Ad libitium

Ad libitium

Təfsilat
03 Sentyabr 2019, 09:45 965
Hərəkət labüddür. Hərəkətin məğzi inkişafdır. İnkişaf isə ziddiyyətin məhsuludur. Deməli, ziddiyyət labüd və qaçılmazdır. Qaçılmazlıq, əslində kainatın talelərə bəxş etdiyi bir Tanrı hədiyyəsidir. Çünki adına ziddiyyət dediyimiz bu tale, başqa bir qaçılmazlıq olan inkişafa səbəb olur. Əgər bəsit məntiqin çarxını tərsinə döndürsək, o zaman ziddiyyət inkişafın, inkişaf hərəkətin, hərəkət həyatın, həyat isə sonsuzluğun qayəsidir. 
Ziddiyyət yaranmayınca, irəliyə doğru bircə addım belə atmaq mümkün deyil. Ancaq məsələ burasındadır ki, həmin bu ziddiyyəti zorla, süni şəkildə yaratmaq olmaz. Daha doğrusu, belə bir ziddiyyət inkişafa səbəb olmaz. Təkcə ona görə ki, təbii deyil. Təbiilik isə təbiətdən gəldiyi üçün bizdən asılı olmayan zaman adlı məfhuma möhtacdır. Zaman içərisində atılan addımlar təbiətlə mütənasibdir. Bu məqamda isə başqa bir məsələ ortaya çıxır. Əgər hər şey təbii zamana bağlıdırsa, o zaman insandan asılı heç nə yoxdur? Əgər gerçəkdən belədirsə, o zaman dahiləri yetişdirən onların fədakarlığı, cəsarəti, qəhrəmanlığı deyil, zamanın gücüdür? Yəni inkişaf deyilən şey, Şərq fəlsəfəsinin dili ilə desək, cəbridir, yoxsa ixtiyari? "Cəbr" sözündən "məcburiyyət", "ixtiyar" sözündən isə "muxtarlıq" törəmişdir. Anlamaq istədiyimiz şey isə budur ki, hərəkətdən doğan ziddiyyətin səbəb olduğu inkişaf zamanın diktəsidir, yoxsa dahilərin iradəsi? Çünki əgər zaman varsa, dahiliyə, dahilik varsa, zamana ehtiyac yoxdur. Paradoksal olan isə odur ki, həm zamanın diktəsi mövcuddur, həm dahilərin iradəsi. Bəli, qənaət budur ki, zamanla düha birləşərək, həmin Tanrı hədiyyəsini insan taleyinə bəxş edir. Zamanı gəlmədən dahilik, dahilər doğulmadan isə zaman bir işə yaramır. Düzdür, dahiləri doğan da elə zaman özüdür. Ancaq bu, tamamilə başqa bir məsələdir. Çünki doğuluş ayrıdır, iradə ayrı. Yəni dahi doğulanlar o ziddiyyətin zamanını dərk edib, irəliyə doğru addım atmaya da bilərlər. Burada yenə də məsələ, ixtiyarın cəbrdən daha güclü, daha mühüm olmasıdır. Bizə görə, hər şey cəbrlə başlayır, ixtiyarla bitir. Daha dəqiqi, bitmir, davam edir. Yeni atılan hər bir addım bitişin deyil, davamiyyətin bəhrəsidir. Özündən öncəkinin təməli üzərində qurulan, o təməli necə bitirə bilər?! 
Başqa bir sual ortaya çıxır; hər şey davamiyyətdirsə, o zaman ziddiyyət nədir və nə üçündür? Bu sualın çox sadə görünən, ancaq çox qəliz bir cavabı vardır: davamiyyət Tanrının iradəsidir, ziddiyyət insanın! İnsanın ziddiyyət olaraq gördüyü hər şey əslində davamiyyət və harmoniyadır. Dahilər Tanrıya qarşı çıxmırlar, insana qarşı çıxırlar. Buna görə də, ilk başda bütün dahilər "şeytanın nökərləri" adlandırılıb. Çünki öz fikrini, daha doğrusu, öz  hakimiyyətini "tanrının fikri", "tanrının hakimiyyəti" elan edənlər, özlərinə zidd olan hər şeyi şeytani hesab etmişlər. Ziddiyyət insanın icadıdır. Təbiətdə bir-birinə zidd olan heç nə yoxdur. Bir az əvvəl dediyimiz kimi, sadə görünsə də, bu, həddindən artıq çətin və dolaşıq bir məsələdir. Həmin o saxta ruhani hakimiyyət davam etdikcə, nə hakimlər dəyişəcək, nə də məhkumlar! Heç də təsadüfi deyil və tamamilə qanunauyğun bir haldır ki, məsələn, İslam şəriəti tərəfindən Həllac Mənsur, Eynülqüzzat Həmədani, İmadəddin Nəsimi hələ də bəraət almayıb və onların üzərindən "kafir", "münkir", "mürtəd", "müşrik" damğaları hələ də götürülməyib. Çünki həmin o saxta "tanrı hakimiyyəti" azad düşüncəni, irəliyə doğru atılan dialektik inkişaf məntiqini ziddiyyət hesab edir. Lakin bu, həqiqətən də belədirmi? Onların hakimiyyəti saxtadır, yoxsa gəldikləri qənaət yanlışdır? Bəlkə yanlışlığın səbəbi elə bu saxtakarlıqdır? Bu suallara cavab vermək hələ ki, çox çətindir. Ancaq bu "hələ ki"lərin ömrü min illərdir ki, uzanır. Biz isə yaxşı bilirik ki, dahilərin sağlam və məntiqi təməllər üzərində atdıqları heç bir addım bəşərin Tanrı əxlaqına zidd deyil. Belə bir ziddiyyətin ömrü bu qədər uzana bilməz! Tanrı əxlaqını, təbiət harmoniyasını pozan Nəsiminin qəzəlləri əsrlər boyu, günü-gündən parlayaraq yaşaya bilməz! Bu, həmin o dialektik inkişaf məntiqinə ziddir. Bəli, bu kainatda ziddiyyət təşkil edən yeganə şey insanın uydurduğu ziddiyyətdir.
Harmoniyanın pozulması mümkün deyil. Qəsdən pozulsa belə, yaşaya bilməz. Pozula bilənlər isə Tanrının yox, insanların tərtib etdikləri harmoniyadır. İnsanların bəsit və kiçik çaplı hesablamaları üzərindən yazılan qanunlar, tarix üçün çox qısa sayılacaq bir müddət ərzində pozulur və yeniləri yazılır. Ancaq, paradoksa diqqət etsək, görərik ki, əskiləri pozan da, yenilərini yazan da insandır. Onun pozduqlarını bir vaxt yazanlar da insan idi. Bir vaxt onun yenidən yazdıqlarını pozacaq olanlar da insandan başqası deyil. İçindən çıxılmaz kimi görünən bu labirintin isə bircə çıxış nöqtəsi var; o da bundan ibarətdir ki, yazılan da, pozulub yenidən yazılanlar da davamedici Tanrı harmoniyasının bir parçasıdır. İki Tanrı - bizi yaradan və bizim yaratdığımız "tanrı" olduğu kimi, iki şeytan da mövcuddur. Bunun biri saxta, o biri həqiqidir. Həqiqi şeytanın ömrünü uzatmaq mümkün deyil. O, heç nəyi poza bilməz. Necə deyərlər, onun bu orkestrdə yeri yoxdur. Ancaq saxta şeytan "tanrıpərəstlər" tərəfindən yaradıldığı üçün uzunömürlüdür. Məsələn, orta əsrlərdə katolik kilsəsində çox mühüm yerə malik olan klassik barokko musiqisinin öz harmonik qanunları vardı və bu qanunlardan kənara çıxan hər bir interval, hər bir üçsəsli, hər bir akkord "şeytani" adlandırılırdı. Çünki həmin "şeytani" harmoniyalar, daha doğrusu, disharmoniyalar zadəganların ibadət və saray məclislərinin hüzurunu pozurdu. Təsbit edilmiş bir hüzur vardı o zamanların Avropasında. Bəli, bu bəsit harmoniya aldadıcı bir rahatlıq, yəni bir növ tiryək effekti verirdi insanlara. İnsanların bu halı isə qapalı və mürtəce fəlsəfənin yaşaması demək idi. Bu fəlsəfə ona görə qapalı və mürtəce idi ki, bəlli bir sinfin mənafeyinə xidmət edirdi. Biz burada kommuna fikrindən uzağıq, ancaq əgər belə düşünmək kommunaçılıqdırsa, o zaman ilk kommunistlər hələ o zamanlar mövcud imiş. Qərbin saray və ondan ayrı olmayan kilsə musiqisi, Şərqin saray ədəbiyyatına, saray mədhiyyəçiliyinə  çox bənzəyir. 
Lakin bu, kommunizm deyil, bütün hər şeyi və hər kəsi əhatə edə bilən nəhəng bir Tanrı fəlsəfəsinin incəsənətdəki yansımasıdır. Romantizmin nümayəndələrini "şeytani" adlandıranlarla, Şərqin sufilərini "kafir", Amerikanın zənci cazmenlərini "əxlaqsız" adlarınlar arasında prinsipcə heç bir fərq yoxdur. Bir də təkrar edirik, kainatdakı hər şey İlahi bir harmoniyaya tabe olduğu üçün, romantiklərin də, sufilərin də, caz klassiklərinin də yaratdıqları əsərlərin ömrü bu qədər uzun ola bilməzdi - əgər onlar "şeytani" idilərsə... Çünki sadə məntiq bunu diktə edir.
Bu mövzunu qələmə alma səbəblərimdən biri də, adının mənası "Tanrını sevən" - "Amadeus" olan Motsartın  "Ad libitium" adı ilə məşhur olan bir sonatasıdır. Müasirimiz olan rus sənətşünası və şairi Mixail Kozinik deyir ki, mən bu əsəri dünyanın bir çox yerində bir çox tanınmış musiqiçiyə dinlətdim və onlardan heç kəsin ağlına gəlmədi ki, bu sonata Volfhanq Amadey Motsarta aid ola bilər. Çünki bu əsərdəki akkordlar, harmoniyalar, melodik sıçrayışlar həmin dövrün, yəni XVIII əsrin klassizm cərəyanına tamamilə ziddir. Nəinki ziddir, hətta bu sonata sanki XX əsrin avanqard bəstəkarları tərəfindən yazılıb. Əsərdə Motsartın və müasirlərinin adını belə bilmədiyi impressionizm və simvolizmin De Büssi gedişləri, neoklassizmin Şostakoviç priyomları, avanqard və sürrealizmin Stravinski təzadları açıq-aydın görünür. Ancaq rus sənətşünası Kazinik belə bir şərh verir ki, guya Motsart bir yanvar günü tam depressiv bir vəziyyətdə ikən anidən iş otağında şeytanla üz-üzə gəlir. O, Motsarta deyir ki, gəl mən səni gələcəyin musiqisi ilə tanış edim. Bunun üçün səni gələcəyə aparmalıyam. Motsart buna çox sevinir, ancaq faustsayağı mefistofeldən bir şey soruşur: "Bəs əvəzində məndən nə istəyirsən?" O isə deyir ki, səndən istəyəcəyim çox cüzi bir şeydir. Bir nəfəs qədər sadə və kiçik bu istək səni də, arvadın Konstansiyanı da rahatladacaq. Qeyd edək ki, bu ərəfədə Motsartın körpə qızı Tereza xəstə idi. Və dahi Motsart mefistofelin bu şərti ilə razılaşır. Gələcəyə qısa bir səyahətdən sonra Volfhanq Amadey Motsart yuxudan oyanır. Pəncərədən baxıb görür ki, yanvar ayı deyil, iyun ayıdır. Elə bu zaman arvadı Konstansiya onun iş otağına daxil olur. Qucağında isə artıq ölmüş Tereza! Motsart isə qeyri-ixtiyari olaraq, yazı masasına doğru əyilir və həmin sonatanın hazır notlarını görür. Əlbəttə, Mixail Kazinik sonra etiraf edir ki, mən bu əhvalatı gəncliyimdə bir hekayə olaraq qələmə almışam. Üstəlik də, bu hekayədəki tarixi faktlar da bir-birinə uyğun gəlmir. Belə ki, Terezanın ölümü bu əsərin yazılışından iki il sonra baş verib. Lakin yaxın tarix bunu da göstərir ki, Motsart həmin sonatanı məhz iki ilə yazıb! 
Ancaq bizim məqsədimiz tarixi araşdırmaq və Mixail Kazinikin yalan, yoxsa doğru söylədiyini öyrənmək deyil. Məsələ, məhz o Mefistofelin başındadır. Kazinik bəlkə də ironik bir şəkildə həmin bu "Motsart və şeytan" hekayəsini yazmış və yenilikçilərə "şeytan" damğası vuranlara gülmüşdür. Ancaq bütün hallarda söhbət hər bir yeni düşüncənin niyə məhz şeytan tərəfindən ortaya atıldığı fikrindən gedir. Axı bu əhvalatda həqiqətən qeyri-adi məqamlar çoxdur. Motsartın şeytanla görüşü bir fantaziya olsa da, həmin əsərin öz zamanından təxminən 200 ildən də çox irəli getdiyi faktı həqiqətdir. Özü də bu fakt ani baş vermiş və həmin dövrdən 200 il keçənə qədər bir daha heç kimsə tərəfindən təkrarlanmamışdır! Bir də qeyd edirik ki, məqsədimiz bu hekayənin yalan, yoxsa gerçək olduğunu araşdırmaq deyil. Bizi başqa şey düşündürür. Nə üçün Motsartı gələcəyə aparan və ona möcüzəvi, inanılmaz musiqi yazdıran məhz şeytandır? Bəlkə o gələn Tanrı idi?! Niyə də olmasın?! Axı yuxarıda belə razılığa gəldik ki, şeytani bir şeyin ömrü olmaz. Olsa da, o, sənət əsəri olmaz. Ancaq Motsartın bu əsəri əsrləri adladı və hələ adlamaqdadır! Deməli, "şeytan" və "şeytani olan" hər şey insanın uydurmasıdır. Mixail Kazinikin hekayəsindəki kimi...
İncəsənət təbiətin, daha dəqiqi, təbiiliyin vəsfidir, tərənnümüdür. Bu mənada incəsənətdə qeyri-təbii, dolayısı ilə şeytani heç nə ola bilməz. Məhz özlərindən olmayanı "şeytani" adlandıranların sayəsində məlum oldu ki, həmin o "şeytan" da Tanrının bir parçasıdır! Heç nə Ondan ayrı deyil. İnsandır özündən olmayanı Tanrıdan ayıran! Tanrının əxlaqı təbiətin harmoniyasıdır. Məhz bu harmoniya sayəsində insan həmin xilqətə və "xilqət" sözü ilə eyni kökdən olan "əxlaq"a sahib olur. Hər iki sözün əsl kökü isə "Xaliq" kəlməsidir. Yəni tanrısal əxlaqa sahib olanlar öz xilqətlərini dərk etmişlər və əslində onlar Tanrıdır! 
Bu düşüncələri məhv etmək mümkün olmadığı üçün, başladılar düşüncə sahiblərini məhv etməyə. Ancaq bu məhvetmə əməliyyatları zamana tabe olduğu üçün onlar uduzdular. Çünki dahiliyin zamanı olmaz! Dahilər özləri zamana tabe olsalar da, onların dühası zaman formulunu aşmış durumdadır. 
Vatikanda yalnız bəlli günlərdə oxunan doqquz səsli bir messa var. Bu gün belə bu əsəri o kilsənin daxili xidmətkarlarından başqa heç kim eşitməyib. Tarixi kitablarda yazılanlara görə, atası ilə Vatikana gedən kiçik Motsart ayin zamanı həmin əsəri eşitmiş və onu gizli şəkildə nota salmışdır. Yazırlar ki, bunun böyük bir günah olduğunu bilən Leopold Motsart oğlunun nota aldığı bu messanı alıb yandırmışdır. Ən maraqlı və acınacaqlı hal isə budur ki, Amadey Motsartın gənc yaşdakı qəfil ölümünü, kilsə məhz bu "günah"a bağladı və bəstəkarın Tanrının qəzəbinə gəldiyini elan etdi! Niyə? Nəyə görə? Nə üçün ömrünü qiyamətə qədər insanlığın paklığına və gözəlliyinə bağışlamış olan bir dahi Tanrının qəzəbinə gəlsin?! Bu nağıla necə inanmaq olar?! Ancaq sözümüzün əvvəlində dediyimiz kimi, saxta "tanrı" hakimiyyəti davam etdikcə, bu nağıllar öz "aktuallığını" itirməyəcək. Nə qədər ki, kütlələr üzərində bir fikrin hökmranlığı davam edir, bütün dahilər "şeytan"a "xidmət etməyə" davam edəcək!!!
 
Fəxrəddin Salim