• şənbə, 20 Aprel, 13:00
  • Baku Bakı 23°C

Açıq havada piştaxtalarda satılan linzalar Araşdırma

10.07.13 10:21 4212
Açıq havada piştaxtalarda satılan linzalar Araşdırma
Son zamanlar xanımlar arasında rəngli və optik linzalara tələbat artıb. Belə ki, linzalar həm gözlərinin rəngini dəyişmək istəyən xanımlar üçün, həm də eynək taxmaq istəməyən və bunu özünə kompleks edən görmə qabiliyyəti zəif olan insanlar üçün əvəzsiz vasitə hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, linzaların müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Belə ki, keyfiyyətsiz və ya istifadə və təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, görmə qabiliyyətinin itirilməsinə səbəb olur.
Təsadüfi deyil ki, bundan bir neçə ay öncə İngiltərədə yaşayan Eşli Haydın başına təhlükəli bir hadisə gəlib. 18 yaşlı qız linza istifadə etməyə başladıqdan sonra gözlərində bulanıqlıq və qaşınma başlayıb. Həkimə müraciət edən qıza dəhşətli diaqnoz qoyulub - gözünü parazit yeyir! Ətraflı analizlərdən sonra məlum olub ki, gözə linzalar vasitəsi ilə daxil olan parazit “akantamoba” adlı infeksiya əmələ gətirib.
Linzalarla bağlı problemlər onların əsasən keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah olunur. Belə ki, linzalar və onları təmizləmək üçün istifadə olunan göz suları artıq optikalarla yanaşı qızğın alver gedən bazarlardakı piştaxtalarda və metro keçidlərində də satılır.
Bəs linzaları piştaxta üzərində satmaq nə dərəcədə düzgündür? Ümumiyyətlə linzalar harada və hansı şəraitdə saxlanılmalıdır? Günəş şüaları linzalara necə təsir edir? Bu suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq.
Uzun müddət linza istifadəçisi olan Leyla Cəlilova bu dəfə adi piştaxta üzərində aldığı linzanı istifadə etdikdən sonra gözlərində şiddətli qaşınma olduğunu bildirdi. Buna səbəb isə linzanın orijinal olmaması imiş: “Qiyməti optikalarla müqayisədə ucuz olduğu üçün bu dəfə linzanı bazardan almaq qərarına gəldim. Lakin, linzadan istifadə etdikdən sonra gözümdə narahatlıq hiss etdiyim üçün həkimə müraciət etdim. Məlum oldu ki, piştaxtadan aldığım linza keyfiyyətsiz linza imiş. Bununla yanaşı, buradan aldığım linza hər dəfə aldığım linzalardan fərqli olaraq düzgün qablaşdırılmamışdı”.
Saxlanma şəraiti
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qəzetimizə açıqlamasında bildirdi ki, nazirlik linzaların saxlanma şəraiti bağlı səhiyyə naziri Oqtay Şirəliyevin xüsusi əmri var: “Linzalar digər dərman vasitələri kimi, günün altında və istənilən yerlərdə satıla bilməz. Belə ki, nazirliyin 2.10.2006- cı il tarixli 153 nömrəli əmrinə əsasən optik mallar (buraya linzalar da daxildir) satılan mağazalar yalnız hər hansı binada və ya qeyri yaşayış məntəqəsində təşkil oluna bilər və bu mağazalar su, kanalizasiya, kondisioner, istilik sistemləri ilə tam təchiz olunmalıdır. Ən əsası isə burada sterilliyyə, gigiyenik qaydalara xüsusilə əməl olunmalıdır”. S. Əhmədova vurğuladı ki, Nazirliyin əmrinə əsasən dərmanların, eynəklərin və kontakt linzaların satışı hər adam məşğul ola bilməz. Əmrə əsasən, linzaların satışı ilə optik, həkim oftolmoloq ixtisası olan, yaxud əmək stajı 3 ildən artıq olmayan mütəxəssislər məşğul olmalıdırlar: “Səhiyyə Nazirliyinin əmrində yer alan tələbləri pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmalıdır”.
Bakıda fəaliyyət göstərən Optic Gallery mağazalar şəbəkəsinin həkim-oftolmoloqu Kəmalə Əliyeva bizimlə söhbətində bildirdi ki, bu gün kontakt linzaların piştaxtalarda satılması ən böyük problemlərdən biridir: “Kontakt linzaların xüsusi saxlanma qaydaları var. Belə ki, bu linzalar nəm çəkməməlidir, quru halda sadəcə sərin yerdə saxlanılmalıdır. Linzalar xüsusilə günəş şüalarından qorunmalıdır, çünki, günəş şüaları linzanın keyfiyyətini itirir və gözdə müəyyən qüsurlar yaratmasına səbəb olur”.
Piştaxtalarda satılan saxta linzalar
Həkim-oftolmoloqun sözlərinə görə, piştaxtalarda satılan linzalara optikalara satılan linzalara nisbətən ucuz olduğu üçün insanların diqqətini cəlb edir: “Linzaların qiymətlərinin ucuz olması onların keyfiyyətsiz və saxta olmaları ilə bağlıdır. Piştaxtaların üzərində satılan linzalar açıq şəkildə satılır və onların qalaqraması olmur. Saxta linzalar isə gözün ön təbəqəsini cızır və hətta korluğa da səbəb olur. Bu səbəbdən həkimlər belə linzalardan istifadəni qadağan edir”. K. Əliyeva vurğuladı ki, linzadan mütləq həkim nəzarətində istifadə etmək lazımdır. Linza gözə böyük olanda da, kiçik olanda da gözdə müəyyən fəsadlar yaradır. Bu səbəbdən linzanı oftolmoloq təyin etməlidir. Həkim-Oftolmoloqun sözlərinə görə, linzalar yaxşı təmizlənmədikdə və düzgün saxlanmadıqda gözdə müxtəlif infeksiyalar əmələ gəlir: “Yaxşı olar ki, linzalardan istifadə edən adam müntəzəm olaraq oftalmoloqun yanına getsin. Ona görə ki, keyfiyyətsiz linzadan istifadə onun görmə qabiliyyətinə təsir edə bilər. Ən əsası isə linzalar istifadə müddəti bitdikdən sonra atılmalıdır. İstifadə və yararlılıq müddəti bitən linzalardan istifadə göz bəbəyinə zərər verir. İstifadəçilər nəzərə almalıdırlar ki, linzaların istifadə və saxlanma qaydalarına səhlənkarlıq, uzun müddət kompüterin qarşısında linza taxıb oturmaq da görmə qabiliyyətinə mənfi təsir göstərə bilər”.
Qeyd edək ki, araşdırmalar görə, dünyada hər gün 3 nəfər linzadan istifadə edərkən gigiyenik qaydalara əməl etmədiyi üçün görə qabiliyyətini itirir.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər