ABŞ-Çin müharibəsi olacaqmı?
Vaşinqton mövqelərini
qorumaq üçün mümkün olan hər şeyi etməyə çalışır, Pekin isə qarşı tərəfi təxribatlarda
suçlayaraq müvafiq cavabın veriləcəyini bildirir
"Qədim romalılar məğlubiyyətdən
qorxmurdular. Roma da digər böyük imperiyalar kimi, müxtəlif döyüşlərdə uduzar,
amma nəticədə, müharibədə qalib gələrdi. Əgər imperiya zərbənin qarşısını ala
bilmirsə, o, artıq imperiya deyil”, - deyə Yuval Noah Harrari "Sapiens. Bəşəriyyətin
Qısa Tarixi” kitabında yazır. Şübhəsiz, bu gün dünya imperiyası adına layiq olan
yeganə dövlət Amerika Birləşmiş Ştatlarıdır. Eks-prezident Cimmi Karterin milli
təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuş Zbiqnev Bjezinski deyirdi ki, məhz
Avrasiyaya nəzarət edən dövlət dünyaya hökmranlıq edir. ABŞ məlum terror hadisəsindən
sonra İraq və Əfqanıstandakı rejimləri devirərək bu ölkələr üzərində nəzarəti ələ
keçirmişdi. Bununla o, Avrasiyaya, nəticə etibarı ilə dünyaya hökmranlıq edən
dövlətə çevrilmişdi. Amma ABŞ qoşunlarının bu yaxınlarda Əfqanıstandan çıxması,
əslində, onun dünya imperiyası olması ilə bağlı suallar yaradıb. Artıq onunla rəqabət
aparmaq iqtidarında olan fövqəldövlət var. Söhbət, əlbəttə ki, Çindən gedir...
Bəs ABŞ-ın yeni dünya
imperiyası olmağa can atan Çinlə əlaqələri hansı istiqamətdə inkişaf edəcək?
Adı çəkilən rəqabət iki dövlət arasında müharibəyə səbəb ola bilərmi?
ABŞ-la Çinin qəliz
münasibətləri
Vaşinqtonla Pekin
arasında əlaqələr son 40 ildə, yəni 1979-2020-ci illərdə enişli-yoxuşlu olub.
Amma bu dönəmi iki dövlət arasında dayanıqlı iqtisadi inteqrasiya dövrü kimi də
xarakterizə etmək olar. ABŞ-la Çin arasında iqtisadi əlaqələrin dərinliyi, əslində,
dünya iqtisadiyyatının daha da qloballaşmasına və iki fövqəldövlət arasında
sülhün güclənməsinə töhfə verib. Lakin Co Baydenin hakimiyyəti dövründə ABŞ-Çin
münasibətləri qəlizləşməyə və Vaşinqtonla Pekin bir-birindən uzaqlaşmağa
başlayıb. Çin artıq 1980-ci illərdəki kimi, ABŞ və müxtəlif ölkələrə yalnız
tekstil məmulatları ixrac edən ölkə deyil. O, bu gün müxtəlif dövlətlərə yüksək
texnologiyalar tədarük edir və fəal diplomatiya həyata keçirir. ABŞ rəhbərliyi isə
regiondakı bu yeni reallığı başa düşmür və Çinlə konstruktiv münasibətlər
qurmağa can atmır.
Cənubi Çin dənizində
hökmranlıq savaşı
Bu günlərdə ABŞ-ın
"Benfold” esminesi Çin hakimiyyətinin icazəsi olmadan Meydzi rifi yaxınlığında
Cənubi Çin dənizinə daxil olub. Çin tərəfi ABŞ esminesini Cənub Çin dənizindən
çıxarmaq məqsədilə həmin bölgəyə aviasiya və hərbi gəmilər göndərib.
Xatırladaq ki,
Vaşinqtonla Çin arasında Meydzi rifi ətrafındakı 12 millik bölgə ilə bağlı
fikir ayrılığı var. Əlbəttə ki, ABŞ-ın bu addımı Çinin qəzəbinə səbəb olub.
Çinin "Global Times” nəşrində dərc edilən məqalədə ABŞ hərbi esminesinin
mübahisəli bölgəyə daxil olması təxribatçı addım kimi xarakterizə edilib: "Çin
ABŞ-ın bu addımına laqeyd yanaşa bilməz. Odur ki, rəsmi Pekin cavab tədbirləri
həyata keçirməlidir. Vəziyyətin belə davam edəcəyi təqdirdə Cənubi Çin dənizində
Çinlə ABŞ arasında hərbi toqquşma baş verəcək. Vaşinqton adı çəkilən dənizdə təhdid
yaradan ən böyük dövlətdir. O, zamanla regiondakı sülhü məhv edə bilər”, - deyə
məqalədə qeyd edilir.
Əlbəttə ki, Cənub Çin dənizində
vəziyyətin gərginləşməsi tərəflər arasında müharibə təhdidini artırır. Bu, təxminedilməz
hadisələrə səbəb ola bilər.
Telefon
danışığı gərginliyi azalda biləcəkmi?
Doğrudur, bu yaxınlarda
ABŞ prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında
telefon danışığı olub. Onlar ABŞ-Çin əlaqələri, iki dövlət arasında qarşılıqlı
maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparıblar. Si Cinpin iki ölkə
arasında ciddi çətinliklərlə əhatə olunmuş münasibətlərə yeni istiqamət verilməsinə
çağırış edib. Co Bayden isə öz növbəsində Çin liderinə tərəflər arasında yarana
biləcək anlaşılmazlıqlarla bağlı xəbərdarlıq edib.
Amma tərəflər arasında mübahisəli
məsələlərin ciddi olduğunu nəzərə alsaq, yaxın gələcəkdə Vaşinqton ilə Pekin
arasında əlaqələrin yeni istiqamətdə inkişaf edəcəyini və onlar arasında fikir
ayrılıqlarının asanlıqla aradan qaldırılacağını söyləmək çox çətindir.
Dünya Qərblə
Çin arasında
Böyük Britaniyanın
nüfuzlu "The Economist” jurnalının sabiq redaktoru Bill Emmot hesab edir ki,
hazırda ABŞ ilə Çin beynəlxalq məsələlərdə birgə hərəkət etmir: "Vaşinqtonla
Pekin onlara lazım olan məqamlarda bir-biri ilə danışır”.
ABŞ-Çin əlaqələrində
uçurumun yaşandığı dövrdə digər ölkələr bu iki fövqəldövlət arasında seçim etməli
olacaq. B.Emmotun fikrincə, məsələn, Yaponiya və Böyük Britaniya yeganə əsas
müttəfiq kimi adı çəkilən iki fövqəldövlətdən birini seçməyə məcbur qalacaq.
Beləliklə, yaxın gələcəkdə
dünya ölkələrinin Qərblə Çin arasında seçim etməli olacağını söyləyə bilərik.
Doğrudur, iki fövqəldövlətin rəqabətini yeni "soyuq müharibə” kimi xarakterizə
etmək olmaz. Çünki bu gün onlar arasında ciddi iqtisadi inteqrasiya mövcuddur.
Bir sözlə, ABŞ-ın dünya
imperiyası kimi rolunu necə qoruyacağını, Çinlə münasibətlərini hansı istiqamətə
inkişaf etdirəcəyini və zərbələrin qarşısını necə alacağını zaman göstərəcək.
ABŞ-ın məşhur dövlət xadimi Henri Kissincerin dediyi kimi, "böyük fövqəldövlətdən
heç biri həmişəlik geri çəkilmir”.
Sənan
Ağamalızadə