ADU-nun rektoru Kamal Abdulla Norveçə gedən tələbələrlə görüşüb
Azərbaycan
Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla
Norveçin Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak edəcək tələbələrlə
görüşüb. Tələbələri salamlayan rektor K.Abdulla universitetin onlardan çox şey
gözlədiyini deyib. O, bildirib ki, bu gün Azərbaycan gənci hansı ölkəyə gedirsə,
ilk növbədə vətəni qoruyur: "Siz də faktiki olaraq Norveçdə vətəni
qoruyacaqsınız”.
Bu gün Azərbaycan gənclərinin xaricdə təhsil
almasının ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin yaratdığı şəraitin
nəticəsi olduğunu deyən rektor Azərbaycanın digər ölkələrdə də təbliğ
olunmasının vacibliyindən söz açıb: "Siz Norveç gənclərini ətrafınıza
toplayaraq onları Azərbaycanın dostları etməlisiniz”. "Azərbaycanın Gənc Dostları”
Klubu haqqında danışan rektor tələbələrə həmin kluba norveçli gənclərin cəlb
olunması ilə bağlı tapşırıq verib. O, qeyd edib ki, iki ölkənin gəncləri
arasında əlaqələri daha da möhkəmləndirmək lazımdır: "Biz bu istiqamətdə sizdən
çox şey gözləyirik”.
ADU-nun Beynəlxalq əlaqələr
üzrə prorektoru, dosent Jalə Qəribova çıxış edərək layihə haqqında ətraflı məlumat
verib.
Qeyd edək ki, Oslo
Universiteti və ADU arasında olan uzunmüddətli (2016-2019-cu illər) əməkdaşlıq
layihəsinə əsasən Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 6 nəfər tələbənin
və universitetin akademik heyətindən 2 nəfərin Oslo Universitetinin Beynəlxalq
Yay Məktəbində 6 həftəlik kurs keçmələri nəzərdə tutulub. "ADU-da Skandinaviya
Mərkəzi layihəsinin davamlılığı” adlı əməkdaşlıq layihəsinə əsasən bu müddət ərzində
Oslo Universitetindən dəvət olunan bir nəfər mühazirəçi müəllim
Skandinaviyaşünaslıq ixtisasının tələbələrinə mühazirə keçir.
Onu da bildirək ki,
2007-ci ildən etibarən ADU-nun 27 müəllimi və
bakalavr dərəcəsində təhsil alan 68 tələbəsi Oslo Universitetinin Beynəlxalq
Yay Məktəbində müxtəlif kurslarda iştirak ediblər.