ADU-nun rektoru Kamal Abdulla Meksikanın səfiri ilə görüşüb
Azərbaycan Dillər
Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal
Abdulla Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
Səfiri salamlayan K.Abdulla onun
universitetə gəlişini yeni və xüsusi münasibətlərin başlanğıcı kimi qiymətləndirib.
Rektor bildirib ki, ADU-da ispan dili tədris olunur: "Bizim Meksikanı da öyrənməklə
bağlı arzu və ümidlərimiz var. Ümid edirəm ki, siz bu arzularımızın həyata
keçirilməsində bizə yardımçı olacaqsınız”. K.Abdulla tələbələrin Meksika barədə
daha ətraflı məlumatlanmasını təmin etmək üçün səfiri "Səfir saatı” klubunda
mühazirə oxumağa dəvət edib. O, əlavə edib ki, ADU-da İspan dili mərkəzi fəaliyyət göstərir və çox
yaxşı olardı ki, Meksika universitetlərindən birində Azərbaycan
dili və mədəniyyəti mərkəzi açılsın: "Biz istərdik ki, öz mədəniyyətimizi
Meksikada da təbliğ etmək şansına malik olaq. Bu, qarşılıqlı faydalı olardı.
Biz bu istiqamətdə sizdən dəstək gözləyirik”.
Öz növbəsində səfir səmimi qəbula
görə K.Abdullaya təşəkkür edib. "Səfir saatı” klubunda mühazirə oxumağa məmnuniyyətlə
razılıq verən diplomat əlavə edib ki, mühazirəsində ölkəsi haqqında təqdimatla
çıxış edəcək. X.R.L.Flores ADU-da tələbələr
üçün müəyyən tədbirlərin keçirilməsini təklif edib. Onun sözlərinə görə, burada
danışıq klubu, kinoklub, oxu dərnəkləri təşkil etmək, müəyyən əsərlərin müzakirəsini
aparmaq olar: "Dediklərim yalnız ideyaların panoramasıdır. Əsas məqsədlərdən
biri Meksika mədəniyyətinin təbliğidir”. Səfir Meksikada xüsusi qeyd olunan
"Ölülər günü”nün burada da keçirilməsini təklif edib və bu günün mahiyyəti
haqqında ətraflı məlumat verib. Ona cavab olaraq rektor K.Abdulla bildirib ki,
ADU sadalanan tədbirlərin təşkilinə köməklik göstərməyə hazırdır. Eyni zamanda
universitet Azərbaycanda olan multikultural mühitin Meksika multikulturalizmi
ilə müqayisəli şəkildə öyrənilməsində maraqlıdır. Buna görə də Meksika
universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması
və "Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi məqsədəuyğun olardı:
"Belə bir mərkəzin açılması Meksikada Azərbaycan, Azərbaycanda isə Meksika
lobbisinin yaranmasına gətirib çıxara bilər. Mənə elə gəlir ki, bu istiqamətdə
görəcəyimiz işlər hər iki xalqın mənafeyinə xidmət edəcək”. Səfir bu təklifi
maraqla qarşılayıb və bildirib ki, Meksika universitetlərindən birində Azərbaycan
dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində araşdırmalar aparacaq.
Görüşün sonunda səfirə "Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” və K.Abdullanın ispan dilində çap
olunmuş pyesi hədiyyə olunub.