ADU-nun rektoru Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb
![ADU-nun rektoru Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb](https://kaspi.az/storage/posts/large/623735173428d.jpg)
Azərbaycan Dillər
Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal
Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
A.Massarini səfir vəzifəsinə təyin
edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin
bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklə
ADU arasındakı münasibətlər iki ölkə arasındakı dialoqun əsasını təşkil edir.
İtaliya ilə bağlı xatirələrindən
danışan rektor dünya şöhrətli italyan yazıçısı Umberto Ekonun dəvəti ilə onun
evində olduğunu xatırladıb. Bu xatirələrin unudulmaz olduğunu deyən rektor İtaliya ilə bağlı xoş təəssüratlarını
bölüşüb.
Multikulturalizm sahəsində əməkdaşlıqdan
söz açan K.Abdulla bildirib ki, "Azərbaycan multikulturalizmi” fənninin tədris
edildiyi universitetlərdən biri də İtaliyanın La Sapienza Universitetidir.
ADU-nun bir çox xarici universitetlərlə əməkdaşlıq etdiyini deyən rektor əlavə
edib ki, bu əlaqələrin La Sapienza universiteti ilə də davam etməsinə
çalışacaq: "Çalışacağam ki, italyan alimlər Azərbaycana gəlsinlər. Mən
italiyalı alimlərin ADU ilə sıx təmaslarının qurulmasının tərəfdarıyam. Ümid
edirəm ki, cənab səfir bizim bu istiqamətdə arzularımızın həyata keçirilməsinə
kömək edəcək. Biz "Azərbaycan multikulturalizmi” fənninin təkcə La Sapienza Universitetində deyil, digər ali təhsil müəssisələrində də tədris
olunmasından məmnun olardıq”.
K.Abdulla qeyd edib ki, xarici
universitetlərlə əlaqələr təkcə "Azərbaycan multikulturalizmi” fənninin tədrisi
ilə bitmir. Bu fənni öyrənən tələbələr Azərbaycana yay və qış multikulturalizm
məktəblərinə dəvət edilir, ölkəmizdə yaşayan müxtəlif xalqların həyatı ilə
yerindəcə tanış olur.
İtalyan dilinin bütün mədəni dillərin
ruhunda yaşadığını söyləyən rektor
ADU-da italyan dilinin öyrənildiyini, İtalyan dili Mərkəzinin fəaliyyət
göstərdiyini qonağın diqqətinə çatdırıb. O, səfirdən İtaliya universitetlərindən
birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına köməklik göstərməsini
xahiş edib. Artıq Çin, Rumıniya və İndoneziyada müvafiq mərkəzlərin fəaliyyətə
başlamasına hazırlıq görüldüyünü vurğulayan K.Abdulla ADU-nun İtaliyada da belə
bir mərkəzin açılması ilə bağlı bütün lazımi addımları atmağa hazır olduğunu
sözlərinə əlavə edib.
Öz növbəsində səfir A.Massari Azərbaycanın
ölkəsində kifayət qədər tanındığını, İtaliya səfirliyi ilə ADU arasında isti
münasibətlərin mövcud olduğunu vurğulayıb: "Ümid edirəm ki, bu münasibətlər
daha da məhsuldar olacaq. Mən əməkdaşlığa, eyni zamanda "Azərbaycan
multikulturalizmi” fənninin tədrisinə öz töhfəmi vermək istərdim. Əminəm ki,
digər italyan universitetləri də bu fənnin tədrisinə maraq göstərəcək”.
Səfir əlavə edib ki, Bolonya
Universitetində "Azərbaycan multikulturalizmi” fənninin tədrisini təşkil etmək
olar və o, bu barədə həmin universitetin rektoruna məlumat verəcək. O, bildirib
ki, İtaliya universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin
açılması təklifini müsbət qarşılayır: "Mən bu təklifi yerinə yetirəcəyimə söz
verirəm və xahişinizi mənə edilən təkliflər arasında zirvəyə qoyuram. Çünki
universitetlər arasındakı əlaqələr prioritet məsələdir”.
Səfir ADU-nun rektorunun onun "Səfir
saatı” klubunda mühazirə oxumağı barədə dəvətini müsbət qiymətləndirib və məmnuniyyətlə
tələbələrlə, o cümlədən italyan dili üzrə məzun olmuş şəxslərlə görüşəcəyini
bildirib.
Görüşün sonunda səfirə "Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və rektor K.Abdullanın
İtaliyada nəşr olunan əsərləri təqdim olunub.
![banner](/images/kaspibanner.jpg)