ADU-da Auditoriya+ proqramı fəaliyyətə başlayıb
Azərbaycan Dillər
Universitetində (ADU) yeni Auditoriya+ proqramı fəaliyyətə başlayıb. Görüləcək
işlər barəsində məlumat almaq məqsədilə ADU-da yeni yaradılan Auditoriya+ şöbəsinin
müdiri Bədirə Kərimovaya bir neçə sual ünvanladıq.
-Bədirə xanım,
Auditoriya+ proqramının fəaliyyətə başlaması hansı ehtiyacdan yarandı?
- Müasir dövrdə təhsil insanın bilik, bacarıq və səriştələr
əldə etməsi sahəsində imkanlarını genişləndirir, həyatın keyfiyyətini dəyişir və
iqtisadi artımın mənbəyi rolunu oynayır. Müasir təhsil müəssisələri cəmiyyətin
mədəni irsinin nəsildən nəslə ötürülməsinə şərait yaradır və insanları onların
iqtisadi və sosial statuslarını müəyyən edəcək peşəkar bilik və bacarıqlarla təmin
edir. Eyni zamanda, təhsil müddətində gənclərdə mənəvi ideallar, davranış
stereotipləri və ətraf aləm haqqında rəy və təsəvvürlər formalaşdırır.Azərbaycan son illərdə təhsil sahəsində inkişaf
etmiş ölkələr sırasında yer almaq üçün çoxsaylı layihələrə imza atıb. Təhsil
sistemi prioritet sahələrdən biri olaraq ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Xüsusən də ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması məqsədilə
müxtəlif layihə və proqramlar həyata keçirilir.Azərbaycan Dillər Universitetində Auditoriya+
proqramı universitetin rektoru, əməkdar elm xadimi akademik Kamal Abdullayevin
təşəbbüsü ilə irəli sürülüb. Proqramın həyata keçirilməsi üçün 17 sentyabr
2017-ci il tarixində rektorun əmri ilə müvafiq şöbə yaradılıb. ADU-nun yeni
struktur bölməsi olan Auditoriya+ şöbəsinin fəaliyyətinin əsas məqsədi ADU-da tələbələrin
dərsdənkənar vaxtlarının səmərəli təşkil olunması, bilik və bacarıq səviyyələrinin
daha da təkmilləşdirilməsi və dünyagörüşünün artırılmasıdır. Proqramın əsas hədəfi
tələbələrdir, bu layihə onlara ictimai həyatda fəal iştirak etmək, təhsil və
bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını
genişləndirmək üçün şərait yaradacaq.Azərbaycan Dillər
Universitetindətələbələrin
ictimai həyatda iştirakını və asudə vaxtını səmərəli təşkil etmək üçün bir sıra
klublar fəaliyyət göstərir. Lakin Auditoriya+ proqramının özəlliyi ondadır ki,
bu proqram çərçivəsində həyata keçirilən tədbirlər universitetin müəllim və tələbələrinin
birgə fəaliyyəti nəticəsində ərsəyə gələcək.
- Auditoriya+
öz fəaliyyətini əsasən hansı istiqamətdə qurur?
- Proqramın fəaliyyətini həyata keçirən Auditoriya+
şöbəsi universitetin struktur bölməsi olmaqla öz
işini universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.
Proqramın həyata keçirilməsinə universitetin fakültələri, kafedraları, elmi tədqiqat
laboratoriyaları cəlb olunub. Auditoriya+ şöbəsi iş planını adları yuxarıda
qeyd olunan bölmələrin illik iş planı ilə birgə hazırlayır.Şöbənin fəaliyyət planı mədəni-kütləvi
tədbirlərin təşkil olunması, tələbələrin təlim-tərbiyəsi və zərərli vərdişlərin
qarşısının alınması məqsədilə profilaktik tədbirlərin keçirilməsi,
universitetin professor və əməkdar müəllimlərinin, ictimai-siyasi xadimlərin,
yazıçı və şairlərin yubiley və anım günlərinin keçirilməsi, universitetə elm
sahəsində tanınmış insanların dəvət olunması və onların tələbələrlə görüşlərinin
təşkil olunması, bilik yarışlarının keçirilməsi, dövlət siyasətinin tələbələr
arasında təbliği, dövlət bayramları və xüsusi günlərlə bağlı tədbirlər, tələbələrin
mütaliə həvəsini artırmaq məqsədilə müəllimlərin
yazıçı və şairlərlə görüşləri, əlavə ədəbiyyatla əlaqədar müzakirə və yarışların təşkil olunması, kitab
təqdimatlarının keçirilməsi, birinci kurs tələbələrinin kitabxanalarla
tanışlığının təşkil olunması, ekskursiyaların, "Səfir saatı”nın təşkili və s.
nəzərdə tutur.
- ADU
rektoru, akademik Kamal Abdulla müxtəlif görüşlərdə "Bir günlük xəlifə” tələbə
özünüidarəetmə günü barədə məlumat verib. Bu günə hazırlıqla bağlı hansı işlər
görülür?
- Hal-hazırda universitetdə Auditoriya+ proqramı çərçivəsində
həyata keçirilən layihələrdən biri "Bir günlük Xəlifə” tələbə özünüidarəetmə
gününə hazırlıqla bağlıdır. Bu layihə tələbələrin universitetin rəhbər
strukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Layihə ilə bağlı
elanlar hazırlanıb, tələbələr məlumatlandırılıb, artıq şöbədə qeydiyyat işinə
başlanılıb. Yaxın günlərdə layihə ilə bağlı tələbələrlə seminarların keçirilməsi
nəzərdə tutulub.
- Auditoriya+
proqramı çərçivəsində indiyədək hansı tədbirlər keçirilib?
- Auditoriya+ proqramı yeni fəaliyyətə başlamasına
baxmayaraq, bu çərçivədə artıq bir sıra tədbirlər keçirilib. Bu tədbirlərə nümunə olaraq, 20 Yanvar şəhidi,
ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr
olunan anım mərasimi, Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər
üzrə vəkili Marta Qalinqo və kolumbiyalı professor Konrado Zuaqo ilə görüş,
Hindi dili və mədəniyyəti mərkəzinin "Hindistan olduğu kimi” layihəsi çərçivəsində
filosof-psixoloq Ramil Əliyevin "Hindi dilinin 3 kateqoriyası” mövzusunda
seminarı, İtalyan dili mərkəzində tərcüməçi,
sinxronist, "Sandro Teti” nəşriyyat evinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi
Olqa Mazzinanın görüşü, Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə
doktoru Bəhmən Əliyevin ikicildlik "Hindistan etnoqrafiyası” adlı dərs vəsaitinin
təqdimatı keçirilib.Auditoriya+ proqramı çərçivəsində bir sıra layihələrin
həyata keçirilməsi planlaşdırılır. Hal-hazırda "Universitetimizi tanıyaq” layihəsi,
Ali məktəb tələbələri üçün tədqiqat metodlarına dair təlim proqramı layihələrinin
təşkil olunması üzərində çalışırıq."Universitetimizi tanıyaq” layihəsi tələbələrin
universitetdəki mərkəzlər, kafedralar, elmi tədqiqat laboratoriyaları (ETL) və
digər struktur bölmələri, onların yaranma tarixi, məqsədi, strukturu və
funksiyaları və gördüyü işlərlə tanış olmasını nəzərdə tutur.Ali məktəb tələbələri üçün tədqiqat metodlarına
dair təlim proqramına gəlincə, bu layihə IV kurs və magistr tələbələri üçün nəzərdə
tutulub. Proqram tələbələrin fəallığını təmin edən təlim metodologiyaları,
effektiv öyrənmə prosesini təmin etmək üçün müxtəlif yanaşmalar, müxtəlif qiymətləndirmə
metodlarının tələbələrə tədrisini nəzərdə tutur.