• bazar, 24 Noyabr, 11:30
  • Baku Bakı 15°C

ABŞ-ın təkgözlü baxışı

30.07.21 15:30 1307
ABŞ-ın təkgözlü baxışı
Politoloqların fikrincə, ABŞ-ın Ermənistandakı səfirinin fəallığı erməni ictimaiyyətini Rusiyadan uzaqlaşdırmaq məqsədi güdür
Bir müddət əvvəl Azərbaycandakı diplomatik nümayəndələr, bir hissəsi işğaldan azad olunmuş ərazilərə səfər etdi. Lakin bu səfərdə ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ-ın Azərbaycandakı nümayəndəsi iştirak etmədi, ermənilərin törətdiyi vəhşilikləri görmək istəmədi. Amma ABŞ-ın Ermənistandakı səfiri bu günlərdə Azərbaycan-Ermənistan sərhədinə gəldi, müşahidələr apardı. ABŞ-ın bu siyasətini necə başa düşmək olar?
"Vaşinqton Rusiyanın bölgədəki ağalığını qəbul etmir”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, ABŞ-ın Ermənistandakı səfirinin Zəngəzur istiqamətinə və Geqarkunik vilayətinə getməsi Rusiya-ABŞ geosiyasi kontekstində təhlil edilməlidir: "Düşünmürəm ki, bu, sırf Azərbaycanla bağlı məsələdir. Sadəcə olaraq, ABŞ-ın Ermənistandakı səfiri bu məsələlərdə fəallıq göstərərək erməni ictimaiyyətini Rusiyadan uzaqlaşdırmaq və ABŞ-a yaxınlaşdırmaq məqsədi güdür. ABŞ səfirinin Ermənistan hökumətinin üzvləri ilə görüşməsi və Fransa səfirinin tez-tez bəyanatlar verməsi də onunla bağlıdır ki, Cənubi Qafqazdakı geosiyasi proseslərdən bir qədər kənarda qalan Paris və Vaşinqton Rusiyanın bölgədəki ağalığını qəbul etmək istəmir”.
"Azərbaycanın dəvətini imtina edənlər....”
Z.Məmmədov diplomatların Şuşaya səfəri ilə bağlı məsələyə münasibət bildirərək təəssüflə qeyd etdi ki, Minsk qrupunun həmsədr ölkələrinin hər üçü bu məsələdə eyni baxış bucağını ortaya qoydu: "Nə ABŞ, nə Rusiya, nə də Fransa səfiri Şuşaya getmədi. Onlar bu addımlarını belə əsaslandırırlar ki, müəyyən zaman kəsiyində nə Xankəndiyə, nə də Şuşaya səfər edəcəklər. Onlar məsələlərin Azərbaycanla Ermənistan arasında həllindən sonra həmin əraziyə səfər etməyi planlaşdırırlar. Hər halda, bu, təəssüfedici faktordur. Lakin onların səfəri olmadan da bölgədəki proseslər davam edir. Digər ölkələrin diplomatik nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərləri Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla həmin ölkələr arasında əməkdaşlığın bundan sonra da gücləndirilməsinə təkan verəcək. Sözsüz ki, burada uduzan tərəf Azərbaycanın dəvətindən imtina edənlər, yeni geosiyasi proseslərə töhfə verməyən ölkələr olacaq”.
"ABŞ erməni lobbisinin əsirinə çevrilib”
Politoloq Samir Hümbətov bildirdi ki, ABŞ-ın həm daxili, həm də xarici siyasətində Azərbaycana və Türkiyəyə qarşı tutduğu mövqe ortadadır: "Bir az əvvələ qayıtsaq, görərik ki, aprel ayının 24-də ABŞ-ın yeni rəhbəri Baydenin uydurma, saxta "erməni soyqırımı” ifadəsini işlətməsi ABŞ-ın Azərbaycana və Türkiyəyə qarşı bir aqressiyasının olduğunu göstərir. Bunun səbəblərindən biri odur ki, Baydenin hakimiyyətə gəlməsində məhz elə erməni lobbisinin dəstəyi olub. ABŞ da bu dəstək qarşılığında söz verib ki, soyqırımı iddiasını səsləndirəcək və Azərbaycana, Türkiyəyə qarşı bir iddia ortaya qoyacaq. Görünür, ortada bu fikir var. Bununla da ABŞ həm daxili və həm də xarici siyasətində erməni lobbisinin əsirinə çevrilib”.
"Erməni vandallığını görmək istəmədilər”
Politoloq vurğuladı ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin Şuşaya səfəri çərçivəsində məhz üç ölkənin, yəni Rusiya, ABŞ və Fransanın səfirləri iştirak etmədi, erməni vandallığını görmək istəmədi: "Bu da onu göstərir ki, ABŞ-ın atdığı addımlar heç də demokratik, humanist deyil. Rusiyanın, Fransanın tutduğu mövqe nədirsə, ABŞ-ın tutduğu mövqe də ondan ibarətdir. Hesab edirəm ki, bunun arxasında məhz elə ABŞ administrasiyasının erməni lobbisinin girovuna çevrilməsi dayanır. Yəni belə desək, Bayden administrasiyası erməni lobbisinin dedikləri ilə hərəkət etməyi özünə borc bilir, məcbur qalır”.
"Ya heç bir ölkənin dəvətini qəbul etməməlidir, ya da...”
Politoloq vurğuladı ki, Azərbaycan II Qarabağ savaşından sonra tamamilə funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun aktivləşdirilməsini birmənalı şəkildə qəbul etmir. Çünki 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlik institutu heç bir fəaliyyət göstərməyib: "Onun əməlli praktiki nəticəsi olmayıb. Hesab edirəm ki, ABŞ bunu qəbul etmir və təzyiqlər göstərməyə çalışır. Bu baxımdan, düşünürəm ki, məhz Ermənistandakı ABŞ səfirinin ölkəmizlə sərhəddə gəlməsi ilə bağlı Azərbaycan hökuməti ABŞ-a diplomatik nota verməlidir. Əgər ABŞ həqiqətən də özünü bitərəf, sülhsevər göstərmək istəyirsə, ya heç bir ölkənin dəvətini qəbul etməməlidir və ya da ki, hər iki dövlətin dəvətini qəbul etməlidir. Necə ki, Ermənistanın dəvətini qəbul edib Azərbaycanla sərhəddə gəlir, eləcə də Azərbaycanın dəvətini qəbul edib işğaldan azad edilmiş torpaqlara getməlidir”.
"ABŞ qərəzli, ikibaşlı mövqe tutur”
S.Hümbətovun sözlərinə görə, ABŞ-ın diplomatik korpusu bilir ki, Qarabağda erməni vandalizminin izi var: "Əgər işğaldan azad edilmiş ərazilərə səfər etsəydi, qaydalara əsasən ABŞ səfiri gördükləri ilə bağlı gərək hökumətə, senata müraciət etməli və bunun əsasında hansısa qərar, qətnamə qəbul olunmalıdır. Ona görə də atdıqları addımlarda erməni lobbisi ilə münasibətləri pozmaq istəmirlər və belə qərəzli, ikibaşlı mövqe tutmağa çalışırlar”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər