• cümə, 27 Dekabr, 12:43
  • Baku Bakı 11°C

ABŞ-ın “Ukrayna planı”nın pərdəarxası məqamları

05.03.22 09:52 541
ABŞ-ın “Ukrayna planı”nın pərdəarxası məqamları
Ekspertlər iddia edirlər ki, son hadisələrdən sonra ABŞ-ın Mərkəzi Asiyaya marağı artıb. Vaşinqton Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqda israrlıdır. Orada Amerika hərbi bazaları bərpa oluna bilər. Amma ekspertlər onu da vurğulayırlar ki, hər şey Ukraynadakı proseslərin necə başa çatacağından asılı olacaq.
Ukraynada yaşanan gərginlik fonunda, sanksiyalarla Rusiyaya sarsıdıcı zərbələr endirən Birləşmiş Ştatlar sürpriz və gözlənilməz gedişləri ilə diqqət mərkəzindədir. Rusiyanı beynəlxalq aləmdən təcrid etməkdə israrlı olan Birləşmiş Ştatlar qlobal planlarını reallaşdırmaq niyyətindədir. Prioriteti isə postsovet məkanında Rusiyanın təsirini minimuma endirmək, əvəzində özünün nüfuz dairəsini genişləndirməkdir. İllər uzunu Mərkəzi Asiyada hegemon mövqeyə malik Rusiya ilə yanaşı Çini də sıxışdırıb çıxarmağı hədəfləyən ABŞ-ın əlinə indi fürsət düşüb. Əzəli rəqibi Rusiyanı "Ukrayna bataqlığı”na sürükləməklə, belə görünür, onu hələ uzun müddət orada saxlamağa müvəffəq olacaq. Qərb mediasının yazdığına görə, Ukrayna ilə müharibənin gərgin günlərində ABŞ tələm-tələsik Mərkəzi Asiya dövlətlərinin xarici işlər nazirləri ilə onlayn toplantı keçirib. Çox güman ki, Rusiyanı bu müharibədən məğlub və yaxud zəifləmiş halda çıxacağına əmin olan ABŞ, region dövlətləri ilə görüş keçirməklə onları öz təsir dairəsinə almağa çalışır. Buna nə qədər nail olacaq, bunu zaman göstərəcək. Hər halda, görünən odur ki, ABŞ dünyanı Rusiyaya qarşı yönəldə bilib. Hətta Çin kimi rəqibi belə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirməklə, Moskvanı çətin duruma salıb. Rusiya gözləyirdi ki, rəsmi Pekin qeyd-şərtsiz onun tərəfində duracaq.
Blinken Mərkəzi Asiyadan nə istəyib?
Beləliklə, Dövlət Departamentinin rəhbəri Entoni Blinken region dövlətlərinin XİN rəhbərləri ilə "C5+1” (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və ABŞ) formatında görüşüb. Və yayılan xəbərlərə inansaq, görüşdə region dövlətlərinin Ukrayna məsələsi ilə bağlı mövqelərinə aydınlıq gətirilməsi prioritet olub. Birləşmiş Ştatların hərbi və ya tranzit bazalarının bölgəyə qaytarılması da əsas müzakirə mövzusu olub. Bəllidir ki, Mərkəzi Asiya dövlətləri hazırda Ukraynadakı vəziyyətlə bağlı çaşqınlıq içindədir. Bəziləri neytral mövqe tutub, bir qisim isə münaqişədə sülhməramlı qismində çıxış etməyə hazır olduğunu bildirib. Bəs görəsən, ABŞ hərbi bazalarının bölgəyə yenidən dönməsi nə qədər realdır? Bəllidir ki, Qırğızıstan və Özbəkistanda ABŞ hərbi bazaları mövcud olub. Perspektivdə Türkmənistan və Tacikistan da var. Düzdür, bu ideya bir qədər illüziya olsa da, hər şey Ukraynadakı proseslərin necə sonuclanacağından asılı olacaq.
ABŞ bölgədə manevr edir?
"Blinkenin onlayn görüşdə iştirakı onu göstərir ki, bu region ABŞ-a bəzi manevrləri üçün çox vacibdir". Bu fikir Qırğızıstan baş nazirinin keçmiş müşaviri, "Ərizə” strateji qərarlar mərkəzinin direktoru Kubat Rəhimova məxsusdur. Ekspertin sözlərinə görə, ikinci suallar bloku Əfqanıstanla bağlıdır. Rəhimov təsdiq edir ki, ABŞ-ın "C5+1” formatına marağı kəskin artıb. Ekspert iddia edib ki, Birləşmiş Ştatlar, USAID-in proqramları vasitəsilə regiona qayıtmaq variantlarını işləyib hazırlayacaq: "Ola bilsin ki, Mərkəzi Asiyada tranzit və hətta tam hərbi hava bazaların bərpası da bura daxildir”.
"C5+1” Çinin "Kəmər və Yol" formatı ilə birlikdə Avropa, Yaponiya, Türkiyə və digər oxşar layihələr arasında ən effektlisidir. "Əgər çinlilərin layihələri investisiyaya söykənirsə, amerikalılar daha çox diplomatiyaya söykənirlər. Bu isə o deməkdir ki, Ağ ev məsələyə daha incə yanaşır. Ekspert bu səbəbdən də region rəhbərlərinin mövqelərinin dərindən araşdırılmasının ABŞ üçün zəruri olduğunu diqqətə çatdırıb. "Bişkekdə, Düşənbədə, Nur-Sultanda, Daşkənddə və Aşqabadda hamı çaşqın vəziyyətdədir”, - deyə Rəhimov vurğulayıb.
"C5+1" formatının hədəfi
Ən maraqlısı odur ki, "C5+1” çərçivəsində danışıqlar bu il Qazaxıstanın paytaxtında davam etdiriləcək. Bu da mühüm məsələdir. Xatırladaq ki, 2015-ci ilin 30 oktyabr-3 noyabr tarixlərində ABŞ-ın artıq keçmiş dövlət katibi Con Kerrinin Mərkəzi Asiya ölkələrinə səfəri oldu. Ardınca da, tərəflər arasında "C5+1" adlanan formatda əməkdaşlığın əsası qoyuldu. Əsas məqamları "Səmərqənd bəyannaməsi"ndə öz əksini tapan sənədin başlıca bəndləri suverenlik, müstəqillik və ərazi bütövlüyünə sədaqətdən ibarət idi. Həmin əsasda Amerika ilə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan arasında ticarət, nəqliyyat, tranzit potensialı, energetika, biznes mühitinin yaxşılaşdırılması, sərmayələrin stimullaşdırılması, dayanıqlı, sabit mühitin yaradılması, energetik effekti olan texnologiyalar və s. sahələrdə əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulurdu. Bu siyahıya terrorizm, silah qaçaqçılığı, narkotiklərin qanunsuz dövriyyəsi ilə birgə mübarizə də daxil edilmişdi. Əfqanıstanda sabitliyin möhkəmləndirilməsi dəstəklənir, onun regiona təsiri etiraf edilirdi. Bunlardan başqa, sənəddə Mərkəzi Asiyanın nüvəsiz zona olması və humanitar əməkdaşlıq məsələsi də öz əksini tapıb. Ekspertlər Vaşinqtonun hansı səbəblərdən yeni əməkdaşlıq formatına üstünlük verdiyi sualına cavab axtarırlar. Məsələ ondan ibarətdir ki, 30 il idi ki, ABŞ Mərkəzi Asiyada demokratiya "yetişdirməyə" üstünlük verirdi. İndi isə bütün bunlar yaddan çıxıb. Qazaxıstanda baş verənlər, sanki ABŞ-ı oyatdı. Xüsusən də Rusiya bu ölkəyə hərbi müdaxilə etməklə ölkədə nüfuzunu itirmiş oldu. Hər kəs gözəl anlayır ki, Qazaxıstanda baş verənlərin arxasında Rusiya durur. Vaşinqton da bu faktdan bəhrələnməyə çalışacaq. Yekun olaraq isə onu demək olar ki, hər şey Ukrayna böhranının necə yekunlaşacağından asılı olacaq. Yəni "dünyanın gələcəyi Ukraynadakı proseslərdən asılıdır” desək, yəqin ki, yanılmarıq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər