• cümə, 19 Aprel, 18:01
  • Baku Bakı 24°C

Abşeronun iqlimi dəyişir

14.03.19 10:00 3366
Abşeronun iqlimi dəyişir
Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron yarımadasının öz iqlim tipini dəyişməsi və bunun da nəticəsində yarımadanın flora tərkibində dəyişikliklər, yerli floraya aid bəzi bitkilərin sayının azalması müşahidə olunub. İnstitutun elmi işçisi, tədqiqatçılardan biri Rəsmiyyə Əfəndiyeva bildirib ki, araşdırma nəticəsində Abşeron yarımadasının kontinental iqlim tipindən mülayim iqlim tipinə keçdiyi müəyyən edilib: "Məlum olub ki, Pirallahı, Türkan və Saray qəsəbələrində torpaqda xlorid şoranlaşma 1,2-1,3 dəfə, karbonat şoranlaşma 1,2-1,7 dəfə, sulfat şoranlaşması 1,3-1,4 dəfə azalıb. Quyu sularının Ceyranbatan suyu ilə əvəzlənməsi, yeni növ bitkilərin ərazinin iqlim tipinə uyğunlaşdırılması (introduksiyası) üçün süni suvarma sistemindən istifadənin artması, torpağın tərkibinin dəyişməsi, nisbi rütubətin artması, illik temperaturun 1,2 dərəcə yüksəlməsi ərazilərdə zəif subtropik iqlim tipinin yaranmasına səbəb olub".
R.Əfəndiyeva qeyd edib ki, Abşeron yarımadasında müxtəlif coğrafi enliklər üçün xas olan, başqa ölkələrdən gətirilmə yeni bitki növlərinin inkişafı başlayıb: "Abşeron yarımadasında təbii suvarma ilə inkişaf edən bitkilər üstünlük təşkil edir. Amma çox su tələb edən yeni növ bitkilərin yarımadanın iqliminə uyğunlaşdırılması üçün antropogen təsir göstərilir. Antropogen təsirlərin sırasında ilk yeri süni suvarma sistemi tutur. Bitkilərə qulluq üçün suvarma sistemindən geniş istifadə atmosferdə buxarlanmanın artmasına səbəb olur. Bu isə öz növbəsində havada rütubətin miqdarının artmasına gətirib çıxarır. Buna görə də ərazidə kontinental iqlim tipindən mülayim iqlim tipinə keçid baş verir".
Tədqiqatçı deyib ki, hazırda Abşeron yarımadasında yerli floraya aid ağac və kolların sayı azlıq təşkil edir: "Yerli floraya aid olan Bakı cuzqunu, artemisia, tamariks ağacları artıq məhv olmaq təhlükəsi ilə üz-üzədir".
O əlavə edib ki, sadalanan amillər nəticəsində hazırda Abşeron yarımadasının mədəni florasının çox hissəsi - 67%-i Aralıq dənizi ölkələrinin payına düşür. Əvvəllər isə bu göstərici 40 faizdən yüksək olmayıb. R.Əfəndiyeva bildirib ki, Aralıq dənizi ölkələrinə aid bəzi bitkilər artıq Abşeron yarımadasının iqliminə tam uyğunlaşıb. İnstitutun elmi işçisi həmin bitkilərə misal olaraq, maqnoliya (magnoliya grandiflora), fatuniya (photinia serrulata Lindl), oleandr (nerium oleander), yapon əzgili (Eriobotrya japonica), yapon qozu (ligustrum japonicum), olmez kol (pirocanta coccinea), dovşanalması (cotoneaster), şümşad (buxus), Şərq tuyası (biota orientalis) və palmanın adını qeyd edib.
Bəs görsən yarımadada baş verən bu iqlim dəyişikliyinin hansı müsbət və mənfi tərəfləri var.
Mövzu ilə bağlı ilk olaraqRəsmiyyə Əfəndiyevanın özü ilə danışdıq. O, iqlim dəyişikliyini bütün dünyada gedən qlobal istiləşmə ilə əlaqələndirir: "Abşeron yarımadasının iqlimi əvvəl kontinental idi. Son dövrlər isə mülayim iqlim tipi müşahidə edilir. İqlimin kontinentaldan mülayimə keçməsi bitkilərdə suvarmanın və buxarlanmanın normadan artıq olması ilə əlaqədardır. Qeyd edim ki, günəş Abşeron yarımadasına düz bucaq altında daha çox düşür. Yəni günəşli saatların miqdarı çox olduğuna və buxarlanma da yüksək getdiyinə görə ərazidə yağıntının həcmi əvvəlki illərə nisbətən güclənib. Məsələn, əvvəllər Abşeron yarımadasına düşən yağının miqdarı 180-250 mm arası idisə, hazırda 250-dən 300 millimetrə qədər qalxıb. Bu da yerli floraya mənfi təsir edir. Günümüzdə buxarlanmanın və rütubətin artmasına ilk səbəb kimi qlobal istiləşməni misal göstərmək olar. Temperatur aşağı olsa, rütubətlənmə yüksək səviyyədə getməz”.
Coğrafiya İnstitutunun professoru Çingiz İsmayılov qeyd edir ki, Abşeron da dünyanın bir hissəsi olduğu üçün qlobal səviyyədə gedən istiləşmə bura da təsir edir: "Abşeron yarımadası kifayət qədər geniş bir ərazidir. Təbii ki, bunun sahilyanı ərazilərində dənizin təsiri olduğu üçün mülayim iqlim tipi müşahidə edilir. Amma yarımadanın dərinliyinə, yəni quru ərazilərinə doğru getdikcə iqlim kəskinləşir. Ona görə də Abşeron yarımadasında birmənalı şəkildə konkret bir iqlim tipindən danışmaq düzgün deyil. Dəniz tərəfdə olan hissəsində təxminən 10-20 km sahil zolağında mülayim iqlimdir. Çünki dəniz sahilində kontinental iqlim yalnız ekvatorial zonada müşahidə edilir. Burada sahil ərazilərdə kontinental iqlim ola bilməz. Ancaq quru hissəsində olan dəyişiklik dünyada qlobal istiləşmə prosesi ilə bağlıdır. Hazırda bütün dünyada ümumi orta illik temperaturun qalxması, yağıntıların azalması müşahidə olunur. Bu, təbii prosesdir. Abşeron da dünyanın bir hissəsi olduğu üçün bütün dünyada gedən istiləşmə bura da təsir edir”.
Müsahibimiz qeydə alınan iqlim dəyişikliyinin mənfi və müsbət tərəflərində də danışdı: "İstiləşmə su qıtlığından əziyyət çəkilən ərazidə suya tələbat artır. Yəni, bu müsbət deyil, əksinə, mənfi amildir. Azərbaycan bütövlükdə və xüsusən Abşeron su qıtlığından əziyyət çəkən ərazilərə aiddir. Bunun üçün istiləşmə prosesinin artması, quru sahələrin böyüməsi əlavə vəsaitlərin xərclənməsinə, su kəmərlərinin çəkilməsinə, su mənbələrinin tapılmasına gətirib çıxaracaq. Quraqlıq zonada istiləşmənin artması müsbət hal deyil. Son dövrlər Abşeronda da kənd təsərrüfatının inkişaf etdiyini nəzərə alsaq, zeytunçuluq, bağçılıq kimi sahələri inkişaf etdirmək üçün suvarma sistemini yüksək səviyyədə təşkil etmək lazımdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər