• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

Çağdaş dünya – mənasızlığın təntənəsi dövründə

29.11.18 14:51 1696
Çağdaş dünya – mənasızlığın təntənəsi dövründə
Çağdaş dünya ədəbiyyatının ən nüfuzlu yazıçılarından biri şübhəsiz ki, Milan Kunderadır. Məndən Kunderanı bir cümlə ilə ifadə etməyimi istəsələr cavab verərdim ki, insanı özündən daha yaxşı tanıyan, insan psixologiyasının peşəkar bilicisi. Bu yazıçının kitablarını oxuyarkən insanda belə bir təəssürat yaranır ki, yazıçı obrazların daxilində yaşayır. Sanki obrazların beyni ilə oynayır, istədiyi anda onların sinir nöqtələrinə toxuna bilir, istədiyi anda obrazların şüuruna müdaxilə edir. Kundera deyir ki, roman müəllifdən daha ağıllı olmalıdır. Nümunə kimi Fransa ədəbiyyatını göstərir. Kunderanın son romanı "Mənasızlığın təntənəsi” haqqında danışmaq bir qədər çətin olsa da cəhd göstərməyə dəyər. İlk öncə onu qeyd edim ki, kitabın üz qabığındakı rəsmi müəllif özü çəkib. Bu rəsmi müxtəlif yerlərə yozmaq olar. Mən bu rəsmi təqribən belə anladım. İnsan çox şey deməyə cəhd edirsə, əslində, deyəcək sözü yoxdur. Taleyranın dediyi kimi, nitq insana danışmaqdan daha çox fikrini gizlətmək üçün verilib. Əgər çox danışırsansa mahiyyətsiz, məzmunsuz danışırsan. İnsan hər şeyi görməyə cəhd edirsə əsas hədəfini itirir, əsl məqsədini unudur. Yaşadığımız dövrdə hər gün minlərlə informasiya qəbul edirik. Hər gün bu qədər informasiya qəbul etməmiz nəticəsində öz həqiqi mahiyyətimizdən uzaqlaşırıq, özümüz özümüzə yad gəlirik. Yadlaşmanın, mənasızlaşma duyğusunun səbəbləri bunlar deyilmi? Biz çağdaş dünyanın insanları öz yaratdıqlarımıza məğlub oluruq. Bizim nöqsanlarımızı indi psixoloqlardan, müəllimlərdən daha çox robotlar, maşınlar, ağıllı texnoloji cihazlar müəyyən edir. Kundera özü mənasızlığın təntənəsini belə izah edir: "Ən ciddi problemləri işıqlandırmaq, ancaq ciddi söz söyləməmək, müasir dünyanın reallığına heyran qalmaq, bununla belə hər cür realizmdən uzaq durmaq. Əsərdə çox ciddi suallar verilir və bu suallara cavablar axtarılır. "Xəstə olmadığımız halda niyə xəstəlik uydururuq, niyə cəmiyyətə mən ağır xəstəlikdən əziyyət çəkirəm” mesajını veririk. Kundera müsahibələrindən birində deyib ki, insanlar daim diqqət mərkəzində olmağa çalışırlar. Öz intellektləri ilə diqqət mərkəzində olmayanda diqqət çəkmək üçün qeyri-adi hərəkətlər edirlər, bu qeyri-adi hərəkətlər içində bəzən ən ağlasığmaz olanları da görürük. Diqqət mərkəzində olmaq istəyi nədən qaynaqlanır. Bu istək eqoya xitab edir. İnsanın içindəki eqoizm qışqıraraq "mən varam” demək istəyir. Diqqət çəkmədən danışmaq asan məsələ deyil, həmişə danışmaq, ancaq heç vaxt eşidilməmək insandan məharət tələb edir. Bu cümlədə Kundera bizə müasir dünyada yaşamağın yolunu öyrədir. Müasir dünyaya qarşı sözlə, qılıncla və başqa vasitələrlə mübarizə aparmaq mənasızdır. Müasir dünyaya qarşı mübarizə aparmağın tək yolu onu ciddiyə almamaqdır. Dünyanı ciddiyə alsaq da, almasaq da hamımız onun ağır şərtləri ilə hesablaşmağa məcburuq. Dünyada baş verən hadisələr bizim iradəmiz xaricindədir. Əslində, bizim dünyanı anlama tərzimizdə bir yanlışlıq var. "Astagəllik” romanında Kundera yazır kı, astagəllik həmişə aldadır, tələskənlik isə unutdurur. Biz yaşadığımız dünyada astagəl və ya tələskən, aldadan ya unudan, aldadılan və ya unudulan olduğumuzu müəyyən edə bilmirik. Bunları müəyyən edə bilmədiyimiz halda dünyanın daha ciddi proseslərini öyrənməyə cəhd göstəririk.
"Mənasızlığının təntənə”sində Kundera yazır ki, həyat amansızdır, enerjimizi əlimizdən alır, qətiyyətimizi sındırır. Biz həyatın amansızlığını görüb özümüz də amansız olmaq istəyirik, öz amansızlığımıza "həyat amansızdır” deyərək haqq qazandırırıq. Biz insanlar sakit olduğumuz qədər, əslində, nə qədər təhlükəliyik. "Astagəllik” romanını oxuyanda özümə sual verirdim: Astagəl olmaq lazımdır, ya tələskən? Təəssüf ki, mən həmişə tələskən oldum. Ancaq astagəl olmaqda daha böyük fayda var imiş. Tələskənlik gəncliyə məxsus cəhətdir, gəncliyin səhvi də elə bundadır.
Vaxt uçur, əvvəlcə vaxtın içində yaşayırıq, sonra ölürük, bir neçə il bizi tanıyanların xatirəsində yaşayırıq, amma aradan qısa vaxt keçir və hər şey dəyişir, ölülər köhnə ölülərə çevrilir, daha heç kəs onları xatırlamır və onlar heçlikdə itib batırlar. Kunderanın haqqında danışdığımız sonuncu romanı insanda pessimist düşüncələr yaradır, insanı həyatdan soyudur. Çağdaş dünya ədəbiyyatında insanı mübarizəyə səsləyən, insanda həyat eşqi yaradan düşüncələrə çox nadir hallarda rast gəlirik. Dünya ən ciddi problemlərini həll edib bitiribmi, yoxsa Kunderanın Zarafat əsərində dediyi kimi, öz ciddiliyini itirib, zarafatdan sonrakı dövrünü yaşayır və ya bütün həqiqətləri deməyi bacarsa da, əslində, eşidilməmək istəyir? Yazını ən çox sevdiyim yazıçılardan biri Aziz Nesinin Milan Kundera haqqında söylədiyi fikirlərlə bitirmək istəyirəm: "Romanların mənbə kimi həyati hadisələrə istinad etməsi bəlli məsələdir. Ancaq Kundera bu həyati hadisələri lazım olan zaman, ehtiyac duyulan yerdə elə ustalıqla təsvir edib ki, əsəri həyati hadisə məcrasından çıxarıb roman halına salıb. Önəmli olan budur ki, Kundera detalları incəliyinə qədər, yerli-yerində, oxucuların zövq almasını və özlərini hiss etməsini təmin edərək təsvir etməyi bacarıb. Əks etdirdiyi hər təsvirdə öz duyğularımızı tapırıq”.
Nicat Həşimzadə
banner

Oxşar Xəbərlər