• cümə, 29 Mart, 13:11
  • Baku Bakı 14°C

“...Ailəmizdə ilk öləcək şəxs mənəm...”

24.02.20 12:30 2718
“...Ailəmizdə ilk öləcək şəxs mənəm...”
Füruğ Fərruxzadın qardaşı Firidun Fərruxzada yazdığı məktublar
Oxuyacağınız mətnlər Füruğ Fərruxzadın qardaşı Firiduna yazdığı şəxsi məktublardan bir neçəsidir. Məktublar əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində yazılmışdır. Həmin vaxt Firidun Almaniyada təhsil alır və işləyirdi.

Firidun Fərruxzad (1938-1992) barədə qısa məlumat

Məşhur İran şairəsi Füruğ Fərruxzadın qardaşı olan aktyor, şoumen, şair, müğənni, bəstəkar və siyasi fəal Firidun Fərruxzad 1938-ci il, oktyabr ayının 7-də Tehranda dünyaya gəlmiş, bir müddət İranda oxuduqdan sonra ölkəni tərk edərək Münhen, Vyana və Berlində hüquq və politologiya təhsili almışdı. "Marks əqidəsinin Almaniya Demokratik Respublikası kilsə və hökumətinə təsiri” mövzusunda doktorluq dissertasiyasını Münhen Lüdviq-Maksimilian Universitetində müdafiə etmişdi. 1962-ci ildə Oksfordda tanış olduğu alman-polyak qadını Anya Buçkovski ilə evlənmiş, Rüstəm adlı bir oğlu dünyaya gəlmişdi. Şeir və teatrla əlaqəli biri olan Anya ilə tanışlıqdan sonra Firidun almanca şeir yazmağa başlayır və 1964-cü ildə "İkinci fəsil” adlı şeirlər kitabını çap etdirir. Beş ay sonra kitab "Berlin şeir mükafatı”na layiq görülür. Firidun Fərruxzad 1966-cı ildə Münhen radio və televiziyasında işə başlayır və "Alp küçələri” adlı bir proqram hazırlayır. Bir il sonra İrana qayıdaraq həmən işi öz vətənində davam etdirir. "Gümüş qərənfil” və "Cümə bazarı” adlı şou-proqramları daha çox uğur qazanır. Anyadan boşanmış Firidun 1974-cü ildə əslən Məşhəddən olan Təranə ilə evlənir, daha sonra ondan da boşanır. 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra həbs edilir. Daha sonra buraxılır və ölkəni tərk edərək ABŞ-a, sonra da Almaniyaya mühacirət edir, Bonn şəhərində məskunlaşır və yaradıcılıq fəaliyyətini davam etdirir. Ölümündən bir il əvvəl Avstriyada Huşəng Allahyarinin rejissorluğu ilə "Vyana – eşqim mənim” komediya filmində baş rola çəkilir. 1992-ci il, avqust ayının 7-də Bonn şəhərində, yaşadığı evin mətbəxində məlum siyasi səbəblərdən bıçaqlanaraq qətlə yetirilir. Məzarı Bonnda – Nordfriedhof məzarlığındadır.

Məktublar

1.Əzizim Feri. Ümid edirəm ki, halın yaxşıdır. Xahiş edirəm, neçə həftədir sənə məktub göndərmədiyimə görə məndən inciməyəsən. Tanrıya and olsun, işim o qədər çoxdur ki, yemək yeməyə belə vaxt;m yoxdur. Sənin üçün çox darıxmışam. Dərsinin lap tez bitməyini və sənin gəlməyini o qədər çox istəyirəm ki...
Bu gün sənin üçün iki yüz marka göndərdim. Daha artığını göndərməməyimin səbəbi maddi baxımdan pis bir şəraitdə yaşamağımdır. Adətən, hər ayın ortasında pulsuz qalıram və köməyə heç kəsim yoxdur. Buna baxmayaraq, daha artığını istəsən, yenə də göndərərəm. Önəmli olan sənin dərs oxumağın və daha yaxşı yaşaya bilməyindir.

***
2.Əzizim Feri. Kartoçkan çatdı. Onu dəfələrlə oxudum və pərt oldum. Sən insandan uzaq olanda insanı sevir, insana yaxın olanda isə əksinə hərəkət edirsən... Buna baxmayaraq, səni və sənin dəliliklərini çox sevirəm. Sən mənim özüm kimisən.

3.... Bir neçə gün öncə məktubun çatdı, özü də təzə şeirlərinlə birlikdə, çox-çox sevindim. Sənə müntəzəm olaraq cavab yazmağımı istəsən də, fürsət tapa bilmirəm. Halınız çox yaxşı olmalı ki, heç hansınız anaya məktub göndərmirsiniz. Davamlı şəkildə şeir yazdığın üçün xüsusən sənin kefin kök, damağın çağ olmalıdır. Eşitdiyimə görə, həm də uşaq sahibi olursan! Nə isə. Ferican, şeirlərini oxudum. Sənin öncədən istedadın var idi, heç təəccüblənmirəm. Şeirlərin mövzu, hiss və hislərin zərifliyi baxımından tamamilə təsiredici və çox yaxşıdır. Amma alman dilində hansı vəziyyətdə ola bilər, forma və quruluşu dil və ritm baxımından necədir, bilmirəm.
Hərçənd ki, bu məsələlər ikinci dərəcəli əhəmiyyət daşıyır. Əsas mövzu şairin anlayış (conception) tərzi və dünyagörüşüdür. "İstəyirəm daxili dincliyim üçün...” sözləri ilə başlayan son şeirindən çox zövq aldım. Belə ki, ondakı təsvirlərin və fikrin arxasında dərin? ürkək bir insan hissi var idi. Elə bir mistika və təslimiyyət dolu hal ki, insan öz hiss və fikir təcrübələrində püxtələşib təşəkkül tapmayınca bu məsələləri bu şəkildə ifadə edə bilməz.
Davam etməlisən. Mən əminəm ki, sən əla və yaxşı olacaqsan. Yaxşısı budur ki, Sirusla (alman dilində yazıb-yaratmış fars şairi Sirus Atabay (1929-1996) – tərc.) əlaqə yaradasan. Düzü, yadıma düşməyi yaxşı oldu. Onun Tehranda olduğu keçən ilə qədər bir-birimizlə xeyli dostlaşmışdıq. Sonra bir dəfə payızın əvvəllərində yoxa çıxdı, uşaqlar Almaniyaya qayıtdığını dedilər və mənim daha ondan bir xəbərim yoxdur. Salamımı ona çatdır. Şeirlərini mənə göndər və onları çap etdirməyə çalış. Bunların hamısından daha önəmlisi isə, daha çox düşünməyə səy göstər. Bilmirəm, əvvəldən düşünə bilirsən, ya şeirlərinin göstərdiyi kimi, doğrudan da, dəyişilmisən. İstənilən halda, mənim arzum sənin uğur qazanmağındır...
Burada çox yalnız qalmışam...
Yalnızlığın basqısı ilə heyvan kimi işləyirəm və sizlərin getdiyini, daha qayıtmayacağını unuduram. Cüzamlıların həyatı barədə bir film hazırlamışam, uğurlu olub...
Həyat belədir: özünü ya uşaq, ər və ailə kimi teztapılan və adi səadətlərlə aldatmalısan, ya da şeir, kino, incəsənət və s. şeylər kimi gectapılan və ağlasığmaz səadətlərlə! Amma, istənilən halda, həmişə yalnızsan və yalnızlıq səni yeyib xırdalayır. Çox sınıxmışam, saçlarım ağarıb, gələcəyin fikri məni boğur, amma nə isə... Nə isə. Nə isə... Deməli, vəziyyət bu cürdür: mənə məktub yaz, Anyaya və Qlora (Firidunun sevgilisi və bacısı – tərc.) salam söylə. Hamınızın bayramını təbrik edirəm və bir yerdə olduğumuz o günləri düşünəndə ürəyim işıqla dolur.
Səni öpürəm.
Füruğ

4. Əzizim, uzun müddətdir ki, burada oturmuşam, sənə yazmaq istəyirəm, amma nə yazacağımı bilmirəm! Xüsusən də o halda ki, sənin məktublarının hamısı məndən giley və şikayətlə doludur. Nə etmək olar?! Səninlə anlaşmaq çətin bir işdir. Çünki sən mənə çatanda iyirmi il öncəki uşaq olursan və mühakimələrinin hamısı o dönəmə əsaslanır. İstənilən halda, mən səni sevirəm, həm də çox sevirəm. Bəzi vaxtlar səndən inciyirəmsə, bunun səbəbi səndən o biri bacı-qardaşlarıma nisbətən daha artıq gözləntimin olmasıdır...
Sirus Almaniyaya gedəndə mənim şeirlərimin tərcüməsindən söz açmışdı. Əminəm ki, bu şeirlərdən yaxşı bir şey əmələ gəlməyəcək. Çünki Sirus fars dilini yaxşı bilmir və bu mühitdən illərlə uzaq qalıb. Bu işi sən niyə görmürsən? Hərçənd ki, sən də fars dilinə bir o qədər bələd deyilsən və sözlərdən bir çoxunun mənasını anlamadığını da bilirəm. Amma əvəzində, sən mənim ruhuma və hissimə çox yaxın olan bir ruha və hissə sahibsən...
Bir film hazırlamaq üçün min səhifəyə yaxın ssenari yazmışam, amma gələn ilə qalır. Qorxuram ki, düşündüyümdən daha tez öləm və işlərim yarımçıq qala... Hələ ki, birtəhər keçinirəm. Nə etmək olar?! Məgər dünyanı parçalayıb içindən xoşbəxtliyi çıxarmaq olar?! Necə varsa, elədir. Bu il bircə şeir də yazmamışam. Səndə təzə bir şey varsa, mənə göndər.

5. Ferican! Bu gün yenə səndən bir məktub aldım. Ümid edirəm ki, sən və əziz Anya yaxşısınız. Gec cavab yazmağımın səbəbi işimin çoxluğu idi, fürsət tapmamışam. Şeirlərin, xüsusən bu sonuncular əla idi. Həqiqətən əla. Mən təəccüb edirəm və özüm özümdən soruşuram ki, sən bu ağıl, idrak və hissi haradan çıxarmısan? Sənə yaraşmır, Feri, mənim səfehim. Sən çox uşaq idin. Bilmirəm, bəlkə də, indi böyümüsən, həyatın necə bir üfunət və eyni zamanda necə bir mərəkə olduğunu anlamısan. İstənilən halda, sən get-gedə möhtərəm Fərruxzadlar ailəsində birinci yeri əldə edirsən. Təklif edirəm ki, farsca da şeir yazasan, vəzn və qafiyəyə riayət etməyin lazım deyil. Sözlərin ritmi ilə dinlənilməyə dəyər bütöv bir hərəkət yaratmağa çalış. Yəni qulaqda bir növ vəznə çevrilsin.
Hər halda, sən şairsən və bu, önəmlidir. Əgər bunu özündə yetişdirə bilsən, oyunu qazanmısan deməkdir.
Halım pis deyil. Ürəyim sıxılıb. Həmişəki kimi həyatım problemlidir və heç nəyim qaydasında deyil. Nə qəlbim toxdur, nə də bədənim. Heç nəyə güvəncim qalmayıb. İstənilən halda, insan bir yerə çatmaq üçün bir çox məhdudiyyətlərə dözməlidir. Bu günün, demək olar ki, ən böyük şairi olan Nima (müasir fars şeirinin banisi Nica Yuşic (1895-1960) – tərc.) deyir:

Sinəsində dağ görməyən
bu dövranda çıraq görməz.

Yaxud:

Nədənsə azaltmalısan
nəyəsə artırmaq üçün.


Məsələ bax budur. Yəni şair olmaq istəyirsənsə, özünü şeirə qurban et. Bir çox sözlərdən, haqq-hesablardan keç. Bir çox sadə və qaneedici xoşbəxtlikləri kənara qoy. Öz çevrənə bir divar hör və bu divardan daxildəki mühitdə dünyaya gəlməyə, təşəkkül tapmağa və müxtəlif məfhumların müxtəlif mənalarını kəşf etməyə yenidən başla.
Mən həmin işi görürəm, amma çətindir, çox çətindir. Mətanət və güc tələb edir...
Bəzi vaxtlar düşünürəm ki, bu həyatı tərk etmək mənim üçün bir saniyəlik işdir, çünki nəyəsə bağlılığım yoxdur – köksüz bir adamam. Məni qoruyan ancaq sevməyimdir, amma nə faydası var?..
Ah, Ferican, bu sözləri niyə yazdığımı bilmirəm, amma ürəyim sıxılıb. Sıxılıb, sıxılıb və burada çox yalnız qalmışam, siz hamınız getmisiniz. Anam həmişə qüssəlidir, atama da ancaq "Salam” demək olur.

6. İndi qışın ortasıdır və mənim hələ də sobam yoxdur. Pulum da yoxdur. Buna rəğmən həmişə səni düşünürəm. Olsa, səndən əsirgəmərəm... Evlənmək uşaq oyunu deyil və toy mərasimindəki, habelə evlənməyin adındakı gözəllik adamı aldatmamalıdır. Bir qız gəlib adamın həyatına şərik olarkən adamdan onu himayə və idarə etmək gücü ummuş olur. Sən nə vaxt bu gücü özündə görsən, evlən.

7. Ferican. Ümid edirəm ki, halın yaxşıdır. Getdiyin gündən bəri sənə cəmi bir məktub göndərmişəm, inşallah ki, inciməmisən. Zəruri hallardan başqa çox da məktub yazan biri olmadığımı bilirsən. İndi də yalnızlıqdan əziyyət çəkdiyini yazdığın üçün üzüldüm və düşündüm ki, bəlkə, mənim məktubum səni bir az sevindirə bilər.
Amma sən, istənilən halda, yalnızlığa və bu həyat tərzinə alışmalısan. Çünki qarşında məcburən bizdən uzaqda yaşayacağın çox illərin var. Məndən və səndən daha dərrakəli adamlar deyirlər ki, sivil insan yalnızlıqda yalnızlığı hiss etməyən şəxsdir. Sən özün üçün daxili bir dünyaya, eləcə də, ruhən və fikrən sabit dayaqlara malik olmalısan. Yəni camaatın arasında yaşadığın halda özünü qətiyyən onlara möhtac bilməyəsən. Camaat bizə özümüzün əldə etməkdə aciz qalacağımız heç bir şeyi vermir. Camaatdan adama yalnız əzab, narahatlıq və əbəs hay-küy qismət olur. Hətta atadan, anadan və ailədən də.
Sən gələcəyi düşünməli, işləməli və camaatı unutmalısan...
Onca müddətdən sonra səni Tehranda görərkən nə qədər sevindiyimi bilmirsən, çox dəyişmisən... Mən sənə təəccüblə baxırdım... Burada görüb tanıdıqların barədə olan baxışın tamamilə doğrudur...
Bir neçə nəfərdən başqa qalanları heçdirlər... Və heçdirlər, yalnız o bir neçə nəfərin həyatını darmadağın etmək üçün vücuda gəliblər. Çünki özləri heç nə bacarmır, ancaq danışırlar... Mən bunlardan şikayət etmirəm, çünki işləmək, ya düşünmək yerinə bir yığın hoqqabaza vaxt ayırmağa dəyməz. Amma sən bilmirsən. Bunların nə olduqlarını hələ də yaxşı bilmirsən...
İndinin özündə də bəzi vaxtlar oturub ağlayıram...
Keçmiş həyatdan bütünlüklə qopmuşam. Hal-hazırda boyu çiynimə qədər çatan Kamini (məhkəmənin hökmü ilə Füruğun əlindən alınaraq atasının himayəsinə verilmiş oğlu rəssam və şair Kamyar Şapur (1952-2018) – tərc.) küçədə görəndə ancaq bədənim titrəməyə, ürəyim də partlamağa başlayır. Amma onu istəmirəm, istəmirəm. Bu əlaqə və bağlılıqların faydası nədir?
Mən çox bədbəxtəm, Ferican və bunu heç kəs bilmir. Hətta özüm də bilmək istəmirəm. Çünki bu məsələ ilə üzbəüz olduğum vaxt edə biləcəyim tək iş özümü pəncərədən aşağı atmaqdır.
Ah... Ağzıma gələni yazıram. Sən payızda gələndə söhbət edərik və inşallah, payız gələr. Anyanı öp. Şeirlərini mənə göndər və unutma ki, həyat bax budur. İşlə və yenə də işlə.

8. Evdə baş verənlər bildiyin kimidir. Mən sənin təsəvvür etdiyinin əksinə, səni həmişə sevmişəm. Amma bəzi vaxtlar sənin uşaqsayağı davranışın məni narahat edirdi. Bəlkə, mən də eqoist bir adam olmuşam, indi isə deyiləm. İndi mən yalnız insan olmağa çalışıram... Bilirsən, Ferican, həyatda heç nə önəmli deyil, çünki heç nə həqiqi və qalıcı deyil... Qalan yalnız işdir və bu iş bizim özümüzük.
Münhenin küçələrində gəzəndə məni də xatırla. Çünki mən Münhen şəhərini çox sevmişəm. Xüsusən də Leopold küçəsini...

9. Əzizim Ferican. Xəbərini müntəzəm olaraq qəzetlərdə oxuyuram. Məlum olur ki, işin yağ kimi gedir. Axmaq olma və başqa iş-filan fikrini başından çıxar. Sən bilmirsən, bilmirsən və yenə də bilmirsən...
Axı mən burada nə olmuşam ki, sən də olmaq istəyirsən? İki ildir ki, almanca şeir yazırsan və özünə görə bir adam olmusan. Mən on ildir ki, şeir yazıram və hələ də əlli tümənə ehtiyacım olanda gərək başımı tutub bədbəxtlikdən ağlayım. Bir kitab çap etdirmək istəyəndə naşirlər əllərini zorla ciblərinə salıb min tümən müəlliflik haqqı verir, o kitabı da min dəfə donquldana-donquldana çap edirlər. Üstəlik, kitabın ən çoxu iki min tirajla çap olunanda illər boyu mağazaların vitrinində qalır ki, əlli ədədi satılsın. Sonra da başdan-ayağa səbzi-qovurma xuruşu və qorxunc cinayətlərdən bəhs edən dörd düşük dərgidə dörd axmaq, bisavad, şüursuz adam tərəfindən sənət tənqidi adı ilə ələ salınsın. Bax beləcə, sən bu şeyləri bilmirsən. Alman dilində şeir yazırsan. Ziyalı və inkişaf etmiş bir mühitdə yaşamaqdasan. İşləyirsən, uğur da qazanmısan. Daha niyə gəlmək və burada bir yığın axmağın arasında şöhrət qazanmaq istəyirsən? Bunun sənin üçün nə dəyəri var?

10. Heyif ki, mənim sözümə qulaq asmır, olduğun yerdə işinə davam etmirsən... Gəl, əvvəl-axır bir iş görəcəyik... Etdiyin tərcümələri göndər, mən düzəldim. İndi də bizim uşaqlar bir mətbuat və kitab nəşri müəssisəsi yaradıblar və ayda beş kitab çap etmək istəyirlər. Göndərsən, mən onların çapını "Cəvane” nəşriyyatının seriyasında düzüb-qoşaram. İşin çatışmayan tərəfi budur ki, sən də digər Fərruxzadlar kimi yüz bıçaq düzəldirsən, birinin də sapı yoxdur. Həmişə söz verirsən, az əməl edirsən. Bir müddətdir Sirusdan xəbərim yoxdur, Berlindəki ünvanı səndə varsa, mənə göndər.
Və həmçinin səndə alman nəşriyyatından yaxşı ədəbi məqalələr varsa, tərcümə et, sənin üçün çap edim. Biz Röyayi (hal-hazırda Parisdə yaşayan İran şairi Yədullah Röyayi (1932) – tərc.) və Şamlunun (İran şairi Əhməd Şamlu (1925-2000) – tərc.) köməyi ilə "Honər” adlı həftəlik bir dərgi çıxarmaqdayıq, təzə məqalələrə çox ehtiyacımız var...
Canım Feri, mənim məktub yazmamağımdan gileylənmə. Sən yaz, mən oxuyuram. Yazdıqlarını nə qədər maraqla mütaliə etdiyimi bilirsən. Sonuncu şeirlərin şahanədir və hələ də sənin o qədər səfehliyinə rəğmən bu cür gözəl yazmağına inanmıram. İndi idarəyə getməliyəm, maşın da eləcə qapının ağzında dayanıb siqnal verir. Anyanı öpür və onu Tehranda görməyi arzu edirəm.

11. Son məktub

Nə qədər qüssəli olduğumu və ürəyimin necə sıxıldığını bilmirsən. Sizlər gələnə qədər mən boğulmuş ola bilərəm – nə faydası var? Bütün bu işlərin nə faydası var?
İndiyə qədər sevinirdim ki, ən azından sən oradan həyatından razısan, işləyirsən və işdə bunca uğur qazanmısan. İndi isə qayıdırsan və mənim heç bir nəsihətimin sənə təsiri olmayıb. Heyif!..
Burada sən gərək o kəslərin arasında yaşayassan ki, mənim bütün həyatımı parçalayıb yox etdilər. Bunlar heçdirlər, heçdirlər, heçdirlər... Bunlar bu gün sənin şəklini yüz dəfə öz dərgilərində çap edib zorla başqalarına yedirərlər, sabah isə oturduqları bütün yerlərdə sənin əleyhinə danışıb yazmaqdan savayı heç bir işləri olmaz... Bilmirəm sənin təhəmmül gücün hansı ölçüdədir. Mən özüm olmağı bacarım deyə bunların arasında yaşamışam, bunların arasında ölmüşəm, bəs sən?..
Mən də sənin kimi küçəmizin toz-torpağına, Əmiriyyə prospektindəki dilənçi uşaqlara, göyərçinlərə, itlərə və günəbaxan güllərinə aşiqəm. Ancaq sən bunları kim üçün izah etmək istəyirsən?
Sən sadəlövhcəsinə, öz pak və uşaqsayağı duyğularınla yaşayırsan. Bunlarsa sənin həmin duyğularını məsxərəyə qoymaqla qidalanacaqlar.
Mən bu şeylərə adət etmişəm və bu təlxəkləri yaxşı tanıyıram. Sən də gəl, onları daha yaxşı tanı. Sənin və əziz Anyamın gəlişini gözləyirəm. İstənilən halda, ailəmizdə ilk öləcək şəxs mənəm və məndən sonra sənin növbəndir, mən bunu bilirəm.

Qurbanın Füruğ
Fars dilindən tərcümə edən: Məhəmməd Nuri

banner

Oxşar Xəbərlər