bilməz”.
"Jurnalistin
yerinə müsahibə almayacaq”
Ə.Məmmədlinin
sözlərinə görə, süni intellektin tam olaraq jurnalistin işini əvəz etməsi
mümkün deyil: "Süni intellekt dataları analiz edib ortaya müəyyən iş çıxara
bilir. Amma gedib jurnalistin yerinə müsahibə almayacaq, çəkiliş etməyəcək. O
baxımdan bir-biri ilə rəqabət aparacaq tərəf deyillər. Hazır mətni oxuyar, səsləndirər,
ofis işlərini yüngülləşdirə bilər. Amma konkret bir jurnalistin müsahibə etməsi,
araşdırma etməsi, informasiyaları toplaması kimi aspektləri yəqin ki, əvəz etməz”.
"Jurnalistləri
əvəz etməsinə çox qalmayıb”
"Microsoft Azerbaijan”ın baş
meneceriQaçay Mirzəyev bildirdi ki, süni intellektin gələcəkdə jurnalistləri
əvəz etməsi mümkündür: "Süni intellekt dünyanı tam dəyişəcək. Süni intellekt
bütün peşələrə təsir edəcək. Bəzi peşələr yox olmağa labüddür, bəziləri
transformasiya edəcək, bəzi yeni peşələr yaranacaq. Ənənəvi jurnalistika da
istisna deyil. Hazırda süni intellektin inkişafı elə səviyyəyə çatıb ki, ona
hansısa şairin şerlərini göstərirsən, həmin şairin stilində şer yazır, bəstəkarın
musiqilərini dinləyir və o janrda musiqi əsəri yaradır. Jurnalistləri də əvəz
etməsinə çox qalmayıb. Artıq Çində TV aparıcılarını robotlar və süni intellekt
ilə əvəzləyiblər. Onlar yorulmur, xəstələnmir, məzuniyyət istəmir, həmişə eyni əhval-ruhiyyədədirlər
və s. kimi tərəfləri var”.
"Ağıllı
jurnalist”lərin üstün tərəfi
Q.Mirzəyev
deyir ki, yaradıcılıq, emosiya, həssaslıq (hisslər) süni intellektin hazırda zəif
tərəfləridir. Amma süni intellektin sürəti, onun gördüyü işin həcmi ilə heç bir
jurnalist ayaqlaşa bilməz: "Süni intellektin çox böyük həcmdə bilik bazasına
giriş imkanları var. Heç bir jurnalist bu boyda məlumatı yadında saxlaya bilməz.
İndi məqaləni bir dildə yazmaq və süni intellekt vasitəsilə 90-dan çox dilə
avtomatik tərcümə etmək mümkündür. Bu da o deməkdir ki, "ağıllı jurnalistlər”
tanıtmaq istədiyi mövzunu daha geniş auditoriyaya çatdıra bilər.
Ümumiyyətlə,
ixtisaslaşmış süni intellektin (məsələn, jurnalist kimi yetişdirilmiş) insan
jurnalistdən daha güclü olacağı şübhəsizdir.
Süni
intellektin güclü tərəfi odur ki, daima öyrənəcək, təkmilləşəcək, bilmədiyini
araşdıracaq. Artıq bunu edən alqoritmlər var”.
"Süni
intellekt insandan asılıdır”
Q.Mirzəyevin
sözlərinə görə, sonda yenə də hər şey insandan - süni intellekti tərbiyə edəndən
asılıdır: "Süni intellekt sonda bir alqoritmdir. Adi uşaq kimidir, nə öyrətsən,
necə tərbiyə etsən, o cür də süni intellekt alacaqsan. Uşaqdan fərqi odur ki, bəzən
uşağa bir dəfə göstərmək bəs edir. Amma süni intellektə 1000 dəfə pişik şəkli
göstərməlisən ki, pişiyi tanısın”.
"Rəqabət
başlasa, insan uduzacaq”
Q.Mirzəyev
əmindir ki, jurnalistlər süni intellektlə rəqabət apara bilməyəcəklər: "Ümumiyyətlə,
süni intellekt ilə rəqabət aparmaq ən perspektivsiz işdir. Əksinə, süni
intellekti bizim gücümüz çatmayan, bacarmadığımız işlərdə istifadə etməklə,
daha böyük nailiyyətlər əldə etməyə çalışmaq lazımdır. Rəqabət başlayan kimi
insan uduzacaq. Araşdırma, təhlil, proqnoz verilməsi tələb edən istiqamətlərdə
süni intellekt ideal köməkçi ola bilər. Ola bilsin ki, jurnalist saxta xəbəri ayırd
edə bilməsin, amma bu, süni intellekt üçün asan iş olacaq. Ya da ki hər hansı
bir məqalə üçün bütün mümkün faktları bir yerə toplamaq böyük vaxt tələb edə
bilər, amma süni intellekt üçün bu, asan bir tapşırıqdır. Süni intellekt, eyni
zamanda müxtəlif alqoritmlər vasitəsilə qeyri-adi, anomal halları da üzə çıxara
bilir. Məhz buna görə də, dələduzluq hallarını araşdırarkən süni intellektdən
istifadə edilir”.
Aygün
Asimqızı