• cümə, 29 Mart, 08:59
  • Baku Bakı 5°C

ABŞ-ın məşhur bankında işləyən azərbaycanlı xanım - UĞUR

16.10.21 09:45 1174
ABŞ-ın məşhur bankında işləyən azərbaycanlı xanım - UĞUR
Fərqanə Bayramlı: "İş, təcrübə üçün müraciət etdiyim yeri öncədən araşdırır, tələblərini öyrənir, tam hazır olandan sonra müraciət edirdim. Buna görə də, uğursuz nəticəm olmayıb”
Macarıstana magistr təhsili üçün gedəndə ölkədəki iş yerlərini araşdırır, işləmək istədiyi yerləri müəyyənləşdirir. Onlar içərisində özü üçün birinci yerdə qərarlaşan şirkəti də seçir. O, istəyinə nail olur və hazırda həmin şirkətin əməkdaşıdır. Söhbət ABŞ-ın üçüncü böyük bankı olan "Citi bank”ın Macarıstandakı Budapeşt filialında maliyyə analitiki vəzifəsində çalışan 23 yaşlı azərbaycanlı Fərqanə Bayramlıdan gedir.

F.Bayramlı Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyin məzunudur. İqtisad Universitetində (SABAH qrupları) menecment üzrə oxuyub. Macarıstanın Korvinus Universitetində isə iqtisadi təhsil üzrə magistratura təhsili alıb.


"Çalışqan uşaq idim”

Fərqanə deyir ki, valideynləri hələ kiçik yaşdan ona qarşıya məqsəd qoymağı öyrədib, təhsilin vacibliyini aşılayıblar: "Valideynlərim mənə öyrədirdilər ki, qarşına məqsəd qoy. Bildirirdilər ki, çalışmalı, öz ayaqların üstündə durmağı bacarmalı, ailə, vətən üçün yararlı övlad olmalısan. Özüm də çalışqan uşaq idim, amma valideynlərim də təhsilimə həssas yanaşırdılar. Məktəbi əla qiymətlərlə bitirdim. Həm də öz məqsədlərimi müəyyənləşdirdim. Uşaq yaşından həm iş həyatında, həm də elmi yöndə uğurlu olmaqla bağlı qarşıma məqsəd qoymuşdum. Bunları mənə aşıladıqları üçün hər zaman valideynlərimə təşəkkür bildirirəm”.


Tələbə vaxtı aktiv olmağa çalışıb

Fərqanə deyir ki, bakalavr təhsilinin ilk vaxtlarından aktiv tələbələrdən olmağa başlayıb: "Bir çox yerli və xarici təşkilatların proqramlarında iştirak etdim. "ELSE Azerbaijan” tərəfindən keçirilən hüquq dərslərində iştirak etmişəm. Birləşmiş Millətlər Təşkilatının yay məktəblərinin iştirakçısı olmuşam. "Erasmus+” vasitəsilə Türkiyədə mübadilə proqramından qəbul aldım, eyni vaxtda başqa bir proqramla Macarıstanda təhsil üçün də mübadilə proqramının qalibi oldum. Avropa parlamentində təcrübə keçmişəm”.


"Hamısından qəbul aldım”

Fərqanə İqtisad Universitetini bitirəndən sonra magistr təhsili üçün Macarıstana üz tutur. Deyir ki, Macarıstana gedəndən sonra "Citi bank”da işləməyi qarşısına hədəf qoyub: "Budapeştə gələndən bir müddət sonra ixtisasıma uyğun olaraq maliyyə üzrə iş yerlərini araşdırmağa başladım. Bir neçə yer müəyyənləşdirdim. Bu sahədə önəmli şirkətlərdən birinin "Citi bank” olduğunu bilirdim. Mən də bu şirkətdə işləmək istəyirdim. Təhsil aldığım müddətdə "Vodafone”da təcrübə keçdim. Bir illik ödənişli təcrübə idi. Ancaq iş həyatı olaraq hədəf "Citi bank” idi. İşləmək zamanı gələndə bu şirkətə müraciət etdim. Ancaq araşdırmam nəticəsində bəyəndiyim bir neçə şirkət də tapmışdım ki, onlara da CV göndərdim. Hamısından qəbul aldım, həmçinin də "Citi bank”dan. Mənim üçün önəmli reytinqə malik "Citi bank” idi. Ona görə, seçimim bu şirkət oldu”.


"Yox” cavabı aldığım yer olmayıb”

Fərqanə bildirdi ki, təcrübə, iş üçün müraciət etdiyi yerlərdən, adətən "hə” cavabı alıb: "Tələbə vaxtı istər beynəlxalq münasibətlər, istər də iqtisadiyyat yönümlü yarışlarda, konfranslarda çox iştirak etmişəm. Bunlarda iştirak etdikcə bilik və idarəetmə cəhətdən çox inkişaf etdim. Könüllü kimi də fəaliyyət göstərirdim. Bunlar mənə təcrübə qatırdı, professional həyatı yavaş-yavaş görməyimə şərait yaradırdı. Bunları keçdiyimə görə, təcrübə üçün müraciət edib "yox” cavabı aldığım yer olmayıb”.


"İş yerini öncədən araşdırıram”

Fərqanə bildirdi ki, "yox” cavabı almamaq üçün öncədən hazırlaşır: "İş, təcrübə üçün müraciət etdiyim yeri öncədən araşdırır, tələblərini öyrənir, tam hazır olandan sonra müraciət edirdim. Buna görə də, uğursuz nəticəm olmayıb. Bir-iki kampaniyadan müsbət cavab almamışam. O da, hər ehtimala görə müraciət etdiklərimdir. Məsələn, elanda qeyd edirdilər ki, 5 il təcrübəsi olanlar lazımdır. Məndə təcrübə az olsa da, CV göndərirdim. Bu zaman "yox” deyilməsi də normal idi. "Citi bank”da işləməyi də öncədən planlaşdırırdım. Onların tələblərini öyrənib hazırlaşmışdım”.

5 mərhələli müsahibə

Fərqanə "Citi bank”da işə qəbul zamanı keçdiyi prosesdən də danışdı: "CV göndərdim. Proses belədir ki, ilkin mərhələdə süni intellekt vasitəsilə CV-lər analiz edilir. Oradan keçirsənsə, sənə e-mail gəlir. Daha sonra İnsan Resursları Departamenti incələyir. Əgər onların tələbinə cavab verirsinizsə, ikinci mərhələdən də keçdiyiniz bildirilir. Sonra telefon müsahibəsi olur. Keçsəniz, 4-cü mərhələyə dəvət alırsınız. Bu mərhələdə hansı sahə üzrə işləyəcəksinizsə, o istiqamətdə biliyiniz yoxlanılır. Daha sonra 5-ci mərhələdə müsahibəyə dəvət alırsınız. Bu mərhələdə 3 nəfər məndən müsahibə götürdü. Müsahibə asan deyil, hər birinin özünəməxsus tərəfləri var”.

"Burda diqqətimi çəkən odur ki...”

Fərqanə hazırkı iş mühiti haqqında danışdı: "Müxtəlif ölkələrdən gələn, fərqli mədəniyyətlərin sahibi olan iş yoldaşlarımız var. Burda ən diqqətimi çəkən odur ki, hamı bir-birindən nə isə öyrənmək istəyir. Mehriban və yeni ideyalara açıq, fərqli metodları tətbiq etməyə malik atmosfer var”.

"Biznes mühitini görmək istəyirəm”

Fərqanə bildirdi ki, elmi istiqamətdəki planları ilə bağlı daim öz üzərində işləyir: "Akademik yöndə başlıca planlarımdan biri iqtisadiyyat sahəsində elmi məqalə yazmaqdır. Müəyyən araşdırmalar aparmışam, kiçik məqalələrim var. Lakin onların üzərində bir az da çalışıb dərc etdirmək istəyirəm. Daha sonra PHD təhsili almaq məqsədim var. PHD təhsili zaman araşdırmalarım daha geniş, istifadəyə yararlı olsun deyə, indi biznes mühitini görmək istəyirəm. İşləsəm də, davamlı olaraq araşdırmalar aparıram”.

"Burda təhsil aldım, iş mühitində yenilikləri öyrənməyə çalışıram. Öyrəndiklərimi ölkəmizdə tətbiq etmək istəyirəm” – deyə F.Bayramlı sonda qeyd etdi.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər