• çərşənbə axşamı, 16 aprel, 18:40
  • Baku Bakı 18°C

AFİŞA..., A....FİŞA...

01.12.14 12:01 2383
AFİŞA..., A....FİŞA...
Müasir texnologiyaların, sosial şəbəkələrin inkişaf etdiyi bir dönəmdə hər kəs canlı aləmə səyahət etməyə ehtiyac duyur. Bu gün həmin ehtiyacı qismən də olsa teatrlarımız ödəməyə çalışır. Ancaq nə dərəcədə buna nail olurlar, onu artıq tamaşaçı bilir.
Bir çox hallarda seyrçi izləmək arzusunda olduğu tamaşanın oynanılacağı günü mətbuatdan, elektron mediadan öyrənmək istəyir və belə də edir. Sonra nəzərdə tutulan gün tamaşaya baxmağa gedir və məlum olur ki, həmin gün teatrda həmin tamaşa oynanılmır. Bu fakta bir neçə dəfə şahidlik etmişik və bununla bağlı redaksiyamıza şikayətlər də daxil olub. Deməli, hələ də tamaşaçıya teatrlarımızda nümayiş olunan tamaşaların düzgün afişasını təqdim etməkdə çətinlik çəkirik.
O da sirr deyil ki, teatr afişası ilə bağlı insanların daha çox güvəndiyi yer, bu məsələdə ən səlahiyyətli dövlət orqanı kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin http://www.mct.gov.az internet səhifəsidir. Bu güvəncdən dolayı mətbu orqanlar da nazirliyin saytına istinad edərək afişanı tirajlayırlar. Əsl narazılıqlar da elə bundan sonra başlayır...
Belə ki, redaksiyamıza ünvanlanan şikayətlərdən sonra afişanın daha dəqiq və düzgün təqdim olunduğunu hesab etdiyimiz Mədəniyyət və Turizm Nazirliyinin saytına daxil olduq və düşüncəmizin bizi yanıltdığını gördük. Sonra teatr afişalarının necə tərtib olunması ilə bağlı qısa bir araşdırma aparmağa başladıq. Təəssüf ki, apardığımız bu araşdırma bizi olduqca təəccübləndirdi. Real vəziyyətlə tanış olduqdan sonra sizin də təəccüblənəcəyiniz şübhəsizdir.
Öncə Mədəniyyət və Turizm Nazirliyinin saytında teatrlar bölməsində 21-28 noyabr üçün verilmiş afişasını müqayisə etmək qərarına gəldik. Saytda göstərilən tamaşaları siyahıya aldıq və sonra teatrlarımızın həm deyilən tarix ərzində artıq nümayiş olunmuş, həm də hələ seyrçisini gözləyən tamaşalarının adlarını teatrlardan öyrəndik. Nəticədə, kassada əyləşən operatorlardan və məsul şəxslərdən aldığımız cavablarla saytdan götürdüyümüz afişanın bir-biri ilə tamamən ziddiyyət təşkil etdiyi ortaya çıxdı.
Əvvəlcə ana teatrımız sayılan Akademik Milli Dram Teatrının repertuarından başlayaq: Nazirliyin saytında 21 noyabr tarixində C.Patrikin “Qocanı öldürməliyik” tamaşası qeyd olunsa da öyrəndik ki, həmin gün teatrda H.Cavidin “Əmir Teymur” tamaşası təqdim olunub. Həmçinin, saytda noyabrın 22-də B.Nuşiçin “Nazirin xanımı” göstərilsə də, həmin gün teatrda gündüz “Biri var idi, biri yox idi” nağıl-tamaşası, axşam isə C.Məmmədquluzadənin “Anamın kitabı” tamaşası oynanılıb. Növbəti yanlış informasiya 23 noyabr tarixində də müşahidə edilir. Belə ki, saytda həmin gün Y.Oğuzun “Nadir Şah” tamaşasının nümayiş olunduğu göstərilir. Əlində isə həmin gün gündüz “Anamin kitabı”, axşam isə E. De Flipponun “Slindir”i nümayiş olunub. Onun ardınca, 25 noyabr tarixində saytda göstərilən V.Səmədoğlunun “Generalın son əmri” tamaşası isə ümumiyyətlə teatrın noyabr ayının afişasında yer almayıb. Həftə ərzində saytda yeganə olaraq 28 noyabrda oynanılacaq Elçinin “Teleskop” əsərinin axşam tamaşasının tarixi düzgün verilib. Amma həmin gün gündüz həm də V.Zuyevin “Mən... Biz...” tamaşası teatrda nümayiş olunması nəzərdə tutulsa da nazirliyin saytında bu barədə məlumat verilməyib.
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovla əlaqə saxladıq. O qeyd etdi ki, nazirlik tərəfindən təqdim olunan afişaya məsuliyyəti teatr daşımır: “Görünür, tamaşanın premyerası ilkin mərhələdə həmin tarixlərdə nəzərdə tutulub, amma bu bir ay əvvəl baş verib. Hazırda bizdə dekabr ayının repertuarı hazır olsa da son variant dəqiqləşənədək heç bir yerə göndərmirik. Çünki bilirik ki, repertuarda müəyyən dəyişikliklər olunacaq. Mətbuat nümayəndələrinə məsləhət edirəm ki, afişa hazırlayanda bizim informasiyaya istinad etsinlər. Təbii ki, bu informasiyada da nə isə dəyişilə bilər. Çünki teatr canlı sənət növüdür, yaradıcılıq prosesidir, ifaçılar canlı insanlardır. İstənilən an hər hansı bir qəza da baş verə bilər. Bunun üçün də öncədən mətbuat nümayəndələrinə tamaşanın təxirə düşdüyü barədə məlumat veririk. Biz mətbuat katibləri bütün saytlara nəzarət edə bilmərik. Bu, fiziki olaraq mümkün deyil. Hər bir mətbuat orqanı isə daha dəqiq informasiya verməyin qeydinə qalmalıdır”.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı da vəziyyət eynidir. Belə ki, nazirliyin saytında 23 noyabr tarixində C.Verdinin “Traviata” tamaşasının nümayiş olunacağı göstərilsə də, həmin gün teatrda heç bir tamaşa oynanılmayıb. 26 noyabr tarixində saytda yer alan L.Minkusun “Don Kixot” tamaşası da yanlış qeyd edilib. Həmin gün teatrın səhnəsində “Koroğlu” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva “Traviata” tamaşasının vaxtının noyabrın 30-a keçirildiyini bildirdi. Onun sözlərinə görə afişa 3 ay əvvəlcədən nazirliyə təqdim olunur: “Tamaşaların nümayiş tarixində hər hansı bir dəyişiklik olduqda, dərhal nazirliyə məlumat veririk. Hətta gələn ilin afişası da artıq hazırdır. Bizim teatrın digər teatrlardan əsas fərqi odur ki, bir tamaşada 60-dan çox yaradıcı heyət iştirak edir. Əgər onlardan hər hansı birində müəyyən nasazlıq yaranırsa, tamaşanın günü dəyişdirilir. Misal üçün orkestrlərimiz həftə ərzində dövlət xətti ilə qastrola gedirlər. Bu zaman da məcbur oluruq ki, gözlənilən tamaşanın vaxtını dəyişək. Teatr canlı sənət olduğu üçün burada belə hallara tez-tez rastlaşırıq”.
Nazirliyin saytında yeganə olaraq Gənc Tamaşaçılar Teatrının afişası doğru şəkildə yerləşdirilib. Saytda göstərilən tarixlərlə teatrda nümayiş olunan tamaşaların zamanı eynilik təşkil edir.
Saytın afişasında Azərbaycan Dövlət Yuğ Teatrının da repertuarı yanlış təqdim edilib. Orada 22 noyabr tarixində Q.Fikrətoğlunun “Fəna” adlı tamaşası qeyd olunsa da, həmin gün teatrda K.Abdullanın “Səsindən yapış” tamaşası oynanılıb. 28 noyabrda isə “Dədə Qorqud” dastanının motivləri əsasında “Boy” tamaşası göstəriləcəyi qeyd olunub. Lakin bu tarixdə “Yad.Daş” əsəri nümayiş olunacaq.
Həmçinin Azərbaycan Dövlət Pantomima Teatrında həftə ərzində göstərilən tamaşaların heç biri nazirliyin afişası ilə uyğunluq təşkil etmir. Afişada 22 noyabr tarixində B.Xanızadənin “Pontamima buketi” qeyd edilsə də, teatrda B.Vaqifoğlunun “Ora-bura” tamaşası oynanılıb. 23 noyabrda isə saytda B.Xanızadənin “Zibillik pərvanələri” yer alsa da, həmin gün teatrın səhnəsində “Pantomima buketi” numayiş olunub. Saytda 26-27-28 noyabr tarixlərində göstərilən tamaşaların isə heç birinin oynanılması isə həmin gün teatrda nəzərdə tutulmayıb.
Azərbaycan Dövlət Kukla Teatrına gəldikdə, teatrın repertuarı saytda olduğu kimi yer alıb. Yalnız 28 noyabrda H.X.Andersenin “Nağıl haqqında nağıl” tamaşasının yerinə “Qoçaq Əhməd” tamaşası oynanılacaq.
Teatrın Truppa rəhbəri Həmidə Ömərovadan aldığımız məlumata görə, afişalar nazirliyin saytına 3 ay əvvəlcədən verilir. Oynanılan tamaşalarda elə aktrisalar var ki, onları heç kim əvəz edə bilmir. Teatrımızın saytında afişa tam dəqiq şəkildə yerləşdirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə açıqlamasında qeyd etdi ki, teatr canlı sənət növü olduğu üçün belə hallar qaçılmazdır: “Tamaşaçı tamaşaya getməmişdən öncə teatrla əlaqə saxlayıb, bilet alır. Tamaşaçı heç zaman birbaşa teatra tamaşaya baxmağa getmir. Öncədən maraqlanmaq lazımdır ki, bilet var, yoxsa yox. Qoy oxucular bizə zəng vursunlar. Biz saytda göstərilən hər hansı tamaşada yanlışlığın olduğunu bilmirik. Ancaq çalışırıq ki, saytda yanlış tamaşaların afişalarını verməyək. İstisnalar teatrda ola bilər. Bu faciəli məslə deyil. Teatrların əlaqələri, mətbuat xidmətləri var, tamaşaçı dəqiqləşdirib teatra getsə daha yaxşı olar”.
Beləliklə, əziz müasir informasiya cəmiyyətində yaşayan tamaşaçı, nəbadə 1 ay, hətta 1 həftə əvvəl hansısa teatrın afişasını öyrənmək fikrinə düşmə, ən yaxşısı həmin gün bu eşqə düş. Və ... teatr tamaşalarının dəqiq tarixini öyrənmək istəyirsənsə, rəsmi dövlət saytına deyil, teatrların saytlarına (baxmayaraq ki, cəmi 10 teatrımızın saytı var və onların demək olar yarısı işləmir) daxil ol. Çünki sənin üçün ən güvənlisi və etibarlısı məhz teatrların özüdür. Zəng elə teatrın kassasına, tamaşanı dəqiqləşdir, get teatra, Məşədi İbad demişkən, vəssalam, şüttəmam.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər