AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-ın yeni dövlət katibi Azərbaycandan danışdı

ABŞ-ın yeni dövlət katibi Azərbaycandan danışdı

Siyasət
06 Fevral 2013, 10:37 1597
Məlum olduğu kimi, ABŞ Prezidenti tərəfindən Administrasiyada yüksək vəzifələrə namizədliyi irəli sürülən şəxslər ABŞ Senatı tərəfindən təsdiq olunmalıdır. Bu prosesdə namizədlər Senatın müvafiq komitələrində dinləmələrdə iştirak edir, senatorların şifahi və yazılı suallarına cavab verirlər.

Trend-in əldə etdiyi məlumatlara görə, artıq dövlət katibi vəzifəsində fəaliyyətə başlayan Con Kerrinin namizədliyinin təsdiqi ilə bağlı Senatın Xarici Əlaqələr Komitəsində yanvarın 24-də keçirilmiş dinləmədə senatorlar tərəfindən ona bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də regiondakı ümumi təhlükəsizlik mühiti ilə bağlı yazılı suallar təqdim olunmuşdu. Con Kerri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suala cavab verərkən, hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirib və təyin olunacağı təqdirdə, münaqişənin həlli prosesində ABŞ-ın aktiv rolunun davam edəcəyini vəd edib. O, hazırda həmsədrlərin yeni ideyaları nəzərdən keçirməyə davam etdiklərini bildirib.

Senatorların Rusiya Prezidenti Vladimir Putinin son zamanlar Rusiya və digər post-sovet ölkərindən ibarət "Avrasiya Birliyi" yaratmaq təşəbbüsü, Rusiyanın 2008-ci ildə Gürcüstan ərazilərini işğal etməsi, daha sonra Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri tanıması, eləcə də Azərbaycanda Qəbələ Radiolokasiya Stansiyasının bağlanması kontekstində, Rusiya tərəfindən post-sovet ölkələrinin müstəqilliyinə olan təzyiqlərə qarşı ABŞ-ın siyasətinin necə olacağı barədə sualına cavab olaraq, Con Kerri bildirib ki, ABŞ-ın bu ölkələrin müstəqilliyinə olan dəstəyi qətidir və bu dəstək hər hansı müzakirə mövzusu ola bilməz.

Prezident Barak Obamanın müdafiə naziri vəzifəsinə namizədi olan Çak Heqelin təsdiqi ilə bağlı yanvar 31-də Senatın Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmədə ABŞ senatorları ona Azərbaycanla bağlı yazılı suallar verib, xüsusilə, iki ölkə arasındakı strateji tərəfdaşlığın perspektivləri ilə maraqlanıblar. Heqel öz yazılı cavablarında ABŞ və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın güclü olduğunu vurğulayıb və müdafiə naziri vəzifəsinə təsdiq olunarsa, bu əməkdalığın gücləndirilməsi istiqamətində səylərin davam edəcəyini bildirib. O, Azərbaycanda müdafiə sahəsində islahatlar, NATO ilə uyarlılığın artırılması, terrorizmlə mübarizə, dəniz təhlükəsizliyi və enerji infrastrukturunun mühafizəsi sahələrində əməkdaşlığa davam ediləcəyini bəyan edib. Çak Heqel mövcud əməkdaşlığı gücləndirmək və bu əməkdaşlığın yeni sahələrə genişləndirilməsi üçün Azərbaycan tərəfi ilə yüksək səviyyədə məsləhətləşmələrə davam etmək niyyətində olduğunu bildirib. O, Əfqanıstandakı əməliyyatlar kontekstində Azərbaycanın çox mühüm tranzit rolu oynadığını xüsusilə təqdir edib.

Suallarda İranın Azərbaycana göstərdiyi təzyiqlərlə bağlı məqamlara cavab olaraq, Çak Heqel İranın sabitliyə qarşı yönəlmiş fəaliyyəti ilə bağlı dərin narahatlıqları olduğunu və bu kontekstdə ABŞ və Azərbaycan arasında ortaq maraqların mövcudluğunu qeyd edib.