AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Abşeron rayonunda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimə edilib

Abşeron rayonunda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimə edilib

Kriminal
11 Avqust 2020, 20:48 514
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə avqustun 11-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis və hərbi qulluqçular tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb.
Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, o cümlədən maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayonda sanitar-karantin qaydalarını pozan 28 nəfər barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər. Abşeron rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.