• cümə axşamı, 28 mart, 22:44
  • Baku Bakı 13°C

ABŞ Prezidenti beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın siyasətini dəstəkləyir

17.05.20 14:00 577
ABŞ Prezidenti beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın siyasətini dəstəkləyir
Prezident İlham Əliyevin videokonfans şəkildə növbəti görüşü texnologiya sahəsində dünyanın nüfuzlu şirkətlərindən CISCO-nun rəhbərləri ilə oldu. Görüş zamanı şirkət rəsmisi ölkəmizə xoş münasibətini ifadə edərək Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərini yüksək qiymətləndirdi.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Diqqətə çatdırıb ki, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer Prezident İlham Əliyevin COVID-19 virusu ilə əlaqədar gördüyü işlərdən məmnunluqla danışaraq təqdir edib. Həmçinin Azərbaycan rəhbərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səyləri nümayiş etdirdiyini vurğulayıb.
Politoloq xatırladıb ki, Azərbaycan ilə ABŞ arasında əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin dövründə qoyulub. Məhz həmin dövrdə ABŞ-ın iri şirkətləri Xəzər dənizinə investisiya qoymağa başlayıblar. Ulu Öndərin irəli sürdüyü enerji strategiyası təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də strateji əhəmiyyət kəsb edirdi. ABŞ ilə Azərbaycan arasında enerji strategiyasının ikinci mərhələsi Prezident İlham Əliyev tərəfindən reallaşdırılıb. "Biz bu gün görürük ki, müasir dövrdə Avropanın enerji təhlükəsizliyi Azərbaycanın hesabına təmin olunur. Hazırda "Cənub Qaz Dəhlizi” layihəsi üzərində iş gedir. Prezident İlham Əliyevin gələcəyə hesablanmış baxışları, ideyaları, strateji prioritetləri bu gün özünü doğruldur. Ölkədə aparılan islahatlar nəticəsində əlverişli iqtisadi zona yaranır, biznes mühiti şəffaflaşır.
Düşünürəm ki, dünyanın supergücləri ilə dostluq etmək, onlarla düşmənçilik etməkdən daha çətindir. Azərbaycan suveren ölkə kimi müstəqil siyasət yürüdərək öz baxışlarını ortaya qoyur. ABŞ Prezidenti beynəlxalq təhlükəsizlik, enerji təchizatının şaxələndirilməsi, aparılan islahatlarla bağlı Azərbaycanın siyasətini dəstəkləyir”, - deyə Tofiq Abbasov vurğulayıb.
O əlavə edib ki, D.Tramp Azərbaycanın beynəlxalq aləmdə rolunu yüksək qiymətləndirir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləyir. ABŞ-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymaq üzrədir. Bunu ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubunda yer alan fikirlər və CISCO şirkətinin rəhbərlərinin görüşü də təsdiqləyir. ABŞ rəhbərinin səciyyəvi məzmunda məktubu onu deməyə əsas verir ki, ABŞ Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və adekvat, rasional siyasət yürüdən bir ölkə kimi dəyər verir. D.Tramp bir sıra mühüm məqamlara toxunaraq ölkəmizin rəhbərinə, onun apardığı siyasətə, əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verir. Məktubda Azərbaycanın dövlət suverenliyi xüsusi vurğulanır.
"Hər bir ölkənin xarici siyasətindəki uğurlar onun daxilindəki uğurlarının davamıdır. Azərbaycan dövlətinin rəhbəri dünyada gedən proseslərə aktual baxışları ilə başqalarından fərqlənir. Azərbaycan Prezidenti hər zaman çıxışlarında, bəyanatlarında bildirib ki, dövlətimizin əsas qayəsi sülhün, əmin-amanlığın bərqərar olmasıdır. İlham Əliyev şəxsi nümunə göstərərək hətta ən çətin şəraitdə belə təşəbbüskarlığın, yaradıcılığın mümkünlüyünü və gərəkli olmağın zəruriliyini göstərdi. Məhz bu səbəbdən Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri dünya miqyasında yüksək qiymətləndirilir”, - deyə politoloq fikrini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər