Affekt vəziyyətində törədilən cinayət, yoxsa... - ARAŞDIRMA

Hüquqşünas
deyir ki, sui-istifadə halları nəzərə alınaraq, Azərbaycanın məhkəmə proseslərində
affekt vəziyyətinə görə cinayətin qiymətləndirilməsi, praktiki olaraq tətbiq
edilmir
Psixologiyada
güclü ruhi həyəcan vəziyyəti mənasına gələn "affekt” adlandırılan bir psixoloji
hal var. Psixoloqları deyə bilmərik, amma biz çox vaxt cinayət olaylarında bu
sözü eşidirik. Cinayət törədənlər "Cinayət vaxtı özümdə olmamışam”, "Hadisə
vaxtı affekt vəziyyətində idim” kimi ifadələr verirlər.Bu ifadələr
cinayət törədənlərin özlərinə haqq qazandırmağa çalışmasıdır, yoxsa həqiqətən
dedikləri kimidir? Affekt vəziyyəti necə müəyyənləşdirilir? Affekt vəziyyətində
cinayət törətmək məsuliyyətdən azad edirmi?
"Fizioloji
affektlər normal sayılır”
Psixiatr
Orxan Fərəcli bildirdi
ki, affekt vəziyyətində törədilən bütün cinayətlər "anlaqsız hal” hesab olunmur:
"Affekt psixi normanın son həddidir. Affekt vəziyyəti cinayətin anlaqlı, yoxsa
anlaqsız vəziyyətdə törədilməsinin göstəricilərindən biridir. Tam göstərici
demirik, çünki hər affekt vəziyyətində olmaq o demək deyil ki, o şəxs anlaqsızdır.
İki cür affekt olur: patoloji və fizioloji. Fizioloji affektlər normal sayılır,
o vəziyyətdə törədilən bütün cinayətlər anlaqlıdır. Həmin adam həbs olunur, digərləri
kimi cəzasını çəkir. Patoloji affektlər isə anlaqsız sayılır. Anlaqsızlıq həmin
şəxsi cinayət məsuliyyətindən azad edir. Amma bu o demək deyil ki, sərbəst gəzir
və s. O şəxslər barəsində xüsusi məcbur müalicə tədbirləri təyin olunur”.

"3 həftə
boyunca müşahidə edirlər”
O.Fərəcli
deyir ki, cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyini müəyyənləşdirmək
sadə, hər kəsin kənardan baxıb deyə biləcəyi məsələ deyil: "Bu, məhkəmə-psixiatriya ekspertizasının işidir. Cinayəti anlaqlı,
yoxsa anlaqsız vəziyyətdə törətdiyini müəyyənləşdirmək üçün həmin şəxsi
ambulator, stasionar ekspertizadan keçirirlər. Dəqiq
ekspertiza üçün həmin şəxsi klinikada yatırırlar, ən azı 3 həftə boyunca müşahidə
edirlər. Yəni cinayət törədən şəxsin həmin anda affekt vəziyyətində olub-olmadığı
qərarının verilməsi uzun müşahidələr nəticəsində olur. Bu sahədə ixtisaslaşmış
ekspertlər qərar verirlər. Cinayət törədib sonra peşman olmaq affekt vəziyyətinin
göstəricisi deyil. Bunların xüsusi əlaqəsi yoxdur”.
"Affekt vəziyyətinə
düşmək üçün...”
Psixiatr
qeyd etdi ki, affekt vəziyyətinə yalnız psixoloji problemi olan şəxslər düşmürlər:
"Affekt vəziyyətinə düşmək üçün adamın əvvəldən psixoloji problemlərinin olması
vacib deyil. Sağlam psixoloji durumu olan insan da affekt vəziyyətinə düşə bilər”.

Affekt vəziyyətində
törədilən cinayətlər
Hüquqşünas
Ərəstun Ağayev ilk
olaraq hansı halların Cinayət Məcəlləsində affekt vəziyyətdə baş verən cinayət
kimi qiymətləndirildiyindən danışdı: "Güclü ruhi həyəcan vəziyyətində baş verən
cinayət qəfil baş verməlidir. Zərərçəkmiş şəxs tərəfindən cinayəti törədən
adamı güclü ruhi həyəcan vəziyyətinə çatdıracaq nə isə bir hal – təhqir, şiddət
və s. olmalıdır. Qətl zamanı silah qismində istifadə etdiyi əşya isə əlinə qəfil
keçməlidir. Qonşu otaqdan bıçağı götürüb gəlmək belə affekt hal sayılmır. Əl
altında daş, bıçaq, hər hansı əşya varsa, onlardan istifadə edilərək cinayət
törədilibsə, burda affekt halın olub-olmadığına baxılmalıdır. Məsələn, həyat
yoldaşını mənzilində qonşu kişi ilə bir yerdə yaxalayır. Bir dəqiqənin içində
cinayət baş verir. Yaxud evdən qaçmış bacısını bir neçə ay sonra metronun
qarşısında görür. Ona irad bildirir ki, evdən qaçıbsan, əxlaqsız həyat tərzi
sürürsən və s. O da deyir ki, can mənimdir, özüm bilərəm. O da balıqçı olur,
üstündə bıçaq olur. Qəflətən bıçağı çıxarıb bacısını vurur. Bunlar affekt vəziyyətində
törədilən cinayətə misal ola bilər. Həyat yoldaşını polis şöbəsində qətlə yetirən
polis var idi. Polis əməkdaşı şöbəyə əvvəlcədən hazırlıqlı gəlib və bu, affekt
vəziyyətində törədilən cinayət sayılmır”.

Ölkəmizdə
tətbiq edilirmi?
Cinayət Məcəlləsinin
122-ci maddəsində qeyd edilir ki, güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən
adamöldürmə zamanı şəxs iki ilədək müddətə islah işləri və yaüç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İki və ya daha çox şəxsi qəsdən
öldürmə zamanı isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Ə.Ağayev bildirdi ki, sui-istifadə hallarını nəzərə alaraq, Azərbaycanın məhkəmə
proseslərində affekt vəziyyətinə görə cinayətin qiymətləndirilməsi, praktiki
olaraq tətbiq edilmir.
Ə.Ağayev qeyd
etdi ki, cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyi psixoloji
ekspertiza nəticəsində müəyyənləşdirilir: "Mütləq psixoloqun rəyi olmalıdır ki,
vətəndaş filan hallarda güclü ruhi həyəcan vəziyyətində olub və bu cinayəti törədib”.
Aygün
Asimqızı
