ADU dünya ali təhsil məkanına inteqrasiya istiqamətində daha bir mühüm addım atıb
Azərbaycan Dillər Universiteti (ADU) dünya ali təhsil məkanına
inteqrasiya istiqamətində daha bir mühüm addım atıb. Fevralın 7-də MDB məkanında
aparıcı dilşünaslıq mərkəzlərindən biri olan Moskva Dövlət Linqvistik
Universiteti (MDLU) ilə əməkdaşlıq
müqaviləsi imzalanıb. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi
Kamal Abdulla, ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan
Abdullayev, "Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri
professor Məmməd Əliyev, MDLU-nun rektoru professor İrina Krayeva, eləcə də
adıçəkilən universitetin rəhbər işçiləri və professor-müəllim heyətinin iştirak
etdiyi mərasimdə rektorlar universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlıq
haqqında müqaviləyə imza atıblar.
İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru K.Abdulla
sözügedən sənədin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
O qeyd edib ki, universitetlər arasında tədris və elmi əlaqələrin geniş
spektrini əhatə edən müqavilədə tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji
kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə elmi tədbirlərin
keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə
faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan dövlətinin
təhsilə, o cümlədən də ali təhsilə qayğısını xüsusi vurğulayan akademik
K.Abdulla ölkəmizdə ali təhsil sisteminin yüksəliş yolunda olduğunu deyib,
ADU-da görülən işlərdən ətraflı söz açıb. Rektor K.Abdulla 2018-ci ilin
aprel-may aylarında Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş və
10-dan artıq ölkə universitetlərinin də qatılacağı beynəlxaq konfransa hazırlıq
işləri barədə də ətraflı məlumat verib.
Rəhbərlik etdiyi ali məktəb, onun tarixi və bu günkü fəaliyyəti
haqqında xoş sözlərə görə qonaqlara təşəkkürünü çatdıran MDLU-nun rektoru
professor İ.Krayeva imzaladıqları müqaviləyə böyük ümidlər bəslədiyini, bu sənədin
Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə
xidmət edəcəyini bildirib. Bakılı həmkarlarının hazırladıqları konfrans barədə ətraflı
məlumat aldıqlarını deyən rektor bu yüksək əhəmiyyətli tədbirin bir bölməsini də
rəhbərlik etdiyi universitetdə keçirməyə hazır olduqlarını bəyan edib.
Ulu öndərin xatirəsini əziz tutduqlarına görə moskvalı həmkarlarına
minnətdarlığını bildirən akademik K.Abdulla konfransın Təşkilat Komitəsinin həmsədrlərindən
biri olaraq MDLU-da da bir bölmənin təşkili ilə bağlı təklifi məmnuniyyətlə qəbul
etdiyini deyib və professor İ.Krayevadan Təşkilat Komitəsinin tərkibinə daxil
edilməsi üçün razılıq verməsini xahiş
edib. Öz növbəsində professor İ.Krayeva təklifi məmnuniyyətlə qəbul etdiyini
bildirib.
Xanım İ.Krayeva bildirib ki, rəhbərlik etdiyi universitet
MDB-yə üzv ölkələrin dilləri və mədəniyyətləri üzrə baza təşkilatıdır və bu məkanda
humanitar profilli aparıcı ali məktəbləri əhatə edən geniş şəbəkəyə malikdir.
Görüşdə ADU-nun da həmin şəbəkəyə daxil olmasının qarşılıqlı əməkdaşlıq və birgə
fəaliyyət baxımından faydalı olacağına əminlik ifadə olunub. Akademik K.Abdulla
ADU-nun bu qurumla əməkdaşlıq etməyə və bu istiqamətdə zəruri addımlar atmağa
hazır olduğunu bildirib.
Daha sonra qonaqlar universitet həyatının müxtəlif sahələrinə
rəhbərlik edən əməkdaşlarla görüşüb söhbət ediblər.